açıq mənbədən götürülüb
“Pulumuzu hələ də qaytarmayıblar. Uşaq hələ də əməliyyat olunmayıb. Tələbim odur ki, pulumuzu qaytarsınlar, aparaq uşağı əməliyyat etdirək. Uşağımın vəziyyəti çox ağırdır. Gürcüstan vətəndaşıyam, Avropa Məhkəməsinə müraciət edəcəm. O pulu mənə Gürcüstan hökuməti verib. Şikayət etsəm, pis olacaq. Mənim pulumu nə vaxt ödəyəcəklər? Mənə vaxt deyin, şikayət etməyim”.
Bu sözləri Talassemiya Mərkəzinin adı keçən məhkəmə prosesində zərərçəkmiş Laura Həsənova deyib.
Məhkəmədə talassemiyalı uşaqlar üçün toplanmış təxminən bir milyon manatı dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibinin və digərlərinin işinə baxır.
“Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidovanın, Aynur Bayramovanın və Aysel Məmmədovanın məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilir.
Zərərçəkənlərin demək olar hamısı Talassemiya Mərkəzində uşaqların müalicəsi ilə məşğul olan Akif hoca tərəfindən Aynur Bayramovaya yönləndirildiklərini, pulu da ona verdiklərini deyirlər.
Onların sözlərinə görə, Bayramova pulları yığıb Nuridə Seyidovaya təhvil verib.
Məhkəmə prosesi zamanı Aynur Bayramova və Aysel Məmmədova özlərini təqsirli bilməyiblər, Nuridə Seyidova isə özünü qismən təqsirli bilib. Sonra şahidlər dindirilib.
“Gərək buradan çıxım ki, pulunuzu qaytara bilim”
Şahid Şövkət İsayeva ifadəsində bildirib ki, övladı talassemiya xəstəsi olub, onun müalicəsi üçün Nuridə Seyidovaya 30 min dollar veriblər:
“Qalan pulu guya donor təşkilat ödəyəcəkdi. Dedilər ki, bir-iki aya uşaq əməliyyat olunacaq. Əməliyyatı etməli olan həkim də Türkiyədən Bakıya gəldi. Ancaq həkimə heç bir ödəniş edilmədi, ona görə də çıxıb getdi. Hüquq-mühafizə orqanlarına şikayət etdik, Nuridə saxlanıldı. İçəridən bizə zəng vurub dedi ki, gərək buradan çıxım ki, pulunuzu qaytara bilim. Gedin şikayətinizi geti götürün. Biz də götürdük. Ancaq iki gün sonra məlum oldu ki, başqa xəstələrin valideynləri də şikayət edib, təzədən həbs etdilər”.
Şahid bildirib ki, onlara 30 min dolların yalnız bir qismi ödənilib. Bu iş üzrə zərərçəkmiş kimi isə onun həyat yoldaşı tanınıb.
“Uşağımın vəziyyəti ağırdır, pulumu qaytarsınlar”
Şahid Şahsuvar Paşayev bu iş üzrə zərərçəkmiş kimi tanınan Laura Paşayevanın həyat yoldaşıdır. O, məhkəmədə ifadə verərək bildirib ki, övladı talassemiya xəstəsidir. Talassemiya Mərkəzinin baş həkimi Xuraman Cəfərova onu və həyat yoldaşını Nuridə Seyidova və Aynur Bayramova ilə tanış edib.
Nuridə Seyidova uşağın əməliyyat olunması üçün onlardan 30 min dollar istəyib:
“Biz həmin məbləği verdik. Bu işdə həkimlərin də təqsiri var. Bizi bunlarla həkimlər tanış edib. Bu Aynur Bayramova Talassemiya Mərkəzində istədiyi otağa sərbəst girib-çıxırdı. Ümumiyyətlə, bu adam orda nə gəzirdi? O Mərkəzə nə aidiyyəti vardı? Orada mühafizə xidməti var. Biz xəstəmiz ola-ola içəri zorla keçirik. Ancaq bu adamlara sərbəstlik verilmişdi, şərait yaradılmışdı”.
Nuridə Seyidova isə məhkəməyə deyib ki, aldığı 30 min dolları Aynur Bayramova ilə bölüb.
Hakim Azad Məcidov bildirib ki, yüngülləşdirici hal kimi təqsirləndirilən şəxsə ziyanın ödənilməsi təklif edilir. Hakim bu məsələ ilə bağlı Nuridə Seyidovaya müraciət edib. Nuridə Seyidova ziyanın ödənilməsi üçün çalışdığını deyib.
“Transplantoloq Mircəlal Kazımi deyirdi ki, bu xanımlar xeyriyyəçidir”
Şahid qismində ifadə verən Cahangir Xanmirzəyev bildirib ki, atası Alik qaraciyər xəstəsi olub:
“Gömrük hospitalının transplantoloqu Mircəlal Kazımi dedi ki, Aysel Məmmədovanın yanına get. Bizi əlaqələndirəndən sonra Ayselin otağına getdik. 25 min dollar verdik. Amma əməliyyat olunmadı. Sonradan eşitdik ki, bu şəxsləri tutublar. Gömrük hospitalında bizdən əməliyyat üçün 50 min dollar istəyirdilər. Buna görə də Mir Cəlal həkim dedi ki, sizə bu şəxslər köməklik edəcək. Səliqəli ofisləri var idi, biz də inandıq. Sonradan Gömrük hospitalına müraciət etdik. Mircəlal həkim də dedi ki, bizi də biyabır edirlər”.
Təqsirləndirilən şəxs Aysel Məmmədova bildirib ki, onların Gömrük hospitalı ilə müqavilələri olub:
“Həmin müqavilə əsasında bizə xəstələr göndəriblər. Amma müqavilədə mən nə yazıldığını bilməmişəm. 25 min dolları Nuridə Seyidovaya çatdırıblar”.
Nuridə Seyidova isə bu puldan xəbərinin olmadığını, heç kimdən 25 min dollar almadığını söyləyib.
Məhkəmə zalındakı zərərçəkmişlər bildiriblər ki, Mir Cəlal həkim bu şəxsləri onlara xeyriyyəçi xanım kimi təqdim edib.
Bundan sonra şahid qismində ifadə verən Malik Qarayev bildirib ki, təqsirləndirilən Nuridə Seyidovanı tanıyıb.
Onun qardaşının övladı talassemiya xəstəsi olub:
“Nuridə və Aynur əməliyyat pulunun yarısını verməyimizi təklif etdilər, qalan pulu isə guya Dövlət Neft Şirkəti ödəyəcəkdi. Bizdən pulu dollarla istədilər. Biz də pulu dollara çevirdik, 15 min dolları verdik. Bizə demişdilər ki, əməliyyatın xərci 92 min dollardır. Qalan pulun xeyriyyəçilik məqsədilə qarşılanacağı deyildi. Bunu bizə Nuridə xanım demişdi. Əməliyyat olunmadı, pulu da qaytarmayıblar. Biz sonradan başa düşdük ki, tora düşmüşük, aldanmışıq”, o deyib.
Malik Qarayevin sözlərinə görə, onlaramüalicə alınmasa, pulun geri qaytarılacağı vədi verilib.
“Aynur xanıma bildirdik ki, Nuridə Seyidova ilə görüşmək istəyirik. Dedi ki, Nuridə xanım Türkiyədədir, axşam gələcək. Biz növbəti gün ofisə getdik. Bizə söz verdilər ki, fevralın 25-ə kimi uşaq müalicəyə göndəriləcək, alınmasa pul qaytarılacaq. Amma sonradan məlum oldu ki, bunlar düzgün adam deyillər. Biz onlar tərəfindən aldandığımızı başa düşdük, konkret gün tələb etdik. Qardaşım mənim yanımda pulu Nuridəyə verib”.
Şahid ifadələrindən sonra hakim növbəti prosesi martın 19-na təyin edib.
İstintaqın gəldiyi nəticəyə görə, Nuridə Seyidova digərləri ilə əlbir olaraq dələduzluq edib.
Onun 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə bir milyon manata yaxın vəsaiti mənimsədiyi deyilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Azərtac
sosial media
Tofiq Yaqublu hakimə: “Sayənizdə 64 yaşımı da həbsdə keçirtdim”
Şahnaz Bəylərqızının vəkili: “Rezonans doğuracaq ifadədən söhbət gedə bilməz”
“Erasmus+” proqramı Azərbaycanda fəaliyyətini dayandırıb
NHK: Ölkənin müstəqillik tarixində heç vaxt bu qədər qadın jurnalist sərt cəzalandırılmamışdı
“Toplum TV işi” üzrə təqsirləndirilənlər şəxslərin əmlaklarına həbs qoyulması qanunidirmi? - “Tribunat” araşdırıb