Məhkəmə

Ruslan İzzətli oğluna: “Sənin və həmyaşıdlarının azad yaşaması üçün hər cəzaya hazıram"

14 İyul, 2026
31

Sosial media

İyulun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətliyə son söz haqqı verilib. O, son söz əvəzinə oğluna yazdığı məktubu səsləndirib.

Ruslan İzzətlinin məktubunu olduğu kimi təqdim edirik.

Əziz oğlum, sənə ilk məktubu birinci sinfə ilk addımını atan gün yazmışdım. Həmin məktubdan iki il keçib. İndi 3-cü sinfə hazırlaşırsan.

Həbsxanadan yazdığım müraciətlərimin birində qeyd etmişdim ki, iş masanıza və ya telefonunuzun ekranına övladınızın şəklini qoyun. Atacağınız hər addımı onların gözünə baxaraq atın. Elə yaşayın, elə addımlar atın ki, sizin günahlarınızı övladınız ödəməsin və ya sabah sizin keçmişinizə görə utanmasın. Burada oxuduğum kitablardan götürdüyüm önəmli fikirləri yazdığım qeyd kitabçam var. İlk səhifəsinə sənin şəklini vurmuşam. Hər addımımda, hər anımda sənin şəklinə baxıram.

8 iyun tarixində keçirilən məhkəmə adlı məzhəkədə mənə 16 il cəza istəniləndə də gəlib bir daha sənin şəklinə baxdım və düşündüm: sənin və sənin həmyaşıdlarının azad, xoşbəxt yaşaması üçün hər bir cəzaya hazıram, yetər ki, biz yaşadıqlarımızı sabah siz yaşamayasınız.

Yəqin ki, nə zamansa məktubumu oxuyanda düşünəcəksən ki, atama və onun dostlarına cəza istəyənlər, hökm verənlər sonradan övladlarının gözlərinə baxa biliblərmi?

Əziz oğlum, “övladıma bir tikə çörək qazanıram, övladıma görə bu haqsızlığa imza atıram” deyənlər nə qədər gözüyaşlı uşağın ahı üzərində yaşadıqlarını qəbul ediblər. Çünki həm onlar, həm də xidmət etdikləri rejim millətimizin gələcəyi yox, bu günüdür.
Respublikaçılar isə hər zaman millətimizin gələcəyi olub. Necə ki, qurucu babalarımız 1918-ci ildə dövlətimizi quranda gələcək inşa etdilər. Onlarla mübarizə aparanlar isə sadəcə tarixin həmin dövrünün qara səhifəsi oldular.

Respublikaçılar əsrlərdir sülalə üsul-idarəsinin hakim olduğu ərazidə xalqın iradəsini təmsil edən parlament sistemi quranda da gələcək inşa etdilər. O dövrdə onlara qarşı çıxıb avtoritar rejim quranlar keçmişin qara səhifəsi kimi xatırlanırsa, sabah da “tək adam” rejimi o cür xatırlanacaq. Dövlətimizin qurucusu M.Ə. Rəsulzadə deyirdi: “Yazıqlar olsun ki, biz “Bir kərə yüksələn bayraq bir daha enməz” idealına etdiyimiz afərinləri unutduq, canımız və malımız qorxusundan bu istiqlal bayrağımızı qırmızı bir bezə dəyişdik”.

Eyni düşüncə bu gün də davam edir, canını və malını qoruyan zehniyyət millətin gələcəyini qaranlığa qərq edir.

1930-cu illərdə bolşeviklər respublikaçıları Sibirə, Qazaxıstanın çöllərinə sürgün etdilər, bəzilərini isə 15-20 dəqiqəlik “məhkəmə” qərarları ilə edam etdilər.

Avtoritar rejimlərin silahı ilk növbədə düşünən insanları, ziyalıları biçir. Ziyalının məhv edildiyi cəmiyyətdə qorxu hakim olur. Qorxunun zəlil etdiyi kütləni isə hara istəsən yönəltmək olur. Eyni düşüncə ilə bolşeviklərdən ilhamlanan Əliyev rejimi 33 ildir vətəndaşla dəyənək və zorakılıq dili ilə danışır. Bu, rejimin gücünün yox, çarəsizliyinin və tükənmişliyinin göstəricisidir.

İlham Əliyev hər 10 ildən bir (2003-2005, 2013-2015, 2023-2025) repressiya maşınını işə salır. Repressiya maşını iki önəmli məqamda aktivləşir: Əliyev daxildə problemləri həll etmək üçün ağır dövr yaşayanda və beynəlxalq münasibətlərdə seçim qarşısında qalanda.

2023–2025-ci illər repressiya maşını Qarabağda suverenliyin tam bərpasından sonra başladı. Haqlı sual olunur: qalib lider niyə repressiya maşınını işə salmaq məcburiyyətində qaldı?

İnsanlara illərdir təbliğ edirdilər ki, biz müstəqilik, amma demokratiya yoxdursa, iqtisadi problemlər varsa, bunun səbəbi ərazimizin 20 faizinin işğalıdır. Qarabağ düşüncəmizdə sadəcə itirdiyimiz ərazi deyildi, daha çox bütün problemlərimizin səbəbi idi. Bu səbəbdən Qarabağ təkcə qarabağlıların deyil, bütün ölkəni sıx birləşdirən problemə çevrilmişdi. 10 noyabr 2020-ci ildə həyatlarında olmadığı qədər xoşbəxt yuxuya gedən azərbaycanlılar şüuraltında sabah başqa ölkədə ayılacaqlarına inanırdılar. Amma anlamırdılar ki, Qarabağın azad olması iki səbəbdən hakimiyyətə vacib idi: mövcudluğuna təhlükə yaradan ictimai nüfuz problemini həll etmək və başqa problemləri həll etməməyi arxa plana itələyib gizlətmək.

Əksər azərbaycanlıları, o cümlədən səmimi olaraq rejimin dəyişikliyə gedəcəyi xülyasına inananları, 11 noyabr sindromu gözləyirdi. Onlar ertəsi gün eyni məmləkətdə və eyni problemlərlə ayılanda eyforiya əriməyə başladı. Beləliklə, 2020-ci ilin Qarabağ zəfərinin gətirdiyi ictimai nüfuz sürətlə əriyir, sosial və iqtisadi vəziyyət isə sürətlə pisləşməyə gedirdi.

2023-cü ildə Xankəndi əməliyyatı böhranın qarşısını ala bilmədi. Xalqın hakimiyyətə real münasibəti 2024-cü ildə keçirilən prezident seçkilərində aydın göründü. Qalib hakimiyyətə xalq gəlib səs vermədi, məcbur olub ənənəvi seçki saxtakarlığı üsulundan istifadə etdilər. Bunun səbəbi də çox aydın idi. Çünki insanlar üçün mənəvi qələbə yetərli deyil, onlar bu qələbənin öz həyatlarında da real təsirini görmək istəyirdilər.

Nəticədə rejim ənənəvi siyasətini - repressiya maşınını işə saldı. Çünki xarici seçim qarşısında və daxildəki problemlərin işığında ona basqı edə biləcək kəsimin təsir imkanlarını minimuma endirmək lazım idi. Mənim və dostlarımın həbsinin səbəbi budur.

Bəs niyə ən ağır cəzanı bizə istədilər? Bu sualın cavabını verim. Hakimiyyət illərdir həbsxana xofu ilə ictimai-siyasi sferanı idarə edir. Amma davamlı yazılarımız, ictimai müraciətlərimiz hakimiyyətin oyununu pozurdu. Cəmiyyətə çatdırdıq ki, həbsxananın tikanlı məftilləri siyasi fəaliyyətə, ardıcıl mövqeyə mane olmur. Rejimin cəmiyyətdə qorxu yaratmaq üçün istifadə etdiyi həbsxana xofunun dağılmasının yaratdığı gərginlikdən 16 il cəza istəyi ortaya çıxdı. Amma anlamırlar ki, respublikaçılar dönməzliyi liderimiz Rəsulzadədən öyrənib.

Martin Lüter Kinq 16 aprel 1963-cü ildə həbsxanadan yazdığı məktubda deyirdi: “Əzənlər əzilənlərə azadlıqlarını heç bir zaman könüllü olaraq verməyəcək”.

Dəyişimə gedən yol vərdişlərimizi dəyişməkdən keçir. Aristotelin sözləri ilə desək, vərdişlərimizi dəyişsək, taleyimizi dəyişəcəyik!

Əziz oğlum, indi seçim qarşısındayam. Bir tərəfdə sənin və ailəmin qarşısında məsuliyyətim, digər tərəfdə canım qədər sevdiyim məmləkətim.

Tarixən hər zaman bu cür yol ayrıcıları olub. İnkişaf etmiş dövlətlər bunu yüz illər öncə keçib. Biz isə 21-ci əsrdə bu seçimlə üz-üzəyik. Misal üçün, 18-ci əsrdə fransız filosof-maarifçi Volter 30 yaşlarında kralı tənqid edir. Kralın adamları da Bastiliya qalasında saxlanılan Volterin qarşısına şərt qoyur: ya Fransanı tərk et, ya da həbsxanadan buraxılmayacaqsan. Necə də 21-ci əsrdə 18-ci əsr Fransasına bənzəyirik.

Seçim haqqında çox düşündüm. Fiziki olaraq sənin yanında olmaq seçimim qaranlıqda xoşbəxtlik axtarmaq olacaq. Qaranlıqda xoşbəxtlik axtaran Nəriman Nərimanov kimi sabah oğluma “səhvlərimə görə məni bağışla” yazmamaq üçün, nə qədər çətin olsa da, aydınlığı seçirəm. Çünki hər birimizin xoşbəxtliyi aydınlıqdadır. Aydınlığa gedən yol isə cəsarətdən və imtinalardan keçir.

Əziz oğlum, nə zaman birlikdə əl-ələ tutub gəzəcəyimizi bilmirəm. Amma əminəm ki, azad, xoşbəxt ölkədə yaşamağımız üçün bacardığımı edəcəm.

Avraam Linkoln deyirdi ki, “Hər birimizin daxilində bir borc hissi var. Məqsədimizə doğru inadkarlıqla getmək müqəddəs borcumuzdur. Bu borc mənim vəzifəmə çevrildi”.

Siyasətçi olaraq, ata olaraq sənin və həmyaşıdlarının bu ölkədə daim üzünün gülməsi mənim vəzifəmdir. Söz verirəm ki, səndən ayrı qalmaq nə qədər çətin olsa da, vəzifəmi ləyaqətlə yerinə yetirəcəm.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

"Tərtər işi": 5 milyon manat təzminat istəyən ataya 40 min manat kəsilib

14 İyul 2026

açıq mənbə

2017-ci ildə “Tərtər işi” kimi tanınan hadisələrdə həyatını itirən hərbçi Ruslan Ocaqverdiyevin atası İlham Ocaqverdiyevin təzminat tələbilə bağlı məhkəmə prosesi yekunlaşıb.  "Azadlıq Radiosu"nun xəbərinə görə, ata iddia ərizəsində maddi zərərə görə 310 min, mənəvi zərərə görə isə 5 milyon manat təzminat tələb edib. Nəsimi Rayon Məhkəməsi maddi ziyanla bağlı Ocaqverdiyevin iddiasını təmin etməyib. Mənəvi ziyana görə isə ona 40 min manat təzminat ödənilməsi barədə qərar çıxarılıb.  Hakim Əfsanə Heydərova qərarı hadisədən xeyli vaxt keçməsi ilə əsaslandırıb. "Müəyyən müddətin keçməsi ilə mənəvi sarsıntının dərəcəsi əvvəlki dövrlə müqayisədə nisbətən azala bilir”, - qərarda qeyd olunub.  Daha öncə məhkəməyə müraciət etmiş R.Ocaqverdiyevin həyat...
Məhkəmə

Akif Qurbanov: “İlham Əliyev Qurana, konstitusiyaya əl basır, sonra hüquqların pozulmasını tapşırır”

13 İyul 2026

Toplum TV

İyulun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.  Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ilk olaraq təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov ittihama etiraz etmək üçün çıxış edib. O, bir daha cinayət işinin siyasi sifarişli olduğunu bildirib.  “Baş prokuror Kamran Əliyev İlham Əliyevin bir sözünü iki eləmir. Bu baxımdan, burada dövlət ittihamçısı mövqeyində çıxış edən Rauf Malışovun da çıxışında hüququn aliliyini rəhbər tutmaması təəccüb doğurmur. Baxmayaraq ki, Azərbaycan beynəlxalq təşkilatlara üzv olanda üzərinə hüququn aliliyinin qorunması barədə öhdəliklər götürüb, Əliyev administrasiyası onları yerinə yetirməkdən açıq yayınır”,...

Seçilmiş Videolar

Toplum TV loqo