Türkiyənin müxalifətyönlü “Sözcü TV”sinə polis əməliyyatı: İdarəçilik dövlət nəzarətinə verilib
sosial media
Noyabrın 17-də İstanbulda müxalifətyönlü “Sözcü TV”nin ofisində polis əməliyyatı keçirilib. İstanbul Baş Prokurorluğunun məlumatına görə, telekanalın və onun xəbər saytının idarəçiliyi dövlət fonduna həvalə olunub.
Əməliyyat təxminən 10 il əvvəl başlanmış istintaq çərçivəsində keçirilib. İstintaq “Sözcü” Media Qrupunun sahibi Burak Akbayın ABŞ-də yaşayan mərhum din xadimi Fətullah Gülənin şəbəkəsi ilə mümkün əlaqələrinə dair iddialarla bağlıdır. Türkiyə hakimiyyəti Güləni 2016-cı ildəki uğursuz dövlət çevrilişi cəhdinin təşkilində ittiham edirdi.
Prokurorluq Akbayın xaricdəki bank hesabları vasitəsilə “Estetik Yayıncılık AŞ” və “Mega Ajans və Reklamcılık Ticaret AŞ” şirkətlərini maliyyələşdirdiyini, bununla da FETÖ/PDY kimi tanınan şəbəkənin media strukturundakı fəaliyyətini davam etdirdiyini iddia edib.
Açıqlamaya əsasən, həmin şirkətlərin, “Sözcü TV” və “Sözcü” qəzetinin fəaliyyət göstərdiyi ünvanlarda axtarış və əmlaka həbs qoyulması barədə qərar verilib. “Mega Ajans və Reklamcılık Ticaret AŞ”nin idarəçiliyi isə məhkəmə qərarı ilə Tasarruf Mevduatı Sığorta Fonduna (TMSF) həvalə olunub.
Axtarış zamanı “Sözcü”nün dörd rəhbər şəxsi - idarə heyətinin sədri Funda Tuncer Sıdalı, qrupun keçmiş baş direktoru Asım Akgül, keçmiş maliyyə işləri müdiri Yonca Yücekaleli və İsmail Öz saxlanılıb.
“Sözcü” Media Qrupunun vəkili Ersan Barkın bildirib ki, əməliyyat Türkiyənin Ali Məhkəməsinin daha əvvəl ləğv etdiyi iş əsasında aparılır. Onun sözlərinə görə, qərar yalnız “Sözcü TV” və “sozcu.com.tr”ni əhatə edir; “Sözcü”, “Tavır” və “Korkusuz” qəzetləri onun əhatə dairəsinə daxil deyil.
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel bu addımı hökumətin tənqidə dözümsüzlüyünün göstəricisi adlandırıb.
“Reuters” yazır ki, Türkiyədə müxalifət son dövrlər artan hüquqi təzyiqlərlə üzləşir. Onlarla bələdiyyə sədri və yerli idarəetmə nümayəndəsi vəzifəsindən uzaqlaşdırılıb, saxlanılıb və ya həbs olunub. Müxalif mövqeli media qurumlarına çıxışın da məhdudlaşdırıldığı bildirilir.
“Sözcü TV” 2022-ci ildən bəri idarəçiliyi dövlət fonduna verilən altıncı böyük media qurumu sayılır. Bundan əvvəl “Halk TV”, “Flash TV”, “Eko Türk”, “Habertürk” və “Tele1”lə bağlı da oxşar qərarlar verilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”