Məhkəmə

“Meydan TV işi“: ‘Azərbaycanda korrupsiyadan, diktaturadan danışmaq cinayətdir’

27 İyul, 2026
24

Meydan TV

Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Meydan TV”-nin xəbərinə görə, iyulun 24-də hakim Zaur Hacıyevin sədrlik etdiyi məhkəmə iclasında həbsdə olan 12 nəfərdən daha üç jurnalist - Xəyalə Ağayeva, Fatimə Mövlamlı və Ramin Deko (Cəbrayılzadə) ifadə verib.

Bu dəfəki məhkəmə iclasında əvvəlcə təqsirləndirilən jurnalistlər və onların vəkilləri vəsatətlərini təqdim ediblər.

Xəyalə Ağayeva saxlanıldığı Bakı İstintaq Təcridxanasında danışıq hüququnun pozulduğunu bildirib. Onun sözlərinə görə, iyulun 23-də telefonla danışarkən danışıq qəfil kəsilib və bunun səbəbi ilə bağlı ona heç bir izah verilməyib.

Nurlan Libre (Qəhrəmanlı) isə dostlarının ona yazdığı məktubların verilmədiyini bildirib və qeyd edib ki, bu, hüquq pozuntusudur və aradan qaldırılmalıdır.

Vəkili isə qeyd edib ki, hətta ittiham aktını da müvəkkilinə verməyə qoymurlar.

Hakim Zaur Hacıyev bildirib ki, təqsirləndirilən şəxslərin bu cür şikayətləri varsa, onlar vəkilləri ilə məsləhətləşərək məhkəmə nəzarəti qaydasında ayrıca məhkəməyə müraciət edə bilərlər. Hakim əlavə edib ki, təqsirləndirilən şəxsə ittiham aktının təqdim olunması ilə bağlı isə hər hansı problem ola bilməz.

Təqsirləndirilən şəxslərdən “Meydan TV”-nin baş redaktoru Aynur Elgünəş (Qənbərova) xatırladıb ki, məhkəmə prosesinin əvvəlində həbsindən əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən izlənildiyini göstərən sənədi məhkəməyə təqdim edib:

“DTX mənim və yaxın ətrafımın 6 ay ərzində izlənməsi barədə məhkəmə qərarı almışdı. Mən həmin qərarı təqdim etmişəm. 6 ayın tamamında isə mən həbs olunmuşam. Bu isə həbsimin əvvəldən planlaşdırılmasının sübutudur”.

Aynur Elgünəşin vəsatəti baxılmamış saxlanılıb, hakim bildirib ki, bu məsələyə sənədlərin tədqiqi mərhələsində qiymət veriləcək.

Vəkil Rövşanə Rəhimli eyni zamanda həm Nurlan Librenin, həm də Şəmşad Ağanın (Ağayev) vəkili olduğunu əsas gətirərək, Bakı İstintaq Təcridxanasında olduğu zaman onun eyni vaxtda hər iki müvəkkili ilə görüşməsinə icazə verilməsi barədə vəsatət qaldırıb. Məhkəmə kollegiyası bildirib ki, buna etiraz yoxdur.

Daha sonra məhkəmədə jurnalistlər ifadə verməyə başlayıblar. Xəyalə Ağayeva ifadəsinə müstəqil media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik etməklə başlayıb:

“Əkinçi” qəzetinin son sayında belə bir elan verilib: “Biz xəstə olduğumuza görə ilin axırıncı nömrələri öz vaxtında çıxmayacaq və onların nə vaxt çıxacağı məlum deyil”.

Elə bu saydan sonra da “Əkinçi” qapadıldı. Və beləcə, milli mətbuat 151 ildir ki, həmin xəstəliklə mübarizə aparır. Despotizmin yaydığı susqunluq epidemiyasına qarşı müqavimət göstərir. Bilirik ki, heç bir despotun hücumu mətbuat qarşısında öldürücü ola bilməz. İlham Əliyev də istisna deyil. Əksinə, elə onun özünün mediaya ehtiyacı var. Dörd ildir ki, Şuşada Beynəlxalq Media Forumu keçirilir. İşi düşəndə jurnalistləri başına yığıb mətbuat vasitəsilə, onlardan istifadə edərək öz fikirlərini dünyaya çatdırır. Lakin özündən başqa heç kəsə bu haqqı tanımır.

Güc strukturları düşüncə üyüdən qaranlıq dəyirmanlara çevrilib. Hətta sosial media üzərindən sistemə qarşı ən kövrək etiraz da həbslə nəticələnir. Elə bu ay “Meydan TV”də yayımlanan bir süjetdə vətəndaş deyir ki, onun atası Dövlət Sərhəd Xidmətinin əməkdaşının törətdiyi avtoqəzada ölüb, polis isə işi ört-basdır edib. Mediada bu məlumatı görən dövlət dərhal hərəkətə keçib, danışan adamı polis bölməsinə gətirib, təhdidlə videonun silinməsini tələb edib. Məqsədinə nail ola bilmədikdə isə vətəndaşı 15 sutka həbslə cəzalandırıb. Bu hadisə özlüyündə iki faktı təsdiqləyir”.

Xəyalə Ağayeva ifadəsini yekunlaşdırandan sonra prokuror Vüsal Abdullayev ona suallar ünvanlasa da, jurnalist cavab verməkdən imtina edib:

“Mən hökumət sifarişçisinin heç bir sualına cavab vermirəm”.

Daha sonra jurnalistlərdən Fatimə Mövlamlı ifadə verib.

“Müstəqil mediada fəaliyyət göstərmək həmişə məhrumiyyətlərlə üz-üzə dayanmaq demək idi. 2023-cü ilin sonlarına doğru isə müstəqil jurnalistlər üçün vəziyyət bir az da qəlizləşdi. Nə mürtəce media qanunu, nə polis xofu müstəqil jurnalistləri dayandıra bilmədiyinə görə qəzəblənən siyasi hakimiyyət kütləvi həbslərə əl atdı. “Abzas Media”-nın bütün komandasının həbs olunması ilə başlayan total repressiv hücum ayrı-ayrı jurnalistlərin, eləcə də “Toplum TV” və “Meydan TV” əməkdaşlarının həbsi ilə müşayiət olundu. Hər gün yeni bir həbs xəbəri gəlir, dünən yanaşı dayanıb müsahibə aldığın həmkarın sabah “qaçaqmalçı” adı ilə şərlənirdi. Məqsəd müstəqil səsləri susdurmaqla yanaşı, həmin səsləri xalqa və dünyaya çatdıran jurnalistlərin də qarşısını almaq idi. Haqsız həbsdən yayınmağım üçün yaxınlarımın səmimi narahatlıqla dilə gətirdiyi “ölkədən get” yaxud “fəaliyyətinə bir müddət ara ver” məsləhətlərinə qulaq asmadım. Peşəmə daha möhkəm və inadkar bir sevgi ilə bağlandım. Yalnız həqiqətləri yazıb, mikrofonumu danışmaq istəyən hər kəsə uzatmağa davam etdim. Həbsimi labüd edən xüsuslar da elə bunlar oldu. Buna görədir ki, bir ildən çoxdur adına “Meydan TV işi” deyilən cinayət işində təqsirləndirilən şəxs statusu ilə həbsdə saxlanılıram”, - Mövlamlı bildirib.

Fatimə Mövlamlı da prokuror Vüsal Abdullayevin suallarını cavablandırmaqdan imtina edib.

Daha sonra Ramin Deko ötən məhkəmə iclaslarında verdiyi ifadəsinə əlavəni təqdim edib:

“Qəbullanıram, etiraf edirəm ki, bəlkə də harada yaşadığımın, nə işlə məşğul olduğumun fərqində deyilmişəm. Bilməmişəm ki, Azərbaycanda korrupsiyadan, nepotizmdən, diktaturadan danışmaq, yazmaq, reportajlar hazırlamaq bir cinayətdir. Oxuduğum kitablarda, televiziyada, hətta Konstitusiyada ölkəmizin müstəqil, vətəndaşların isə azad olduğu qeyd edilib. O da vurğulanıb ki, hər kəs fikrini deməkdə azaddır. Yəni mən belə eşitmişəm, oxumuşam. Bunları icra edəndə, reallaşdıranda həbs olunmuşam. Bildim ki, həqiqətləri bizim ölkədə demək cinayət imiş. Bizi çirkli pulların yuyulmasında, ölkəyə narkotik daşınmasında, dələduzluqda da ittiham edə bilərsiniz. Onsuz da Azərbaycan məhkəmələri dünyanın bütün tribunalarında bizi biabır edib. Həbsimə görə kimsəni qınamıram. Məhkəmədən xüsusi gözləntim yoxdur. Siz qərar verəcək şəxs deyilsiniz.

Mən 2024-cü il dekabrın 6-da Tbilisidən Bakıya gəlmişəm. Təyyarədə 100-ə yaxın sərnişin var idi. Bakı hava limanında bu qədər sərnişindən yalnız mən yoxlamadan keçmişəm. Əl və yük çantalarım kamera nəzarəti ilə yoxlanılıb. Əl çantamda zərfin içində 8000 avro pul olub. Soruşublar, nəzarətçilərə demişəm. Buna görə saxlanılmamışam. Çünki qaçaqmalçılıq yaradacaq bir məbləğ olmayıb. 8000 avronu ölkəyə gətirmək cinayət tərkibi yaratmır. Hava limanını sifariş etdiyim taksi ilə tərk etmişəm. Təxminən 5 dəqiqə sonra Bakı Şəhər Baş Polis İdarəsinin əməliyyatçıları tərəfindən saxlanılaraq həbs edilmişəm. Niyə hava limanında əməliyyat keçirilərək saxlanılmamışam? Çünki üzərimdə qaçaqmalçılıq halı yaratmayacaq 8000 avro olub. Orada məni saxlayıb yük çantama 30 min avro qoya bilməyəcəkdilər. Ətrafda adamlar çox idi. Kimsə bunu lentə ala, çəkə bilərdi. Ona görə gözdən uzaq bir yerdə maşını saxladıb məni tutdular. Məni həbs edən kimi əməliyyat çəkilişi olmadı. Təxminən 20 dəqiqə əməliyyatçıların avtomobilində saxladılar. Bu müddət ərzində çantama, yəni taksinin baqajında olan yük çantama 30 min avronu qoydular. Bundan sonra əməliyyat çəkilişə başlanıldı.

Çəkilişdə də 8 min avronun mənə məxsus olduğunu, “30 min avrodan xəbərsizəm”, – dedim. Əgər əməliyyat çəkilişi məhkəmədə nümayiş etdirilsə, görəcəksiniz ki, mənə məxsus olan 8 min avro bir zərfin içində əl çantamdadır, 30 min avro isə yük çantamda çirkli paltarların üstündə açıq şəkildədir. Sual yaranır: hansı ağıllı adam bu qədər pulu belə açıq şəkildə ölkəyə, həm də qaçaqmalçılıq yolu ilə gətirər? Bizim ölkə belədir. Azərbaycanda etmədiyin əməl belə sorğulanır. Bizim ölkədə niyyət sorğulanır. Bizim ölkədə niyyətin özü belə cinayətdir”, - deyə jurnalist qeyd edib.

O da prokurorun suallarını cavablandırmaqdan imtina edib.

Ötən məhkəmə iclaslarında Ramin Dekonun vəkilləri onun 2024-cü il dekabrın 6-da Gürcüstandan qayıdarkən Bakı hava limanında gömrük yoxlaması zamanı çəkilmiş görüntülərinin əldə olunması üçün sorğu göndərilməsi barədə vəsatət qaldırmış, məhkəmə isə vəsatəti təmin etmişdi.

Bu dəfəki iclasda hakim sorğuya cavab daxil olduğunu açıqlayıb. Cavabda bildirilib ki, görüntülərin təqdim olunması mümkün deyil. İmtina texniki səbəblərlə əsaslandırılıb.

Buna etiraz edən təqsirləndirilən jurnalist Şəmşad Ağa bildirib ki, məhkəmə iş üçün mühüm əhəmiyyət daşıyan görüntülərin əldə edilməsini təmin edə bilmirsə, ədalətli məhkəmə araşdırmasından danışmaq mümkün deyil.

Vəkil Şəhla Hümbətova təkrar sorğu göndərilməsi barədə vəsatət qaldırıb. Vəkil qeyd edib ki, bu, çox mühüm məsələdir: “Texniki imkan yoxdur” deməklə məsələ bitə bilməz. Təkrar sorğu göndərilməlidir. Əhəmiyyətli sübutdur”.

Hakim bildirib ki, növbəti məhkəmədə bu məsələ müzakirə olunacaq.

Növbəti proses avqustun 7-də baş tutacaq.

“Meydan TV işi” üzrə 12 nəfər ittiham olunur.

2024-cü il dekabrın 6-da “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.

Sonradan “Arqument.az” saytının baş redaktoru, “Meydan TV” ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs edilib.

Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar.

Jurnalistlər özlərini təqsirli bilmir, peşə fəaliyyətlərinə görə həbs olunduqlarını deyirlər.

Bu variantda yalnız orfoqrafik, hərf və qrammatik xətalar düzəldilib, məzmun və üslub maksimum dərəcədə saxlanılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Prokuror Anar Məmmədliyə 14, Anar Abdullaya 13 il həbs cəzası istəyib

24 İyul 2026

Toplum TV

İyulun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) həbsdə olan sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA yazır ki, hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə cinayət işində olan sənədlər tədqiq edilib. Prosesin davamında dövlət ittihamçısı çıxış edərək 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, Anar Məmmədlinin 14 il, Anar Abdullayevin isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Növbəti proses avqustun 7-nə təyin edilib. Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb. O, Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq maddəsilə...
Məhkəmə

Prokuror Əli Kərimlinin mühafizəçisinə 10 il həbs cəzası istəyib

23 İyul 2026

Açıq mənbə

İyulun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Kənan Zeynalovun (Basqal) işi üzrə növbəti məhkəmə prosesi keçirilib. "Azadlıq Radiosu"nun xəbərinə görə, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Kənan Zeynalovun 10 il azadlıqdan məhrum edilməsini istəyib. Prokuror iddia edib ki, AXCP fəalına verilən, Anar Rəhimov adlı şəxsə bıçaqla xəsarət yetirməsi barədə ittiham məhkəmədə təsdiqini tapıb. K.Basqalın vəkili Nazim Musayev isə məhkəmə istintaqının yekunlaşmasına etiraz edib. O bildirib ki, proses boyu müdafiə tərəfinin qaldırdığı vəsatətlərin heç biri təmin olunmayıb. İyulun 23-də keçirilən məhkəmə iclasında da vəkil bir...

Seçilmiş Videolar

Toplum TV loqo