Rubinyan: “Ermənistan Konstitusiya ilə bağlı Azərbaycanın yanaşmasını qəbul etmir”
sosial media
Ermənistan sülh sazişinin imzalanmasını yeni Konstitusiyanın qəbulu ilə şərtləndirən Azərbaycanın yanaşmasını qəbul etmir.
“Armenpress”in məlumatına görə, bunu Ermənistan parlamentinin sədri Ruben Rubinyan noyabrın 17-də jurnalistlərə açıqlamasında deyib.
O, konstitusiya dəyişiklikləri ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması arasındakı əlaqədən danışıb.
“Biz bu yanaşmanı qəbul etmirik. Hesab edirik ki, sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur və biz sülh sazişini elə bu gün imzalamağa hazırıq”, - Rubinyan deyib.
Onun sözlərinə görə, yeni Konstitusiyanın qəbul olunması təşəbbüsü Ermənistanın daxili gündəliyindən irəli gəlir. Bununla yanaşı, o, sənədin qəbulunun xarici siyasət baxımından nəticələr doğura biləcəyini istisna etməyib.
Rubinyan müxalifətin Konstitusiya dəyişikliklərindən sonra Azərbaycanın sülh sazişini imzalayıb-imzalamayacağı və yeni şərtlər irəli sürüb-sürməyəcəyi ilə bağlı suallarına da münasibət bildirib.
Parlament sədrinin sözlərinə görə, hakimiyyət bu sualları məntiqli sayır. O qeyd edib ki, baş nazir Nikol Paşinyan məsələ barədə düşünəcəyini və müxalifətə təklif təqdim etmək niyyətində olduğunu bildirib.
“Əlavə təminatlara ehtiyac varsa, bəlkə də sizin gündəmə gətirdiyiniz məsələ ilə bağlı həmin təminatların ardınca getməyə dəyər”, - Rubinyan deyib.
Ötən il Vaşinqtonda sülh sazişi paraflanmazdan əvvəl rəsmi Bakı sənədin imzalanması üçün bir sıra şərtlər irəli sürürdü. Azərbaycan tərəfi həm uzun illər danışıqlarda vasitəçilik etmiş ATƏT-in Minsk qrupunun buraxılmasını, həm də Ermənistan Konstitusiyasına dəyişiklik edilməsini vacib sayırdı.
Rəsmi Bakı Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının əks olunduğunu bildirir. Ermənistan tərəfi isə Konstitusiyaya dəyişiklik məsələsini müzakirə etsə də, bu iddia ilə razılaşmır.
Ermənistan Konstitusiyası ilə bağlı referendumun 2026-cı ilin iyununda keçirilməsi nəzərdə tutulan parlament seçkilərindən əvvəl baş tutmayacağı bildirilib.
Prezident İlham Əliyev də bu il Azərbaycan telekanallarına müsahibəsində sülh sazişinin imzalanmasının Bakıdan asılı olmadığını deyib. O, Ermənistan Konstitusiyasına dəyişiklik edildiyi halda sənədin növbəti gün imzalana biləcəyini bildirib.
“Bizim mövqeyimiz artıq uzun illər ərzində Ermənistan tərəfinə çatdırılıb. Ermənistanın Konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik. Amma buna baxmayaraq, mən hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib”, - Əliyev deyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Türkiyənin müxalifətyönlü “Sözcü TV”sinə polis əməliyyatı: İdarəçilik dövlət nəzarətinə verilib
sosial media
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib