Sosial

Haqqında çox danışılan film: “Qərb cəbhəsində yenilik yoxdur”

31 Oktyabr, 2022
4579

Oktyabrın 28-də Netfliksdə alman yazıçısı Erix Mariya Remarkın “Qərb cəbhəsində yenilik yoxdur” romanının ekranlaşdırılması göstərildi. Bu, əsərin alman dilində ilk ekranlaşdırılmasıdır. Rejissor Edvard Berger filmi çılpaq göstərir: kirli, qanlı və mənasız. Müəlliflər deyirlər ki, film Ukrayna müharibəsi kontekstində başqa cür qavranılır və döyüş meydanında qətli romantikləşdirməyin lazımsızlığı barədə növbəti dəfə düşünməyə sövq edir. Kino şərhçisi İrina Karpova “Meduza”da öz təəssüratlarını paylaşıb

Toplum Tv məqaləni azərbaycan dilində oxuculara təqdim edir.

Erix Mariya Remarkın müharibə əleyhinə “Qərb cəbhəsində yenilik yoxdur” romanının yeni ekranlaşdırılması döyüş meydanında səngərdən başlayır – palçıq, kir və barıt tüstüsü içində. Yeni əsgər hücuma keçir, bir atəş və o, artıq ölüdür. Amma kameranın fokusunda ölən əsgər yox, əsgər forması olur. Ölənin bədənini ondan çıxarırlar, forma qana bulaşmış bağlamanın içinə düşür, belə bağlamalarla dolu vaqon arxa cəbhəyə gedir, formanı ləyəndə qaynadırlar, sonra da nəhəng sexdə tikişçi qızın əlləri deşiyi tikir, nəhayət, artıq bir ölüyə xidmət etmiş formanı çağırış komissiyası filmin baş qəhrəmanına – Paul Boymerə (Feliks Kammerer) təqdim edir. Boymer məktəbi təzəcə bitirib və dörd dostu ilə birlikdə könüllü cəbhəyə yollanır.

https://toplum.tv/sosial/rusiyani-terk-eden-vetendaslar-rusiya-veten-o-nedir-evvelceden-cixmaq-lazimiydi

“Qərb cəbhəsində yenilik yoxdur” romanı ilk dəfə 1928-ci ildə Berlinin “Vossische Zeitung” qəzetində hissə-hissə, sonra da 1929-cu ilin yanvarında ayrıca kitab şəklində çap olunub: indi də mövcud olan “Ullstein” nəşriyyatı tanınmamış müəllifin müharibə haqqında kitabını heç kəsin oxumaq istəməyəcəyindən ehtiyat edərək oxucuları bu üsulla hazırlayırdı. Birinci üç ay ərzində Veymar respublikasında romanın 500 min nüsxəsi satıldı. Bu gün “Qərb cəbhəsində yenilik yoxdur” 53 dilə tərcümə olunub, ümumi tirajı isə 40 milyon nüsxəni keçib.

Buna görə də Netfliksin dəstəyi ilə alman rejissor Edvard Berger tərəfindən çəkilən filmin 94 il ərzində yalnız üçüncü və alman dilində ilk ekranlaşdırılma olması belə təəccüblüdür. Ən məşhur ekranlaşdırılması kitabdan bir il sonra, 1930-cu ildə olub. Lyuis Maylstounun çəkdiyi ağ-qara film ən yaxşı film və ən yaxşı rejissor işinə görə “Oskar” mükafatı alıb. Film Almaniyada hakimiyyətə gələn nasional-sosialistlər tərəfindən qadağan edildi, roman özü isə digər “antialman” kitablarla birlikdə 1933-cü ildə Berlində opera binası qarşısında nümayişkaranə surətdə yandırıldı.

Berlində kitabların yandırılması (1933)

Romanı növbəti dəfə lentə köçürmək cəhdi 1979-cu ildə baş verdi. Delbert Mann CBS üçün televiziya filmi çəkdi. Nəhayət, budur, yeni film çəkilib, həm də hibrid formada, həm kinozalda, həm də evdə baxmaq üçün yaradılıb. Filmin dünya premyerası Toronto festivalında, Avropa premyerası Sürix festivalında olub. Sentyabrın sonlarından alman prokatında gedir və oktyabrın 28-də Neftliksdə start götürüb.

Edvard Bergerin filmi bu günə qədər Netfliksin almanca ən bahalı kino məhsuludur. O, artıq 2023-cü ildə ən yaxşı xarici film nominasiyasında “Oskar”a namizəd göstərilib. Baş qəhrəmanı, dünənki məktəbli Paul Boymeri avstriyalı, Vyana teatrının aktyoru Feliks Kammerer  oynayır. Onun 27 yaşı var və bu, kinoda ilk böyük roludur. Verger onu uzun axtarşlardan sonra “qeyri-müasir, sanki başqa dövrə məxsus simasına görə” baş rola seçib.  Ssenari ingiliscə yazılıb, almancaya çevrilib və öz vaxtını 10 il gözləyib. Bu, müəlliflər üçün də kinoda ilk böyük işdir: Yen Stokell “The Washington Post”un keçmiş jurnalisti və idman kouçinqi üzrə kitabların müəllifidir, Lesli Paterson da şotlandiyalı triatlon çempionudur. 

Yeni film, şübhəsiz, əsərin ruhunu ötürür, kitab birnəfəsə oxunan kimi filmin getdiyi 2,5 saat ərzində də çətin ki, saatınıza baxasınız. Əvvəlki ekranlaşdırmalarla müqayisədə Berger materialla daha sərbəst davranır: romanda təsvir olunan əziyyətli təlimlər, baş qəhrəmanın məzuniyyəti, uzun müddət lazaretdə yatması filmdə yoxdur.

“Qərb cəbhəsində yenilik yoxdur” torpağın, dəmirin və insan bədənlərinin vahid kütləyə döndüyü ətçəkəndir. Bu mənada film romana sadiqdir və eyni zamanda müharibənin dəhşətlərini göstərmək cəhdində Elem Klimovun “Get və bax” filmi ilə yaxındır. Məsələn, onu eyni hadisələr haqqında cəbhənin o biri tərəfindən çəkilmiş “1917” (Sem Mendes) filmi ilə müqayisə etmək olmaz: Mendesdə britaniyalıların missiyası İndiana Consun macəralarını xatırladır ki, bunu Bergerin filmi haqqında demək olmaz.

Filmdən kadr - Netfliks

Həm “1917”, həm də Kristofer Nolanın “Dünkerk”i ilə müqayisədən qaçmaq olmaz, axı “Qərb cəbhəsində” vizual olaraq miqyası, kinomatoqraflığı və emosionallığı birləşdirən yeni tərz Hollivud filmidir.

Operator Ceyms Frendin kamerası vasitəsilə biz tüstülənən səngərləri, tikanlı məftil düyünlərini və partlayan mərmilərin açdığı, insan cəsədlərinin fraqmentləri ilə dolu torpaq çalalarını görürük. Alman filminin təbiiliyi bütün ağlagələn, müharibə dəhşətlərini böyük və kiçik ekranda göstərmək üçün məqbul hədləri keçir. Berger, Frend və ssenaristlər Mendesin getməyə qorxduğu, ya da istəmədiyi yerə - zülmətə qədəm qoyublar.

Amma Bergerin filmi müharibə haqqında çoxsaylı filmlərlə rəqabət aparmayacaq. Əsl müharibə ekran hüdudlarından kənarda gedir və bu, hər şeyi dönməz şəkildə dəyişir. Xəbər lentində, tvitterdə, teleqram kanallarında həqiqi müharibə haqqında quruluşsuz, mənhus xəbərlərin gözlədiyi tamaşaçılar daxili qüvvələrini və həyəcanlarını kamera qarşısında oynanılan göz yaşı və ağrıya həsr etməyə hazırdırlarmı?

 Berger, Kammerer və digər aktyorlar öz işlərinin Ukrayna müharibəsi ilə üst-üstə düşdüyünü açıq söyləyirlər və müharibə əleyhinə film çəkdiklərini vurğulayırlar. İfadələrini diqqətlə seçən Berger müsahibəsində deyir ki, tarixi hadisələri alman tərəfindən göstərmək naminə rejissor kreslosuna oturmağa razılıq verib. Söyləyir ki, Almaniya, mahiyyətcə, XX əsrin əvvəllərində yeganə ölkə idi ki, özünüməhv impulslarını xarici aləmə püskürdü. Mübahisəli bəyanat ola bilər, amma mənası aydındır: alman əsgərinə empatiya Almaniya hüdudlarından kənarda hələ də yeni duyğudur.

Fransua Trüffo “Chicago Tribune”un kinotənqidçisi Cin Siskelə deyirdi ki, müharibə əleyhinə istənilən film son nəticədə müharibə haqqında filmə çevrilir və Stenli Kubrikin elə Birinci dünya müharibəsi haqqında “Şöhrət yolları” filmini misal göstərirdi. Remarkın yeni ekranlaşdırılmasının müharibə məkanı kişi əzabı, kişi dostluğu və kişi ölümü ərazisidir. Film bir buxanka çörək və ciyər kolbasası tikəsindən ötrü almanlarla görüşə gedən fransız qadınları, yaralıların ağır bədənlərini qaldıran və bələyən rahibələri, əsgər analarını təsvir edən gənc yazıçı-veteranın mətnindən daha homogendir.

Ukraynadakı hadisələr, minlərlə sənədli dəlil-sübutlar əksini deyir: müharibə gənclər üçün nəinki “qırışlar əleyhinə dərman”dır, o, hər kəsi dibə sovurur. Məhz Ulrayna müharibəsinin işığında – hərçənd, “zülmətində” demək daha doğru olardı – bir əsgərin müsibətinə və bir əsgərin ölümünə fokuslanma Bergerin filmini bir qədər anaxronist edir.

Budur, Paul və Kat cəbhə xətti yaxınlığındakı Fransa fermasından qaz oğurlayırlar. Fevralın 24-də başlayan müharibədə rus əsgərinin şübhələri, mübarizəsi, iztirab və ölümü barədə film nə vaxtsa görəcəyikmi? Yoldaşlarının Ukrayna evlərindən paltaryuyan maşınları çıxardıqları səhnələri bəs? Ola bilər, suallar yezuitvari səslənir, amma filmə baxarkən ağla gəlirlər.

Remark müharibənin dəhşətlərini təsvir edir, eyni zamanda onun, əsl kişi qardaşlığının – tauletə kollektiv gedişlə, nəcib iztirabla - mümkün olduğu müharibənin mifini yaradır. Remarkın qəhrəmanları əsgər fahişəxanalarının mövcudluğunu, əsirlər arasında homoseksual münasibətləri, döyüşənlərin müxtəlif sosial təbəqələrə məxsusluğunu sorğulamırlar. Amma roman bu mövzulara punktircə toxunur, film yox.

https://toplum.tv/dunya/ukrayna-muqavimetinin-simvolu-severski-donets-cayi

Onda kitabdan daha bir fərq var: yeni ssenaridə yeni qəhrəmanlar əlavə olunub – savaşı səngərlərdə deyil, kabinetdə xəritə üzərində əyilərək aparanlar. Müharibədə oğlunu itirən alman siyasətçi Mattias Ertsberger (Daniel Brül) tələsik sülh bağlamağa çalışır ki, əsgərlərin mənasız ölümünün qarşısını alsın – amerikalıların müharibəyə qoşulmasından sonra Almaniya məğlubiyyətə məhkumdur. General Foşla görüş üçün Kompyen meşəsinə gedən Ertsbergerin vaqonunda gümüş mətbəx ləvazimatları, qaynamış yumurta və qar kimi süfrələr diri və ölü əsgərlərin bədənlərini örtən kirin müxtəlif çalarlarını daha qabarıq göstərir. Paul Boymerin və sinif yoldaşlarının komandiri olan general Fridrixs (Devid Strizov) də bombalanmış ratuşada oturub ağ süfrədə gümüş çəngəl-bıçaqla yeyir və hesab edir ki, atəşkəs rüsvayçı qorxaqlıqdır və sona qədər döyüşmək lazımdır. O, (və onun kimilər) özlərini döyüş meydanından kənarda təsəvvür etmirlər, müharibəsiz hərbçi kim olacaq?

Kifayət qədər şablon (başqa ölümlərə laqeyd  daşürəkli Fridrixs və həssas, həlak olan oğlunu xatırlayan Ertsberger) təqdim olunsalar da, bu əlavələr filmin böyük uğurudur. Ümumiyyətlə müharibə haqqında bir çox filmlərdə onlar çatışmırlar. Biz adətən qanlı xörəyi görürük, amma aşpazı heç vaxt görmürük.

“Əgər həyatda belə şeylər mümkündürsə, insanların bütün yazdıqları, etdikləri və düşündükləri nə qədər mənasızdır! Əgər bizim sivilizasiyamız bu qan axınının qarşısını ala bilməyibsə, nə qədər puç və dəyərsizdir”, -  hekayəçi bu düşüncələri lazaretdə deyəcək. Ola bilər, müharibə əleyhinə filmləri hospitalların yaraşıqsız dekorasiyalarında çəkmək lazımdır, bəlkə də bu, səfərbər edənlərə və olunanlara süngüdən gözəl ölüm səhnələrindən daha çox ayıldıcı təsir göstərər.

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Sosial

Alimentin miqdarı artırılır

22 Noyabr 2024

açıq mənbədən götürülüb

Gələn ildən alimentin minimum məbləği 246 manat olacaq. Bu barədə Hesablama Palatasının 2025-ci il üçün dövlət büdcəsinə rəyində deyilir. Bu il üçün alimentin minimum məbləği 235 manatdır.    
Sosial

Gələn ilin pensiya və əməkhaqqı minimumu müəyyənləşib

18 Noyabr 2024

axar.az

“Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyinə əsasən gələn il Azərbaycanda minimum əməkhaqqı 400 manat olacaq. 2024-cü ildə bu rəqəm 345 manat olub (Meydan TV). Gələn il üçün minimum pensiya məbləğinin isə 270 manat deyil, 280 manat nəzərdə tutulduğu bildirilir. 2025-ci il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin minimum əməkhaqqı məbləğinə (400 manat) nisbətinin 70 faiz olacağı nəzərdə tutulur. Həmçinin ehtiyac meyarı və yaşayış minimumunun həddi 270 manat deyil, 285 manat götürüləcək.  2025-ci il yanvarın 1-dən ehtiyac meyarının həddi 285 manat təşkil edəcək.    

Seçilmiş Videolar

Toplum TV loqo