Siyasət

Pünhan Kərimli: “Dedilər ki, özün yaxşı bilirsən səni niyə tutmuşuq, sən dövlətə, prezidentə qarşı çıxışlar edirsən”

1 İyun, 2022
3499

Pünhan Kərimli - sosial media

İyunun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunan ictimai fəal Pünhan Kərimlinin məhkəməsi davam edib.

Toplum Tv-nin xəbərinə görə, məhkəmə iclasına hakim Samir Əliyev sədrlik edir.

Məhkəmə iclası başlayan kimi vəkil Cavad Cavadov təqsirləndirilən şəxsin atasının şahid qismində dindirilməsinə dair vəsatət qaldırıb. Vəkil vəsatəti onunla əsaslandırıb ki, Pünhan Kərimli atasıyla birlikdə vergi idarəsindən çıxarkən onun gözü qarşısında həbs edilib. Vəsatətdə Pünhan Kərimlinin saxlandığı ərazidəki müşahidə kamerasının qeydə aldığı görüntülərə məhkəmədə baxış keçirilməsi də yer alıb.

Cavad Cavadov eyni vəsatəti istintaq zamanı və məhkəmə başlayarkən də qaldırdığını, ancaq müstəntiqin onu rədd etdiyini, məhkəmənin hazırlıq iclasındasa vəsatətin baxılmamış saxlanıldığını bildirib. Hakim bu gün də vəsatəti baxılmamış saxlayıb.

Sonra Pünhan Kərimli ifadə verib və ona qarşı irəli sürülmüş ittihamları rədd edib.

Pünhan Kərimli universiteti bitirəndən sonra ictimai-siyasi fəaliyyətlə məşğul olduğunu, 2016-cı ildən AXCP üzvü olduğunu, 2018-ci ildə Almaniyaya siyasi mühacirətə getdiyini və siyasi fəaliyyətini orada davam etdirdiyini deyib.

O, 2021-ci ilin noyabrında Azərbaycana deportasiya edilib.

P.Kərimlinin sözlərinə görə, bu il yanvarın 25-də günorta saat 13 radələrində VÖEN almaq üçün atasıyla birlikdə metronun “Nərimanov” stansiyası yaxınlığındakı Vergilər Departamentinə gedib və oradan çıxıb bir neçə metr irəlilədikdən sonra ona hücum ediblər.

“4 nəfər üstümə cumub, zor tətbiq edərək məni maşına mindirdi. Dedilər ki, adın Əlidir. Dedim ki, mən Əli deyiləm. Soruşdular: “Üstündə silah var?”, cavab verdim ki, yoxdur. Sonra sürücünün yanında oturan dedi: “Adın Pünhandır, özün yaxşı bilirsən səni niyə tutmuşuq, bizi incitmə. Sən dövlətə, prezidentə qarşı çıxışlar edirsən”. Maşında öz gödəkçəmi başıma keçirtdilər, məni döydülər. Nərimanov rayon Polis İdarəsində cibimə narkotik atdılar. Sonra da guya ciblərimi yoxladılar və iki bükümü “tapdılar”. Dedilər ki, bu dövlətin yazılmamış qaydaları var. Məndən əvvəl Mütəllimlə Maliki də eyni qaydada həbs etmişdilər. Dedilər: “Səni də onların gününə qoyarıq”. Mənə psixoloji və fiziki güc tətbiq etdilər”, - Pünhan Kərimli məhkəməyə verdiyi ifadəsində belə söyləyib.

Sonra dövlət ittihamçısı deportasiya edilməsi ilə bağlı suallar verib. Məhkəmə iclası davam edir.

Ötən ilin noyabrında Almaniyadan readmissiya üzrə qayıdan Pünhan Kərimli yanvarın 25-də saxlanılıb. Onun barəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. İttihama görə, Pünhan Kərimlidən 7,5 qram heroin və 2,5 qram metamfetamin tapılıb. Amma ictimai fəal narkotik maddələrin onun üzərinə polisin qoyduğunu deyib.

Pünhan Kərimli həm ibtidai istintaq zamanı, həm də məhkəmədə bildirib ki, onu siyasi motivlərlə, Azərbaycanda insan hüquqlarının pozulmasına etiraz olaraq Almaniyada keçirilən aksiyalarda iştiraka görə həbs ediblər.

Qeyd edək ki, 2021-ci ilin noyabrında Almaniyadan göndərilmiş daha bir fəal Cəfər Mirzəyev də yanvarın 27-də narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə saxlanılıb.

Bundan əlavə, Almaniyadan qayıdan daha iki fəal - Mütəllim Orucov və Malik Rzayev ötən ilin payızında həbs edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....
Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...

Seçilmiş Videolar

Toplum TV loqo