Siyasət

Bəşir Süleymanlı: “USAID dövlət qurumlarına da maliyyə ayırıb, cinayətdirsə, hamıya şamil edilməlidir”

20 noyabr, 2026
45

sosial media

Noyabrın 19-da “Vətəndaş Hüquqları İnstitutu” İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlıya 7 il 6 ay həbs cəzası verilib. Ona Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı xeyli miqdarda leqallaşdırma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. B.Süleymanlı Bakı Ağır Cinayətlər Məhkəməsindəki son sözündə ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. O, cinayət işinin siyasi sifarişlə açıldığını, müstəqil fəaliyyətinə və USAID-dən maliyyə alan QHT-lərə təzyiq məqsədi daşıdığını bildirib.

“Toplum TV” Bəşir Süleymanlının son sözünü təqdim edir.

“Mən vəkilim Elçin Sadıqovun dedikləri ilə razıyam. O, bu dırnaqarası cinayət işinin əsassız olduğunu və mənə bəraət verilməli olduğunu bildirdi. Mən işin hüquqi tərəfindən yox, ilk olaraq dırnaqarası cinayət işinin siyasi tərəflərindən danışmaq istəyirəm. Mənə qarşı başlanılmış bu “cinayət işi” siyasi azadlıqların kobud şəkildə pozulmasıdır. Həm ifadə azadlığı, həm birləşmə azadlığı baxımından. O cümlədən Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərinə, BMT-nin insan haqları, mülki və siyasi azadlıqları haqqında konvensiyasına, Avropa İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasının ifadə və birləşmə azadlığına tamamilə ziddiyyət təşkil edir. Bu gün bu məhkəmədə mənim mühakimə olunmağım, mənə qarşı cinayət işi açılması Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərinin, həmçinin Azərbaycan Konstitusiyasının maddələrinin kobud şəkildə pozulmasıdır. Çünki ittiham aktı bu cinayət işini tam açıb göstərə bilmir. Hətta ittiham o qədər pinti hazırlanıb ki, mən hüquqşünas olmaya-olmaya bunu aydın görürəm. Mənə desəydilər, mən özüm onlar üçün daha yaxşı variant hazırlayardım. Maddələri sadəcə Cinayət Məcəlləsindən köçürüblər ittiham aktına. Heç bir fəaliyyəti düzgün, doğru uyğunlaşdırmadan bank sənədləri, şahid ifadələri ilə ittiham aktını yalandan doldurublar.

Mənə bu cinayət işinin mahiyyəti aydındır. Bu tamamilə siyasi məsələdir. Burada söhbət USAID-dən alınan maliyyədən gedir. Guya ki, USAID-dən maliyyə almaq cinayət hesab edilir. Əvvəlki məhkəmə iclaslarında da qeyd etmişəm, əgər xidmət müqaviləsi ilə maliyyə almaq cinayətdirsə, mən Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən xidmət müqaviləsi ilə vəsait almışam. Böyük Britaniya səfirliyinin xidmət müqaviləsi ilə bağlı da vəsatət verdim ki, araşdırılsın, görək mən səfirlikdə kimlə cinayət əlaqəsinə girmişəm. Gəlib aydınlıq gətirsinlər. Necə ki, “German Marshall Fund”un (GMF) nümayəndəsi gəlib məhkəmədə şahid kimi ifadə verdi. Səfirliyin nümayəndəsi də gəlib ifadə verərdi. Amma vəsatətim təmin edilmədi. Çünki məsələ xidmət müqaviləsinin cinayət olması deyil. Məsələ məhz USAID-lə bağlıdır. Oradan maliyyə alanlardan kim müstəqil QHT idisə, onlara təzyiq etmək idi məsələnin mahiyyəti.
GMF nümayəndəsi bildirdi ki, 2018-ci ildən hər il 30-40 layihə maliyyələşdirilib, amma cinayət işi 5–10 nəfərə açılıb, onlardan da biri mənəm. Bir neçə şəxs də mənim kimi həbs edilib.

Mən prosesləri izləyirdim və bilirdim ki, bir gün hədəfə gələcəyik. Kremldən idarə olunması heç də şübhə doğurmayan Solovyov prezidentdən müsahibə alanda açıq şəkildə bildirmişdi ki, USAID-i bağlamaq lazımdır. Hələ o, prezidentə təklif də verirdi ki, onların ölkəsində USAID-i özləri bağlayıblar. Prezident də diplomatik şəkildə cavab vermişdi ki, gözləyirlər ki, Tramp ABŞ-də hakimiyyətə gəlib USAID-i bağlasın. Hiss olunurdu ki, USAID-lə bağlı problem var.
Yəni bizim xidmət müqavilələri hamısı qanuni şəkildə həyata keçirilib. Ədalətli araşdırma aparılsa, bizim fəaliyyətdə bir dənə də qanunsuz əməl tapmaq olmaz. Təbii ki, burada məsələ USAID-dən alınan vəsaitin cinayət hesab edilməsidir.

Bu məsələdə selektiv yanaşma var. GMF-dən eyni qaydada xidmət müqaviləsi ilə maliyyə alanlar var ki, onlar nəinki cinayət təqibinə məruz qalmayıblar, heç istintaqa şahid kimi də cəlb edilməyiblər. Yəni USAID-dən maliyyə almaq cinayət əməlidirsə, onda hamıya şamil edilməlidir də. Bu selektiv yanaşma mənim müstəqil fəaliyyətimlə bağlıdır və bu, mənim ifadə, birləşmək azadlığımın pozulmasıdır.

Yəqin Azərbaycanda müstəqil fəaliyyət göstərmək kimlərinsə planlarını pozur və ona görə də belə edirlər. Şəxsən adlar prokurorluğa göndərilib və prokurorluq da həmin şəxslərə qarşı cinayət təqibi həyata keçirib.
İttiham aktında mənim xarici səfərlərim haqqında da qeyd olunur. Heç vaxt getmədiyim Rusiyanın adı çəkilir. Gürcüstanın adı çəkilir. Mən Gürcüstanda böyümüşəm və orada dəfələrlə olmuşam. Mənim Gürcüstanda olmağımın cinayətlə nə əlaqəsi var? Rusiyada heç vaxt olmamışam, amma yazıblar ki, Rusiyada olmuşam. Belə cəfəng məsələləri yazıblar ittiham aktında. Heç bir hüquqi əsası olmayan cəfəng məsələləri yazıblar ittiham aktına. Rusiyada olub-olmadığımı gedib sərhəd xidmətindən yoxlasınlar da. Əgər Rusiyada olmuşamsa, sübutlarla göstərsinlər.

İttiham aktında gülməli bir məsələ də var və burada dövlət ittihamçısı da onu səsləndirdi ki, guya mən USAID-lə maraqlanmışam, telefonumda USAID-lə bağlı skrinşot saxlamışam. USAID-lə Azərbaycan hökuməti maraqlanırdı. USAID-in direktoru bütün gün İTV-də Azərbaycana verdiyi maliyyədən danışırdı. 500 milyon dollar Azərbaycana dəstək olub. USAID TƏBİB-ə, Səhiyyə Nazirliyinə, KOBİA-ya, Kənd Təsərrüfatı Nazirliyinə, Ədliyyə Nazirliyinə, prokurorluğa pul veribdir. Mənə isə bu qurumlara verilənlərdən dəfələrlə az vəsait verilib. Deputat Zahid Oruc Milli Məclisdə USAID-in Qarabağdakı bərpa işlərinə dəstək verməsi məsələsini də qaldırmışdı.

Mənim “Facebook”dan skrin etdiyim və prokurorluğun ona istinad etdiyi məsələ siyasi ekspert Yeganə Hacıyevanın USAID-lə bağlı fikirləri olub.
İttiham aktında bir cümlənin ora yazılması ilə mənim üçün aydın oldu ki, bu sifarişin arxasında kimlər durur. İttiham aktında yazıblar ki, Bəşir Süleymanlı sosial şəbəkədə Ukraynaya dəstək şəkli paylaşıb. Bu məsələnin bu cinayət işi ilə nə əlaqəsi var axı?
Fikrimi yekunlaşdırıram. Həbsim siyasi sifarişlidir və fəaliyyətimlə bağlıdır. Mən heç bir cinayət törətməmişəm.
Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Hər şey yaxşı olacaq”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Penitensiar Xidmətin rəisi dəyişdi, bəs həbsxanalarda vəziyyət dəyişəcək?

19 noyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Salyan rayon şöbəsinin sədri Əlizamin Salayev bu ilin avqustunda ikinci uzunmüddətli həbs cəzasını bitirərək azadlığa çıxıb. O deyir ki, cəzaçəkmə müəssisələrində bir sıra problemlər mövcud olsa da, xüsusilə tibbi xidmətlərlə təminatın qaydasında olmaması məhkumların sağlamlığına ciddi ziyan vurur. Özü də ürək və böyrək xəstəliklərindən əziyyət çəkən fəalın sözlərinə görə, məhkumluq dövründə dərmanları, əsasən, ailəsi tərəfindən təmin olunub.  “Analgin, strabon, təzyiq dərmanından başqa heç bir dərman verilmir. Amma bu o demək deyil ki, Penitensiar Xidmətin Tibb Baş İdarəsinə ümumiyyətlə dərman verilmir. Verilir. Sadəcə məhbuslara heç nə verilmir. Məsələn, şəkər xəstələrinə insulin belə vermirdilər. Və yaxud QİÇS xəstələri...
Siyasət

“Amnesty International”: “AbzasMedia” jurnalistləri müstəqil jurnalistikaya görə 3 ildir həbsdədir”

19 noyabr 2026

sosial media

“Amnesty International” beynəlxalq insan hüquqları təşkilatı “Abzas Media” jurnalistlərinin həbslərinin üçüncü ildönümü ərəfəsində bəyanat yayıb. Təşkilat Azərbaycanda müstəqil jurnalistikaya qarşı təzyiqlərin davam etdiyini bildirib. Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers deyib ki, “Abzas Media”nın yeddi jurnalisti üç ildir ailələrindən uzaqda, ağır həbsxana şəraitində saxlanılır. “Onlar Azərbaycanda müstəqil jurnalistikaya qarşı başlayan genişmiqyaslı təqiblərin ilk hədəfləri olublar”, - Strazers bildirib. Bəyanatda qeyd olunub ki, təzyiqlər təkcə əsassız həbslərlə bitmir. Jurnalistlərin yaxınları və vəkilləri həm “Abzas Media” əməkdaşlarına, həm də tənqidi fəaliyyətinə və fərqli fikirlərinə görə həbs edilən digər şəxslərə qarşı pis rəftar hallarının artdığını deyirlər. Təkadamlıq kameralarda saxlama,...

Seçilmiş Videolar

Toplum TV loqo