Ölkə

Tbilisi-Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

13 Avqust, 2026
26

sosial media

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların fəaliyyəti bərpa olunandan bəri reys üzrə biletlərin qıtlığı ilə bağlı şikayətlər səngimir. 

Sosial şəbəkələrdə səyahət qruplarında insanlar davamlı olaraq onlayn və fiziki şəkildə bilet almağın çətinliyindən yazır. Səyahətçilər, xüsusilə, Tbilisi-Bakı reysi üzrə bilet tapa bilməməkdən şikayətlənir. 

Dəmir yolu vağzalına Tbilisi-Bakı istiqaməti üzrə bilet almaq üçün gedən, təcrübəsini sosial media hesabında paylaşan Elnurə Abuşova gördüklərini “biabırçılıq və özbaşınalıq” adlandırıb. 

“İnsanları geridönüş bileti ala biləcəklərinə əmin edib, bilet satıb, pullarını dövriyyəyə buraxıb, sonra geridönüşün yalnız təyyarə ilə, ya da tur agentlikləri ilə mümkünlüyünü him-cimlə başa salıb, faiz tutaraq pulları geri qaytarırlar. Aldanıb bilet alanların 2 yolu var - ya monopolist AZAL-la 310 manata geri dönmək, ya faiz çıxılaraq bileti qaytarmaq. Mən pulu çox əziyyətlə qazanıram, imkan vermərəm Azərbaycan Dəmir Yolları (ADY) mənim pulumu dövriyyəyə buraxıb faiz qazana, sonra faiz tutub pulumu qaytara”, - o qeyd edib. 

Paylaşıma şərh yazan digər istifadəçilər də eyni problemlə üzləşdiklərini bildiriblər. 

“Eyni əziyyəti yaşayırıq. 6 bilet lazımdır bizə. 5 nəfər gediş bileti alıb pis vəziyyətdə qalıb, toya getməliyik. Avqustun 22-si getməli idik, dönüş bileti ala bilmirik deyə biletləri geri qaytaracağıq”, - istifadəçilərdən biri yazıb. 

Yerli mətbuatda isə Gürcüstanda səyahətdə olan yüzlərlə azərbaycanlının bilet tapa bilmədiklərinə görə geri qayıda bilmədiyi haqda xəbər gedib. ADY isə məsələ ilə bağlı “yüksək tələbat səbəbindən Gürcüstandan Azərbaycan istiqamətində sentyabrın 17-dək bütün qatar biletlərinin satıldığını” bildirib. 

Bəzi hökumət tənqidçiləri və ictimai fəallar isə qatar biletlərinin yoxluğunun əvvəlcədən düşünülmüş hiylə olduğunu iddia edir. 

“Adamlara deyirlər ki, problem yoxdur, Tbilisi vağzalında Bakıya bilet tapacaqsan. Camaat inanır, gedir, amma geriyə bilet tapa bilmir. Nəticədə nə olur? Ay sağ ol, camaat məcburi 300-400 manat verib, geriyə AZAL təyyarəsi ilə qayıtmalı olur. Əlqərəz, bu biznes formulunu ancaq Azərbaycan hökuməti fikirləşə bilərdi və bu oyunu dünyada cəmi iki-üç xalq var ki, ancaq onun başına açmaq olardı”, - tarixçi Altay Göyüşov sosial media hesabında yazıb. 

Bakı-Tbilisi-Bakı gündəlik sərnişin qatarı reysinin fəaliyyəti mayın 26-dan bərpa olunub. Reys 2020-ci ilin martında fəaliyyətini dayandırmışdı. Buna səbəb isə Azərbaycanın koronavirus pandemiyası səbəbilə quru sərhədlərini bağlaması olub. 

Vətəndaşlar isə bilet çatışmazlığından əlavə, bilet qiymətlərinin bahalığından da şikayət edir. Marşrut üzrə Tbilisiyə minimum gediş haqqı Bakıdan 81 AZN, Yevlaxdan 67 AZN, Gəncədən 62 AZN, Ağstafadan isə 57 AZN-dir. Böyük Kəsikdən Qardabani stansiyasına qiymət isə 51 AZN təşkil edir.

Müqayisə üçün, quru sərhədlər bağlanmazdan əvvəl - 2020-ci ilin martına qədər Bakı-Tbilisi qatarında qiymətlər plaskartda təxminən 24 manat, kupedə 35 manat, lüks rejimdə isə 58 manat təşkil edirdi.

ADY daha öncə qiymətləri reysin sonuncu dəfə fəaliyyət göstərdiyi 2019-cu illə müqayisə etməyin doğru olmadığını bildirib. 

“Son 6 ildə dünyada müşahidə olunan inflyasiya, enerji və yanacaq qiymətlərinin artması, eləcə də beynəlxalq dəmir yolu nəqliyyatında tariflərin yüksəlməsi qiymət formalaşmasına təsir edən əsas amillərdəndir”, - ADY sözçüsü Bəxtiyar Hacıyev deyib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Hüquq müdafiəçisi: “SOCAR-da 50-60 yaşlı insanları ərizə yazdırıb işdən çıxarırlar” 

12 Avqust 2026

sosial media

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) kütləvi ixtisarların getdiyi barədə xəbərlər yayılmağa davam edir.  Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı sosial media hesabında ixtisara salınan SOCAR işçilərinin şikayətlərini ictimailəşdirir.  Məsələn, vitse-prezident Mehriban Əliyevaya ünvanlanmış bir məktubda Zabit Ağayev adlı Masallı sakini 34 il SOCAR-da maşınist işlədiyini deyir. Onun sözlərinə görə, martın 31-də öz ərizəsi ilə işdən çıxması tapşırılıb, əks halda “müxtəlif bəhanələrlə işdən azad ediləcəyi” deyilib.  “Bu təzyiqlər və psixoloji təsirlər nəticəsində 3 aprel 2026-cı il tarixində məcburiyyət qarşısında qalaraq öz ərizəmlə işdən çıxmaq barədə ərizə yazmağa vadar oldum. Həmin ərizə mənim sərbəst iradəmin ifadəsi deyil, mənə qarşı göstərilən inzibati...
Ölkə

SOCAR-ın sahə rəisi: “Dənizaltı borular kəsilərək satılır”

29 İyul 2026

Report

Xəzər dənizində Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus dəniz özülləri və boruların kəsilərək satıldığı deyilir.  Bu iddia SOCAR-ın “Abşeronneft” Neft-qaz Çıxarma İdarəsinin sahə rəisi Xanhüseyn Gözəlovun SOCAR prezidenti Rövşən Nəcəfə yazılı müraciətində yer alıb. Müraciəti Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı iyulun 28-də sosial media hesabında ictimailəşdirib.  “Kəsilmə zamanı Xəzər dənizinin ekosistemi çirkləndirilir. Son dönəmdə Xəzərin Dübəndi və Şüvəlan sahillərində olan neft çirklənmələri məhz bu səbəbdən baş vermişdi. Sonuncu belə hal iyunun 18-də müşahidə olunub”, - ərizəçi qeyd edib.  X.Gözəlovun sözlərinə görə, bu ilin yanvar-fevral aylarında 250 saylı Stasionar Dəniz Özülü, iyulda isə 11 saylı estakadada olan istismara yararlı...

Seçilmiş Videolar

Toplum TV loqo