Siyasət

Azərbaycanda keçirilməsi nəzərdə tutulan Rusiya mədəniyyəti tədbirləri ləğv edilib

30 İyun, 2025
59

Foto: Açıq mənbə

Azərbaycanda Rusiya dövlət və özəl müəssisələrinin xətti ilə keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar və sərgilər ləğv edilib. 

Bu barədə iyunun 29-da Mədəniyyət Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, qərara səbəb Rusiyanın Yekaterinburq vilayətində azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən “nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməlləri və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter  almasıdır”. 

Bundan əvvəl Rusiya Baş nazirinin müavini Aleksey Overçukun bu günlərdə Azərbaycana nəzərdə tutulan səfərinin ləğv olunduğu xəbəri də yayılmışdı. 

İyunun 27-də Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində iki azərbaycanlı öldürülüb, ikisi isə yaralanıb. Ümumilikdə doqquz azərbaycanlının saxlanıldığı və 10-dan çox mənzildə axtarış aparıldığı bildirilir. 

Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 28-də hadisə ilə bağlı “dərin narahatlığını bildirib” və Rusiya tərəfindən məsələ ilə bağlı “təxirəsalınmaz araşdırma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini” gözlədiyini qeyd edib. 

Həmin gün Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Pyotr Volokovıx hücumlarla əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb və ona “kəskin etiraz” bildirilib. 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bildirib ki, Volokovıx Rusiyanın hücumla bağlı Bakıya "lazımi izahatlarını" çatdırıb. 

Rusiya İstintaq Komitəsinin bildirdiyinə görə, əməliyyat 2001, 2011 və 2014-cü illərdə baş vermiş cinayət işlərinə görə,  "etnik cinayət qruplaşmasına qarşı" həyata keçirilib. Hansı qruplaşmadan söhbət getdiyi açıqlanmayıb. 

Saxlanılanlardan biri Vüqar Səfərov APA-ya deyib ki, onlar əvvəlcə evdə, sonra isə polis idarəsində işgəncəyə məruz qalıblar. 

"Bizi bir saat döydülər. Döyəndən sonra əllərimizi qandalladılar, apardılar Frunze 74 ünvanındakı bölməyə… Yolda bizi, qardaşımla məni bir maşına, "Qazel"ə uzandırdılar, atamı başqa maşınlar apardılar. "Qazel" içi palçıq idi, yolda bizi məcbur edirdilər ki, maşının içindəki palçığı yeyək. Deyirdilər ki, bu palçığı sizə yedirdəcəyik. Yemədiyimizə görə döyürdülər", - o xatırlayıb. 

Saxlanılanlardan Səfərov da daxil olmaqla bəziləri buraxılıb. 

Azərbaycan və Rusiya arasında gərginlik ötən ilin dekabrın 25-də AZAL təyyarəsinin Aktauda qəzaya uğramasından sonra başlayıb.

Rəsmi Bakı təyyarənin həmin gün Ukrayna dronlarından qorunan Rusiya hərbi hava qüvvələri tərəfindən vurulduğunu iddia edib. 

Azərbaycanın hökumətyönlü media orqanları isə yazıb ki, təyyarənin vurulduqdan sonra Rusiya ərazisində qəza enişi etməsinə icazə verilməyib ki, təyyarə Xəzər dənizinə düşsün və izlər itirilsin. 

Bir neçə gün sonra Rusiya Prezidenti Vladimir Putin hadisənin Rusiya ərazisində baş verməsinə görə üzrxahlıq edib, lakin üzərinə məsuliyyət götürməyib. Həmin vaxt AzTV-yə müsahibə verən Əliyev isə Rusiya “öz günahını etiraf etməli və üzr istəməlidir, günahkarları cəzalandırmalıdır və zərər çəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir” deyib.

Hadisədən 6 aydan çox keçməsinə baxmayaraq, Rusiya Əliyevin tələblərini yerinə yetirməyib. Azərbaycan prezidenti də o vaxtdan bəri etdiyi çıxışlarda və müsahibələrdə bu mövzuya qayıtmayıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Akif Qurbanovdan Ramil Babayevə doğum günü təbriki

29 İyun 2025

Foto: Toplum TV

III Respublika Platformasının spikeri Akif Qurbanov təcridxanadan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayevin doğum gününü təbrik edib:  Doğum günün mübarək, dəyərli Ramil bəy! Bu dəmir barmaqlıqlar, qalın divarlar sənin azadlığını əlindən ala bilər, amma inamını, səsini, haqqın tərəzisində ucalan vicdanını yox... Sən gəncsən – gənc, amma düşüncələrin qocaman bir xalqın yükünü daşıyacaq qədər yetkindir. Bu torpağın əsl neməti, haqsızlığa susmayan, dəyərlərinə sadiq, insan haqlarına bağlı, millətin azad sabahını yazmağa gəlmiş gənclərindənsən. Səninlə eyni taleyi, eyni məkanı, eyni məhrumiyyətləri paylaşırıq. Amma ən çox bir amalı bölüşürük: Azad, ədalətli və ləyaqətli bir Azərbaycan arzusu! Sənin hər bir sözündə qətiyyət, hər bir baxışında...
Siyasət

Pezeşkian İsrailin Azərbaycanın səmasının istifadəsinin araşdırılmasını istəyib

27 İyun 2025

Foto: Prezident.az

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevdən İsrailin İrana hücumlarda Azərbaycan səmasının istifadəsinin araşdırılmasını istəyib.  Bu barədə İran dövlət mətbuatı xəbər yayıb.  Xəbərdə deyilir ki, iyunun 26-da telefon zəngində Pezeşkian, həmçinin, Azərbaycan hökumətinə və xalqına İsrail hücumları qarşısında İran xalqı ilə "həmrəylik nümayiş etdirdiyi üçün" təşəkkür edib.  Xəbərə əsasən, Əliyev öz növbəsində Azərbaycanın İrana qarşı hücumları birmənalı şəkildə qınadığını deyib və "günahsız insanların ölümlərindən təəssüf hissi" keçirdiyini ifadə edib.  Əliyevin, həmçinin, Azərbaycan səmasının İsrail tərəfindən istifadəsinə icazə verildiyi barədə "şaiyələri inkar etdiyi" bildirilir.  Azərbaycan tərəfinin yayımladığı telefon danışığının pres-rilizi isə daha məhdud olub. Burada sadəcə Əliyevin İran Prezidentini İsraillə...

Seçilmiş Videolar

Toplum TV loqo