Foto: sosial media
“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Ülviyyə Əli (Quliyeva) polisin onu saxladığı və evində axtarış apardığı zaman tərtib edilən protokolların saxtalaşdırıldığını deyir.
Yaxınları bildirir ki, jurnalist bunu iyunun 24-də Xətai Rayon Məhkəməsində barəsindəki həbs qətimkan tədbirinin uzadılmasına baxılan prosesdə səsləndirib.
Ü.Əli deyib ki, saxlanıldığı və evində axtarış aparıldığı zaman polisin yol verdiyi müxtəlif qanunsuzluqlarla bağlı, polisin tərtib etdiyi protokollarda çoxsaylı qeydlər aparıb.
O, bunlara nümunə olaraq Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) zorakılıq və zorlanma təhdidi görməyini, evdə axtarışın vəkilsiz aparılmasını, özünün seçdiyi vəkillə təmin olunmamağını, müstəntiq Əlibala Hacıyev və polis əməkdaşlarının evdən tapdıqlarını iddia etdikləri pulu əlcəksiz saymalarını sadalayıb.
“Bu yaxınlarda vəkillərimin vəsatətlərinə istintaq tərəfindən gələn cavabda bildirilib ki, guya dövlət hesabına təyin olunan vəkil Sevdiyar Bayramovu mən xahiş etmişəm, həmçinin evdə aparılan axtarış zamanı tərtib olunan protokollarda hansısa pozuntunun olduğu ilə bağlı qeyd aparmamışam. Bu cavabdan sonra aydın olur ki, istintaq saxtakarlıq edərək protokollarda yazdığım qeydləri məhv edib və protokollardakı imzam da saxtalaşdırılıb. Azərbaycanda qanunun, hüququn sadəcə müqəvvası qalıb, işləviliyi yoxdur”, - o deyib.
Mayın 7-də Ülviyyə Əli barəsində Xətai Rayon Məhkəməsi həbs qətimkan tədbiri çıxarıb. İyunun 24-də həbs qətimkan müddəti daha 3 ay uzadılıb.
Ülviyyə Əli “Meydan TV işi” ilə əlaqədar saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Ülviyyə Əli jurnalist kimi “Amerikanın Səsi” ilə əməkdaşlıq edib.
Bu media qurumu ilə əməkdaşlığını bitirəndən sonra da öz sosial media hesablarında siyasi motivli məhkəmələrdən reportajlar yayımlamağa davam edib.
2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aynur Elgünəş, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı, vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.
Sonrada “Arqument.az” saytının baş redaktoru, “Meydan TV” ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı) və Fatimə Mövlamlı da “Meydan TV işi”nə görə həbs edilib.
Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Sosial media
Foto: Sosial media
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
Qaçaqmalçının yekəsi
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb