Foto: "Gündəlik Naxçıvan"
İyulun 19-da Bakıdan Naxçıvana avtobusla gedən və İran gömrüyündə saxlanılan azərbaycanlılar buraxılıblar.
APA-nın xəbərinə görə, avtobusların hərəkəti bərpa olunub və onlar Naxçıvana çatıblar.
Xəbərdə bildirilir ki, Bakı-Naxçıvan reysi üzrə hərəkət edən 3 avtobus ilə bağlı İran tərəfindən Azərbaycana əlavə məlumat sorğusu daxil olub və müvafiq məlumatlar təqdim edilib.
****
İrandan keçməklə avtobusla Bakıdan Naxçıvana gedən 50-yə yaxın sərnişinin İran gömrükçüləri tərəfindən saxlanıldığı bildirilir.
Bu barədə "Gündəlik Naxçıvan" səhifəsi xəbər yayıb.
Avtobus sərnişinlərinin verdiyi məlumata görə, üç avtobusun sərnişinləri iyulun 19-da gecə saatlarında İran gömrüyünü keçdikdə saxlanılıb və yaxınlıqdakı məscidə göndəriliblər. İran gömrükçüləri tərəfindən onlara ərazidən 1 kilometrdən artıq uzaqlaşmamağın tapşırıldığı bildirilir.
Saxlanılanların dediyinə görə, İran tərəfi onlara Azərbaycan tərəfinin Tehrana rəsmi məktub yazmalı olduğunu, yalnız bundan sonra avtobusların hərəkətinə icazə veriləcəyini deyib.
Həmçinin, İran tərəfinin onları təhdid edərək saxlanılmalarını ictimailəşdirməməyi tələb etdiyi bildirilir.
Adının çəkilməsini istəməyən sərnişinlərdən biri səhifəyə deyib ki, onlara nə yemək, nə də su verilir.
“Əgər buraxmayacaqdılarsa, niyə gömrüyü keçməyə icazə verirdilər? İndi burda bizi məhbus kimi, girov kimi saxlayıblar. Nə Biləsuvara qayıda bilirik, nə də Culfa gömrüyünə gedə bilirik", - o qeyd edib.
"Deyirlər ki, burdan aralansaz, həbs olunacaqsız. Adlarını qoyublar İslam ölkəsi, din qardaşı. Dünən gecədən doldurublar bizi məscidə, nə yemək verirlər, nə də su. Bəzi sərnişinlərin üzərində pul da yoxdur ki, yemək-içmək alsın. 40 nəfəri doldurublar məscidə, bir tərəfdən də havanın istisi, nəfəs almaq mümkün deyil. Deyirlər ki, ölkəniz Tehrana məktub yazıb, icazə istəməlidir ki, sizi buraxaq", - sərnişin əlavə edib.
Bakıdan Naxçıvana və əks istiqamətə İrandan keçməklə hərəkət edən avtobus reysləri ölkənin quru sərhədlərinin bağlı olduğu halda fəaliyyət göstərməyə davam edib. Lakin İsraillə İran arasında iyunda baş verən müharibə fonunda bu reyslər təhlükəsizlik məqsədi ilə müvəqqəti dayandırılmışdı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: APA
Foto: açıq mənbə