Məhkəmə “SalamNews”-a aid olduğu deyilən 2 milyon manatın mənbəyini araşdırır
açıq mənbədən götürülüb
Bakı Ağır Cinayətlər Məhkəməsində “SalamNews” informasiya agentliyi və “İnterAz” kanalının rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə məhkəməsi davam edir.
Hazırda məhkəmə şahidləri dindirir. Şahid qismində ifadə verən Fərid Hüseynov Mətləb Bağırovun yaxın qohumudur. O, Mətləb Bağırovla birlikdə saxlanılıb: “Mətləblə Cəlilabaddan Bakıya gəlirdik. Yolda saxladılar, İkimizi də “bandotdel”ə apardılar. Mənə 30 sutka inzibati həbs verdilər, Mətləbə narkotik itthamı verdilər. Bir yaxın qohumu kimi deyirəm ki, Mətləbin narkotiklə uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur”.
Dövlət ittihamçısının suallarını cavablandırarkən şahid deyib ki, Mətləb Bağırovun rəhbərlik etdiyi saytda həm operator işləyib, həm də maliyyə məsələlərinə baxıb: “Mənə pul verirdilər, mən də Mətləbə çatdırırdım. Pulu kim, hansı məqsədlə verirdi, bilmirəm. Bildiyim odur ki, pulu verənlərlə Mətləb arasında biznes əlaqələri vardı. Pul verən adamları tanımıram. Mənə pulu verirdilər, mən də aparıb çatdırırdım”.
Dövlət ittihamçısı şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə ifadəsi arasında ziddiyyət olduğunu bildirib. Buna görə də onun ibtidai istintaqdakı ifadəsinin elan olunmasını xahiş edib. Hakim Leyla Əsgərova-Məmmədovanın şahidin ifadəsini elan edib. Həmin ifadəyə görə, şahid göstərib ki, Mətləb Bağırovun tapşırığıyla Türkiyə vətəndaşı Hüseyin Kefsiz, Anar və adlarını unutduğu daha bir neçə nəfərdən pul götürüb: “Mətləbdən bu pullar barədə dəfələrlə soruşsam da, Mətləb məlumat verməyib. Buna görə də aramızda bir neçə dəfə mübahisə olub. Hətta buna görə bir dəfə işdən də ayrılmışam. Ancaq iş tapa bilmədiyim üçün yenə Mətləbin yanına qayıtmağa məcbur olmuşam”.
Şahid ibtidai istintaqa verdiyi ifadəsində Türkiyə vətəndaşından və Anar adlı şəxsdən hər ay 10 mindən 50 min dollaradək pul aldığını göstərib. Həmin pulların xaricdən gətirildiyini bildirib.
Ancaq Fərid Hüseynov məhkəmədə ibtidai istintaqa verdiyi həmin ifadəsindən imtina edib. Pulların mənbəyindən xəbərsiz olduğunu deyib.
Şahid: - Bu proses 10-15 il ərzində olub. Mətləb Bağırovun çanta biznesi də olub, bu yolla da pullar gəlib.
Prokuror: - Burada söhbət 2 milyon manatdan gedir. Bunların hamısı çantadan gələn gəlir ola bilməzdi.
Şahid: - Mənim məbləğdən, mənbədən xəbərim olmayıb.
Prokurorun sorğulaması başa çatandan sonra hakim növbəti məhkəmə iclasını yanvarın 6-na təyin edib.
Hacı Mətləb kimi tanınan Mətləb Bağırov İranın Qum şəhərində və Suriyada dini təhsil alıb. O, ötən il yanvarın 30-da həbs olunub. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Mətləb Bağırova Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma), 213 (vergidən yayınma) və digər maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb.
****
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
açıq mənbədən götürülüb
Suriyada kim qalib gəldi?
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar