HƏMAS rəsmisi: "7 oktyabr hücumu tarixi dəyişmək üçün qızıl imkan yaratdı"
Foto: Bilal Hussein
Qəzza zolağına nəzarət edən HƏMAS qruplaşmasının rəsmisi Qazi Həmad Qətərdə "CNN"-ə müsahibə verib.
Q.Həmad HƏMAS-ın 2023-cü ilin oktyabrın 7-də İsrailin cənubuna etdiyi, 1200 nəfərin öldürüldüyü və 250 nəfərin əsir götürüldüyü hücumu müdafiə edib. O deyib ki, 7 oktyabr hücumu fələstinlilərə "tarixi dəyişmək üçün qızıl imkan" yaratdı.
“Bilirsiniz, indi 7 oktyabrın faydası nədədir? Dünən BMT Baş Assambleyasında təxminən 194 nəfər gözlərini açıb İsrailin vəhşiliyinə, qəddarlığına baxdı və hamısı İsraili qınadı. Biz bu anı 77 il gözləmişdik", – o bildirib.
Jurnalist həmin hücumdan bəri İsrailin Qəzzada 60,000-dən çox insanı öldürdüyünü xatırladaraq, Q.Həmaddan HƏMAS-ın buna görə üzərinə məsuliyyət götürüb-götürmədiyini soruşub. O isə heç bir məsuliyyəti qəbul etmədiyini bildirib: “Bilirəm, bədəl çox yüksəkdir, amma yenə soruşuram, başqa hansı seçim var idi?”
Müsahibə zamanı jurnalist Q.Həmada Qəzzada insanların HƏMAS-ın idarəçilikdən imtina etməsini tələb edən videogörüntüləri göstərib. Kadrlardan birində HƏMAS əleyhinə etirazçılardan birinin belə dediyi eşidilir: “Bizim HƏMAS üçün mesajımız budur – bizim həyatımızla qumar oynamayın, macəraçılıq etməyin. Siz reallıqdan qopmusunuz. Xüsusilə də, HƏMAS rəhbərliyi Qəzzadan kənarda yerləşdiyi üçün. Bəzi insanlar deyirlər ki, onlar hotellərdə oturduqları halda, övladlarımızın ətini istifadə edərək qətllər törədiblər.”
HƏMAS rəsmisi görüntülərə baxmaqdan imtina edib, sadəcə insanların "əziyyət çəkdiyindən xəbərdar olduğunu" bildirib.
Q.Həmad sentyabrın 9-da İsrailin Qətərə etdiyi, özünü də hədəfə alan hava hücumundan danışıb. O, hücumdan sağ çıxmasını "möcüzə" adlandırıb. Onun dediyinə görə, raket yan otağa düşüb.
Q.Həmad hücumdan sonra atəşkəs üzrə danışıqlar prosesinin donduğunu deyib, buna görə isə İsraili günahlandırıb.
Ən son ABŞ-nin təklif etdiyi atəşkəs təklifinə münasibət bildirən HƏMAS rəsmisi deyib ki, qruplaşma Qəzzada idarəçilikdən getməyə hazırdır, lakin tərk-silah olunmağa razı deyil. O əlavə edib ki, yalnız Fələstin dövləti bərqərar olunacağı halda HƏMAS silahlarını yeni dövlətin ordusuna təhvil verəcək.
2023-cü ilin oktyabrından İsrailin Qəzzanı bombalaması ilə başlayan müharibə nəticəsində indiyə qədər Qəzzada 60 mindən çox insan ölüb. Onların 20 mindən çoxu uşaqlardır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: sosial media
Foto: Reuters
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"