Foto/kollaj: Toplum TV
Qəzza zolağında humanitar böhran və İsrailin qətliamının davam etdiyi vaxt bir sıra Qərb ölkələri Fələstini dövlət kimi tanıyacaqlarını bəyan ediblər.
Əvvəlcə Fransa prezidenti Emmanuel Makron bildirib ki, ölkəsi sentyabrda baş tutacaq Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Fələstin dövlətini tanıyacaq. Ardınca Kanada və Malta liderləri də eyni addımı atacaqlarını deyiblər.
Böyük Britaniya Baş naziri Kir Starmer də oxşar bəyanatla çıxış edib, lakin o, bunu İsrail Qəzzada atəşkəsə razılaşmayacağı halda edəcəyini qeyd edib.
Portuqaliya Baş naziri Luis Monteneqro isə Fələstini dövlət kimi tanımağı ölkə prezidenti və parlamenti ilə müzakirə edəcəyini deyib.
Bəyanatlar ölkələrin İsrailin Qəzzada apardığı müharibə, blokada və yaranan aclıq fonunda narazılığını əks etdirir. 2023-cü ilin oktyabrından bəri aparılan müharibə 60 mindən çox fələstinlinin həyatına son qoyub və təxminən iki milyonluq əhalini kəskin səfalət və aclıq vəziyyətinə salıb.
Liderlər qərarlarını İsrail-Fələstin münaqişəsinin iki dövlətli həll yoluna töhfə vermək istəmələri ilə əsaslandırıblar.
Bəs bu qərarın əhəmiyyəti varmı?
Fələstin dedikdə ağla gələn ərazilər kimi İsrail daxilində Qəzza zolağı və İordaniya çayının qərb sahili (“Qərb Sahili” kimi tanınır) başa düşülür.
Dövlət dedikdə, beynəlxalq hüquqda 4 elementin olması nəzərdə tutulur: daimi yaşayan əhali, müəyyən edilmiş ərazi sərhədləri, hökumət və beynəlxalq münasibətləri həyata keçirmək qabiliyyəti.
Tanınma isə potensial bir dövlətin bu şərtlərə ümumilikdə cavab verdiyinin rəsmi şəkildə təsdiqlənməsidir. Bu, hətta bəzi elementlər, o cümlədən ərazi sərhədləri mübahisəli olduqda da baş verə bilər.
Beynəlxalq hüquq ekspertlərinin fikrincə, Fələstinin dövlət kimi tanınması üçün bu kriteriyalar minimum həddə də olsa təmin olunub.
Daimi əhali və ərazi mövcuddur, lakin sərhədlər mübahisəlidir. BMT-nin 1947-ci ildə təklif etdiyi Fələstin ərazisinin xeyli hissəsi İsrail tərəfindən müxtəlif illərdə işğal olunub.
Qəzza zolağının böyük bir hissəsi 1967-ci ildə ərəb dövlətləri koalisiyası ilə müharibə zamanı İsrail tərəfindən ələ keçirilib.
Həmçinin, illər ərzində xeyli israilli ordunun köməyilə “Qərb Sahili”ndə yaşayan fələstinliləri evlərindən qovub və özləri üçün qanunsuz məskənlər salıblar.
İşğal siyasəti bu gün də davam etməkdədir. İsrailin müdafiə və maliyyə nazirlərinin mayın 29-da yayımladığı birgə bəyanatda deyilir ki, “Qərb Sahili”ndə 22 yeni məntəqə salınacaq.
Hökumətə gəldikdə isə, “Fələstin İdarəçiliyi” “Qərb Sahili”nin bir hissəsini idarə edən və fələstinliləri təmsil edən bir hökumət qurumudur. Qurum fələstinliləri beynəlxalq aləmdə təmsil edən “Fələstin Azadlıq Təşkilatı” tərəfindən yaradılıb.
Qəzza zolağına isə ABŞ və Avropa İttifaqı da daxil olmaqla bir sıra ölkələr tərəfindən terrorçu təşkilat kimi tanınan HƏMAS qruplaşması nəzarət edir.
BMT-yə üzv olan 193 ölkədən 147-si Fələstini artıq dövlət kimi tanıyır. Fələstinin özünün isə BMT-də müşahidəçi statusu var.
Beynəlxalq hüquq ekspertləri düşünür ki, Fələstinin dövlət kimi tanınmasının siyasi və diplomatik əhəmiyyəti böyükdür. Bu, fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnu tanımaq və həmin hüquqa qarşı çıxış edən İsrail hökumətinin addımlarını rədd etmək deməkdir.
Kanadada yerləşən “Queen’s” Universitetinin hüquq fakültəsinin dosenti və BMT-də çalışmış Ardi İmseis “New York Times"a deyib ki, Fələstini tanıyan bir ölkə İsraillə olan razılaşmalarını yenidən nəzərdən keçirməlidir ki, bu razılaşmalar Fələstin dövlətinə qarşı öhdəlikləri pozmasın. Bu öhdəliklərə siyasi və ərazi bütövlüyü ilə yanaşı, iqtisadi, mədəni, sosial və mülki münasibətlər də daxildir.
“Praktiki baxımdan tanınma, vətəndaş cəmiyyəti və tanıyan dövlətdəki qanunvericilər tərəfindən siyasi xəttin dəyişdirilməsi və digər öhdəliklərlə uyğunlaşdırılması üçün əlavə təzyiq göstərilməsinə əsas yaradar”, - o qeyd edib.
Britaniya və Fransanın Fələstini tanıması isə daha əhəmiyyətlidir, çünki onlar BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləridir.
Təhlükəsizlik Şurasının digər üzvlərindən Rusiya və Çin Fələstini artıq tanıyırlar, İsrailin ən yaxın müttəfiqi olan ABŞ isə Fələstini tanımır və belə bir siqnal da vermir.
Ağ Ev sözçüsü Karolayn Levit iyulun 31-də jurnalistlərə deyib ki, prezident Donald Tramp Fələstini tanımağı HƏMAS-a mükafat kimi görür.
İsrail Baş naziri Benyamin Netanyahu da oxşar bəyanatla çıxış edib. İsrail parlamenti isə ötən ilin iyulunda iki dövlətli həll yolunu rədd edən qətnamə qəbul edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Almaniyalı keçmiş deputata Azərbaycan adından rüşvət vermək ittihamı ilə hökm oxunub
Foto: Leonie Asendorpf
Foto: sosial media
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
“Niyə yazım ki, onsuz da hər kəs hər şeyi bilir”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?