Siyasət

Sevinc Vaqifqızı Ombudsmana: “Əgər qeyri-insani münasibəti öz gözlərinizlə görmək istəyirsinizsə, təcridxanaya gəlin”

7 Fevral, 2025
279

sosial media

Abzas Media"nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya açıq məktub yazıb.

Sevinc Vaqifqızı məktubda bildirir ki, Səbinə Əliyevanın "Human Rights Watch" (HRW) beynəlxalq insan haqları təşkilatının icraçı direktoru Tirana Həsənə yazdığı açıq məktubu oxuyandan sonra ona yazmaq qərarına gəlib.

Jurnalist bunun ilk açıq məktub olmasına baxmayaraq daha öncə də Sevinc Əliyevaya məktub ünvanvanladığını bildirib.

"Həbsdə olduğum 1 il 3 ay müddətində təcridxanaya göndərdiyiniz nümayəndələr vasitəsilə sizə 2 məktub göndərmişəm. O məktublarda təcridxanada baş verən işgəncə, korrupsiya cinayətləri, 1 saylı Bakı İstintaq Təcridxanasının (BİT) əməkdaşlarının həbs olunmuş şəxslərlə qeyri-insani rəftarı barədə yazmışam. Bütün vasitələrlə sizə məlumat çatdırdığımız halda "Human Rights Watch" təşkilatına yazdığınız məktubda qeyd edirsiniz ki, Milli Preventiv Qrupun üzvləri "Human Rights Watch"un hesabatında adı çəkilən bir sıra şəxslərlə görüşlər keçirib və onlara qarşı işgəncə və ya qeyri-insani rəftar hallarına dair heç bir fakt aşkarlanmayıb", S. Vaqifqızı məktubda yazır.

Sevinc Vaqifqızı "Abzas Media" jurnalistləri olaraq Milli Preventiv Qrupun üzvləri ilə görüşdə onlara qarşı zorakı davranış barədə Səbinə Əliyevaya xəbər göndərdiklərini qeyd edib.

"Təcridxananın əməkdaşı Şəhla Məmmədovanın Nərgiz Absalamovanı təhqir etdiyini, baş nəzarətçi Əzizə Məmmədovanın onun qolunu nəfəsliyin arasında qoyub əzməsini, nəticədə qolunda yaranan qançır izlərini həkim qeydiyyatına aldırdığını diqqətlərinə çatdırmışıq. Noyabrın 16-da ailəm və vəkilim qarşılaşdığım qeyri-insani rəftarla bağlı qaynar xəttinizə məlumat versə də, daha sonra mətbuata açıqlama verərək sizə müraciət etdiyimizi danmışdınız. Dandığınız gerçəkliyin içərisində Ülvi Həsənlinin 6 ay ərzində təcridxanada 58 nəfərə işgəncə verilməsi ilə bağlı yazısından sonra rəis Elnur İsmayılovun şirnikləndirməsi ilə otaq yoldaşının onun üzərinə ülgüc çəkməsi faktı da var", jurnalis bildirib.

O, "Abzas Media"nın həbsdə olan direktoru Ülvi Həsənli ilə dəhlizdə salamlaşmaq istəyərkən təcridxana əməkdaşının jurnalisti divara çırpıb xəsarət yetirməsini də xatırladıb.

"Belə görürəm son iki həftədə təcridxananın nəzarətçisi Aygül Babayevanın Nərgiz Absalamovaya və bu yazının müəllifinə qarşı qeyri-insani hərəkəti də sizin üçün ötüşdürüb keçdiyiniz xəbərlərdəndir. Yox, əgər qeyri-insani münasibəti öz gözlərinizlə görmək istəyirsinizsə, buyurun, təcridxanaya gəlin. Aygül Babayevanın zorakı hərəkəti ucbatından Nərgizin soyulmuş dərisini görə bilərsiniz. Aygül Babayeva deyir ki, o, təlimat əsasında işləyir və təlimatı verən də təbii ki, təcridxananın rəisi Elnur İsmayılovdur. O da deyir ki, "knopka"ya (düymə red.) bağlı adamdır və yuxarılar nə deyirsə, onu da edir. Sizə şikayət edəcəyimizi deyəndə rəis cavab verir ki, "Ombudsman da bizim adamdır. Biz nə desək, onunla razılaşacaqlar", deyə, baş redaktor məktubuna davam edib.

Jurnalistin sözlərinə görə, Səbinə Əliyevanın "Human Rights Watch"a açıq məktubu göstərir ki, o, təkcə Bakı İstintaq Təcridxanasında saxlanılan siyasi məhbuslara yox, bütün saxlanılanlara qarşı qeyri-insani rəftarı gündəlik norma, məqbul hərəkət kimi qəbul edir:

"Ombudsman Aparatı yaranandan bu yana azı iki dəfə sizin ofisin qarşısına insan haqları ilə əlaqədar gözübağlı müşahidələrinizə etiraz olaraq tabutlar qoyulub. O vaxt gənc fəallar ümid edirdilər ki, bu etirazlar Ombudsman Aparatını insanlara qarşı zorakılıq hallarına, qanunsuzluqlara daha həssas yanaşmağa vadar edəcək. Amma, görünür, idarəniz yenə ört-basdır siyasətini seçib. Son bir ayda həbs yerlərində 11 nəfərin lazımi müalicə ala bilmədiyinə görə o tabutlarda evə göndərilməsi də sizin üçün fakt deyil. Yəqin siz də seçkilər vaxtı Qazax rayonundakı məntəqə üzvü kimi “O, sizin üçün ölüb, bizim üçün yaşayır” tərzində cavab hazırlamağa çalışırsınız. Amma bununla faktları danmırsınız, əksinə İnsan Hüquqları üzrə Müvəkkil adına layiq olmadığınızı göstərirsiniz".

Hələlik Ombudsman Aparatından və digər rəsmi qurumlardan Sevinc Vaqifqızının məktubuna münasibət bildirilməyib.

Yanvarın 31-də Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva "HRW"un icraçı direktoru Tirana Həsənə açıq məktub ünvanlamışdı. Məktubda qeyd edilir ki, "HRW" Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatı "şübhəli və qərəzli mənbələrə" istinadən, Ombudsmanın illik və paralel hesabatları nəzərə alınmadan hazırlanıb.

"HRW"un 2025-ci il yanvarın 16-da dərc etdiyi illik hesabatda Azərbaycanda repressiyaların gücləndiyi, o cümlədən jurnalistlərin, insan hüquqları müdafiəçilərinin və fəalların həbs olunduğuna dair məlumatlar yer alıb.

Hesabatda Azərbaycan həbsxanalarında saxlanılanlarla kobud davranıldığı və onlara işgəncə verildiyi halların olduğu bildirilib.

Hesabatda xatırladılıb ki, Azərbaycan Avropa Şurasının İşgəncələrin və Qeyri-insani və ya Ləyaqəti Alçaldan Rəftar və Cəzaların Qarşısının Alınması Komitəsi (CPT) ilə əməkdaşlıqdan boyun qaçırıb.

Təşkilat rəsmi Bakının bu addımını kəskin tənqid edərək onu Avropa İşgəncələrin Qarşısının Alınması Konvensiyasının "əsaslı və misli görünməmiş pozuntusu” kimi qiymətləndirilib.

Azərbaycanlı rəsmilər ölkədə bütün hüquq və azadlıqların təmin edildiyini qeyd edirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Həyat yoldaşı: "Azər Qasımlının qaldığı 4 nəfərlik kamerada 6 nəfər saxlanılır, biri Hepatit C xəstəsidir"

11 May 2026

Sosial media

Həbsdə olan müxalif siyasətçi Azər Qasımlının saxlanıldığı Umbakı Pentensiar Kompleksində məhbusların saxlanma qaydalarının pozulduğu bildirilir.  Bu barədə onun həyat yoldaşı Samirə Qasımlı sosial media hesabında məlumat yayıb. Onun sözlərinə görə, A.Qasımlının saxlanıldığı kamera 4 nəfər üçün nəzərdə tutulsa da, kamerada 6 nəfər saxlanılır, onların biri isə "Hepatit C" xəstəliyindən əziyyət çəkir.  "Azər şəxsən müraciət etmişdi ki, bu adamın ayaqları şiş vəziyyətində (qanqrena əlamətləri) olduğu üçün təcili xəstəxanaya yerləşdirilməlidir və müalicə olunmalıdır. Bundan sonra xəstə məhbus Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüldü. Lakin bir həftədən sonra, məhbusun dediyinə görə, baş həkimin xəbəri olmadan müalicəsi yarımçıq saxlanılaraq rəisin göstərişi ilə o, yenidən Umbakıya...
Siyasət

AP-də Azərbaycanla bağlı dinləmə: “Avropa Şurasına üzvlük Azərbaycana mətbuat azadlığını qoruma öhdəliyi yaradır”

8 May 2026

açıq mənbə

Mayın 7-də Avropa Parlamentinin İnsan hüquqları altkomitəsində Azərbaycanda insan hüquqlarına dair vəziyyətlə bağlı dinləmə keçirilib.  Dinləmədə çıxış edən hüquq müdafiəçisi Səməd Rəhimli Azərbaycanda siyasi müxalifətə qarşı yeni cinayət işlərinə nümunə olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin dövlət çevrilişinə cəhd ittihamı ilə həbsini və mühacirlərə qarşı hakimiyyəti ələ keçirməyə çağırış ittihamı ilə açılan cinayət işlərini göstərib.  "Azərbaycan hakimiyyəti Cinayət Məcəlləsini müxtəlif cür şərh etməklə qanunları siyasi müxalifətə qarşı öz əlində silaha çevirir. Jurnalistlərə qarşı isə maliyyə ilə bağlı cinayətlərlə əlaqəli ittihamlar irəli sürülür", - o qeyd edib.  Daha sonra çıxış edən "Qəzetçi" nəşrinin baş redaktoru Leyla Mustafayeva isə...

Seçilmiş Videolar

Toplum TV loqo