Siyasət

Ordubad sakini: “Rusiyadan qayıdanlar polis idarəsində narkotik testinə məcbur edilir”

10 Sentyabr, 2026
12

ChatGpt

Rusiyadan qayıdan bəzi Ordubad sakinlərinin evlərindən götürülərək zorla polis idarəsinə aparıldığı bildirilir. 

Şikayətçilər bu barədə “Gündəlik Naxçıvan”a bildiriblər.

Onların sözlərinə görə, həkim nəzarəti olmadan rayon polis şöbəsinin sanitar qovşağında narkotik maddə istifadəsi ilə bağlı testdən keçirilirlər.

Təhlükəsizlik səbəbilə adının açıqlanmasını istəməyən şəxs deyir ki, testin nəticəsi mənfi çıxsa da, ona ‘narkotik istifadəçisi damğası’ vurulacağı ilə hədələnib. Onun sözlərinə görə, nəticədə 5 min manat verməyə məcbur olub.

“Təkcə mənim yox, bir neçə tanıdığım adamın da başına eyni şey gəlib. Rusiyadan gələn kimi evdən götürüb, aparıb şöbədə test edirlər. Polis idarəsinin tualeti müavinin test mərkəzinə çevrilib. Nəticə mənfi çıxsa da, dedilər ki, bizim əlimizdədir, elə edərik ki, müsbət çıxar. Ya 10 min gətir, ya da həbsə gedirsən. İşgəncə verməklə də hədələdilər. Məcbur qaldım, yalvar-yapış 5 minə salıb rüşvəti verib canımı qurtardım. Adam öz el-obasına gəlmək istəmir. Vallah, üç gün olar Moskvaya qayıtmışam, bir də qələt edib Naxçıvana gedərəm”, - Ordubad sakini bildirib.

Adının açıqlanmasını istəməyən digər iş adamı isə prosesin necə baş verdiyini “Gündəlik Naxçıvan”a belə təsvir edib:

“Qapımıza gəlib dedilər ki, rəis müavini səni yanına çağırır. Səbəbini soruşanda ‘orada özü deyəcək’ cavabını verdilər. Bir az etiraz edəndə təzyiq göstərməyə başladılar. İdarədə məndən Rusiyada narkotik istifadə edib-etmədiyimi soruşdular. Dedim ki, istifadə etməmişəm.
Məni tualetə apardılar, stəkan verdilər ki, sidiyi bunun içində gətir. Sonra bir paket açıb içindəkini stəkana saldılar və bir qədər gözlədilər”.

Şikayətçi qeyd edib ki, onun da testinin cavabı mənfi çıxıb. “Buna baxmayaraq, oradan çıxanda elə danışırdılar ki, sanki narkotik istifadə etmədiyimə görə narazı qalmışdılar”, - Ordubad sakini bildirib.

Şikayətçilər Rusiyadan qayıdan şəxslərin hansı meyarla bu cür yoxlamalara cəlb edildiyinə aydınlıq gətirilməsini tələb edirlər.

“Toplum TV” iddialarla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinə sorğu göndərib. Yazı dərc olunanadək sorğuya cavab verilməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Qardaşı: "Ələsgər Məmmədli müayinədən keçib, səhhəti ilə bağlı narahatlığımız daha da artıb" 

10 Sentyabr 2026

sosial media

"Toplum TV"nin həbsdə olan həmtəsisçisi, media eksperti Ələsgər Məmmədlinin bu yaxınlarda keçdiyi tibbi müayinənin nəticələri ona təqdim olunub.  Bu barədə sentyabrın 9-da onun qardaşı, siyasi şərhçi Nəsimi Məmmədli sosial media hesabında məlumat verib.  "Ultrasəs (USM) müayinəsinin nəticələrinə əsasən, qalxanabənzər vəzidə iki düyün izlənilir. Düyünlərin ölçüləri 19×8 mm və 3×2 mm-dir. Prostat vəzinin sol payında bərkimə sahəsi aşkar edilib. Bağırsaqlarda meteorizm, onikibarmaq bağırsaqda isə “bağırsaq daşları” kimi qeyd olunan dəyişikliklər müşahidə edilib", - o qeyd edib.  N.Məmmədlinin sözlərinə görə, nəticələrlə tanış olduqdan sonra qardaşının səhhəti ilə bağlı narahatlıqları daha da artıb. "Məsələ burasındadır ki, bu nəticələrin Ələsgər bəyin səhhətinin real vəziyyətini...
Siyasət

"QHT işi”: Qalib Bayramova 8 il şərti həbs cəzası verilib

9 Sentyabr 2026

sosial media

Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində “QHT işi” üzrə ittiham olunan, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Bayramovun işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, Qalib Bayramova 2 il müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzası 3 il sınaq müddəti seçilməklə, şərti hesab olunub. Onun barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək iltizam tədbiri ilə əvəzlənib. Ötən prosesdə prokuror məhkəmədən Q.Bayramovun 5 ili sınaq müddəti olmaqla 9 il müddətinə şərti olaraq azadlıqdan məhrum...

Seçilmiş Videolar

Toplum TV loqo