Siyasət

Araşdırma: "Deutsche Bank"dan sızan sənədlərdə Azərbaycanın "çirkli pul yuma şəbəkəsi"nin adı keçir

18 noyabr, 2026
19

Toplum TV

ABŞ prezidenti Donald Trampın sahibi olduğu şirkətlərlə Azərbaycanın "çirkli pul yuma şəbəkəsi"nin əlaqələri olduğu bildirilir.  

Bu barədə noyabrın 17-də dərc olunan, müxtəlif ölkələrdən olan 200-dən çox jurnalistin ərsəyə gətirdiyi araşdırmada qeyd olunub. 

Araşdırma Almaniyanın ən böyük bankı olan "Deutsche Bank"dan sızdırılan sənədlər əsasında hazırlanıb. Bankın iki işçisi 15 milyondan çox məxfi sənədi jurnalistlərə sızdırıb. 

Sənədlərdən aydın olur ki, hələ 2014-cü ildə bank Trampın Azərbaycanda qeydiyyatda olan "DT Marks Baku" şirkətinə şübhəli köçürmələr barədə ABŞ hüquq-mühafizə orqanlarını xəbərdar edib. Buna nümunə kimi həmin vaxt şirkətə Danimarkanın "Danske Bank"ının Estoniya filialının adı çəkilməyən müştərisindən edilən köçürmələr göstərilib. Sonradan məhz bu filialın adı Rusiya və başqa post-sovet ölkələrinin "çirkli pul yuma şəbəkəsi" barədə araşdırmada da keçib. 

2015-ci ilin iyununda - Tramp ABŞ prezidentliyinə namizədliyini irəli sürəndən bir neçə həftə sonra "Deutsche Bank" daha bir şübhəli köçürmə müşahidə edib. Bu dəfə Britaniyanın "Faberlex" şirkətindən Trampın Azərbaycanda qeydiyyatda olan digər şirkətinə - "THC Baku Services"ə köçürmə edilib. Bu köçürmə üçün də Estoniyadakı filialdan istifadə olunub. 

OCCRP-in hələ 2017-ci ildə Azərbaycanın "çirkli pul yuma şəbəkəsi" haqda araşdırmasında "Faberlex"in adı keçib. Araşdırma nəticəsində Azərbaycan hökumətinin "Faberlex" vasitəsilə Avropa Şurası Parlamentlər Assambleyasının müxtəlif üzvlərinə rüşvət verdiyi üzə çıxmışdı. 

2018-ci ildə isə "Deutsche Bank" "THC Baku Services" ilə Rusiyanın "çirkli pul yuma şəbəkəsi"nə daxil olan bir şirkət arasında köçürmədən şübhələnib. Sənədlərdə bu şirkətin adına rast gəlinməyib. 

Hesablamaya görə, Trampın şirkətləri 2020-ci ilə qədər Rusiya və Azərbaycanın "çirkli pul yuma şəbəkəsi"nə daxil olan şirkətlərdən 3 milyon dollardan çox məbləğdə şübhəli köçürmələr qəbul edib. 

Tramp "Deutsche Bank"ın uzunmüddətli müştərisi olub. Bank onun çoxsaylı biznes layihələri üçün kredit verib. Tramp 2016-cı ildə prezident seçildikdən sonra isə bank onun barədə məlumatların konfidensiallığını daha da gücləndirib. 

Buna baxmayaraq, başqa bir sənəddən məlum olub ki, 2017-ci ildə "Deutsche Bank"ın işçisi səhvən Trampın vergi ödənişi barədə sənədi başqa bir müştəriyə göndərib. Hazırda Filippində səfərdə olan Trampdan jurnalistlərdən biri məhz buna reaksiyasını soruşub.  O isə cavabında bankı ittiham edərək bu əməlin qanunsuz olduğunu deyib. 

Trampa araşdırmadakı digər iddialar barədə sual ünvanlanmayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

MBH üzvü Samir Babayevə 5 il yarım həbs cəzası verilib

18 noyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Samir Babayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu barədə hüquq müdafiəçisi Zəfər Əhmədov sosial media hesabında məlumat yayıb.  Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci - satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və ya daşıma ittihamı irəli sürülüb.  Samir Babayev 2026-cı il martın 6-da saxlanılıb. Babayev saxlanıldıqdan sonra polis idarələrində işgəncəyə məruz qaldığını bildirib. Onun yaxınlarının sözlərinə görə, fəal saxlanılarkən mülki geyimli şəxslər tərəfindən aparılıb və ailəsi iki gün onun harada olduğunu bilməyib. Samir Babayev bundan əvvəl də narkotik ittihamı ilə...
Siyasət

CPJ: “Azərbaycan hakimiyyəti xarici maliyyələşmə qanunlarından müstəqil medianı məhv etmək üçün istifadə edir”

18 noyabr 2026

sosial media

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) “Meclis.info”nun rəhbəri İmran Əliyev və ictimai fəal Elgiz Qəhrəmana verilən həbs cəzalarını pisləyib. Təşkilatın noyabrın 13-də yaydığı bəyanatda Azərbaycan hakimiyyəti xarici maliyyə ilə bağlı ittihamlardan müstəqil medianı susdurmaq üçün istifadə etməkdə ittiham olunub.   CPJ bildirib ki, “Meclis.info” parlament deputatlarının fəaliyyəti barədə analitik materiallar və videolar yayımlayıb. CPJ-nin Avropa və Mərkəzi Asiya proqramı üzrə direktoru Fiona Obrayn bildirib ki, bu hökmlərdən sonra Azərbaycanda həbsdə olan jurnalistlərin sayı azı 26-ya çatıb. “Hakimiyyət bir daha xarici maliyyələşmə haqqında qanunlardan müstəqil medianı məhv etmək üçün qəddarcasına sui-istifadə edir. Azərbaycan jurnalistləri sadəcə öz işlərini gördüklərinə görə ağır cinayətkarlar kimi rəftar...

Seçilmiş Videolar

Toplum TV loqo