Məhkəmə

63 milyondan çox vəsaitin ayrıldığı penitensiar müəssisələrdə ağır sanitar-gigiyena problemləri

24 İyun, 2025
121

Foto: Toplum TV

Son günlər sosial mediada və müstıəqil mediada Azərbaycanın istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində saxlanma şəraiti ilə bağlı səslənən narahatlıqlar ictimai müzakirələrə səbəb olub. 

Həbs olunmuş şəxslər və məhkumlar tərəfindən ictimailəşdirilən məlumatlar saxlanma yerlərindəki sanitar vəziyyətin insan ləyaqətinə uyğun olmadığını deməyə əsas verir.

 “Tribunat” bu şikayətləri yerli qanunvericilik və beynəlxalq hüquq kontekstində təhlil edib.

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Əli Zeynal Bakı İstintaq Təcridxanasında saxlandığı şəraitlə bağlı Ədliyyə nazirinə açıq müraciətində yazır:

“Təxminən 3-4 həftə əvvəl sizin müavininiz ya da nazirlikdən komissiya “təşrif buyurmuşdu”...Həmin o 12-ci kamera ilə üzbəüz 19-cu kameraya da “təşrif buyrulsaydı”, heç olmasa, 1-2 dəqiqəliyinə, mən sevə-sevə kanalizasiya sularının çirkləndirdiyi şəxsi əşyalarımızı, paltarlarımızı, yemək-içməklərimizi göstərərdim. Hətta iyrənən olmasa, yekə-yekə tarakanları da nümayiş etdirərdim. Amma üzürlü sayın, nə qədər israr etsələr də döşəmənin altından, kanalizasiya borularından çıxan siçanlar haqqında danışmaq istəməzdim. Yalandan da olsa “yoxlamaya” gələnlərin dəhşətə düşməyinə könlüm razı  olmazdı”.

Oxşar halla “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının azadlıqdan məhrumetmə cəzasına məhkum olunan sədri Afiəddin Məmmədov da qarşılaşdığını bildirir. Onun sözlərinə görə, 2 saylı Cəzaçəkmə Müəssisəsində mətbəxdə siçanlar sərbəst dolaşır, ərzaq qutularını deşir və qidaları yeyir. Məmmədov yatmaq üçün nəzərdə tutulan yerlərdə də siçanların dolaşdığını, 250 nəfərdən çox məhkumun olduğu korpusda cəmi 4 sanitar qovşağın olduğunu qeyd edir. Onun bu vəziyyəti ictimailəşdirməsindən sonra daha ağır rejimli müəssisəyə köçürülməklə hədələndiyi də bildirilir.

“Abzas Media”nın direktrou Ülvi Həsənli də Bakı İstintaq Təcridxanasında karantin zonasındakı vəziyyəti təsvir edib: “Burada məhbuslar gecə yatmırlar ki, böcəklər ağızlarına və qulaqlarına girməsin”.

Azadlıqdan məhrum edilmiş digər jurnalist Polad Aslanov isə bugünlərdə saxlandığı 15 saylı Cəzaçəkmə Müəssisəsində bir sıra şikayətlərlə yanaşı müəssisədə yeni inşa edilən hamam üçün hər məhkumdan 100 manat pul yığıldığını bildirib

Bu faktlar həbsdə olan şəxslərin və məhkumların saxlanma şəraitinin minimum gigiyenik və sanitar tələblərə cavab vermədiyini nümayiş etdirir. Halbuki, həm yerli, həm də beynəlxalq sənədlər bu sahədə dövlətin konkret öhdəliklərini müəyyən edir. Konstitusiyanın 46-cı maddəsi və Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi hər bir şəxsin ləyaqətinin qorunmasına təminat verir, onu alçaldan rəftarı və cəzanı qadağan edir. Həbsdə olan şəxslərin və məhkumların anti-sanitariya şəraitdə saxlanmasının ləyaqəti  alçaldıcı rəftar hesab olunması Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) presedent hüququnda ayrıca vurğulanır. Məhkəmənin “Canali Fransaya qarşı” işində qeyd olunur ki, gigiyena qaydalarına əməl olunmaması məhbusda ümidsizlik və aşağılanma hissi yaradır və bu, ləyaqəti alçaldan rəftar kimi qiymətləndirilə bilər (bənd 53). Avropa Məhkəməsi Əli İnsanov Azərbaycana qarşı qərarında isə kameraların zəif havalandırılmasını və tualet sahələrinin ümumi yerlərdən ayrılmamasını gigiyena baxımından əlverişsiz hesab edərək, 3-cü maddənin pozuntusu kimi tanıyıb (bənd 116).

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunda isə göstərilir ki, tutulmuş və ya həbs edilmiş şəxslər həbs yerlərində sanitariya-gigiyena qaydalarının tələblərinə uyğun olaraq zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar (maddə 22.1). Həbs yerlərində tibbi-müayinə, müalicə-profilaktika, sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər qanunvericiliyə uyğun olaraq həyata keçirilir (maddə 22.4).

Üstəlik, İstintaq təcridxanalarının daxili intizam Qaydalarına görə, həbs edilmiş şəxslər istintaq təcridxanasında sanitariya-gigiyena qaydalarının tələblərinə uyğun olaraq zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar. Onlar istintaq təcridxanasında insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməzlər (24.1).

Azərbaycanın qüvvədə olan Cəzaların İcrası Məcəlləsinin 10.2.1-ci maddəsinə əsasən, məhkumlar cəzanı “insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə” çəkməlidirlər.  Avropa Pentensiar qaydalarına görə isə, penitensiar müəssisənin bütün ərazisi daim təmiz və səliqəli saxlanılmalı (bənd 19.1), məhbusların penitensiar müəssisəyə qəbulu zamanı onların yerləşdirildikləri kameralar və digər otaqlar təmiz olmalıdır (bənd 19.2). 

Həbs edilmiş şəxslərin və məhkumların şikayətlərindən görünür ki, Azərbaycanda istintaq təcridxanaları və cəzaçəkmə müəsissələri istinad olunan yerli və beynəlxalq normaların tələblərinə cavab vermir.

Hazırkı vəziyyət, eyni zamanda, Penitensiar Xidmətin qanunla müəyyən olunmuş funksiyalarının yerinə yetirilməməsinə də işarə edir. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti haqqında Əsasnamə”yə əsasən, bu qurumun vəzifələrinə həbs edilmiş şəxslərin sanitariya-gigiyena tələblərinə əməl etmələri ilə bağlı tədbirlər görmək (bənd 3.1.14) və onların tibbi-sanitariya təminatını həyata keçirmək (bənd 3.1.15) daxildir. Əsasnamənin 5.3-cü bəndinə əsasən, bu vəzifələrin yerinə yetirilməsinə görə Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi şəxsən məsuliyyət daşıyır.

Cəzaçəkmə müəssisələrinin daxili intizam qaydalarına görə, yaşayış binaları, yeməkxanalar, mətbəxlər, anbarlar və digər otaqların dezinfeksiyası, dezinseksiyası və deratizasiyası müntəzəm şəkildə aparılmalıdır (bənd 358). 

AİHM-in “Məhbus Hüquqları üzrə bələdçi”sində bu tədbirlərə siçovul, bit, gənə, taxtabiti və digər zərərvericilərə qarşı mübarizə üçün uyğun dezinfeksiya vasitələrinin və şəraitin təmin edilməsinin daxil olduğu qeyd edilir. 

Lakin hazırda Azərbaycandakı real vəziyyət bu standartların tətbiq olunmadığını göstərir.

Əlavə olaraq qeyd edilməlidir ki, 2024-cü il üçün dövlət büdcəsindən Penitensiar xidmətin səhiyyə proqramları və digər xidmətləri üçün 14,949,049 manat, 2023-cü il üzrə 12,747,459  manat, 2022-ci il üzrə 12,456,273 manat, 2021-ci il üzrə 12,115,519 manat, 2020-ci il üzrə isə 10,960,782 manat vəsait ayrılıb (bənd 1.5.4.5). Son 5 il üçün 63,229,082 manat. Üstəlik, 2023-cü ilin may ayından indiyədək, Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən tikinti təchizatı üçün, tibbi məqsədlərlə və yumşaq inventarlar, yataqların alınması ilə bağlı 11 tender elan edilib, bunlardan 8-i başa çatıb. Bu tenderlərin qiymətləri açıq yayımlananların hər biri təqribən 140 və 150 min manat göstərilib

Bu qədər vəsaitin ayrılmasına baxmayaraq, həbs edilmiş şəxslərin və məhkumların saxlama şəraitində sanitar-gigiyenik şərait standartlardan çox uzaqdır.

AİHM-in “Mamedova Rusiyaya qarşı” işində (bənd 63) vurğuladığı kimi, dövlət maddi çətinliklərə baxmayaraq, penitensiar sistemini insan ləyaqətinə hörmət prinsipi əsasında təşkil etməyə borcludur. Hərçənd Azərbaycanda penitensiar sahəyə büdcə vəsaitlərinin ayrılması ilə bağlı hər hansı çətinlik də müşahidə edilmir. 

Ombudsmanın 2024-cü il üzrə illik məruzəsindən də görünür ki, Penitensiar xidmətin saxlanılma yerlərinə ümumilikdə 126 dəfə başçəkmə həyata keçirilib, lakin bu ziyarətlərə baxmayaraq, penitensiar müəssisələrdə anti-sanitar şərait, həddindən artıq doluluq və məhkumların hüquqlarının pozulması halları davam etməkdədir. 

İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsi (CPT) 2024-cü ilin iyul ayında Azərbaycan hökumətinin Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulan əməkdaşlıq öhdəliyini son dərəcə ciddi şəkildə pozması ilə bağlı ictimai bəyanat verərək Azərbaycanda hüquq-mühafizə orqanlarının nəzarətində olan şəxslərlə rəftarla bağlı uzun müddətdir irəli sürdüyü tövsiyələrin icrasının vacibliyini bildirib.

“Tribunat”ın gəldiyi qənaətə görə, həbs edilmiş şəxslərin və məhkumların təkrar-təkrar saxlama yerlərindəki şəraitlə bağlı şikayətləri Penitensiar xidmətin, Ədliyyə Nazirliyinin və nəzarət orqanlarının – xüsusən də Ombudsman təsisatının üzərinə məhbusların hüquqlarının qorunması üçün tədbirlərin görülməsinə dair məsuliyyət qoyur. Bütün bu faktlar göstərir ki, penitensiar müəssisəslərdə hazırkı saxlanma şəraiti Azərbaycanın həm daxili qanunvericiliyinə, həm də beynəlxalq hüquq üzrə öhdəliklərinə ziddir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Qaçaqmalçının yekəsi

24 İyun 2025

Foto: Sosial media

“Meydan TV işi” üzrə həbs edilən Fatimə Mövlamlı təcridxanadan yazır: Bu gün "Meydan Tv İşi" üzrə barəmdə seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadıldı. Hakim Rəfael Sadıqovun sədrliyi ilə keçirilən prosesdə etdiyim çıxışın mətnini sizlərlə bölüşürəm: İttiham tərəfinə də, siz hakimlərə də bəllidir ki, mən jurnalist fəaliyyətimə görə həbs olunmuşam. Məni həbsdə saxlamaq üçün əlinizdə heç bir qanuni əsas yoxdur. Evimdən (guya) tapılan 13.500 avro pulu da, həmin pullar protokollaşdırılan zaman polis maşınının içində oturub gözləyən hal şahidlərini də polislər özləri ilə gətirib.  Mən 4 aydır ki, haqsız yerə həbsdəyəm. İndi siz bu müddəti bir az da uzadırsınız....
Məhkəmə

Ali Məhkəmə Nazim Bəydəmirliyə oxunan hökmü qüvvədə saxlayıb

24 İyun 2025

Foto: Açıq mənbə

İyunun 24-də Ali Məhkəmədə həbsdə olan iqtisadçı və iş adamı Nazim Bəydəmirliyə oxunan hökmdən verilən şikayətə baxılıb.  Hakim Şahin Yusifovun sədrlik etdiyi hakimlər heyəti onun haqqında verilmiş əvvəlki məhkəmə instansiyasının hökmünü qüvvədə saxlayıb. Bəydəmirli öz istəyilə məhkəmədə iştirak etməyib.  Vəkili Aqil Layıc cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib. O deyib ki, iqtisadçıya qarşı irəli sürülmüş ittihamlarla bağlı heç bir tutarlı sübut yoxdur. Layıc verilən qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini bildirib.  Nazim Bəydəmirli 2023-cü ilin iyununda Söyüdlü hadisələrində polislərin davranışını tənqid etdikdən sonra, iyulun 4-də saxlanılıb. Ona ilkin olaraq Cinayət Məcəlləsinin əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə qəsb...

Seçilmiş Videolar

Toplum TV loqo