Siyasət

Ələsgər Məmmədlinin səhhətinə görə prezidentə müraciət edilib

17 İyul, 2025
499

Foto: VOA

Bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi, jurnalist, hüquq müdafiəçisi “Toplum TV iși” üzrə həbsdə olan media eksperti və hüquqşünas Ələsgər Məmmədlinin səhhəti ilə bağlı prezident İlham Əliyevə müraciət ediblər.

Müraciətdə bildirilir ki, 2024-cü il martın 9-da Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilən Ələsgər Məmmədlinin səhhətində ağırlaşmalar müşahidə olunub.

“Tibbi müayinələr nəticəsində onun qalxanvari vəzisində 23 mm ölçüdə TIRADS III düyün (50–75% xərçəng riski), qaraciyər, böyrək və pankreasla bağlı ciddi problemlər, həmçinin prostat vəzində kalsinatlar aşkar edilib. Tibbi protokola görə, qalxanvari vəzin ölçüsünün 15 mm-dən böyük olması cərrahi əməliyyatı zəruri edə bilər”, - müraciətdə qeyd olunub.

Əlavə olunub ki, Ə.Məmmədlidə kəskin boğulma, fasiləsiz baş ağrısı, başgicəllənməsi və ürəkbulanma kimi simptomlar artmaqdadır və bu hal onun həyatı üçün real təhlükə yaradır.

Müraciət müəllifləri həmçinin Milli Mətbuatın 150 illiyi ərəfəsində media hüquqları sahəsində tanınmış ekspert olan Ələsgər Məmmədliyə xüsusi yanaşma göstərilməsinə ümid etdiklərini bildiriblər.

Müraciəti imzalayanlar:

Qulu Məhərrəmli,  Jurnalist, BDU-nun professoru.

Əliməmməd Nuriyev, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti.

Osman Gündüz, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru.

Mehman Əliyev, Jurnalist.

Arif Əliyev, Jurnalist,  "Yeni Nəsil" Azərbaycan Jurnalistlər İttifaqının sədri.

Sabit Bağırov, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti.

Adil Qeybulla, Tibb elmləri doktoru, ATU-nun professoru.

Novella Cəfəroğlu, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri.

Səadət Bənənyarlı, Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri.

Səidə Qocamanlı, "İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi" İctimai Birliyinin sədri.

Aslan İsmayılov, “VİZA”  Hüquq Firmasının drektoru. 

Mirəli Hüseynov, “Demokratiyanı Öyrənmə” İctimai Birliyinin sədri.

Müraciətdə prezidentdən Ələsgər Məmmədlinin özəl klinikaların birində cərrahi əməliyyat olunması üçün hüquqi imkanların nəzərdən keçirilməsi xahiş edilir.

Media hüququ üzrə ekspert və Toplum TV-nin həmtəsisçisi Əlsgər Məmmədli 2024-cü martın 8-də Bakıda klinikaların birindən çıxarkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

Ona qarşı qarşı irəli sürülən ittihamlar arasında valyuta qaçaqmalçılığı, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və çirkli pulların yuyulması kimi ciddi maliyyə cinayətləri yer alır.

Özü bu ittihamları rədd edir və siyasi motivli olduğunu bildirir.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar. 

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib. 

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında təxminən 30 jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Azərbaycan hakimiyyəti isə heç kimi peşə fəaliyyətinə və ya siyasi fəaliyyətinə görə təqib etmədiyini, ölkədə bütün hüquq və azadlıqların təmin olunduğunu bildirir


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Apellyasiya Məhkəməsi Rüfət Səfərov barədə hökmü qüvvədə saxlayıb 

24 Avqust 2026

sosial media

Avqustun 24-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun şikayəti üzrə məhkəmə prosesi keçirilib.  Hüquq müdafiəçisi Zəfər Əhmədovun "Toplum TV"-yə verdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə R.Səfərov barəsindəki hökm qüvvədə saxlanılıb.  Müdafiə tərəfi prosesin qismən məhkəmə istintaqı ilə birlikdə aparılması üçün vəsatət verib. Digər vəsatət isə üç polis əməkdaşının məhkəməyə şahid kimi çağırılması barədə olub. Məhkəmə vəsatətləri təmin etməyib.  R.Səfərov çıxışında işin hüquqi əsasları olmadığına görə bu barədə çıxış etməyə lüzum görmədiyini deyib. O əlavə edib ki, məhkəmədən ədalətli qərar gözləntisi yoxdur.  Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin R.Səfərov barədə verdiyi həbs cəzası qərarını qüvvədə...
Siyasət

Həyat yoldaşı: "Ələsgər Məmmədli iki gündür qida qəbul edə bilmir, boğulma halları davam edir" 

14 Avqust 2026

sosia media

"Toplum TV"-nin həbsdə olan həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli səhhətində problemlər yaşamağa davam edir.  Həyat yoldaşı Günay Məmmədlinin yaydığı məlumata görə, Ə.Məmmədli avqustun 13-də zəng edərək iki gündür qida qəbul edə bilmədiyini, baş ağrıları, yüksək ürək döyüntüləri, boğulma hallarının isə davam etdiyini deyib.  Onun sözlərinə görə, həmin gün ürək müayinəsi üçün yanına həkim gəlib.  "Həkim sabit halda edilən elektrokardioqrafiyanın (EKQ) ürəkdə olan hər hansısa ciddi problemi göstərməməsinin mümkünlüyünü bildirib. Həkim eyni zamanda yüksək döyüntü və təzyiqin qalxanabənzər vəzdəki 23-25 millimetrlik şişdən qaynaqlana biləcəyini də deyib. Ələsgər bəy həkim gələrsə şişlə bağlı ÜSM müayinəsi ediləcəyini də dedi", - G.Məmmədli qeyd edib. ...

Seçilmiş Videolar

Toplum TV loqo