“Toplum TV işi”: “Biz valyutanı ölkəyə dronla keçirmişik, Kür çayı ilə üzərək keçirmişik, yoxsa necə keçirmişik?”
Foto: Toplum TV
“Toplum TV işi” üzrə keçirilən məhkəmə prosesində ittiham aktının oxunması yekunlaşıb.
İyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktının Toplum TV əməkdaşları Elmir Abbasov və Fərid İsmayılov və Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı İlkin Əmrahova aid olan hissəsi elan edilib.
Təqsirləndirilən şəxslər ittihamları qəbul etməyiblər.
III Respublika Platformasının üzvü Ruslan İzzətli vəsatət qaldıraraq İctimai Televiziyanın məhkəmə prosesini yayımlamasını tələb edib.
“Azərbaycanın beynəlxalq hüquq normaları üzrə üzərinə götürdüyü öhdəliklər var. Bu öhdəliklərdən biri əsasında İctimai televiziya təsis olunub ki, ölkədə baş verənləri obyektiv, neytral, heç bir tərəf tutmadan ictimaiyyətə çatdırsın. Azadlıqda müstəqil media nümayəndələri qalmadığına görə, “Meydan”çılar, “Abzas”çılar həbs olunduğuna görə onların çəkiliş aparmasını tələb edə bilmirəm”, - o bildirib.
Hakim vəsatəti təmin etməyib və deyib ki, akkreditasiyadan keçmiş hər hansı media qurumu çəkiliş üçün müraciət etsə, o zaman bu müzakirə oluna bilər.
Bu vaxt Fərid İsmayılov hakimə cavab olaraq deyib ki, “Toplum TV işi” açılandan azadlıqda olduğu 10 ay müddətində o, məhkəmələrin monitorinqini aparıb, lakin ona videoçəkiliş üçün icazə verilməyib.
Daha sonra hakim təqsirləndirilən şəxslərdən və müdafiəçilərindən ittiham aktında yazılanların aydın olub-olmadığını soruşub. Hər kəs yazılanların aydın olmadığını deyib.
Çıxış edən İlkin Əmrahov və Ramil Babayevin vəkili Günay İsmayılova ittihamın ətraflı izah edilmədiyini qeyd edib.
“İttiham aktında yazılır ki, İlkin Əmrahov Akif Qurbanovla 2014-cü ildə tanış olub. Sonra 5 illik müddətdə heç nə qeyd olunmur, bir də iddia olunur ki, onlar 2019-cu ildə əlaqəyə keçiblər. İlkin Əmrahov 2014-cü ildə 5-ci sinifdə, 2019-cu ildə isə 11-ci sinifdə oxuyub. Orta məktəbdə oxuyan uşağın Akif Qurbanovla hansı əlaqəsindən söhbət gedir?”, - o sual edib.
Əmrahov özü isə A.Qurbanovu yalnız 2023-cü ildən tanıdığını deyib.
Digər şəxslər də səsləndirilən qaçaqmalçılıq ittihamının izah olunmadığını, nəyin və necə qaçaqmalçılıqla ölkəyə gətirildiyinin aydın olmadığını bildiriblər.
Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov dövlət ittihamçısına istintaqın nəticələrinin nə olduğunu sual edib.
“Hər bir istintaq prosesinin nəticələri olur. Mən istəyirəm izah olunsun ki, ittiham olunduğum hər maddə üzrə hansı cinayət əməlini, nə vaxt, necə törətmişəm. Mən bunları bilməliyəm ki, sonra özümü müdafiə edəndə nəyəsə istinad edə bilim”, - o deyib.
Hakim suallara cavab olaraq bildirib ki, məhkəmə prosesində dövlət ittihamçısına sual vermək olmaz, yalnız baxış prosesində məhkəmə özü ittiham aktında yazılanları araşdıra bilər. Təqsirləndirilənlər isə buna etiraz ediblər və suallarının dövlət ittihamçısı tərəfindən cavablanmasını istəyiblər.
Çıxış edən Əmrahov deyib ki, problem məhkəmənin bu ittiham aktını baxışa götürməsindədir. “Normal halda məhkəmə ittiham aktında boşluqları və uyğunsuzluqları görüb onu istintaq orqanına geri göndərməli idi”, - o bildirib.
Sonra çıxış edən Müşfiq Cabbar isə istintaq dövründə onun qaçaqmalçılıq ittihamı barədə sualına cavabda müstəntiqlərin onu ciddiyə almadığını xatırladıb. “Mən soruşdum ki, nəyi qaçaqmalçılıqla ölkəyə gətirmişəm? Mənə dedilər: “Məktəbdə idman dərsində qaçmısan? Sumqayıtdan işə gələndə yolda adam götürmüsən? Deməli qaçaqmalçısan””, - o deyib.
“Toplum TV” həmtəsisçisi Ələsgər Məmmədli də ittiham aktındakı boşluqlardan danışıb.
“Bu 24 cildlik ittiham aktında konkret bir ittiham yoxdur ki, bax səni buna görə ittiham edirik. Burda gizli yollarla edilmiş valyuta qaçaqmalçılığından danışılır. Amma deyilmir ki, biz bunu ölkəyə dronla keçirmişik, Kür çayı ilə üzərək keçirmişik, üzərimizdə gizlədərək gömrükdən keçirmişik, yoxsa necə keçirmişik? Təkcə bu boşluqlara görə cinayət işinə xitam verilməlidir”, - o qeyd edib.
“Bu ittihamların heç biri yoxdursa, onda açıq deyilməlidir ki, biz müstəqil mətbuat istəmirik, gənclərin təmənnasız maariflənməsini istəmirik, məhz buna görə də sizi həbs etmişik”, - Məmmədli əlavə edib.
Hakim isə məhkəmə prosesinin ədalətli keçiriləcəyinə söz verib.
Növbəti proses iyunun 30-a təyin olunub.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb.
“Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərid İsmayılov, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və “III Respublika Platforması“nın spikeri Akif Qurbanov, III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov hazırda həbsdədir.
Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib, Şahnaz Bəylərqızı isə ev dustaqlığına buraxılıb.
"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: VOA
Foto: sosial media
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb
Fərid Mehralızadə: “365 gündür ki, ədalətin qətl edilməsinə şahidlik edirəm"