İşçi hüquqları fəalının qapalı rejimli həbsxanaya köçürülməsinə qərar verilib
Foto: Fərqanə Novruzova
“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin haqqında qapalı rejimli Qobustan həbsxanasına köçürülməsi qərarı verilib.
“İşçi Masası”nın İdarə Heyətinin üzvü Tural Fərzilinin verdiyi xəbərə görə, qərar iyulun 10-da Nizami Rayon Məhkəməsində verilib.
Məlumata görə, fəalın qapalı rejimli həbsxanaya köçürülməsi üçün onun saxlandığı 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi məhkəməyə müraciət edib.
Müəssisə rəhbərliyi Mustafayevin cəzasının sonuna qədər Qobustanda saxlanılmasını istəsə də, məhkəmə onun 6 aylıq köçürülməsinə qərar verib.
“Bu hökm, rejimə boyun əyməyən, ədalətsizliyə qarşı mübarizə aparan bir gəncin səsini susdurmaq cəhdidir. Elvin siyasi sifarişlə həbs olunub və həbsxanada davamlı olaraq işgəncə və pis rəftarla üzləşir”, - T.Fərzili qeyd edib.
Mustafayev mayın 6-dan 6 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasında (karser) saxlanılıb.
Onun həbsdə olan siyasətçi Tofiq Yaqublunun azadlığa buraxılması üçün aclıq etdiyinə görə karserə salındığı deyilirdi.
Fəal mayın 19-da karsdan çıxarılmalı olsa da, onun burada saxlanma müddəti 10 gün uzadılıb. İyunun 3-də isə ailəsi xəbər verib ki, Mustafayevin karserdə qalma müddəti daha 1 ay uzadılıb.
O, həmçinin, vəkilinə karserdə “xüsusi amansızlıqla zorakılığa” məruz qaldığını və qulağında iltihab yarandığını deyib.
Elvin Mustafayev 2023-cü ilin avqustunda narkotik maddələrin satışında ittiham olunaraq saxlanılıb.
2024-cü il yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edib.
Mustafayev ittihamı rədd edib və bunu onun “İşçi Masası”ndakı fəaliyyəti ilə əlaqələndirib.
2022-ci ildə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov və üzvləri Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, ittihamların hamısını qurama, siyasi sayırlar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Fərqanə Novruzova
Məhkəmə siyasi məhbus ailələrinin Tolikə qarşı qaldırdığı şikayəti icraata götürməyib
Foto: oxu.az