Həbsdə olan şəxsin ev heyvanı ilə ünsiyyət hüququ necə tənzimlənir? - “Tribunat” araşdırıb
Foto: sosial media
Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş (Qəmbərova) saxlandığı Bakı İstintaq Təcridxanasında (BİT) Maks adlı iti ilə görüşünə icazə verilməməsindən şikayətçidir.
O, bununla bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova açıq məktub yazıb.
“Qanunvericilikdə Maksla görüşməyimi qadağan edən heç bir müddəa yoxdur. Şəxsi həyat və heyvan haqları baxımından da bizim görüşməyimiz arzuolunandır. Lakin siz heç bir əsas gətirmədən bizim görüşümüzə icazə vermirsiz. Halbuki bu görüş şəxsi və ictimai baxımdan təhlükəli deyil, narahatlığa səbəb olmur. Siz bu qadağanızla mənim mənəvi əzab çəkməyimə, psixoloji sarsıntı keçirməyimə səbəb olursuz” - deyə jurnalist məktubunda bildirir.
Bəs, həbsdə olan şəxsin azadlıqda sahib olduğu və birgə yaşadığı ev heyvanı ilə ünsiyyət hüququ necə tənzimlənir? Əgər tənzimlənmirsə, bu, həmin hüququn reallaşdırılmasına maneə hesab edilə bilərmi?
“Tribunat” mövzunu bu və ya digər sualların əsasında araşdırıb.
Araşdırmanı təqdim edirik:
Yerli qanunvericilik həbs edilmiş şəxsin yalnız insanla görüşə biləcəyini nəzərdə tutur
Aynur Elgünəş hazırda təqsirləndirilən şəxs statusundadır. Jurnalistin hüquqi vəziyyəti Cinayət-Prosessual Məcəllə (CPM), “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun və İstintaq təcridxanalarının daxili intizam Qaydaları ilə tənzimlənir.
Məcəllə (161.1.5-ci maddə), Qanun (12.1.12, 15.2.1, 19.6 və 33.1.6-cı maddələr) və Qaydalar (8.1.24., 18-ci bəndlər) həbs edilmiş şəxslərin müdafiəçisi və qanuni nümayəndəsindən başqa yaxın qohumları və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə görüşmək hüququnu nəzərdə tutur.
Hər üç sənəd “yaxın qohumlar” və “qanuni maraq doğuran digər şəxslər” kimi yalnız insanı nəzərdə tutur. CPM yaxın qohumlara, babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələri aid edir. “Qanuni maraq doğuran digər şəxslər” dedikdə, konkret kimlərin nəzərdə tutulduğu aydın olmasa da, digər şəxslər də insan fərdini qəsd edir. Yeri gəlmişkən, maraqlar o halda qanuni müdafiəyə malik olur ki, onlar Konstitusiya və qanunvericiliyə, dövlətin və cəmiyyətin mənafeyinə, ədalət, vicdanlılıq və hüququn digər ümumi prinsiplərinə zidd olmasın, başqa şəxslərin hüquq, azadlıq və qanunla qorunan maraqlarını pozmasın.
Beləliklə, Azərbaycan qanunvericiliyi “şəxs” və “digər şəxslər” ifadəsini yalnız insana aid edir. Bu isə o mənaya gəlir ki, yerli qanunvericilikdə həbs edilmiş şəxsin saxlandığı təcridxanada azadlıqda sahib olduğu və birgə yaşadığı ev heyvanı ilə görüşü tənzimlənmir.
Razılıq prezumpsiyası
Ancaq ölkə Konstitusiyası hər kəsin qanunla qadağan olunmayan hərəkətləri edə biləcəyini təsbit edir (71-ci maddənin IX bəndi). “Razılıq prezumpsiyası” adlanan bu prinsip açıq şəkildə qadağan edilməyən hər hansı bir hərəkət və ya fəaliyyətə icazə verildiyini ehtiva edir.
Bu baxımdan Məcəllə, Qanun və Qaydalarda həbs edilmiş şəxsin azadlıqda sahibi olduğu və birgə yaşadığı ev heyvanı ilə görüşünün nəzərdə tutulmaması, heç bir halda A.Elgünəşin Maksla görüşünə icazə verilməməsi kimi şərh edilə bilməz. “Meydan TV əməkdaşı “qanunla qadağan olunmayan hər şey icazəlidir” prinsipi çərçivəsində bu hüququnun reallaşdırılmasına iddia və cəhd edə bilər.
Açıq mənbələrdəki məlumatlar Elgünəşin sahibi olduğu ev itinin “maltese terrier” cinsinə aid olduğunu göstərir. Bu cins itlər ağıllı və sosial heyvanlar hesab olunur və insanların terapiyasında effektivliyi ilə seçilirlər.
Azərbaycanın da üzv olduğu Ev heyvanlarının mühafizəsi haqqında Avropa Konvensiyasının 1-ci maddəsində ev heyvanı dedikdə, insanın xüsusilə ev şəraitində fərdi zövq almaq və yoldaşlıq münasibətləri yaratmaq üçün saxladığı heyvanın nəzərdə tutulduğu qeyd edilib.
Jurnalist məktubunda Maksın çəkisinin 1,8 kq olduğunu, baytarlıq şəhadətnaməsinin və pasportunun mövcudluğunu, vaxtaşırı peyvənd edildiyini və tibbi prosedurların yerinə yetirildiyini vurğulayıb. Bu isə Maksın saxlanmasının Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydalarına cavab verdiyini göstərir.
İtin cinsi, ölçüsü və baytarlıq-sanitariya tələblərinə cavab verməsi, təcridxanada A. Elgünəş ilə görüşü zamanı jurnalistə və yaxud da digər şəxslərə (təcridxana əməkdaşları, həbs edilmiş şəxslər) hansısa təhlükə yaradacağını və BİT-in sanitariya-gigiyena təminatına təhlükə törədəcəyini istisna edir.
Bunun əksi israr edildiyi halda isə görüş üçün baytar həkiminin rəyi işə yaraya bilər.
Məhbusun öz ev heyvanı ilə görüşünə icazə verən ölkələr
Bir sıra dövlətlərin qanunvericiliyində heyvanların yeri birmənalı deyil. Ev heyvanları ailə üzvü hesab olunmasalar da, sahiblərinin onları öz ailə üzvləri kimi görməsi sosial davranışlara təsir etməklə yanaşı bəzi sahələrdə qanunvericiliyin dəyişməsinə də səbəb olur.
Artıq bəzi dövlətlər, o cümlədən Avropa Birliyinin üzvü olan ölkələrinin qanunvericiliyi heyvanları “həssas varlıq” kimi tanıyır. “Heyvan həssaslığı” heyvanların subyektiv təcrübələrə, düşüncələrə, hisslərə və fərdi keyfiyyətlərə sahib olmaq qabiliyyətidir. Elmi araşdırmalar təkzibedilməz şəkildə sübut edir ki, heyvanlar bir sıra həm müsbət, həm də mənfi emosiyalar yaşaya bilirlər.
Heyvan hüquqları müdafiəçiləri arasında heyvanlara “hüquqi şəxs” (“legal personhood” yaxud “animal personhood”) statusunun verilməsi üçün advokasiya aparanlar da var. Heyvanlara hüquqi şəxs statusunun verilməsi onların insanlarla eyni hüquqlara sahib olması anlamına gəlir.
Boşanma işlərində heyvanların ailə birliyində rolunu qəbul edən ölkələr də mövcuddur. Məsələn, 2021-ci ildə İspaniya qanunvericiliyində dəyişiklik edilərək Mülki Məcəllədə ayrılıq və boşanma hallarında insanın mənafeləri ilə bərabər heyvanların da maraqlarının nəzərə alınması tələbi qoyulub.
Bundan əlavə bir sıra ölkələrdə heyvanlarla ünsiyyətin məhbusların psixoloji vəziyyətinə və reabilitasiyasına dəstək verən xüsusi proqramlar mövcuddur.
Böyük Britaniyada bəzi həbsxanalar məhbusların ev heyvanları ilə görüşünə imkan yaradır. Belə ki, ev heyvanları ilə ünsiyyət məhbuslar üçün emosional dəstək, stressin azaldılması, məsuliyyətli və intizamlı olmaq, həmçinin mental sağlamlıqlarının inkişafı üçün xeyirli ola biləcəyi hesab olunur. Eyni təcrübə ABŞ, Yaponiya, Almaniya və İsveçrədə də mövcuddur.
8-ci maddənin konteksti və bu maddədən irəli gələn dövlətin pozitiv öhdəliyi
Aynur Elgünəşin Penitensiar Xidmət rəisinə müraciətlərinə cavab verilməməsi, onun itiylə arzuladığı görüşününün reallaşdırılmasına maneə törədir. Bu isə Azərbaycanın yurisdiksiyası altında olduğu Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi altında məsələ qaldırır.
Avropa Məhkəməsi presedentlərində şəxsin həbsinin onun azadlıq hüququnun itirilməsinə səbəb olmasına baxmayaraq, bunun onun ailə həyatına hörmət hüququ daxil olmaqla digər əsas hüquq və azadlıqlarından istifadəsinə zərər gətirməməli olduğu vurğulanıb. Bu zaman digər hüquq və azadlıqlara qoyulan məhdudiyyətlərin əsaslandırılması tələb olunur (Kunqurov Rusiyaya qarşı, Ərizə no 70468/17), §16).
Xoroşenko Rusiyaya qarşı (Ərizə no. 41418/04) işində isə qeyd olunub ki, artıq üzv dövlətlərin öz cəza sistemlərini yaradarkən məhbusun reabilitasiyası və reinteqrasiyası onlar üçün məcburi amilə çevrilib (§121).
Düzdür, Məhkəmə X. İslandiyaya qarşı işində ərizəçinin yaşadığı Reykyavik şəhərində ona it saxlamağa icazə verilməməsinə 8-ci maddə altında baxmaqdan imtina edib və bunu belə əsaslandırıb ki, “Komissiya qəbul edə bilməz ki, Konvensiyanın 8-ci maddəsi ilə təmin edilən müdafiə şəxsin bütün yaxın ətrafı ilə münasibətlərinə şamil edilir, çünki fərdin bu cür münasibətləri şəxsi sferada saxlamaq istəyinə baxmayaraq, bu, insan münasibətlərinə daxil deyil. Şübhəsiz ki, itin qədim zamanlardan bəri insanla sıx əlaqəsi var. Bununla belə, ... itin saxlanmasını sahibinin şəxsi sahəsinə daxil etmək üçün təkcə bu element kifayət deyil. Onu da qeyd etmək olar ki, itlərin saxlanması bu heyvanın təbiətinə görə mütləq başqa insanların həyatına və hətta ictimai həyata müəyyən müdaxiləni nəzərdə tutur. Buradan belə nəticə çıxır ki, Konvensiyanın 8-ci maddəsi hər kəsin it saxlamaq hüququnu təmin edəcək şəkildə şərh edilə bilməz” (18 may 1976-cı il qərarı).
Ancaq hazırkı situasiyada söhbət it saxlamaqdan yox, təcridxanada olan sahibinin iti ilə görüş hüququndan getdiyindən, bu keysi nümunə kimi təqdim etmək mümkün deyil.
8-ci maddənin daima təkamül etdiyini, dinamik xarakter daşıdığını və dəyişikliklərə ən açıq maddələrdən biri olduğunu, eləcə də Aynur Elgünəşin Penitensiar Xidmətdən haqlı gözləntisi fonunda dövlətin pozitiv öhdəliklərini icra etməməsini nəzərə alaraq “Tribunat” jurnalistin öz ev heyvanı ilə görüşünə icazə verilməməsini onun şəxsi həyatına hörmət hüququnun pozuntusu altında nəzərdən keçirilməli olduğu qənaətindədir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Globalwoodsmarketinfo.com
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
Qaçaqmalçının yekəsi
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb