Siyasət

Azərbaycanda aclıq aksiyası mübarizə metodu kimi sıradan çıxıb?

2 Avqust, 2025
838

Azərbaycan kimi ölkələrdə aclıq aksiyası ədliyyə sistemindən gözlədiyi ədaləti ala bilməyən insanlar üçün bir növ sonuncu yoldur. 

Əsasən, siyasi motivli işlərdə təqsirləndirilən şəxslərin əl atdığı bu mübarizə üsulu ilə bağlı yaxın tarixdə uğurlu sonluqlu nümunələr var. 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Saleh Rüstəmli 2021-ci ilin noyabr-dekabr aylarında həbsdə 42 gün aclıq aksiyası keçirib. O, rəsmilər tərəfindən azad ediləcəyi vədi verildikdən sonra aksiyanı dayandırıb və 2022-ci ilin mayında prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. 

Onun aclıq aksiyası zamanı paytaxtda bir neçə etiraz aksiyası keçirilib və ABŞ Dövlət Departamenti, Helsinki Komissiyası, eləcə də beynəlxalq insan haqları təşkilatları Rüstəmlinin azad olunması üçün Azərbaycan hökumətinə çağırış ediblər.

Bundan daha əvvəl və bəlkə də ictimaiyyətdə daha böyük dəstək qazanan digər bir aclıq aksiyası isə müxalifət liderlərindən biri Tofiq Yaqublunun 2020-ci ilin sentyabrında 17 gün davam edən aclıq aksiyası olub. 

Nəticədə o, ev dustaqlığına buraxılıb. Həmin dövrdə hətta Milli Məclisin bir neçə üzvü belə Yaqublunun Qarabağ Müharibəsi iştirakçısı olduğunu əsas gətirərək azad edilməsini dəstəkləmişdilər.

Son illərdə də artan həbslər fonunda aclıq aksiyası edənlərin sayı çoxdur, lakin tələblərinə çatan demək olar ki, yoxdur. 

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində 9 il həbs cəzası alan “Abzas Media” direktoru Ülvi Həsənli iyulun 20-dən aclıq edir. Onun tələbi hazırda saxlanıldığı Umbakı cəzaçəkmə müəssisəsindən istintaq dövründə saxlanıldığı Bakı İstintaq Təcridxanasına (BİT) qaytarılmasıdır. 

Məhkəmə də onun köçürülməsi ilə bağlı vəkil Zibeydə Sadıqovanın verdiyi vəsatəti 3 iyul tarixində təmin edib və bu qərar Penitensiar Xidmətə təqdim olunub. Lakin qərar hələ də icra olunmayıb.

Həsənli eyni tələblə daha əvvəl də, iyunun 26-dan iyulun 4-ə qədər aclıq edib və Penitensiar Xidmət rəhbərliyi adından məhkəmə qərarının yerinə yetiriləcəyi vədi verildikdən sonra aclığı dayandırıb. 

O, ailə üzvlərinə həm əvvəlki, həm indiki aclıq dövründə zorakılığa məruz qaldığı, huşunu itirdiyi ilə bağlı məlumat verib. Lakin o, hələ də müayinə edilməyib. 

Həsənliyə dəstək məqsədilə “Abzas Media”nın həbsdə olan jurnalistləri Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova da aclıq aksiyası keçiriblər. Onlar bildirib ki, aclıq dövründə saxlanıldıqları BİT-in rəhbərliyi müəssisədə suyu kəsməklə və başqa süni problemlər yaratmaqla digər məhbusları onların üzərinə qaldırmağa çalışıb. 

Qadın jurnalistlər onlara görə narahat olub səhhəti pisləşən valideynlərini nəzərə alaraq iyulun 28-də aclığı dayandırıblar. Onlar, həmçinin, Həsənlini yaşlı valideynini nəzərə alaraq aclığı dayandırmağa çağırıblar. 

Yenidən həbsdə olan T.Yaqublu da azadlığa buraxılması üçün aclıq edib. Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilən siyasətçi aprelin 1-dən mayın 10-a qədər yalnız su qəbul edib. O, yalnız qızı, həmin vaxt hamilə olan Nigar Həzinin yalvarışlarından sonra aclığı dayandırıb. 

Siyahını uzatmaq olar. İqtisadçı Fazil Qasımov, sülh fəalı Bəhruz Səmədov, jurnalist Nurlan Qəhrəmanlı (Libre), işçi hüquqları fəalları Afiəddin Məmmədov və Elvin Mustafayev, AXCP üzvü Elbəyi Kərimli müxtəlif vaxtlarda aclıq ediblər. 

Lakin bu aksiyalar nəinki tələblərin reallaşması ilə nəticələnməyib, hətta bəzən aclıq edənlər zorakılığa məruz qalıb və ya cərimə kamerasına (karser) salınıb. 

Saxlanıldığı 1 saylı Cəzaçəkmə Müəssisəsində “məhbusların hüquqlarının pozulmasına etiraz edən və Tofiq Yaqublu və digər siyasi məhbusların azad edilməsinə” çağıran E.Mustafayev mayın 6-dan aclıq edib. Bundan sonra o, uzun müddət karserdə saxlanılıb və ailəsi və vəkili də onunla əlaqə qura bilməyib. 

Yalnız iyunun sonlarında o, vəkili ilə görüşüb və “xüsusi zorakılığa” məruz qaldığını bildirib. Mustafayevin sözlərinə görə, müəssisə rəisi və digər işçilər onu döyüblər və nəticədə qulağında iltihab yaranıb. 

Bütün bunların fonunda Azərbaycanda aclıq aksiyasının mübarizə metodu kimi sıradan çıxdığını demək olarmı? 

Toplum TV-yə danışan III Respublika Platformasının qurucu üzvü, siyasi şərhçi Elman Fəttah deyir ki, Azərbaycanda aclıq aksiyalarının effektivliyi əsasən iki amillə məhdudlaşır. 

“Birincisi, hakimiyyətin ictimai rəyə qarşı tamamilə immunlaşması və belə aksiyalara siyasi reaksiya verməməsidir. İkincisi isə müstəqil medianın və ictimai debat mühitinin boğulması səbəbindən bu aksiyaların geniş ictimai rezonans doğura bilməməsidir. Ona görə də aksiyanın məqsədinə çatmaması bu metodun sıradan çıxması ilə bağlı deyil, ölkədə siyasi təsir mexanizmlərinin ümumiyyətlə işləməməsi ilə bağlıdır”, - o qeyd edir. 

E.Fəttah əlavə edir ki, normal demokratik şəraitdə aclıq aksiyası ciddi ictimai təzyiq yarada bilərdi, amma indiki “avtoritar kontekstdə bu, çarəsiz etiraz jestinə çevrilib”.

Adının açıqlanmasını istəməyən digər siyasi şərhçi isə Toplum TV-yə açıqlamasında bildirir ki, müxaliflərin aclıq aksiyası keçirməsi hakimiyyətin özü üçün əlverişli metoda çevirilib. 

“Məhbusları aclığa vadar edib, onların sağlamlığına əhəmiyyətli dərəcədə ziyan verəcək vəziyyətə çatdırmaq istəyirlər.  İctimai reaksiyanın olmadığı şəraitdə bu, məhbuslar üçün olduqca təhlükəlidir”, - o qeyd edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

"Kərimə dövləti" qurmağa cəhddə ittiham olunan inanclı fəal aclıq edir

23 İyun 2026

Toplum TV

Həbsdə olan inanclı fəal İlkin Bağırovun aclıq aksiyası keçirdiyi bildirilir.  Bu barədə jurnalist Arzu Abdulla iyunun 23-də məhbusun ailə üzvlərinə istinadən məlumat yayıb. İ.Bağırovun üç gündür aclıq etdiyi və qapalı rejimli Umbakı Penitensiar Kompleksinə köçürülmə qərarına etiraz etdiyi deyilir.  "Oğluma qarşı haqsızlıq bitmir ki, bitmir. Əvvəlcə 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürdülər. Köçürüldüyü gündən heç bir səbəb olmadan "kars"da (cərimə kamerası - red.) saxlanıldı. Qapalı tipli cəzaçəkmə müəssisəsinə göndərilməsi ilə bağlı məhkəmə təyin edildiyi üçün 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. Məhkəmə 21 iyuna təyin edilmişdi. Məhkəməni İlkinin şəxsi işi itib deyə təxirə saldılar. Heç bir səbəb göstərilmədən, asayişi pozmaq bəhanəsi...
Siyasət

Ombudsmana zəngə görə həbs edilən şəxs Avropa Məhkəməsinə üz tutub

23 İyun 2026

Açıq mənbə

Həbsinə görə Ombudsman Aparatını ittiham edən Niyaməddin Aslanzadənin şikayəti əsasında Avropa İnsan Hüquqları Məhkəməsində kommunikasiya başlanılıb.  “Azadlıq Radiosu”nun xəbərinə görə, məhkəmə iş üzrə Azərbaycan hökumətinə sorğu ünvanlayıb. Niyaməddin Aslanzadə 7 ildir həbsdə olan jurnalist, “xeberman.com” saytının baş redaktoru Polad Aslanovun qardaşıdır.  Şikayətə əsasən, həmin dövrdə Polad Aslanov həbsxanada aclıq aksiyası keçirirdi və səhhətinin pisləşdiyi bildirilirdi. Niyaməddin Aslanzadə Ombudsman Aparatına dəfələrlə zəng edərək qurum nümayəndələrinin onun qardaşına baş çəkməsini xahiş etdiyini qeyd edir. O bildirir ki, müraciətlərinə cavab ala bilmədiyi üçün son telefon danışığında Ombudsman Aparatının əməkdaşlarını fəaliyyətsizlikdə ittiham edib və onları tənqid edib. Bir müddət sonra Ombudsman Aparatından Daxili İşlər...

Seçilmiş Videolar

Toplum TV loqo