Ölkə

Jurnalistlərə və QHT fəallarına qarşı “leqallaşdırma” ittihamı qanunidirmi?”

29 Sentyabr, 2025
109

Foto: Toplum TV

Son dövrlər Azərbaycanda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə bağlı Cinayət Məcəlləsinin (CM) 193-1-ci maddəsinin tətbiqi diqqət çəkməkdədir. 

Xüsusilə, müstəqil media qurumları və qeyri-hökumət təşkilatlarına qarşı aparılan cinayət təqiblərində bu maddənin geniş istifadə olunması məsələnin hüquqi baxımdan aktuallığını daha da artırır. 

“Tribunat” hüquq platforması “Abzas Media”, “Toplum TV”, “Meydan TV” və bir sıra Qeyri Hökumət Təşkilatlarına (QHT) qarşı aparılan cinayət işlərində istifadə olunan maddənin hüquqi təhlilini aparıb:

CM-nin 193-1-ci maddəsi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasını cinayət məsuliyyəti kimi müəyyən edir. Maddəyə görə, şəxs cinayət yolu ilə əldə olunduğunu bildiyi əmlakın mənbəyini, yerini, xarakterini, kimə məxsus olduğunu və digər detalları gizlətmək və ya onu hüquqi dövriyyəyə daxil etmək məqsədilə əməliyyatlar apararsa bu cinayət hesab olunur. Normanın əsas məqsədi, cinayət yolu ilə əldə edilmiş əmlakın qanuni iqtisadi dövriyyəyə daxil edilməsinin qarşısını almaqdır. 

Başqa sözlə, hüquqi baxımdan “təmiz” görünən, lakin əslində cinayət fəaliyyəti nəticəsində əldə olunmuş pul və əmlakın leqallaşdırılmasına imkan verən halların qarşısı alınmalıdır. Bu cür hallar cəmiyyətdə daha çox “çirkli pulların yuyulması” kimi tanınır və müasir dövrdə korrupsiya ilə yanaşı, iqtisadi sahədə mütəşəkkil cinayətkarlığın da başlıca təzahür forması hesab olunur. Maddə, həmçinin beynəlxalq hüquq normalarına da uyğun şəkildə, korrupsiya, narkotik alveri, terrorçuluq, insan alveri və silah qaçaqmalçılığı kimi cinayətlərdən əldə edilmiş vəsaitlərin “təmizlənərək” leqal iqtisadiyyata daxil edilməsini önləməyə yönəlib.

Bu maddənin tətbiq olunması üçün əsas hüquqi şərt həmin əmlakın konkret bir cinayət yolu ilə əldə olunduğunun sübut edilməsidir. Bu, “predikativ cinayət” anlayışı ilə ifadə olunur. Təkrarlasaq, 193-1-ci maddə ilə cinayət məsuliyyətinin yaranması üçün ilkin şərt — əvvəlcədən müstəqil bir cinayət əməli nəticəsində əmlakın əldə edilməsinin mövcudluğudur. Norma yalnız cinayət yolu ilə əldə edilmiş əmlakı əhatə edir; hər hansı qanunsuz, lakin cinayət xarakteri daşımayan yolla əldə edilmiş əmlak bu maddənin predmetinə daxil deyil. Bu səbəbdən 193-1-ci maddənin istənilən tətbiqi ciddi sübutlara söykənməli, yalnız ehtimallar və şübhələrlə yox, konkret və əsaslandırılmış dəlillərlə təsdiqlənməlidir. Əgər belə bir ilkin cinayət faktı mövcud deyilsə və ya sübut olunmayıbsa, 193-1-ci maddənin tətbiqi hüquqi baxımdan ciddi suallar doğurur.

Bu prinsip beynəlxalq hüquqda da təsbit olunub. Avropa Şurasının 16 may 2005-ci il tarixli “Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında Varşava Konvensiyası”nın 9-cu maddəsinə görə, leqallaşdırma cinayətinin mövcudluğu üçün əmlakın cinayət yolu ilə əldə olunması əsas şərtdir və bu leqallaşdırılan əmlak əvvəl törədilmiş əsas bir cinayət nəticəsində əldə olunmalıdır. Eyni zamanda, Konvensiyaya görə, leqallaşdırma üçün əvvəlcədən və ya eyni vaxtda predikativ cinayətə görə məhkum olunma şərt deyil; əsas məsələ əmlakın ümumilikdə cinayət yolu ilə əldə edildiyinin əsaslı sübutlarla təsdiqidir. Konvensiya üzv dövlətlərdən bu tələbi milli qanunvericilikdə nəzərdə tutmağı tələb edir və predikativ cinayət anlayışını beynəlxalq standart kimi təsdiq edir.

193-1-ci maddənin necə və hansı hallarda tətbiq edilə biləcəyi məsələsinə Ali Məhkəmənin Plenumunun 23 fevral 2023-cü il tarixli Qərarında da aydınlıq gətirilir. Qərarda qeyd olunur ki, bu cinayətin tərkibinin müəyyən edilməsi üçün predikativ cinayətin mövcudluğu və həmin cinayət nəticəsində əldə edilmiş əmlakın sübuta yetirilməsi zəruridir. Əks halda, 193-1-ci maddənin tətbiqi hüquqi cəhətdən əsassız sayılır. Başqa sözlə, predikativ cinayət sübutsuz olduğu halda leqallaşdırma ittihamı irəli sürülə bilməz. Predikativ cinayət adətən leqallaşdırma üzrə hərəkətlərin başlamasından əvvəl törədilməlidir. Əgər əmlak inzibati xəta və ya digər hüquq pozuntusu nəticəsində əldə olunubsa, bu halda həmin əməl predikativ hüquq pozuntusu kimi qiymətləndirilmir. 

Sənədə əsasən, əgər şəxsə yalnız CM-nin 193-1-ci maddəsi ilə ittiham irəli sürülürsə, məhkəmə bu əmlakın cinayətdən başqa yolla əldə olunmadığını əsaslı şübhədən kənar sübutetmə standartına uyğun olaraq müəyyən etməlidir. Bu isə yalnız Cinayət-Prosessual Məcəllənin (bundan sonra CPM) sübutetmə tələblərinə uyğun şəkildə toplanmış, yoxlanılmış və qiymətləndirilmiş sübutlar vasitəsilə mümkündür. Həmçinin, maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergi ödənişləri ilə bağlı məlumatlar daxil olmaqla, şəxsi, ailə və kommersiya sirri təşkil edən məlumatlar yalnız məhkəmə qərarı ilə ələ keçirilə bilər. CPM-nin 177.3.6 və 177.4-cü maddələrinə görə, belə istintaq hərəkətləri yalnız əvvəlcədən məhkəmə qərarı əsasında qanuni şəkildə həyata keçirilə bilər. Bu isə leqallaşdırma ittihamlarında istintaq orqanlarının hüquqi çərçivəyə ciddi əməl etməli olduğunu göstərir. 

Yuxarıda sadalanmış, cəmiyyətin diqqətində olan cinayət işlərində istintaq orqanları qrant vəsaitlərini və ya donor maliyyələşməsini “cinayət yolu ilə əldə edilmiş əmlak” kimi təqdim edərək leqallaşdırma ittihamı irəli sürür. Bu işlərin ortaq xüsusiyyəti ondan ibarətdir ki, leqallaşdırma ittihamı irəli sürülsə də, ittiham olunan əmlakın konkret olaraq hansı predikativ (əsas) cinayətin nəticəsində əldə edildiyi açıq şəkildə göstərilmir və bu əlaqə sübutlarla təsdiqlənmir. Həmçinin, təqdim olunan sübutların hansı yolla əldə edildiyi və onların CPM-nin tələblərinə uyğun olub-olmaması ciddi suallar doğurur. CM-nin qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, vergidən yayınma kimi maddələrinə istinad edilsə də, bu maddələrin konkret hansı faktiki əməllərə əsaslandığı, həmin əməllərin predikativ cinayət tərkibini necə formalaşdırdığı hüquqi sənədlərdə yetərincə əsaslandırılmır. Halbuki, 193-1-ci maddə ilə cinayət məsuliyyətinin yaranması üçün ilkin şərt - konkret predikativ cinayətin mövcudluğu və bu cinayət nəticəsində əldə olunmuş əmlakın sübuta yetirilməsinin təmin olunmasıdır.

Ümumiləşdirsək, sözügedən cinayət işlərində 193-1-ci maddə üzrə irəli sürülmüş ittihamların əsasına donorlardan maliyyə yardımı (qrant) alınması və bu vəsaitlərin “cinayət yolu ilə əldə edilmiş əmlak” kimi qiymətləndirilməsi qoyulur, nəticə etibarilə qaçaqmalçılıq, vergidən yayınma və qanunsuz sahibkarlıq kimi əməllər əsas (predikativ) cinayətlər qismində göstərilir. Ancaq predikativ cinayət kimi göstərilən hallara nəzər yetirdikdə aydın olur ki, onların tətbiqində ciddi uyğunsuzluqlar mövcuddur. 
Qrant vəsaiti donorun əvəzsiz maliyyələşdirməsidir. 
Bu, “Qrant haqqında” Qanunda nəzərdə tutulub. 

Azərbaycan qanunvericiliyinə əsasən, qrant müqavilələrinin qeydiyyata alınması məcburidir. Xarici donorlar qrant verə bilmək üçün əvvəlcədən Nazirlər Kabinetindən icazə almalı, resipiyentlər isə bağlanmış müqavilə və qərarları Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməlidirlər. 

Bu inzibati prosedur şəffaflıq və hesabatlılığın təmin olunmasına xidmət edir. Qanunvericilik həmçinin müəyyən edir ki, qrant müqaviləsinin dövlət qeydiyyatına alınması üçün müraciət edilməsindən başqa digər hallara görə qrant alan heç bir məsuliyyət daşımır. Bu, İnzibati Xətalar Məcəlləsinin 432.1. maddəsi ilə müəyyən edilir.

Donorlardan alınan qrantların müqaviləsinin qeydiyyatdan keçirilməməsi inzibati xətadır, Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 fevral 2023-cü il tarixli Plenum Qərarına əsasən də, inzibati xətalar predikativ cinayət kimi qəbul edilə bilməz. Belə olan halda qrant müqaviləsinin qeydiyyata alınmaması əsasında 193-1-ci maddə ilə ittiham irəli sürülməsi hüquqi əsası olmayan yanaşmadır.
Qrant alınması qaydası ilə əlaqədar son 10 ildə aparılan tənzimlənmələr müstəqil fəaliyyət göstərən QHT-lərin fəaliyyətini mümkünsüz hala salılb. 

“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatının 8 oktyabr 2024-cü il tarixli hesabatında vurğulanır ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qanunvericilik müddəalarını seçici şəkildə tətbiq edir və ya ümumiyyətlə nəzərə almır. 

Bu praktika bir sıra qeyri-hökumət təşkilatlarının qeydiyyata alınmasına mane olur, onların maliyyə resurslarına çıxışını və qanuni fəaliyyət imkanlarını məhdudlaşdırır. Belə yanaşma nəticə etibarilə qeydiyyatsız QHT fəaliyyətini faktiki olaraq kriminallaşdırır. Hazırkı həbslər dalğasında hədəfə alınanların əksəriyyəti müstəqil təşəbbüslər platformalarında və media qurumlarında çalışan şəxslərdir. Bu qurumların rəhbərləri qeydiyyat imkanlarının bağlandığını gördüklərindən, fəaliyyətlərini davam etdirmək üçün qeydiyyatsız şəkildə işləməyə məcbur olublar. Bununla belə, sözügedən fəaliyyət onların şəxsi təhlükəsizliyi və hüquqi statusu baxımından ciddi risklər yaradır. Nəticədə bəzi QHT-lər və media orqanları öz fəaliyyətlərini tamamilə dayandırmaq məcburiyyətində qalıblar. 

Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) də QHT-lərin qeydiyyata alınması ilə bağlı presedentlərində açıq şəkildə vurğulayır ki, birləşmək azadlığı yalnız dövlət qeydiyyatı ilə şərtləndirilə bilməz və bu hüquqa qoyulan əsassız məhdudiyyətlər Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsinin pozuntusunu təşkil edir. 

Məhkəmə Əliyev Azərbaycana qarşı (№ 68762/14 və 71200/14), Məmmədli Azərbaycana qarşı (№ 47145/14) və Cəfərov Azərbaycana qarşı (№ 69981/14) kimi oxşar işlərdə QHT rəhbərlərinə qarşı irəli sürülən “qanunsuz sahibkarlıq”, “vergidən yayınma” və digər cinayət ittihamlarını əsassız hesab edib. AİHM qeyd edib ki, qrantların Ədliyyə Nazirliyində qeydiyyata alınmaması onların hüquqi statusunu dəyişmir və QHT fəaliyyətini kommersiya xarakterli etmir. Bu təqiblərin məqsədinin onları susdurmaq və cəzalandırmaq olduğunu vurğulayan Məhkəmə, həmçinin Konvensiyanın 18-ci maddəsinin də pozuntusunu tanıyıb. Bu işlər 2014-cü ildə müstəqil QHT-lərə qarşı aparılmış cinayət təqibləri ilə bağlıdır və həmin işlər çərçivəsində həbs edilən şəxslər – İntiqam Əliyev, Rəsul Cəfərov və Anar Məmmədli – Azərbaycan vətəndaş cəmiyyətinin nüfuzlu təmsilçiləri idilər. Anar Məmmədli isə 2014-cü ildə QHT işi ilə əlaqədar həbs edilmiş, Avropa İnsan Hüquqları Məhkəməsinin onun həbsini qanunsuz hesab edən qərarına baxmayaraq, 2024-cü ildə yenidən QHT-lərə qarşı aparılan cinayət təqiblərinin davamı kimi saxlanılaraq barəsində cinayət işi açılmışdır.

Beləliklə, donorlardan alınan qrant vəsaiti “cinayət yolu ilə əldə edilmiş əmlak” hesab oluna bilməz və bu, qaçaqmalçılıq cinayətinin tətbiq dairəsinə də aid edilmir. CM-yə görə, qaçaqmalçılıq yalnız malların və digər əşyaların gömrük nəzarətindən gizlədilərək, düzgün bəyan edilmədən və ya gömrük sərhədindən qanunsuz keçirilməsi hallarında cinayət tərkibi yaradır. Buna görə də qaçaqmalçılıq ittihamı (206-cı maddə) yalnız konkret cinayət əməlinin sübuta yetirildiyi halda predikativ cinayət kimi qəbul edilə bilər. 
Bu isə iki halda mümkündür: donor vəsaiti qanunsuz yolla əldə edib və donor vəsaiti özü qanunsuz yolla əldə edib və ölkəyə gətirərkən qaçaqmalçılıq əməllərinə yol verib (məsələn, gömrükdən kənar keçirmə, gizlətmə və ya düzgün bəyan etməmə vasitəsilə), yaxud resipiyent həmin məbləği vergidən yayınma və ya digər cinayət yolu ilə formalaşdırıb. Halbuki, qeyd etdiyimiz media işlərinin hər birində media əməkdaşlarının xarici donorlardan aldıqları qrant vəsaitlərini hissə-hissə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirmələri barədə ittiham irəli sürülsə də, həmin vəsaitlərin gömrük nəzarətindən gizlədilərək, düzgün bəyan edilmədən və ya gömrük sərhədindən qanunsuz keçirildiyini təsdiqləyən hər hansı etibarlı sübut təqdim olunmayıb. Bu isə, öz növbəsində, ittihamın əsasında duran sübutların qanuniliyini və yetərliliyini ciddi şəkildə şübhə altına alır.

Qrant vəsaitləri ilə bağlı vergidən yayınma isə mümkün deyil, çünki Vergi Məcəlləsinin 106.1.2-ci maddəsinə görə qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr vergidən azaddır. Həmçinin xaricdən alınan qrantlar hesabına malların idxalı, resipiyentlərə malların verilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV-dən azaddır (Vergi Məcəlləsi, 165.1.2-ci maddə). Bu şərtlər sübuta yetirilmədikdə, qrantların cinayət mənşəli əmlak kimi təqdim edilməsi, qaçaqmalçılığın və vergidən yayınmanın CM-nin 193-1-ci maddəsi üzrə predikativ cinayət sayılması hüquqi əsası olmayan yanaşmadır. 

İttihamlarla irəli sürülən qanunsuz sahibkarlıq (CM, 192-ci maddə) ittihamı da mahiyyətcə əsaslandırılmır. Çünki QHT və media qurumlarının həyata keçirdiyi qrant layihələri sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilə bilməz. Sahibkarlıq fəaliyyətinin mövcudluğu üçün müəyyən şərtlərin – gəlir əldə etmək niyyəti, mütəmadi şəkildə mal və xidmətlərin satışı, müştəri münasibətlərinin qurulması və s. sübuta yetirilməsi vacibdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Oxşar definisya Vergi Məcəlləsinin 13.2.37-nin maddəsində də verilir. 

İttihamın əsaslandığı CM-nin 192-ci maddəsinə görə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə qanunsuz sahibkarlıq hesab edilir. Halbuki jurnalist və QHT fəaliyyətinin həyata keçirilməsi heç bir halda sahibkarlıq fəaliyyəti hesab edilə bilməz. 

Bu elementlər olmadıqda isə onun 193-1-ci maddənin tətbiqi üçün əsas təşkil etməsi mümkün deyil.
Azərbaycan məhkəmə təcrübəsində, xüsusilə Bakı Ağır Cinayətlər Məhkəməsinin baxdığı işlərdə, CM-nin 193-1-ci maddəsinin və predikativ cinayət anlayışının tətbiqinin problemli olduğu görünür. 

Məhkəmənin 2019–2025-ci illəri əhatə edən hökmlərinin təhlili göstərir ki, bu maddə əsasən iqtisadi sahədə cinayətlər, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər, həmçinin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı işlərdə tətbiq olunur. 

Məhkəmə təcrübəsində 193-1-ci maddənin predikativ cinayətləri kimi daha çox dələduzluq, vəzifə saxtakarlığı, vergidən yayınma, mənimsəmə, qaçaqmalçılıq və narkotik vasitələrin qaçaqmalçılığı tanınır. Təqsirləndirilən şəxslərin fəaliyyəti əsasən məhdud məsuliyyətli cəmiyyətlərin əməliyyatları, kommersiya fəaliyyəti və ya vəzifə səlahiyyətlərindən sui-istifadə ilə əlaqələndirilir. 

Bu tip işlərdə leqallaşdırma faktı adətən müqavilələr və maliyyə sənədləri əsasında sübut olunmuş hesab edilir. Bununla belə, qaçaqmalçılıqla bağlı işlərdə sübut məsələsi ziddiyyətli xarakter daşıyır. Təhlil edilən hökmlər arasında qaçaqmalçılığın predikativ cinayət kimi təsdiqlənməsi etibarlı sübutlarla əsaslandırılmır. Gömrükdən yayınma və ya vəsaitlərin fiziki şəkildə keçirilməsi hallarına dair real sübut təqdim olunmur. Hətta 2025-ci ildə qəbul olunmuş hökmdə, əsas cinayətlərdən biri kimi qaçaqmalçılığın göstərildiyi iş üzrə Dövlət Gömrük Komitəsi də cavab məktubunda qeyd edib ki, heç bir pul və ya qiymətli əşyanın keçirilməsi qeydə alınmayıb. 2025-ci ildə qəbul edilmiş iki iş üzrə hökmdə məhkəmə 193-1-ci maddə üzrə bəraət hökmü çıxarıb. Hökmün əsaslandırılmasında göstərilib ki, 193-1-ci maddə üzrə sübutlar mövcud deyil, əmlak qanuni gəlir kimi gizlədilməyib, əksinə nağdlaşdırılaraq şəxslər arasında bölünüb. Bu səbəbdən predikativ cinayətin olmasına dair əsaslı sübut müəyyən edilməyib. 

Bununla belə, müstəqil jurnalistlərin fəaliyyəti ilə bağlı işlərdə məhkəmə fərqli mövqe nümayiş etdirib. Xarici donor təşkilatlarından alınan qrant vəsaitlərinin qeydiyyata alınmaması və ya ölkəyə gətirilmə forması tez-tez “qanunsuz sahibkarlıq” və “qaçaqmalçılıq” kimi qiymətləndirilib. Halbuki təqdim olunan sübutlarda nə vəsaitlərin fiziki şəkildə sərhəddən keçirilməsi əməliyyatı təsbit olunub, nə də kommersiya fəaliyyətinə dair real faktlar göstərilib. 

Bu isə məhkəmənin eyni təbiətli işlərdə fərqli mövqe nümayiş etdirdiyini, nəticədə ziddiyyətli və diskriminativ yanaşmanın formalaşdığını ortaya qoyur.    

Varşava Konvensiyasının 9-cu maddəsinə əsasən müəyyən hallarda əmlakın konkret hansı cinayətdən əldə edildiyinin sübutu tələb edilməsə də, onun ümumilikdə cinayət yolu ilə əldə olunduğu əsaslı sübutlarla təsdiqlənməlidir. Azərbaycandakı istintaq və məhkəmə təcrübəsində isə bu sübut təqdim olunmur. Bu isə təqsirsizlik prezumpsiyası, ədalətli məhkəmə araşdırması və hüquqi müəyyənlik prinsiplərinə ziddir.

Nəticədə Azərbaycanda CM-nin 193-1-ci maddəsinin tətbiqi üzrə müşahidə olunan məhkəmə təcrübəsi, predikativ cinayətin hüquqi və faktiki əsas olmadan irəli sürülməsi, sübutların beynəlxalq standartlardan kənara çıxması baxımından qanunsuzdur. Bu, həm hüquqi dövlət prinsipinin pozulması, həm də vətəndaş cəmiyyəti və müstəqil medianın fəaliyyət imkanlarının sistemli şəkildə məhdudlaşdırılmasına gətirib çıxarır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Valideynləri: “Anar Məmmədli addım atmağa çətinlik çəkir, dizində şişkinlik var” 

29 Sentyabr 2025

Foto: VOA

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan sədri Anar Məmmədlinin 17 aydır keyfiyyətli həkim müayinəsi ilə təmin edilmədiyi bildirilir.  Bu barədə “Gözətçi” insan haqları üzrə məlumat portalı A.Məmmədlinin valideynlərinə istinadən xəbər yayıb.  Sentyabrın 26-da A.Məmmədli ilə görüşən valideynləri onun diz oynağının artrozu-qonartroz xəstəliyindən əziyyət çəkdiyini və xəstəliyin hazırda kəskinləşdiyini bildirib.  “O, addım atmaqda çətinlik çəkir, diz nahiyəsində şişkinlik və qızartı müşahidə olunur. Məmmədlinin ailə üzvlərinin revmatoloq və travmatoloqlarla apardıqları məsləhətləşmələrindən sonra xəstəliyin bursit (oynaqdaxili bursa kisəsinin iltihabı) və sinovit (oynaqdaxili sinovial qişanın iltihabı) ilə əlaqəli ola biləcəyi bildirilib. Həkimlər ayaqda şiş, qızartı və temperatur artımını da bununla izah ediblər”,...
Ölkə

Vasif Talıbovun oğlu vaxtilə satdığı hoteli 8 milyona geri alıb 

24 Sentyabr 2025

Foto: migration.gov.az

Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Rza Talıbov vaxtilə Gürcüstanda sahib olduğu hoteli 8,6 milyon ABŞ dolları qiymətinə geri alıb.  Bu barədə sentyabrın 23-də Mütəşəkkil Cinayət və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) xəbər verib.  OCCRP ictimaiyyətə açıq olan səhm alqı-satqısı sənədinə istinadən bildirib ki, R.Talıbov Batumidə yerləşən hoteli bu ilin mayında geri alıb.  R.Talıbov daha əvvəl sahib olduğu, "Divan Suites" adlı hoteli 2023-cü ilin yanvarında, atasının vəzifəsindən istefa verməsindən üç həftə sonra satıb.  R.Talıbov OCCRP-nin suallarına elektron poçtla cavabında bildirib ki, hotelin və dənizkənarı ərazinin son satınalmaları Gürcüstan və Azərbaycan banklarından götürülən kreditlər hesabına maliyyələşdirilib. Onun sözlərinə görə, 2023-cü...

Seçilmiş Videolar

Toplum TV loqo