Siyasət

Nazir Rəşad Nəbiyev: “Təyyarəyə kənar müdaxilə olub”

27 Dekabr, 2024
18

unikal.az

Mütəxəssislərin gəldiyi ilkin qənaət, yerdə olan təyyarə qalıqları və şahid ifadələri deməyə əsas verir ki, təyyarəyə kənar müdaxilə olub. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev jurnalistlərə belə deyib (APA).

Nazir təyyarə qəzasından sonra yaradılan komissiyanın üzvüdür. 

Onun sözlərinə görə, zərərçəkən sərnişinlər və sağ qalan təyyarə bələdçiləri bildiriblər ki, Qroznı üzərində olarkən partlayış səsi eşidiblər: “Hətta təyyarə bələdçisinin birinin qolu yaralanıb. Həmçinin sosial şəbəkələrdən və mətbuatın yaydığı görüntüdən də görmək olur ki, bir xanım qolundan və ayağından xəsarət alıb. Bundan başqa, təyyarənin qanadında deşik izlərini görmək olar. Hava gəmisinin daxilində fuzlayjda və müxtəlif kəsici alətlərlərin zədələri var. Rusiya vətəndaşları olan zərərçəkənlər də bildiriblər ki, Qroznı üzərində 3 dəfə partlayış səsi eşidiblər. Onların dediyinə görə, partlayış səsləri kənardan gəlib, daha sonra təyyarəyə nəsə toxunub”.

Rəşad Nəbiyevin sözlərinə görə, mütəxəssislərin gəldiyi ilkin qənaət, yerdə olan təyyarə qalıqları və şahid ifadələri deməyə əsas verir ki, burada kənar müdaxilə olub. 

“Ancaq kənar müdaxilənin hansı növ silahdan olduğunu istintaq müəyyənləşdirəcək”, nazir əlavə edib. 

O ki qaldı təyyarənin enişinə icazə verilib-verilməməsinə, R.Nəbiyev bunları deyib: “Təyyarənin uçma trayektoriyasına baxılsa, onun uçuş istiqamətini Mahaçqala üzərindən Aktauya doğru götürdüyü aydın olur. Artıq burada təyyarəyə enişə icazənin verilib-verilməməsi istintaqın nəticəsinə görə müəyyən olunacaq. Bundan başqa, pilotun qəza enişini hansı məqsədlə etdiyini də istintaq müəyyən edəcək. GPS-in söndürülməsi ilə bağlı məsələ isə dəlillər ortaya qoyulduqdan sonra aydın olacaq”.

Rəşad Nəbiyev əlavə edib ki, “Embraer” şirkətinin iki mütəxəssisi hadisə yerindədir, araşdırma qrupuna cəlb edilib. Eyni zamanda, Braziliyanın mütəxəssisləri də sabah hadisə yerində olacaqlar: “Qazaxıstan rəsmilərinin verdiyi açıqlamaya baxsaq, təyyarədə oksigen balonunun partlaması iddiasının Rostovda olan dispetçer tərəfindən irəli sürüldüyünə istinad edirlər. Hesab edirik ki, ilk növbədə, bu məlumatın düzgünlüyünü yoxlamaq lazımdır. Bu, maraqlı tərəfdən verilən məlumatdır. Bunu təkzib edən faktlarla bağlı da qeyd etdim ki, partlayış səsləri kənardan gəlib”.

Dekabrın 27-də Rusiya tərəf də etiraf edib ki, Azərbaycan Hava Yollarına məxsus təyyarə qəzaya uğramazdan əvvəl Çeçenistanda hava hücumundan müdafiə sistemləri dronların hücumunu dəf edib. Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrov bildirib ki, AZAL-ın təyyarəsi “Xalça” rejiminə görə Çeçenistan paytaxtına enə bilməyib. Daha əvvəl Ukrayna dronları Qroznı və Vladiqafqaz şəhərlərindəki mülki infrastruktura hücum etdikləri üçün Qroznı hava limanında bütün təyyarələrin ərazini dərhal tərk etmələrini tələb edən rejim tətbiq olunub.

Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau istiqamətinə yön alıb. Az sonra təyyarə şəhərin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişinlə ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb. 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Prokuror Bəxtiyar Hacıyevə 11 il iş istədi

28 Dekabr 2024

açıq mənbədən götürülüb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bəxtiyar Hacıyevin növbəti məhkəmə prosesi keçirilib. Prokuror Hacıyevə 11 il iş istəyib. Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Ötən il iyunun 16-da fəala qarşı maliyyə pozuntuları - qrantların mənimsənilməsilə bağlı yeni ittihamlar irəli sürülüb. O həmçinin qanunsuz sahibkarlıq, pulların yuyulması, qaçaqmalçılıq və saxta sənədlərdən istifadə etməkdə ittiham olunub. Həmin ilin noyabrında ona qarşı daha bir ittiham irəli sürülüb - vergilərin ödənilməməsi. Hacıyev ittihamları rədd edir. O, həbsini siyasi sifariş hesab edir. B.Hacıyev hesab edir ki, həbsinə səbəb Azərbaycan Daxili İşlər Nazirliyinin fəaliyyətini kəskin tənqid etməsidir.  
Siyasət

Təyyarə qəzasına görə Çeçenistanda matəm günü elan olunub

28 Dekabr 2024

açıq mənbədən götürülüb

Azərbaycan Hava Yollarına (AZAL) məxsus, Qroznıya uçan təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Çeçenistanda dekabrın 28-i matəm günü elan olunub (RİA Novosti). Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrov bir gün öncə bildirib ki, təyyarə qəzaya uğramazdan əvvəl Çeçenistanda hava hücumundan müdafiə sistemləri dronların hücumunu dəf edirmiş.  Azərbaycan tərəf hesab edir ki, dekabrın 25-də baş verən qəzadan öncə  təyyarə kənardan fiziki və texniki müdaxiləyə məruz qalıb.   Bundan öncə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov qardaşı oğlunu dekabrın 25-də dronları vurduğuna görə mükafatlandırmışdı.  Azərbaycan qəza ilə bağlı Çeçenistanın yardımlarını qəbul etmıyib.  Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli...

Seçilmiş Videolar

Toplum TV loqo