Məhkəmə

"Meydan TV işi": Jurnalist kağız israfına görə müstəntiqə cinayət işi açılmasını istəyib 

12 Dekabr, 2025
291

Foto/kollaj: Meydan TV

Dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunmuş şəxslərin məhkəmə prosesi başlayıb. 

"Meydan TV"-nin xəbərinə görə, hakim Aytən Əliyevanın sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlərlə çıxış ediblər.

Onlar müvəkkillərinin şüşə arxasında deyil, zalda əyləşməsini istəyiblər. Məhkəmə vəsatəti təmin edib, lakin gələn prosesdən təqsirləndirilən şəxslərin zalda əyləşməsinə qərar verilib. 

Bugünkü prosesdə isə təqsirləndirilən şəxslərdən jurnalist Ülviyyə Quliyeva (Əli) nəfəsinin çatmadığını dediyi üçün məhkəmə onun zalda vəkilinin yanında oturmasına razılıq verib.

Ü.Əlinin yaxınları bildirib ki, o, məhkəmədə kağız israfına görə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) müstəntiqi və əməliyyatçılarına qarşı cinayət işi açılması üçün vəsatət verib. 

Jurnalistin sözlərinə görə, istintaq materialları 8 min vərəqdən ibarət olmaqla "təkrar məzmunlu, hüquqi zərurəti olmayan, süni şəkildə həcmi şişirdilmiş" yazılardan ibarətdir. O, bunu dövlət hesabına alınan kağızların, printer və əmək resurslarının və elektrik enerjisinin israfı kimi qiymətləndirib və deyib ki, məsul şəxslərə qarşı Cinayət Məcəlləsinin 259-cu maddəsi ilə (ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi) ilə cinayət işi açılmalıdır. 

Ü.Əlinin vəsatəti baxılmamış saxlanılıb. 

Təqsirləndirilən şəxslərdən jurnalistlər Ramin Deko (Cəbrayılzadə) və Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirovun vəkilləri onların 3 saylı İstintaq Təcridxanasından 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülməsi barədə məhkəməyə vəsatət veriblər.

Digər təqsirləndirilən şəxs, jurnalist Aytac Tapdıq (Əhmədova) isə həbsdə nikaha girməsinə qadağa qoyulmuş şəxslə - Kamran Məmmədli ilə şüşə arxasından görüşün təmin edilməsi üçün məhkəməyə vəsatət təqdim edib.

Məhkəmə bu vəsatətləri təmin edib.

Anket məlumatları dəqiqləşdirilərkən Aytac Tapdıq özünü təqdim edib və bildirib ki, 10 ildən artıqdır çəkilişlər aparır və materiallar hazırlayır. O, qərar qəbul edilərkən bunun mütləq nəzərə alınmasını istəyib: “Etdiklərinizə görə sizin özünüzü cəzalandıracağıq”.

Jurnalistdən nədə ittiham olunduğu ilə tanış olub-olmadığı soruşulduqda, o, jurnalist fəaliyyəti ilə bağlı ittiham edildiyini deyib.

Təqsirləndirilənlərdən jurnalist Aysel Umudova isə anket məlumatları dəqiqləşdirilərkən faktiki yaşayış ünvanı ilə bağlı suala cavab olaraq bildirib ki, artıq bir ildir Bakı İstintaq Təcridxanasında qalır.

Məhkəmə prosesinin mətbuata açıq keçirilməsi ilə bağlı verilən vəsatətə münasibət bildirən prokuror indiyədək məhkəmədə çəkiliş aparmaq üçün heç bir jurnalistin müraciət etmədiyini qeyd edib. Bu zaman jurnalist Nurlan Libre onun sözünü kəsərək: “Çöldə jurnalist qalıb ki? Hamısını həbs etmisiniz”, - deyə bildirib.

İş üzrə həbs olunmuş şəxslərin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlər isə təmin edilməyib.

Məhkəmə baxışa təyin edilib. Növbəti məhkəmə prosesi dekabrın 22-də keçiriləcək.

"Meydan TV işi" üzrə 12 nəfər ittiham olunur.

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.

Sonradan “Arqument. az” saytının baş redaktoru, "Meydan TV" ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs edilib.

Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar. 

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir. Onlar jurnalist fəaliyyətinə görə hökumətin siyasi sifarişi ilə həbs olunduqlarını deyirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

“Toplum TV işi” üzrə apellyasiya prosesi başlayır

18 Sentyabr 2026

Toplum TV

“Toplum TV işi” üzrə 12 ildən 15 ilədək həbs cəzasına məhkum olunan 9 nəfərin apellyasiya şikayətlərinə baxılacaq. Bakı Apellyasiya Məhkəməsində baş tutacaq ilk iclas sentyabrın 21-nə təyin edilib. “Toplum TV işi“ üzrə təqsirləndirilən şəxslərə İyulun 27-də Bakı Ağır Cinayətlər məhkəməsində hökm oxunub. Hökmə əsasən, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov 15, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli 14, siyasətçi Ruslan İzzətli 15, IDI əməkdaşları Ramil Babayev 13, Əli Zeynal 14, İlkin Əmrahov 13, “Toplum TV” əməkdaşları Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. E. Abbasov məhkəmə zalında həbs olunub. Məhkum...
Məhkəmə

Kamal İsayevə 8 il yarım həbs cəzası verilib

8 Sentyabr 2026

sosial media

Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hökumət tənqidçisi Kamal İsayevin işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. Yaxınlarının "Toplum TV"yə verdiyi məlumata görə, hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, o, 8 il yarım müddətinə azadlıqdan məhrum edilib. Prosesdə əvvəlcə ötən iclaslarda olduğu kimi K.İsayevin müxtəlif vaxtlarda etdiyi sosial media paylaşımları nümayiş etdirilib. Bu dəfəki paylaşımlarda onun Qarabağın azad edilməsi ilə bağlı Azərbaycan xalqına ünvanladığı videomüraciətlər yer alıb.  Müdafiə tərəfi nümayiş etdirilən videoların yenidən ekspertiza olunması və ekspert tərəfindən yeni rəy verilməsi barədə vəsatət qaldırıb. Vəkil Nemət Kərimli bildirib ki, təqdim olunan materiallarda irəli...

Seçilmiş Videolar

Toplum TV loqo