Məhkəmə

“Toplum TV işi“: "Qaçaqmalçı hökumətdən heç bir xahişim yoxdur"

5 May, 2025
168

Toplum TV

Mayın 5-də “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər təqsirləndirilən şəxslər barəsində açılmış cinayət işinə xitam verilməsini, həbs qətimkan tədbirinin ev dustaqlığı, yaxud başqa qətimkan tədbiri ilə əvəz edilməsini, həmçinin polisin onların evində axtarışı zamanı götürülmüş əşyaların qaytarılması haqda vəsatətlər veriblər.

Təqsirləndirilən şəxslər məhkəmədə vəkillərinə sənəd vermək istəyərkən Penitensiar Xidmətin əməkdaşları (konvoy) buna mane olublar. Hakim bildirib ki, “konvoy”lar sənədlərə baxış  keçirdikdən sonra vəkillərə verə bilərlər. 

İş üzrə həbs olunan jurnalist Fərid İsmayılov buna etiraz edərək deyib ki, bu sənədlər onların müdafiəsi ilə bağlıdır və konfidensial xarakter daşıyır. Bundan sonra hakim “konvoy”ların baxış keçirmədən sənədlərin vəkillərə təhvil verilməsinə icazə verib.

Məhkəmədə “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və “III Respublika Platforması”nın spikeri Akif Qurbanovun vəkili Fuad Ağayev vəsatətlə çıxış edərək bildirib ki, həbs olunmuş şəxslərin həbs müddətinin uzadılması istintaq tərəfindən şablon ifadələrlə əsaslandırılıb.

Onun sözlərinə görə, Avropa Məhkəməsinin də həbs qətimkan tədbiri ilə bağlı çıxarmış olduğu bir sıra qərarlarda deyilir ki, şablon ifadələrdən istifadə edərək azadlıq hüququ pozulmamalıdır, həbs qətimkan tədbiri mötəbər sübutlara əsaslanmalıdır.

“Bu insanların təqsirsizliyini bir kənara qoysaq, onlar 1 ildən artıqdır ki, həbsdədir və onların ittiham olunduğu cinayət maddələri zorakı cinayət deyil. Həbs qətimkan tədbiri həm ölkə daxilindəki, həm də Azərbaycanın üzərinə götürmüş olduğu beynəlxalq öhdəliklərə ziddir. Bu insanlar nə həbs olunmalıdırlar, nə də cinayət məsuliyyətinə cəlb edilməlidirlər”, - vəkil məhkəmədə qeyd edib.

Ağayevin ikinci vəsatəti Akif Qurbanovun evində axtarış aparılarkən ailəsinə aid olan elektron cihazların götürülməsi ilə bağlı olub. Vəkil bildirib ki, cihazlarla bağlı ekspertiza rəyi var, həmçinin onların yaddaşının surəti çıxarılıb, ona görə də cihazlar ailə üzvlərinə qaytarılmalıdır. Vəkil qeyd edib ki, bu həm də Qurbanovun ailə üzvlərinin mülkiyyət hüququnun pozuntusudur.

Daha sonra “Toplum TV”-nin həmtəsisçisi, media hüquqları üzrə ekspert Ələsgər Məmmədlinin vəkili Fəxrəddin Mehdiyev onun səhhəti ilə bağlı həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatətlə çıxış edib. Vəkil qeyd edib ki, siyasi motivli işlərdə bütün təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilir, lakin burada həmin şəxsin sağlamlığı, ailə vəziyyəti və prosessual əsaslara diqqət edilməlidir:

“Həbs olunanlar cəmiyyətin qiymətli adamlarıdır. Ələsgər Məmmədli xroniki zob xəstəliyindən əziyyət çəkir. Həbsi, həmçinin həbsinin haqsız olması onun sağlamlığını kəskin pisləşdirib. Həbsdə olması onun müalicəsinin səmərəli şəkildə təşkil olunmasına mane olur. Cinayət hüququnun iki prinsipi var: ədalət və humanizm. Heç kimə qəddar münasibət bəslənə bilməz. Bu gün görürük ki, sağlamlıq problemləri olan şəxs həbsdədir. Ələsgər bəy müayinə edilməlidir və ehtiyac olarsa əməliyyat olunmalıdır. Bu insanların ailələri də əziyyət çəkir. Kimisə həbs etmək onun ailəsini də həbs etmək deməkdir. İstintaqa mane olmaq bəhanədir, qeyri-mücərrəd ifadələrdir. Mən hər dəfə görüşəndə onun təngnəsəf olduğunu, baş ağrılarından əziyyət çəkdiyini görürəm. Bir insan haqları müdafiəçisi kimi bunu görmək mənə əzab verir”, - vəkil məhkəmədəki çıxışında bildirib.

Məhkəmədə çıxış edən Ələsgər Məmmədli qeyd edib ki, onun və digər təqsirləndirilənlərin həbsi qanunsuzdur:

“Bizim işə baxılması üçün sənədlər mart ayında məhkəməyə daxil olub, bu müddətdən də 2 ay keçib. Siz qərar vermisiniz ki, bizimlə bağlı həbs qətimkan tədbiri hazırlıq iclası keçirilənədək qüvvədə olsun. 24 apreldən sonra bizimlə bağlı seçilmiş həbs qətimkan tədbirinin qanuni əsası yoxdur. Son 11 gündür həbsdə qanunsuz saxlanılırıq”, - o deyib. 

Məmmədlinin sözlərinə görə, axtarış zamanı evindən cinayət işinə aidiyyatı olmayan əşyalar da götürülüb.

“Evimdən 30 illik arxivim, uşaqlarımın doğuş anından ad günlərinə qədər olan disklər götürülüb, bunların cinayət işinə nə aidiyyəti var? Həmçinin, avtomobilimə də həbs qoyulub, avtomobil təkcə mənə məxsus deyil, ailəmin də mülkiyyətindədir, onların mülkiyyət hüququ pozulur. Satılmasına qadağa qoyulması başadüşüləndir, amma istifadəsinə qadağa qoyulmamalıdır”, - Məmmədli əlavə edib.

Onun sözlərinə görə, həbs olunanların özünümüdafiə hüququ da pozulur:

“Azərbaycan neçə ildir ki, elektron məhkəmə sisteminə keçid edib. Azadlıq hüququmuz məhdudlaşıb və elektron məhkəmə sisteminə, qanunvericiliyə çıxışımız təmin olunmur. Mən görməliyəm ki, məni nədə ittiham edirlər, qanunlara istinad edərək özümü müdafiə etməliyəm. Həbsxanadakı kitablar iki il əvvəlin kitablarıdır, ondan sonra qanunda dəyişikliklər olub. Mənim müdafiə hüququm da pozulur”.

Heç bir cinayət törətmədiyini qeyd edən Ələsgər Məmmədli qaçaqmalçılıq ittihamın saxta olduğunu deyib.

“Mənim Xiyabani küçəsində yaşadığım ev gömrük keçid məntəqəsi deyil ki, qaçaqmalçılıqda ittiham olunum. Mən həmişə gömrükdən keçərkən qırmızı zolaqdan istifadə edib bəyannamə etmişəm ki, məni ilişdirməsinlər. Fakt olmadan 14 aydır həbsdəyəm”, - Məmmədli çıxışında qeyd edib.

“III Respublika Platforması”nın qurucu heyət üzvü Ruslan İzzətli də ittihamları saxta adlandırıb:

“Ofisdə axtarış keçirilən gün 6 mart tarixində saxlanılmışdım, daha sonra sərbəst buraxıldım. Mən 8 mart tarixində həbs olundum, qaçaqmalçı olsaydım bu 2 gün ərzində evimdən “tapılan” pulları gizlədərdim, ya da ölkəni tərk edərdim”.

Ruslan İzzətli də avtomobilinə qoyulan həbslə bağlı vəsatət qaldırıb, o bildirib ki, maşın təkcə ona yox, ailəsinə də məxsusdur və onların da mülkiyyət hüququ pozulur.

Jurnalist Fərid İsmayılova məhkəmədə çıxış imkanı yaradılarkən bildirib ki, onun “qaçaqmalçı hökumətdən heç bir xahişi yoxdur”.

Akif Qurbanov da ailəsinə məxsus elektron cihazlarla bağlı vəsatət qaldırıb, digər təqsirləndirilən jurnalistlərlə eyni məzmunlu məsələlərə toxunub:

“Ələsgər Məmmədli və Ruslan İzzətliyə səhhətləri ilə bağlı humanist yanaşma olmalıdır. Düşünürlər ki, Akif Qurbanov azadlıqda olarsa fəaliyyət davam edər. Fərid İsmayılov COP29-da hökuməti əsəbiləşdirib, amma istintaqa mane olmayıb. Bu gənclərin həbsinə nə ehtiyac var?”, - o sual edib. 

Jurnalist Müşfiq Cabbar isə bildirib ki, həbs olunub deyə maşınını gömrükdən götürə bilmir və aylardır buna görə cərimə yazılır. Buna baxmayaraq, ailə üzvlərinə etibarnamə verilmir ki, maşını gömrükdən çıxara bilsinlər. 

Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Ramil Babayev və İlkin Əmrahov da evlərindəki axtarış zamanı götürülmüş şəxsi əşyalarının qaytarılmasını istəyiblər.

Hakim həbs qətimkan tədbiri və cinayət işinə xitam verilməsi ilə bağlı vəsatətləri təmin etməyib, lakin təqsirləndirilən şəxslərin ailələrinə məxsus əşyalarla bağlı vəziyyəti öz nəzarətinə götürdüyünü və araşdırılacağını deyib.

Növbəti məhkəmə prosesi 19 may 10:00-da baş tutacaq.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb.

“Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar və Fərid İsmayılov, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və “III Respublika Platforması“nın spikeri Akif Qurbanov, III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov hazırda həbsdədir.

Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib, Şahnaz Bəylərqızı isə ev dustaqlığına buraxılıb. 

"Toplum TV iş”i üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Tofiq Yaqublunun vəkili: “Ümid edək ki, məhkəmə ilk dəfə qanuni qərar versin”

5 May 2025

sosial media

Həbsdə olan Müsavat Partiyası və Milli Şura üzvü, 35 gündür aclıq edən Tofiq Yaqublunun səhhətində geriləmələr davam edir.  Mayın 5-də Yaqublunun vəkili Nemət Kərimli onunla saxlanıldığı Penitensiar Xidmətin Müalicə Müəssisəsində görüşüb.  Vəkil deyib ki, Yaqublu yata bilmir və ötən gecə yalnız “Dimedrol” iynəsi vurulduqdan sonra yata bilib. O əlavə edib ki, siyasətçi çəki itirməyə davam edir, lakin yaddaşını da itirdiyindən çəkisini və digər göstəricilərini xatırlamayıb.  Vəkil bildirib ki, Yaqublu bədənindəki ağrılardan şikayət edib və oturub-durmaqda da çətinlik çəkib.  “Ümid edək ki, sabah Bakı Apellyasiya Məhkəməsi ömründə ilk dəfə qanuni qərar versin. Həbs qəti-imkan tədbirinin dəyişdirilməsiylə bağlı vəsatət verilib və sistemə...
Məhkəmə

Prokuror İqbal Əbilova 19 il cəza istəyib

2 May 2025

Nurlan Libre

Mayın 2-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində prokuror hakimdən talış tarixinin tədqiqatçısı İqbal Əbilova 19 il iş istəyib. Gənc alimin işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatında olduğundan, özü isə Bakıda saxlanıldığından hakimlər prosesə onlayn qatılıblar. Belarusda yaşayan İqbal Əbilov 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına gəldiyi zaman saxlanılıb. İqbal Əbilov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə...

Seçilmiş Videolar

Toplum TV loqo