Məhkəmə

"Toplum TV işi": İstintaq sübutları saxtalaşdırıb

29 Sentyabr, 2025
439

Foto: Toplum TV

Sentyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən “Toplum TV”-nin həmtəsisçisi və media eksperti Ələsgər Məmmədli ötən iclasdakı çıxışına davam edib. 

Ə.Məmmədli bu dəfəki çıxışında şəxsinə və “Toplum TV”-yə qarşı irəli sürülən ittihamlara cavab verib. 

O, ilk olaraq qeyd edib ki, “Toplum TV”-nin dövlət qeydiyyatından keçməməsi iddiası ittiham tərəfinin media sahəsindəki hüquqi tənzimləmədən “xəbərsizliyini göstərir”. 

““Toplum TV” bir domen adıdır. Beynəlxalq Kommunikasiya Assosiasiyasının qaydalarına görə, domen adları beynəlxalq və ya ölkə kodları ilə ola bilər. Məsələn: “com”, “org”, “net”, “info”, “tv” və s. kimi domenlər beynəlxalq domen adlarıdır. Onlar internet üzərindən onlayn qaydada fərdi “e-mail” göstərərək, 8-10 dollar ödəyərək “whois.com” domenindən alına bilir. Bunun hər hansı digər prosessual qaydası və ya dövlət qeydiyyatı nəzərdə tutulmur”, - ekspert bildirib. 

Ə.Məmmədli “Toplum TV” yarandığı vaxt mövcud olan və sonradan qüvvəyə minən qanunların da bu media orqanının dövlət qeydiyyatından keçməsini tələb etmədiyini deyib. 

““Toplum” TV domeni 2016-cı ilin aprelində alınıb və internet səhifəsi 2017-ci ildə yaradılıb. O dövrdə Azərbaycanda media fəaliyyətini hüquqi tənzimləyən qanunvericilik aktları “Kütləvi İnformasiya Vasitələri” haqqında Qanun və “Televiziya və Radio yayımı” haqqında Qanun olub. 1999-cu ildə qəbul edilən “KİV” haqqında Qanun yalnız çap mediasının Ədliyyə Nazirliyi nəzdində fəaliyyətə başlamadan 1 həftə öncə xəbərdarlıq etməklə qeydiyyatını nəzərdə tutur. İnternet üzərində və domen adları ilə daxil olunan resursların qeydiyyatı nəzərdə tutulmayıb”, - o izah edib. 

“2022-ci ildə “Media haqqında” Qanun qəbul edilib. Həmin qanunda da sadəcə domen adı “tv” olan və ya onlayn televiziya kimi özünü adlandıran qurumların “dövlət qeydiyyatı” nəzərdə tutulmur. Yeni qanun “platforma yayımçısı” anlayışı gətirib. Lakin bu adda fəaliyyət göstərən yayımçılar yalnız ən az gündə 8 saat canlı kəsintisiz yayımla məşğul olarsa, müraciət edib rəsmi qeydiyyatdan keçə bilərlər. “Toplum.TV” heç vaxt 8 saat gündəlik yayımla məşğul olmadığına görə bu kriteriyaya uyğun gəlmir”, - hüquqşünas əlavə edib. 

Ə.Məmmədli daha sonra ittiham tərəfinin onun “Toplum TV” adından layihələr yazıb xarici təşkilatlardan qrantlar alması iddiasına aydınlıq gətirib. O, ittihamı əsassız adlandırıb. 

Onun sözlərinə görə, istintaq onun müxtəlif qurumlarla ekspert kimi bağladığı xidmət müqavilələrini qrant adı ilə təqdim etməklə sübutları saxtalaşdırıb. 

Ə.Məmmədli həm də vurğulayıb ki, “Toplum TV”-nin bir kommersiya fəaliyyəti olmayıb, hər hansı gəlir gətirməyib. 

“Sadəcə jurnalist olmaq və təlimlərdə jurnalist peşəsinə yiyələnmək istəyən gənclərin praktiki vərdişlərini həyata keçirmə platforması olub. İctimai qaydada heç bir maddi gəlir gətirməyən və ayrı-ayrı şəxslərin könüllü fəaliyyəti olub. Mənim buradakı fəaliyyətim sadəcə Toplum.tv domeni almaq olub”, - o bildirib. 

Daha sonra çıxış edən “Toplum TV” jurnalisti Fərid İsmayılov saxlanıldığı Bakı İstintaq Təcridxanasında həyatına təhlükələr olduğunu deyib. 

Fərid İsmayılov yan kameradakı məhkumun onu öldürməklə hədələdiyini qeyd edib.

Onun sözlərinə görə, hadisə sentyabrın 23-ü  Penitensiar Xidmət işçilərinin gözü önündə baş verib:

“Tibb məntəqəsinə aparılarkən məhkumlardan biri mənə stəkan atdı. Penitensiar işçiləri önümə keçdi və stəkanın mənə dəyməsinin qarşısını aldı. Amma təkidlərimə baxmayaraq hadisə aktlaşdırılmayıb”.

Jurnalistin bildirməsinə görə, hadisədən dərhal sonra vəkili ilə görüşüb və məhkumun otağının dəyişdirilməsi, onunla rastlaşmamasının təmin olunmasını tələb edib, amma müraciət həllini tapmayıb. 
 
“Sentyabrın 24-ü oxşar hadisə təkrarlanıb. Bu dəfə isə digər həmin məhkum mənə isti su atmağa cəhd etdi. Penitensiar işçilərinin müdaxiləsi ilə hadisənin qarşısı alındə. Məsələ kökündən həll olunmamış qalmaqdadır”, - F.İsmayılov vurğulayıb.

Jurnalist əlavə edib ki, sentyabrın 25-i sözügedən məhkum ona zərər verə bilmədiyi üçün aqressivləşib və öz bədəninə kəsici alətlə zərər vurub: “Bunları edərkən mənə zərər verəcəyini dedi və məni təhqir etdi”.
 
F.İsmayılov məsələ həll olunmadıqca bunun qəsdən baş verdiyini və təxribat üçün baş verənlərə şərait yaradıldığını düşündüyünü söyləyib.

Məsələ ilə bağlı İsmayılovun anası Məlahət İsmayılova Ədliyyə Nazirliyinin qaynar xətti ilə əlaqə saxlayaraq oğlu üçün narahatlığını çatdırıb. Ona müraciətə yalnız 30 iş günündə baxılacağı bildirilib. Anası isə təcili tədbir görülməsini tələb edir:

“Məsələ həll olunmadıqca qorxuram ki, oğlumun başına dəhşətli bir hadisə gəlsin”.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar. 

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib. 
"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo