Ölkə

Bakıda subasmalar: faktlar, rəqəmlər, “bəhanələr”

16 aprel, 2026
271

Açıq mənbə

Bir müddət əvvəl intensiv yağıntılar nəticəsində Baku şəhərində yaranmış vəziyyət geniş ictimai müzakirələrə səbəb olub. Bu fonda ölkənin su təsərrüfatına rəhbərlik edən Zaur Mikayılov hökumətə bağlı media orqanlarına müsahibə verib.

Agentlik rəhbəri subasmaların səbəblərini izah edərkən ilk növbədə yağıntının normadan artıq olmasını vurğulayıb və qeyd edib ki, qısa müddət ərzində paytaxta illik normanın təxminən 60 faizi qədər yağıntı düşüb. O, həmçinin 1990-cı illərin əvvəllərindən etibarən bölgələrdən Bakıya intensiv köçün, eləcə də iqlim dəyişiklikləri nəticəsində yağıntıların artmasının onilliklər əvvəl qurulmuş infrastrukturun mövcud yükü daşımaq imkanlarını məhdudlaşdırdığını bildirib. Sonuncu səbəb kimi isə qanunsuz tikililər göstərilib. Bildirilib ki, kollektorlar üzərində 1600-dən çox qanunsuz tikili mövcuddur və bu tikililər zəruri təmir və genişləndirmə işlərini çətinləşdirir.

Problemin həlli istiqamətində 2026–2035-ci illəri əhatə edən proqramın qəbul edildiyi, bu çərçivədə əsasən tunel tipli 12 yeni kollektorun tikintisinin planlaşdırıldığı qeyd olunub. Eyni zamanda, nəticələrin əsasən bütün işlər başa çatdıqdan sonra  uzunmüddətli perspektivdə hiss olunacağı bildirilib.

Müsahibədə səsləndirilən bəzi məqamlar son 25-30 il ərzində idarəetmə proseslərinin müəyyən çətinliklərlə müşayiət olunduğunu göstərir. Qeyd olunur ki, vaxtilə Abşeron yarımadasında 300-dən çox sututar mövcud olub və onlar təbii sutoplayıcı funksiyanı yerinə yetirib. Lakin son onilliklərdə bu ərazilərin bir hissəsi qurudularaq yaşayış zonalarına çevrilib. Güclü yağışlar zamanı isə həmin ərazilər yenidən su topladığı üçün həm yaşayış sahələri su altında qalır, həm də suyun təbii axını məhdudlaşır.

Digər diqqətçəkən məqam ondan ibarətdir ki, Bakı və Abşeron yarımadası ərazisinin yalnız 39 faizi kanalizasiya şəbəkəsi ilə əhatə olunub, əhalinin təxminən 52 faizi isə bu sistemə qoşulub. Ərazinin böyük hissəsində isə çirkab suların idarə olunması primitiv üsullarla həyata keçirilir ki, bu da xüsusilə intensiv yağıntılar zamanı yeraltı suların çirklənməsi və sanitariya risklərinin artması ilə nəticələnir.

Müsahibədə təqdim olunan faktların açıq şəkildə səsləndirilməsi diqqət çəkir və eyni zamanda əlavə suallar doğurur. O cümlədən, kollektorlar üzərində qanunsuz tikililərin yaranmasına və keçmiş sutoplayıcı ərazilərdə geniş yaşayış massivlərinin salınmasına görə məsuliyyətin kimə aid olduğu məsələsi aktuallaşır.

Eyni zamanda qeyd olunur ki, problemin səbəbləri izah edilərkən təbii amillərə - intensiv yağıntılar və iqlim dəyişikliklərinə xüsusi vurğu edilir. Bununla yanaşı, infrastrukturun köhnəlməsi və qanunsuz tikililər də qeyd olunur. Lakin bu amillər üzrə məsuliyyət bölgüsünün və qərarvermə proseslərinin daha detallı təhlili olmadan problemin daxili və xarici səbəblərini tam qiymətləndirmək çətin olaraq qalır.

Dünya təcrübəsində də oxşar hallar müşahidə olunsa da, belə müqayisələr aparılarkən şəhərlərin coğrafi və təbii xüsusiyyətlərinin nəzərə alınması vacibdir. Məsələn, çay və ya okean sahilində yerləşən şəhərlərdə daşqın riski daha yüksək olur. Bununla belə, iqlim dəyişiklikləri şəraitində bir sıra şəhərlər bu risklərə qarşı daha dayanıqlı infrastruktur formalaşdırmağa nail olub.

Bu baxımdan Amsterdam, Tokio və Seoul kimi iri şəhərlərin təcrübəsinin öyrənilməsi məqsədəuyğun hesab olunur. Doğrudur, bu şəhərlər də müəyyən hallarda subasmalarla üzləşir. Məsələn, Tokio 2019-cu ildə güclü tayfun nəticəsində ciddi daşqınlarla qarşılaşıb. Lakin bu kimi hallar adətən ekstremal və nadir hadisələr zamanı baş verir.

Eyni zamanda, Amsterdam kimi şəhərlərdə güclü hidrotexniki sistemlər, geniş kanal şəbəkəsi, nasos stansiyaları və daşqınlara qarşı bəndlər mövcuddur. Bundan əlavə, şəhər ərazisində yaşıllıq zonalarının geniş paya malik olması artıq suyun idarə olunmasına əlavə imkanlar yaradır. Müqayisə üçün qeyd oluna bilər ki, Bakıda yaşıllıq zonalarının payı daha məhduddur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Şəkidəki ölümcül kanat qəzası ilə bağlı iki nəfər həbs olunub

3 noyabr 2026

sosial media

“Şəki Yaylası” Ailəvi İstirahət Mərkəzində iki nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı mərkəzi idarə edən sahibkar və daha bir şəxs həbs olunub. Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, hadisə sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndində yerləşən istirahət mərkəzində baş verib. İstintaqın versiyasına görə, mərkəzin sahibi Ramiz Hüseynov “zipline” qurğusu üçün nəzərdə tutulan qüllənin tikintisini müvafiq lisenziyası və xüsusi təhsili olmayan Abasət Paşayevə həvalə edib. Qüllənin qanunsuz tikildiyi bildirilir. İstintaq materiallarına əsasən, qüllənin üzərindəki dəmir konstruksiya deformasiyaya uğrayıb və kanatda dalğalanma yaranıb. Bundan əlavə, kustar üsulla hazırlanmış tormozlama və təhlükəsizlik vasitələrinin nasazlığı nəticəsində “zipline” qurğusu kanatdan çıxıb, onun parça hissəsi...
Ölkə

Avropa Məhkəməsi Yasamalda mənzilləri sökülmüş sakinlər üçün 135 min avro təzminat kəsib

15 oktyabr 2026

açıq mənbə

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2016-cı ildə paytaxtın Yasamal rayonunda mənzilləri sökülmüş sakinlərin şikayətinə baxıb.  Vəkil Fariz Namazlının yaydığı məlumata görə, oktyabrın 13-də verilən qərarda ərizəçilərə qarşı hüquq pozuntuları tanınıb və onlar üçün ümumilikdə 135 min avrodan çox məbləğdə təzminat kəsilib. Qərarın mətnində göstərilir ki, Yasamal rayonunda yaşayan beş şikayətçinin mənzillərinin bir hissəsi 2016-cı ilin iyulunda yerli icra hakimiyyəti tərəfindən sökülüb. İcra hakimiyyəti söküntünü icra edərkən Nazirlər Kabinetinin 2015-ci ilin noyabrına aid olan qərarına istinad edib. Yerli məhkəmələr ərizəçilər üçün 33-90 min manat aralığında məbləğlərdə təzminat təyin edib.  AİHM isə müəyyən edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin xüsusi mülkiyyətdə olan...

Seçilmiş Videolar

Toplum TV loqo