Məhkəmə

"Aclıq vaxtı məni həşəratlarla dolu otağa saldılar" 

4 Sentyabr, 2025
465

Foto: sosial media

Sentyabrın 3-də Sabunçu Rayon Məhkəməsində “Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızının Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraiti ilə bağlı şikayətinə baxılıb.
 
"Abzas Media" xəbər verir ki, hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə jurnalistin vəsatəti təmin edilməyib. 
 
Məhkəmədə S.Vaqifqızı məhbusların saxlanıldığı otaqların dar və havasız olduğunu, suyun fasilələrlə verildiyini, qışda istilik, yayda isə soyutma sistemlərinin işləmədiyini bildirib. 
 
“Gün ərzində cəmi 2 saat soyuq su verilir. Həftədə 2 dəfə isti su verilir, o da saatladır. Otaq balacadır. Əslində Avropa penitensiar qaydalarına görə, hər adama 7 kvadrat metr ərazi düşməlidir, amma Bakı İstintaq Təcridxanasında bu, 4 kvadrat metrdən azdır”, - o deyib. 
 
Vaqifqızı digər jurnalistlərlə birgə aclıq edərkən qeyri-insani şəraitdə saxlanıldıqlarını və pis rəftara məruz qaldıqlarını da bildirib. 
 
“Aclıq dönəmində məni həşəratlarla bol otağa salmışdılar. Duş sistemi yox idi, televizor işləmirdi. Sırf təzyiq üçün paltarlarım və dərmanlarım mənə verilmədi”, - o qeyd edib. 
 
Jurnalist ailəsinin onun üçün gətirdiyi sərinkeşin buraxılmasına təcridxana rəhbərliyi tərəfindən icazə verilmədiyini də xatırladıb.
 
“Adi sərinkeşi mənə vermək üçün, rəis deyir, “Get, yazıları sil, sonra verərəm”. Bu da onu göstərir ki, bütün bunlar mənim jurnalist fəaliyyətimə görədir. Hamıya sərinkeş buraxıldığı halda, niyə mənə buraxılmır? Bu, ayrıseçkilikdir. Qanun qarşısında hər kəs bərabərdir. Rəis hamıya bərabər münasibət göstərməlidir. Nəyə görə mən ayrıseçkiliyə məruz qalıram? Yay artıq bitir, mənə hələ də sərinkeş verilməyib,”- o vurğulayıb.
 
Məhkəmədə qarşı tərəfi təmsil edən Bakı İstintaq Təcridxanasının təlim-tərbiyə şöbəsinin müdiri Şamil Süleymanov isə çıxışında jurnalistin bütün iddialarını təkzib edib. 

O, suyun daimi verildiyini və müəssisənin hər dustağa sərinkeş verdiyini deyib. 
 
Jurnalist təcridxana nümayəndəsinin iddialarına cavab olaraq yerində baxış keçirilməsi və şikayətlərinin araşdırılması üçün vəsatət verib. 
 
“Hakim Teymur Həsənov Şamil Süleymanovdan vəsatətə münasibətini soruşduqda o, yerində baxış keçirilməyinə ehtiyac olmadığını bildirdi. Mən də dedim ki, əgər hər şey siz dediyiniz kimi qaydasındadırsa, o zaman niyə yerində baxışa tərəddüd edirsiniz? Əgər deyirsinizsə ki, mən düz danışmıram, gəlib yoxlasınlar, görək, kim düz danışır,” – S.Vaqifqızı bildirib.
 
Jurnalist xatırladıb ki, Ş.Süleymanov onun telefon danışığına qadağa ilə bağlı məhkəməsində də qarşı tərəfin nümayəndəsi qismində iştirak edib.
 
“Onda da durub dediniz ki, mən vəkilimlə daimi telefonla danışa bilirəm. Sonra mən təcridxanaya qayıdanda rəis Elnur İsmayılovdan soruşdum ki, niyə üzümə durmağa adam göndərib? Cavabında dedi ki, onun işçilərinin hamısı düyməyə bağlı insanlardır. Əlavə də etdi ki, o, hansı düyməyə basıb nə desə, onlar da gedib onu deyəcəklər. Rəis sizi yenidən buraya göndərib və o düyməsinə basdığı insanlardan biri də sizsiniz. Sizə nə tapşırılıbsa, gəlib burada onu deyirsiniz", – o bildirib.
 
Jurnalist ardınca qeyd edib ki, şikayətini tək öz adından deyil, təcridxanadakı digər 147 qadın məhbusun adından edir, çünki eyni problemlərlə onlar da üzləşir. 

Onun sözlərinə görə, ümumilikdə isə təcridxanadakı şəraitsizlikdən 4300-dək məhbus əziyyət çəkir:
 
“Mən həm də onların deyə bilmədiklərini demək üçün buradayam. Çünki onlar şikayət edəndə təzyiqlə üzləşirlər. Hətta mənim yanımda belə rəis Ombudsmana deyir ki, “Görün, Sevincin nə şikayəti var bizimlə bağlı?” Halbuki o, bilmir ki, bu şikayətlər konfidensial olmalıdır. Mənim yanımdan Ombudsmana zəng edir ki, görsün, nə şikayətlərim var. Düzdür, mənim rəisin yanında ondan şikayət etməyə cəsarətim çatır, amma digər dustaqlar bundan qorxurlar. Çünki qapalı müəssisədir və onların görüşünə, telefonla danışıqlarına qadağa qoya bilir. Hətta mən neçə dəfə təcridxanadan şikayət etmişəm deyə, telefon danışığım kəsilib, sonra da bərpa olunmayıb”.
 
O əlavə edib ki, telefon danışıqları kəsiləndə təcridxana rəhbərliyi digər dustaqları "Abzas"çılara qarşı qaldırmağa çalışıb.
 
“Digər məhbuslara deyirdilər ki, ailənizlə onlara görə əlaqə saxlaya bilmirsiniz. Bizi bu təhlükə ilə də üz-üzə qoyurdular. Səhəri gün bizə kimsə xəsarət yetirsə, bunun məsuliyyətini təcridxana daşıyacaqmı? Hər kəsi hər zaman işləri düşdükcə bizim üstümüzə qaldırırlar”, - o deyib. 
 
Jurnalist hakim Teymur Həsənova müraciət edərək qərar verəndə yalnız onunla bağlı deyil, həm də digər 4300 məhbusla bağlı qərar verəcəyini xatırladıb.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6 May 2026

Sosial media

Fəaliyyətini dayandıran "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri, İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyevə iki il yarım həbs cəzası verilib.  Bu barədə mayın 6-da Tovuz Rayon Məhkəməsində keçirilən yekun prosesdə qərar verilib. Ötən proseslərin birində dövlət ittihamçısı H.Vəliyevə 3 il həbs cəzası istəmişdi.  O, Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.  Hacı Vəliyev ötən il martın 31-də həbs olunub. O, müharibədə həlak olanların ailələrinin, müharibə iştirakçılarının problemlərini işıqlandırması və məmurları tənqid etməsi ilə tanınırdı. H.Vəliyev həbsindən bir neçə gün öncə polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan...
Məhkəmə

Rüfət Səfərov: “Fəxr edirəm ki, ölkədəki 400 siyasi məhbusdan biriyəm"

5 May 2026

Ülviyyə Quliyeva (VOA)

Mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.  "Azadlıq Radiosu"nun xəbərinə görə, hakim Aygün Qurbanovanın sədrlik etdiyi prosesdə R.Səfərovun vəkili Rövşanə Rəhimli vəsatət verərək zərərçəkmiş qismində tanınmış Natiq İmanquliyevin telefon anten məlumatlarının mobil operatordan alınmasını istəyib.  Cinayət işi materiallarında R.Səfərovun N.İmanquliyevə xəsarət yetirdiyi barədə həkim rəyi olsa da, "zərərçəkən" özü ötən proseslərin birində vəkilin sualına cavab olaraq həmin klinikada olmadığını bildirib. R.Rəhimli vəsatəti belə əsaslandırıb ki, N.İmanquliyevin telefon anten məlumatları əsasında bu məsələyə aydınlıq gətirilə bilər.  Məhkəmə vəsatəti təmin edib.  Daha sonra çıxış edən R.Səfərov 3 May Ümumdünya Mətbuat Azadlığı...

Seçilmiş Videolar

Toplum TV loqo