Siyasət

Zelenski: “Azərbaycanla dron sazişi çərçivəsində müqavilələr imzalanıb”

16 noyabr, 2026
50

president.az

Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra iki ölkənin dron sahəsində əməkdaşlığa dair saziş çərçivəsində müqavilələr imzaladığını bildirib.

Zelenski bu barədə Dublində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində İlham Əliyevlə görüşündən sonra “X” sosial şəbəkəsində yazıb.

“İlk növbədə, dron sazişi, müqavilələr imzalanıb və sifarişlərin həcmini artırmaq üzərində işləyirik. Həmçinin Azərbaycan şirkətlərinin Rusiyanın hücumlarına baxmayaraq, Ukraynada qalmasını və fəaliyyətini davam etdirməsini yüksək qiymətləndiririk”, - Zelenski bildirib.

Ukrayna tərəfi müqavilələrin detalları barədə əlavə məlumat açıqlamayıb. Razılaşmaların dron alışı, birgə istehsal və ya texnologiya transferini əhatə edib-etmədiyi məlum deyil.

Azərbaycan Prezident Administrasiyasının görüşlə bağlı məlumatında dron sahəsindəki müqavilələrdən bəhs olunmayıb. Açıqlamada ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, özəl şirkətlər arasında əməkdaşlıq və Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardım, o cümlədən elektrik avadanlığı ilə təminat vurğulanıb.

Bu, Bakı ilə Kiyev arasında müdafiə əməkdaşlığının genişləndirilməsi istiqamətində son aylarda atılan növbəti addımdır.

Aprelin 25-də Zelenski Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra ilk dəfə Azərbaycana səfər edib. O, Qəbələdə İlham Əliyevlə görüşüb, tərəflər əməkdaşlığın müxtəlif sahələrini əhatə edən altı ikitərəfli sənəd imzalayıblar.

Həmin görüşdən sonra Zelenski təhlükəsizlik və müdafiə sənayesinin prioritet istiqamətlərdən olduğunu deyib. 

İlham Əliyev isə iki ölkə arasında hərbi-texniki əməkdaşlıq potensialının olduğunu qeyd edib.

Rusiya 2025-ci ilin avqustunda Ukraynanın Odesa vilayətində SOCAR-a məxsus neft bazasına iki dəfə zərbə endirib. Avqustun 8-də baş verən hücum nəticəsində şirkətin dörd əməkdaşının yaralandığı bildirilmişdi. Avqustun 18-də obyekt yenidən hədəfə alınıb.

Həmin ay Rusiya dronları Rumıniya sərhədi yaxınlığındakı Orlivka qaz-kompressor stansiyasına da hücum etmişdi. Trans-Balkan qaz marşrutunun tərkib hissəsi olan stansiya vasitəsilə Ukraynaya sınaq həcmlərində Azərbaycan qazı nəql edilirdi.

2026-cı il iyulun 5-də isə Rusiyanın Mikolayiv vilayətində SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə zərbə endirdiyi bildirilmişdi. Azərbaycan Xarici İşlər Nazirliyi bu hadisədən sonra Rusiyaya nota vermiş, SOCAR obyektlərinə hücumların davam etdiyini açıqlamışdı.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

AXCP üzvü Elnur Yusubov 30 sutka həbs edilib

16 noyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sabunçu rayon şöbəsinin sədri Elnur Yusubov 30 sutka inzibati həbs cəzası alıb. Partiya üzvlərinin məlumatına görə, Yusubov noyabrın 13-də İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzindən ailəsinə zəng edərək həbs olunduğunu bildirib. AXCP fəalı sosial şəbəkələrdəki paylaşımlarına görə İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinib. Həmin maddə internetdə yayılması qanunla qadağan edilən məlumatların yerləşdirilməsinə görə məsuliyyət nəzərdə tutur. Yusubovun konkret hansı paylaşımına görə cəzalandırıldığı açıqlanmayıb. AXCP-dən bildirilib ki, ixtisasca diş həkimi olan Yusubov şöbə sədri vəzifəsinə yeni seçilib. Partiyanın məlumatına görə, o, sosial şəbəkələrdə hakimiyyəti tənqid edən paylaşımlar edib. Yusubovun həbsi noyabrın 12-də onun itkin düşməsi...
Siyasət

Məktəblərdə hicab qadağasına etiraz edən inanclı məhbusun döyüldüyü bildirilir

16 noyabr 2026

Foto: şəxsi arxiv

11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan inanclı fəal Fuad Əsgərovun aclıq aksiyası keçirdiyinə görə zorakılığa məruz qaldığı bildirilir. Bu barədə Əsgərovun yaxınlarına istinadən Müsəlman Birliyi Hərəkatı İdarə Heyətinin üzvü Əbülfəz Bünyadov məlumat yayıb. Bünyadovun sözlərinə görə, Əsgərov hicablı şagirdlərin baş örtüyünə görə dərsə buraxılmamasına etiraz olaraq oktyabrın 19-da aclıq aksiyasına başlayıb. “Ertəsi gün müəssisə rəisi Şakir Qəniyev Əsgərovu qəbul edərək ondan aksiyanı dayandırmağı tələb edib. Əsgərov bundan imtina etdikdən sonra huşunu itirənədək döyülüb”, - Bünyadov məhbusun yaxınlarına istinadən yazıb. Yaxınlarının bildirdiyinə görə, hadisədən sonra Əsgərov Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürülüb və orada təkadamlıq kamerada saxlanılıb. Onların iddiasına əsasən, fəalın ailəsi və...

Seçilmiş Videolar

Toplum TV loqo