Məhkəmə

Akif Qurbanov: “İlham Əliyev Qurana, konstitusiyaya əl basır, sonra hüquqların pozulmasını tapşırır”

13 İyul, 2026
175

Toplum TV

İyulun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ilk olaraq təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov ittihama etiraz etmək üçün çıxış edib. O, bir daha cinayət işinin siyasi sifarişli olduğunu bildirib. 

“Baş prokuror Kamran Əliyev İlham Əliyevin bir sözünü iki eləmir. Bu baxımdan, burada dövlət ittihamçısı mövqeyində çıxış edən Rauf Malışovun da çıxışında hüququn aliliyini rəhbər tutmaması təəccüb doğurmur. Baxmayaraq ki, Azərbaycan beynəlxalq təşkilatlara üzv olanda üzərinə hüququn aliliyinin qorunması barədə öhdəliklər götürüb, Əliyev administrasiyası onları yerinə yetirməkdən açıq yayınır”, - o qeyd edib. 

A.Qurbanov istintaq hərəkətləri aparılan zaman Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulduğunu əlavə edib.

“Cinayət işinin açılmasına əsas kimi ilkin araşdırma materialları göstərilsə də, həmin materialları indiyədək nə görən olub, nə eşidən. Amma dövlət ittihamçısı çıxışında o materiallara istinad edib. Bizə mütəşəkkil dəstə deyirlər. Amma mütəşəkkil dəstə kimi nə vaxt, hansı cinayəti, necə törətməyi planlamışıq, bununla bağlı heç bir sübut ortaya qoyulmayıb”, - o deyib. 

A.Qurbanov iş üzrə digər şəxslərin həbs olunmasına da etiraz edib. 

“Həbs olunan şəxslərin heç biri adı hallanan qurumlarda maliyyə-təsərrüfat işləri görməyib. Nə sənədlərdə, nə özlərinin ifadələrində, nə də şahid ifadələrində belə bir fakt var. Amma hamıya qarşı eyni ittihamları irəli sürüblər. İbtidai istintaq iddia edirdi ki, 3 nəfər mütəşəkkil dəstədə rəhbər şəxs qismindədir. Dövlət ittihamı isə ümumiyyətlə müəyyənləşdirmir ki, rəhbər kimdir, icraçı kimdir, köməkçi kimdir. Bir daha qeyd edirəm ki, adı çəkilən qurumlarda həm icra, həm əməkdaşlığa cəlbetmə, həm maliyyələşmə baxımından qərarverici şəxs mən olmuşam. Həmin qurumların da fəaliyyətində heç bir cinayət əməli olmayıb. Əksinə, cinayətkarlığın ifşası üçün, xalqın pulunun talanmaması üçün, vəzifəli şəxslərin cavabdehliyi üçün fəaliyyət göstərmişik. İlham Əliyev əlini Qurana, Konstitusiyaya basıb and içir, sonra da vətəndaşların hüquqlarının pozulmasına göstəriş verir”, - o qeyd edib. 

A.Qurbanov ittihamda “mütəşəkkil dəstənin tamah məqsədilə cinayət əməli törətməsi” kimi ifadələrin yer almasına da münasibət bildirib. 

“Yaxşı, şərti olaraq razılaşaq ki, mənim, Ələsgər Məmmədlinin, Ruslan İzzətlinin, Əli Zeynalın, Müşfiq Cabbarın maşını olub. Bəs Fərid İsmayılovun, Ramil Babayevin, İlkin Əmrahovun, Elmir Abbasovun hansı tamah niyyəti olub? Bu beş il ərzində onlar tamah nəticəsində heç nə qazanmayıblar? Elə biz qazanmışıq, onlar da dayanıb baxıblar?”, - o sual edib. 

O, xaricdən qanunsuz yolla ölkəyə valyuta gətirmək ittihamını da rədd edib. 

“Donor təşkilatlara özümüzü təqdim etdiyimizi göstərən bir ədəd belə sübut yoxdur. 28 ay ərzində ittiham tərəfi iddia etdiyi kimi 837,223 manatı xaricdə nağlaşdıraraq və ya birbaşa nağd şəkildə əldə etməyimizi və qaçaqmalçılıqla ölkəyə gətirdiyimizi göstərən nə sübut ortaya qoya bilib, nə də bu barədə məhkəmədə tədqiqat prosesi aparılıb. İttihamda yazılır ki, istintaqa məlum olmayan mənbələrdən pul əldə etmişik. Sonra isə yazılır ki, pulu ya xaricdə “bankomat”dan çıxarmışıq, ya da bizə nağd şəkildə veriblər. İndiki dövrdə hansı təşkilat kiməsə nağd pul verər?”, - o sual edib. 

Daha sonra təqsirləndirilən şəxslərdən III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətliyə son söz üçün söz haqqı verilib. O, son söz əvəzinə oğluna yazdığı məktubu səsləndirib. 

“Burada oxuduğum kitablardan götürdüyüm önəmli fikirləri yazdığım qeyd kitabçam var. İlk səhifəsinə sənin şəklini vurmuşam. Hər addımımda, hər anımda sənin şəklinə baxıram. 8 iyun tarixində keçirilən məhkəmə adlı məzhəkədə mənə 16 il cəza istəniləndə də gəlib bir daha sənin şəklinə baxdım və düşündüm: sənin və sənin həmyaşıdlarının azad, xoşbəxt yaşaması üçün hər bir cəzaya hazıram, yetər ki, biz yaşadıqlarımızı sabah siz yaşamayasınız. Yəqin ki, nə zamansa məktubumu oxuyanda düşünəcəksən ki, atama və onun dostlarına cəza istəyənlər, hökm verənlər sonra övladlarının gözlərinə baxa biliblərmi?”, - o qeyd edib. 

Siyasətçi məktubunda bildirib ki, onun və digərlərinin həbsinə səbəb hakimiyyətin “daxildəki problemlərin işığında ona basqı edə biləcək kəsimin təsir imkanlarını minimuma endirmək” istəməsi idi. 

“Hakimiyyət illərdir həbsxana xofu ilə ictimai siyasi sferanı idarə edir. Amma davamlı yazılarımız, ictimai müraciətlərimiz hakimiyyətin oyununu pozurdu. Cəmiyyətə çatdırdıq ki, həbsxananın tikanlı məftilləri siyasi fəaliyyətə, ardıcıl mövqeyə mane olmur. Rejimin cəmiyyətdə qorxu yaratmaq üçün istifadə etdiyi həbsxana xofunun dağılmasının yaratdığı gərginlikdən 16 il cəzası ortaya çıxdı. Amma anlamırlar ki, respublikaçılar dönməzliyi liderimiz Rəsulzadədən öyrənib”, - o əlavə edib. 

Ardınca təqsirləndirilən şəxslərdən “Toplum TV” əməkdaşı Fərid İsmayılov son söz deyib. 

“Məhkəmədə jurnalistdən son söz deyilməsinin istənilməsi bu ölkədə söz və ifadə azadlığının hansı vəziyyətdə olduğunu göstərmək üçün kifayətdir. İstintaq sənədlərinə hazırladığım reportaj araşdırmaların daxil edilməsi, “cinayətkar” dəstədə funksiyamın araşdırmaçı jurnalist olaraq qeyd olunması mənim niyə həbs olunduğuma əsas sübutdur”, - deyə o, çıxışına başlayıb. 

“18 aydır heç bir hüquqi əsas olmadan girov saxlanılıram. Bu fakt göstərir ki, bu ölkədə heç ibtidai məhkəmə də yoxdur. Mərkəzi Bank xarici valyuta əməliyyatlarımın, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi qaçaqmalçılıq ittihamıyla bağlı barəmdə məlumat, görüntü, sənəd, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi adıma əmlak olmadığını bildirib. Kimi işə götürdüyüm də bəlli deyil, amma 28 aydır bu maddələrlə ittiham olunuram. Bəs haradadır sübut? Yatıb yuxuda görmüsünüz ki, mən cinayət törətmişəm? Dövlət Vergi Xidməti 79,441 manat vergi borcu hesablayıb, ödənilmiş vergiləri də nəzərə almayıb. Bu ölkədə fəhlələrin, müəllimlərin, qəpik-quruşa işləyən vətəndaşların ödədiyi vergilərin illərdir hansı ciblərə axdığını heç kim bilmir? Hökumətyönlü medianın vergidən yayınması, öhdəliklərini yerinə yetirməmələri ilə bağlı sübutlar təqdim etmişdim. Açdınız cinayət işini? Əlbəttə ki, xeyr. İndi hansı üzlə, hansı əsasla məndən vergi tələb edirsiniz?”, - o əlavə edib. 

F.İsmayılov ona veriləcək həbs cəzası üçün heç kimin təəssüflənməməsini istəyib. 

“Mən müsahiblərimə silah yox, mikrofon uzatmışam. Buna görə 13 il həbsin istənilməsi göstərir ki, jurnalistika bu ölkədə cinayət sayılır. Məhkəmə normal ölkədə mənə bəraət verməlidir. Amma bu ölkədə mənə bəraət verən hakimin özünü qaçaqmalçılıq ittihamı ilə tutarlar. İndiyə qədər saysız-hesabsız dəstək məktubları almışam. Tanımadığım insanlar barəmdə dəstək yazıları yazıb, müstəqil mətbuat işini vicdanla yerinə yetirib, təşkilatlar azadlığımla bağlı çağırışlar edib. Hər birinə sonsuz minnətdarlığımı bildirirəm,” - deyə o, çıxışını bitirib. 

Növbəti proses iyulun 20-si saat 10:00-a təyin olunub.

"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. Onlar öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Özləri ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

“Toplum TV işi” üzrə apellyasiya prosesi başlayır

18 Sentyabr 2026

Toplum TV

“Toplum TV işi” üzrə 12 ildən 15 ilədək həbs cəzasına məhkum olunan 9 nəfərin apellyasiya şikayətlərinə baxılacaq. Bakı Apellyasiya Məhkəməsində baş tutacaq ilk iclas sentyabrın 21-nə təyin edilib. “Toplum TV işi“ üzrə təqsirləndirilən şəxslərə İyulun 27-də Bakı Ağır Cinayətlər məhkəməsində hökm oxunub. Hökmə əsasən, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov 15, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli 14, siyasətçi Ruslan İzzətli 15, IDI əməkdaşları Ramil Babayev 13, Əli Zeynal 14, İlkin Əmrahov 13, “Toplum TV” əməkdaşları Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. E. Abbasov məhkəmə zalında həbs olunub. Məhkum...
Məhkəmə

Kamal İsayevə 8 il yarım həbs cəzası verilib

8 Sentyabr 2026

sosial media

Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hökumət tənqidçisi Kamal İsayevin işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. Yaxınlarının "Toplum TV"yə verdiyi məlumata görə, hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, o, 8 il yarım müddətinə azadlıqdan məhrum edilib. Prosesdə əvvəlcə ötən iclaslarda olduğu kimi K.İsayevin müxtəlif vaxtlarda etdiyi sosial media paylaşımları nümayiş etdirilib. Bu dəfəki paylaşımlarda onun Qarabağın azad edilməsi ilə bağlı Azərbaycan xalqına ünvanladığı videomüraciətlər yer alıb.  Müdafiə tərəfi nümayiş etdirilən videoların yenidən ekspertiza olunması və ekspert tərəfindən yeni rəy verilməsi barədə vəsatət qaldırıb. Vəkil Nemət Kərimli bildirib ki, təqdim olunan materiallarda irəli...

Seçilmiş Videolar

Toplum TV loqo