Foto: AFP/Getty Images
Gürcüstan Baş naziri İrakli Kobaxidze Avropa Komissiyasının Gürcüstan hökumətinə göndərdiyi məktuba cavab verib.
İyulun 17-də jurnalistlərə danışan baş nazir məktubu “boş siyasi ultimatumlar” adlandırıb.
Sözügedən məktub iyulun 15-də Brüsseldə Avropa İttifaqı (Aİ) ölkələri xarici işlər nazirlərinin görüşündən sonra Gürcüstan xarici işlər nazirinə göndərilib.
Məktubda insan haqları sahəsində Aİ-nin Gürcüstana verdiyi tövsiyələrlə bağlı hansı addımların atıldığı soruşulur. Bu tövsiyələr “vətəndaş cəmiyyəti və cinsi azlığı hədəfə alan qanunların ləğvi, Aİ-nin viza siyasətinə uyğunlaşma və anti-korrupsiya tədbirlərini gücləndirmək” ilə bağlıdır.
“Bütün məsələlərə çox aydın cavabımız var. Siyasi məhbus adlandırılan şəxslərə gəlincə, onların hər biri konkret cinayət törədib. Əgər bunun əksini sübut edən faktlar varsa, təqdim edin. Amma belə faktlar yoxdursa, bu sadəcə siyasi ultimatumlardır və bu, çox üzücüdür,” – Kobaxidze bildirib.
O, mübahisəli qanunları müdafiə edərək onların “milli maraqlar üçün həyati əhəmiyyət daşıdığını” söyləyib.
Baş nazir, həmçinin, Aİ-nin Gürcüstanda necə təqdim olunmasının vacib olduğunu deyib.
“Aİ-nin Gürcüstan cəmiyyətinə yeni Sovet İttifaqı kimi təqdim olunması yolverilməzdir. Təəssüf ki, bu ultimatumlar belə bir təsəvvür yaradır. Sovet dövründə də Moskvadan əmrlər gəlirdi, əməl etməyənlər cəzalandırılırdı. Brüsselin Moskvadan nə fərqi oldu?”, - o sual edib.
Aİ-nin tövsiyələrə əməl olunmayacağı halda Gürcüstan vətəndaşları üçün Şengen zonasına vizasız gediş rejiminin ləğv olunacağı bəyanatına isə Kobaxidze belə cavab verib:
“Əgər sual sülh və sabitliyi, yoxsa vizasız rejimi seçirsiz deyə qoyulsa, biz, şübhəsiz ki, sülh və sabitliyi seçəcəyik. Bu, gürcü xalqının seçimidir. Bizi məhz bu cür seçim qarşısında qoyurlar.”
Aİ Gürcüstan vətəndaşları üçün viza rejimini 2017-ci ildə ləğv edib.
Son illərdə isə Gürcüstan hökuməti Qərbdən maliyyələşən media və QHT-ləri hədəfə alan “xarici agentlər qanunu”, habelə “LGBT propaqandasını qadağan edən qanun” qəbul edib.
Son aylarda isə müxalifət liderləri parlamentin istintaq komissiyasında ifadə verməmək ittihamı ilə həbs olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: ssg.gov.ge
Foto: khamenei.ir