Təcridxana rəisinin sərinkeşi buraxmaq üçün jurnalistdən yazıların silinməsini istədiyi deyilir
Foto: VOA
Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov “Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızına ailəsinin gətirdiyi sərinkeşi buraxmaq üçün şərt irəli sürdüyü deyilir.
“Abzas Media”nın xəbərinə görə, İsmayılovun şərti sərinkeşin buraxılmaması haqda gedən xəbərlərin silinməsi olub.
Vaqifqızının ailə üzvlərinə dediyinə görə, təcridxana rəisi bunu iyulun 19-da “Abzas Media işi” üzrə həbsdə olan digər jurnalist Nərgiz Absalamovaya deyib.
“Rəis deyib ki, əgər sərinkeşi içəri buraxmaqla mən Sevinc üçün yaxşı oğlan olacağamsa, o yazılar silinəcəksə, buraxım. Nərgiz də deyib, Sevinc buna heç vaxt razı olmaz. Təbii ki, razı olmaram. Haqqım olanı mənə verməlidirlər. Bazarlığa getmirəm. Sərinkeş qadağan olunan əşyalar siyahısında deyil və içəri buraxılmalıdır. Başqa həbs olunan şəxslərə buraxdıqları kimi. Ayrı-seçkiliyə məruz qalmamalıyıq,” – Vaqifqızı bildirib.
Jurnalist əlavə edib ki, həmin gün rəis müavini Əhəd Abdıyev onun kamerasına gələrək rəhbərliyin məhbuslara sərinkeş vermək öhdəliyinin olmadığını deyib. Vaqifqızı isə təcridxanada havalandırma sisteminin olmadığını xatırladıb və buna görə də sərinkeş verməli olduqlarını qeyd edib.
“Məhbusa çatacaq sərinkeşi təcridxananın mağazasına qoyub 35 manata satdırırsınız. Məhbus içəridə işləyib pul qazanmır ki, 35 manat verib sərinkeş alsın, bunu müəssisə verməlidir,” – o vurğulayıb.
Jurnalist, həmçinin, xəbər verib ki, iyulun 18-də digər kamerada saxlanılan qadın məhbusun havasızlıqdan halı pisləşib.
“Təcridxana rəisinin növbətçi nəzarətçiləri soyuducudan litrlərlə soyuq suyu onun üstünə töküblər ki, özünə gələ bilsin. Rəis o dustağı düşünsün, məni yox. Mənim öz sərinkeşimi özümə versin, başqa bir şey istəmirəm” - Vaqifqızı əlavə edib.
Deyilənlərlə bağlı Bakı İstintaq Təcridxanasından hələki müsnasibət bildirən olmayıb.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.
Onlar ilkin olaraq qaçaqmalçılıq olmaqla bir sıra maddələrlə ittiham olunublar.
Həbs olunan şəxslər ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə həbs olunduqlarını deyirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Toplum TV