Elnarə Qasımovanın yazısından: “Rəis qadın məhkumları döyür, yaraları görünməsin deyə “kars”a göndərir”
Foto: Ülviyyə Əli
4 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi məhkumları “döyür, ardınca cərimə kamerasına (“kars”) göndərir”.
Bu iddia “Abzas Media”nın həbsdə olan jurnalisti Elnarə Qasımovanın sözügedən həbsxanada saxlanılan məhkumlara istinadən qələmə aldığı yazısında yer alıb.
Aprel ayında 4 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Elgiz İsmayılov ədliyyə naziri Fərid Əhmədovun əmri ilə vəzifəsindən azad olunub. Onun yerinə 5 il əvvəl də bu müəssisəyə rəhbərlik etmiş Vaqif İsmayılov təyin olunub.
E.Qasımovanın yazdığına görə, V.İsmayılovun bu müəssisədə ilk rəisliyi 1 il 2 ay çəkib və o, çoxsaylı şikayətlərdən sonra vəzifəsindən azad olunub. O, məhkumlara istinadən əlavə edir ki, V.İsmayılov müəssisəyə qayıtdıqdan sonra məhkumlar önündə ilk çıxışında vaxtilə barəsində edilmiş şikayətlərə eyham vuraraq bunu deyib: “Məndən şikayət etdiniz, nə oldu? Sizə demişdim, 1 günlük belə olsa, prinsip üçün bura qayıdacam. Köhnələr bilir, mən əvvəl döymüşəm. Amma indi döyməyəcəm. İndi “kars” var, dubinka var, qanun icazə verir. Bunlardan istifadə edəcəm”.
Məhkumlar isə deyir ki, V.İsmayılov vəzifəyə qayıdandan 15 gün sonra qadın məhkumlardan birini elə öz kabinetində döyüb və “kars”a göndərib.
“Vaqif İsmayılov “kars”dan döydüyü məhkumların yaralarını gizlətmək üçün istifadə edir. Qadınları döyür, yetirdiyi xəsarətlər görünməsin deyə onları “kars”a göndərir. Məhkumun bədənindəki zorakılıq əlamətləri keçəndən sonra “kars” müddəti də başa çatır. Beləcə, müəssisədəki hamının bildiyi həqiqətlərin izləri cərimə təcridxanasının otağında silinir”, - jurnalist yazıb.
Məhkumlar ərizələrinin oxunduğuna və telefon danışıqlarının dinlənildiyinə görə rəisdən şikayət edə bilmədiklərini bildirib.
İddiaya görə, V.İsmayılov məhkumlardan müəssisənin təmiri üçün pul toplayır, pul verməyənləri isə peşə məktəbinin yataqxanası kimi ayrılan, şəraiti daha pis olan binaya köçürür. Məhkumların ailələrindən də görüş və sovqata görə pul alındığı deyilir.
“Əməkdaşlar sovqat gətirənlərdən soruşurlar ki, sənin üçün “şmonu” (axtarış-baxış) necə edim? Ailə 20-30 manat verirsə, sovqatı səliqəli yoxlayırlar. Pul vermirlərsə, sovqatdakı ərzaqları pis günə qoyurlar, məsələn, şirniyyatı parça-parça edirlər. Gətirilən sovqat çoxdursa, ya da görüşdə çox oturmaq istəyirlərsə, 40-50 manat verməlidirlər. Sovqatda bir əşyadan 2 ədəd varsa, əməkdaş deyir, birini saxlayıram, 15 gün sonra gələrsən. Bunun üçün 20 manat verməlisən. 50 manat verirsən, sənə gələn bağlamaya cihazdan baxırlar, pul verməyənlərin bağlamasını isə açıb yoxlayırlar".
V.İsmayılov və Penitensiar Xidmət iddialarla bağlı ictimaiyyətə açıqlama verməyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: VOA
Bəşir Süleymanlı: “USAID dövlət qurumlarına da maliyyə ayırıb, cinayətdirsə, hamıya şamil edilməlidir”
sosial media
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
Ailəsi hicab qadağasına görə aclıq edən məhbusdan xəbər ala bilmir