Manşet

Şivlənin yolu - Yalçın İmanov yazır

5 Fevral, 2026
554

Foto/kollaj: Toplum TV

“‘Lerik’yazılan “‘plakat’a çatandan sonra görəssən ki yol ikiyə ayrılır, biri sola, o biri də sağa, istiqamət solu göstərsə də, sola dönməyin. Sağla gedin. Gedirsən, gedirsən, qabaqda Çeşman kəndi var, onu keçəndən sonra, Osyodərə gəlir. İkinci evin qarşısında tala kimi yer var, orada maşını saxlayarsınız. Dalınızca maşın gələcək...”

Şəmşad Ağanın anasının dəfninə gedəndə, yaxın tanışlarımızdan birinin mesencerdə göndərdiyi səs yazısında bu sözlərə Allah bilir neçənci dəfə qulaq asa-asa düşünürdüm: Yəqin ki, bizi qarşılamaq şəhərdən gələn qonaqlara xüsusi diqqətin əlamətidir. Yoxsa bizim ardımızca maşın niyə göndərilsin ki? Ancaq ağlıma o sual da gəlirdi ki, bu qaç-qovda bizi qarşılamağa nə ehtiyac var?! Onsuz da öz işləri kifayət qədərdi, özümüz gedərik də.   

Uzun yolun yorğunluğundan beynimdə bu qarmaşıq fikirləri yola verir, ağırlaşan göz qapaqlarımı yumub, arada qısamüddətli mürgü döyürdüm.  

Çatmağa az qalmış yolda Şəmşadın qardaşı ilə bir neçə dəfə telefonla danışandan sonra dalımızca maşının niyə göndərilməsinin əsl səbəbi mənə çatdı: Yas yerinə - Şəmşadın ata yurdunun yerləşdiyi Lerikin Şivlə kəndinə getmək ancaq yolsuzluq maşını ilə mümkündür. 

Şivlə kəndini Osyodərədən ayıran çayın kənarına çatıb avtomobili uyğun bir yerdə saxladıq. Bir azdan təpəliyin kənardan da açıq-aydın görünən kələ-kötür sinəsi ilə ağ “Niva”nın ağır-ağır gəldiyini gördük. Cəmşidin - Şəmşadın qardaşının dediyi maşınıydı. O da bizi təxmin etmişdi. Onsuz da bizdən başqa çayın bu tərəfində kimsə də yox idi. 

Çayın üstündə xeyirxah bir adamın öz şəxsi vəsaiti hesabına o qədər də uzaq olmayan keçmişdə quraşdırdığı xudmani körpünü keçdik. 

Bu ki yol deyil, buna nə ad istəsən qoymaq olar, bircə yoldan başqa. “Niva” dibsiz quyu kimi fasiləsiz çalalara düşüb, təpələrə dırmaşdıqca, salondakı sərnişinlər, yəni bizlər atılıb-düşür, silkələnir, müvazinətimizi saxlamaq üçün əl atıb haradansa yapışmağa məcbur olurduq. Bir neçə gün əvvəlin qarı yamaclardan əriyib, iti arxa çevrilir, “Niva”nın hərəkətini bir az da çətinləşdirirdi. Üz-üzə gələn tək-tük digər yolsuzluq avtomobilləri fikirli-fikirli maşını kənara çəkib, gözləyir, sonra yalnız bir maşının gedə biləcəyi yolla hərəkətinə davam edirdi. 

“Niva” sürücüsünün vaxtından çox əvvəl qocalmış, həddən artıq qayğılı, ancaq taleyilə barışmış siması bu mənzərəni tamamlayırdı. 

Şivləyə yolun 2.5 km. olduğu hardasa gözümə dəysə də, mənə elə gəldi ki, neçə saatdır ki, yol gedirik...

Ay Allah, görəsən, bu, ən yeni tarixdə neçənci siyasi məhbusdur ki, zindandan birbaşa ən əziz insanının dəfninə gəlir?

Hələ dəfnə buraxılmayanlar, dərdini səssiz-səmirsiz, həbsxana hücrələrində kirimişcə çəkənlərin də sayı az deyil. 

İstəyirəm hesablayam, ancaq indi bunun üçün elə də uyğun məqam deyil, “Niva”dan birbaşa zığın-zımırtdağın içinə düşüb, palçıq laylarını yarıb, bir xeyli aralıdakı evə getmək lazımdır. 

Heç bir haqq-hesabınızı o dünyaya saxlamayın! 

Adamın ata evi, onun necə böyüdüyünü, necə tərbiyə aldığını təsdiq edən ən etibarlı sübut növüdür. Şəmşadın sadəlik və təmizlik qoxuyan ata yurduna baxanda bir anlıq onu bura gətirən Penitensiar Xidmət və polis əməkdaşlarının keçirə biləcəyi mümkün hisslər “necə ola  bilər” deyə düşündüm. 

“Belə də qaçaqmalçı, çirkli pul yuyan olar?!” - ilk ağlıma gələn bu oldu, “amma bu onlar üçün təəccübdən daha çox, bulanıq bir reaksiya ola bilər” deyə ehtimal elədim.

Şəmşadla yas yerində söhbətdən onun bir sözü məni tutdu: “Biz, yaşadığımız cəmiyyəti sonadək tanımamışıq”. Həbsxanadakı saysız-hesabsız günahsız adamların dramlarını ötəri dilə gətirəndə belə dedi. 

Ancaq bəs çöldəki adamların necə, hekayələrini yaxşı bilirik?

Bir azdan sonra yas yerini tərk edirik. Bu dəfə “Niva” yox, gələn avtomobil köhnə UAZ-469-dur (el arasında “Vilis” deyirlər). Bizi çayın obiri tərəfinə o keçirməlidir. Kim Ki-dukun ən məhşur filmindəki kimi. Orda da göl ortasında qurulmuş monastrın ətrafla əlaqəsi ancaq qayıqla mümkün idi. Ancaq fərq ondadır ki, burada həyat mövsümlər üzərindən anladılmır. 

Mövsümlərin fırlanmağına baxmayın, Azərbaycanda vur-tut bir mövsüm var! 

Ancaq bu bir tək mövsüm də həyatı anlamağa kifayət edir.   

Köhnə “Vilis” “xırıldayıb”, yerdən tərpənəndə Şəmşadı yas yerinə müşayiət edən polis əməkdaşları da öz avtomobilləri ilə evə yaxınlaşır. Şəmşadı qaytarmağa gəliblər... 

Yenə eyni yollar, nəhəng çala-çuxurlar, keçilməz palçıq tayaları. Əriyib axan qar qalıqlarının kütləsi daha da artıb. Yenə salonda eyni silkələnmələr, yıxılmamaq üçün hardansa yapışmaq... “Vilis” sürücüsünün də “Niva” sürücüsü kimi vaxtından çox-çox əvvəl qocalmış, öldürücü kədərli siması...

Yolsuzluq maşını. Yolsuzların at oynatdığı ölkə...

Ancaq bütün bu yolsuzluqda "Yol" anlayışının nə olduğunu hələ də öləziməyə, sönməyə qoymayan tək-tük adamlar...    

Ağırlaşmış göz qapaqlarımın önündən bu kadrlar tez-tez ötüb keçir: 

Şivlənin yolu... 

Şəmşadın yolu...

Həbsdəki digər dostların yolu...

Hamımızın yolu...

Ekstremal sutuasiyalar düşüncədə təkcə dəyişikliyə səbəb olmur, bir çox hallarda onu daha da kəskinləşdirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...
Manşet

Gültəkin Hacıbəylinin Azərbaycana deportasiya edildiyi deyilir

12 Fevral 2026

Foto: açıq mənbə

Milli Şurasının üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana deportasiya olunduğu deyilir. APA xəbər verir ki, deportasiya gecə saatlarında baş tutub. Bildirilir ki, G.Hacıbəyli hələlik istintaqa cəlb olunmayıb, barəsində hər hansı qətimkan tədbiri yoxdur. Gültəkin Hacıbəyli ötən il  noyabrın 30-na keçən gecə İstanbulda kirayə yaşadığı evdən Taksim Polis Şöbəsinə aparılıb və daha sonra deportasiya mərkəzinə köçürülüb. Sonradan onun barəsində 5 il müddətinə Türkiyəyə giriş qadağası və deportasiya ilə bağlı rəsmi qərar qəbul olunub.  Hökumətyönlü medianın yazdığına görə, bu hadisə AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin həbsi ilə bağlı aparılan istintaq fonunda baş verib. Həbslər Prezident...

Seçilmiş Videolar

Toplum TV loqo