sosial media
Noyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquqşünas və hökumət tənqidçisi Namizəd Səfərovun cinayət işi üzrə növbəti iclas keçirilib.
Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfi əvvəlki iclaslarda baxılmamış qalan 18 vəsatətə baxılması tələbi ilə çıxış edib.
Vəsatətlər arasında N. Səfərovun ev dustaqlığına buraxılması, ona bəraət verilməsi, telefonlarının anten dairəsinin müəyyənləşdirilməsi, ekspertin yenidən dəvət olunması və digərləri yer alıb.
Məhkəmə vəsatətlərin heç birini qəbul etməyib və bildirilib ki, onlara müşavirə zalında baxılacaq.
Ardınca hakim məhkəmə istintaqının yekunlaşdırılması təklifi ilə çıxış edib.
Hakimin bu təklifi müdafiə tərəfinin etirazına səbəb olub. N. Səfərovun vəkilləri bildiriblər ki, təqdim etdikləri dəlillər və vəsatətlərin heç biri qəbul edilməyib.
“Onlar da qəbul edilməyibsə, istintaq necə aparılıb? Ümumiyyətlə, bu vəsatətlər təmin olunsa, asanlıqla sübut etmək mümkündür ki, burada cinayət hadisəsi olmayıb”, - müdafiə tərəfi bildirib.
Vəkillərin etirazına baxmayaraq, hakim istintaqın bitdiyini elan edib və söz dövlət ittihamçısı Elmin Mirzəyevə verilib. Dövlət ittihamçısı Namizəd Səfərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası noyabrın 26-na təyin olunub.
Namizəd Səfərov ötən il dekabrın 9-dan həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulur.
N. Səfərov əvvəlki iclasların birində zərərçəkən kimi tanınan şəxsi tanımadığını demişdi. O, həmçinin saxlanılan zaman yanında olan şəxslərin şahid qismində dindirilməsini və ofisinin yaxınlığındakı təhlükəsizlik kameralarının görüntülərinin araşdırılmasını istəmişdi. Məhkəmə həmin vəsatətləri baxılmamış saxlamışdı.
İttiham aktına əsasən, Namizəd Səfərov vəzifəli tanışları vasitəsilə Günel Əfəndiyevanı vəzifəyə təyin etdirəcəyini vəd edib, bu məqsədlə ondan 53 min manat alıb. İstintaqın iddiasına görə, o, vədinə əməl etməyib.
Hüquqşünas ittihamı rədd edir və təqsirsiz olduğunu bildirir. O, siyasi baxışlarına və tənqidi fikirlərinə görə cəzalandırıldığını deyir.
N. Səfərov Milli Şuranın üzvü olub, lakin 2020-ci ildə bu qurumdan istefa verib. Son dövrlərdə xaricdəki mühacirlərin formalaşdırdığı Azərbaycan Xalq Parlamentinin üzvü idi.
Hüquqşünas ayrı-ayrı illərdə deputatlığa və prezidentliyə namizədliyini də irəli sürüb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
“Baksol yolu”nda gəncin ölümü ilə bağlı təqsirləndirilən şəxs 3 il azadlıqdan məhrum edilib
sosial media
sosial media
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib