açıq mənbə
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Bakıda bir mənzilin sökülməsi ilə bağlı Azərbaycana qarşı qərar qəbul edib.
Bu barədə vəkil Fariz Namazlı sosial media hesabında məlumat verib.
Məhkəmə mənzilin mülkiyyətçisi ilə bağlı mülkiyyət hüququnun, həmin ünvanda yaşayan digər şəxslə bağlı isə mənzilə hörmət hüququnun pozulduğu qənaətinə gəlib.
İş 2010-cu ildə Bakıda üç binanın sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı başlayıb. Dövlət orqanları sakinlərə həmin rayonda yeni tikilən yaşayış binalarında alternativ mənzillər təklif edib. Ərizəçilər isə təklif olunan mənzillərin yerləşdiyi binaların vəziyyətindən narazı olduqlarını bildirərək pul kompensasiyası tələb ediblər, bu tələb rədd olunub.
Bundan sonra onlar köçürülmə ilə bağlı inzibati aktların etibarsız sayılması, maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediblər. Ərizəçilər, həmçinin, iş üzrə yekun qərar qəbul edilənədək mənzilə zərər vura və ondan istifadəyə mane ola biləcək söküntü, tikinti və digər işlərin qadağan olunmasını istəyiblər.
Məhkəmə bu vəsatəti təmin etsə də, icraat davam etdiyi müddətdə mənzil sökülüb.
2012-ci ildə birinci instansiya məhkəməsi iddianı qismən təmin edib. Məhkəmə qərardadın mövcudluğuna baxmayaraq binanın söküldüyünü nəzərə alaraq ərizəçilərin mülkiyyətdən maneəsiz istifadə və mənzilə hörmət hüquqlarının pozulduğunu bildirib. Lakin yuxarı instansiya məhkəmələri bu qərarı ləğv edib. Məhkəmələr özəl şirkətlərə qarşı tələblərin mülki icraat qaydasında araşdırılmalı olduğunu göstəriblər.
Bildirilir ki, ərizəçilərin sonradan mülki qaydada qaldırdıqları iddialar da rədd olunub. Yerli məhkəmələr binanın qəzalı vəziyyətdə olmasını, eləcə də mülkiyyətçiyə 83 min manata ekvivalent məbləğdə kompensasiya ödənilməsini əsas gətiriblər. Ərizəçilər isə bu məbləğin adekvat olmadığını bildiriblər.
AİHM qərarında qeyd edib ki, binanın qəzalı vəziyyətdə olması və ya təmirinin mümkün olmaması söküntüdən əvvəl məhkəmə qərarı ilə müəyyənləşdirilməyib. Məhkəmənin qənaətinə görə, bu səbəbdən söküntü zamanı ölkədaxili prosedurlara əməl olunmayıb.
AİHM birinci ərizəçi ilə bağlı İnsan Hüquqları Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinin - mülkiyyət hüququnun, ikinci ərizəçi ilə bağlı isə Konvensiyanın 8-ci maddəsinin - mənzilə hörmət hüququnun pozulduğunu müəyyən edib.
Qərara əsasən, Azərbaycan hökuməti hər bir ərizəçiyə mənəvi zərərə görə 3 min avro, xərc və məsrəflər üçün isə ərizəçilərə birlikdə 1500 avro ödəməlidir. Maddi ziyanla bağlı tələb isə rədd edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Teleqraf
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”