Foto: sosial media
Rusiya vətəndaşı olan talış fəal Kamal İsayevin İstanbulda saxlanılıb Azərbaycana gətirildiyi iddia olunur. Bu barədə “Toplum TV”-yə fəalın həyat yoldaşı Aida İsayeva məlumat verib.
Moskvada yaşayan A.İsayeva deyib ki, həyat yoldaşının həbs olunduğunu noyabrın 12-də Bakıda yaşayan baldızı vasitəsilə öyrənib. Onun sözlərinə görə, K.İsayevlə noyabrın 7-dən etibarən əlaqə saxlamaq mümkün olmayıb.
O əlavə edib ki, hələ də həyat yoldaşı ilə əlaqə qura bilmir və baldızı da həbs barədə məlumatı dövlət hesabına təyin olunan vəkildən əldə edib.
“Vəkil deyir ki, guya Kamal həbsin ictimailəşməsini istəmir. Mən isə bunun yalan olduğunu bilirəm. Eyni hal İqbal Əbilovun da başına gəldi”, - A.İsayeva bildirib.
A.İsayeva qeyd edib ki, həyat yoldaşı Sovet İttifaqı dağılmamışdan əvvəl Moskvaya köçüb və sonradan Rusiya vətəndaşlığı alıb. O, “Facebook” hesabında Rusiya prezidenti Vladimir Putinə müraciət edərək həyat yoldaşının azad olunmasına yardım göstərilməsini xahiş edib.
Onun sözlərinə görə, xroniki peptik yara xəstəliyindən əziyyət çəkən K.İsayev noyabrın 2-də müalicə məqsədilə İstanbula səfər edib.
“7 noyabr gecəsi ‘WhatsApp’ vasitəsilə mesaj göndərdi və bildirdi ki, 8 noyabr gecə reysi ilə evə qayıdacaq”, - A.İsayeva xatırlayıb.
O deyib ki, noyabrın 12-də vəkil K.İsayevin bacısına zəng edərək onun İstanbulda saxlanılıb Bakıya gətirildiyini və hazırda təcridxanada olduğunu söyləyib.
Vəkil Cahangir Cavadov “OC Media”ya bildirib ki, K.İsayev onu vəkil kimi rədd edib və buna görə irəli sürülmüş ittihamlarla bağlı məlumat verə bilməz. Bununla belə, o iddia edib ki, K.İsayevin ikili vətəndaşlığı var və beynəlxalq qanunvericilik onun Azərbaycana deportasiyasını qadağan etmir.
A.İsayeva isə həyat yoldaşının heç vaxt Azərbaycan vətəndaşlığı olmadığını bildirir.
K.İsayevin “YouTube” platformasında “Jahid Kamal” və “Arya Toloş” adlı kanalları olub və o, Azərbaycan hakimiyyətinin etnik azlıqlarla bağlı siyasətini mütəmadi tənqid edib.
“O, talışların hüquqlarından, talış dilinin ölməsindən danışırdı. Həmçinin siyasi məhbusları müdafiə edirdi. Heç vaxt dövlət çevrilişindən danışmayıb”, - A.İsayeva deyib.
Mart ayında talış tarixçi Zahirəddin İbrahimovun Rusiyanın Yekaterinburq şəhərində yoxa çıxdığı xəbəri yayılmışdı. Bir müddət sonra onun Lənkəranda yaşayan qohumları Dövlət Təhlükəsizliyi Xidmətindən məktub alıblar. Məktubda Z.İbrahimova qarşı dövlətə xəyanət də daxil olmaqla bir neçə ittiham qeyd olunub.
Bundan əvvəl isə Belarusda yaşayan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilov Azərbaycana səfəri zamanı - 2024-cü il iyulun 22-də saxlanılmışdı. Ona Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən 18 il həbs cəzası verilib.
İttihama görə, İ.Əbilov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda və milli zəmində nifrət yaratmaq cəhdində günahlandırılır. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (xarici təşkilatların tapşırığı ilə dövlət əleyhinə çağırışlar) və 283.1-ci (nifrət və düşmənçilik salma) maddələri ilə ittiham olunur.
İ.Əbilovun Hüquqlarını Müdafiə Komitəsi isə bildirir ki, o, heç bir siyasi fəaliyyətlə məşğul olmayıb və “yeganə cinayəti” elmi obyektivlik və mədəni irsin qorunması olub.
BMT məruzəçiləri də daxil olmaqla bir neçə beynəlxalq insan haqları təşkilatı İqbal Əbilovu “siyasi məhbus” kimi tanıyıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
AXCP: “Məhkəmə beş ayda Əli Kərimli ilə bağlı səkkiz şikayəti geri qaytarıb”
şəxsi arxivi
president.az
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”