Serbiyadakı seçkilərdə tələbə hərəkatı qalib gəlib, Vuçiç məğlubiyyətini etiraf edib
sosial media
Serbiyada növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinə əsasən, tələbələrin dəstəklədiyi “Tələbə siyahısı” qələbə qazanıb. Uzun illər ölkənin siyasi həyatında aparıcı fiqurlardan olan Aleksandar Vuçiç məğlubiyyətini etiraf edib.
“Reuters” yazır ki, Vuçiç oktyabrın 25-də Serb Tərəqqi Partiyasının (SNS) Belqraddakı qərargahında keçirilən çıxışında ilkin hesablamaların onun siyasi düşərgəsinin məğlubiyyətini göstərdiyini bildirib.
Onun sözlərinə görə, “Tələbə siyahısı” 250 yerlik parlamentdə 135-140 mandat qazana bilər. Vuçiçin rəhbərlik etdiyi siyasi qüvvənin isə təxminən 105 yer əldə edəcəyi gözlənilir.
Nəticələrin açıqlanmasından sonra Belqrad və Novi Sad da daxil olmaqla bir sıra şəhərlərdə seçicilər küçələrə çıxaraq qələbəni qeyd ediblər. Belqradda insanlar rəqs edib, avtomobillər siqnal verib, atəşfəşanlıq təşkil olunub. Etiraz hərəkatının tərəfdarları “Qələbə!” şüarları səsləndiriblər.
Tələbələrin öncüllük etdiyi hərəkat təxminən iki ildir davam edən kütləvi etirazlar fonunda formalaşıb. Etirazlar 2024-cü ilin noyabrında Novi Sad şəhərində dəmir yolu vağzalının örtüyünün uçması nəticəsində 16 nəfərin həlak olmasından sonra genişlənmişdi.
Nümayişçilər faciənin korrupsiya, tikinti təhlükəsizliyi qaydalarının pozulması və dövlət qurumlarının məsuliyyətsizliyi ilə bağlı olduğunu bildirərək, məsul şəxslərin cəzalandırılmasını tələb ediblər. Hakimiyyət isə korrupsiya ittihamlarını rədd edib.
Özünü ənənəvi müxalifət partiyalarından fərqləndirən “Tələbə siyahısı”na həkimlər, aktyorlar, akademiklər və idman sahəsinin təmsilçiləri daxil edilib. Hərəkat korrupsiyaya qarşı mübarizə, dövlət müəssisələrində siyasi himayədarlığın aradan qaldırılması, etirazçılara qarşı qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması və ictimai yayımçının siyasi təsirdən azad edilməsini vəd edir.
İlkin məlumatlara görə, seçkidə fəallıq yüksək olub. Müstəqil müşahidəçilər seçici iştirakının 70 faizə yaxınlaşdığını bildirirlər. Bu göstərici Yuqoslaviyanın dağılmasından sonrakı dövrdə Serbiyada qeydə alınan ən yüksək seçici fəallıqlarından biri hesab olunur.
Vuçiç 2014-cü ildən Serbiyanın siyasi həyatının əsas fiqurlarından biridir. O, əvvəlcə baş nazir, daha sonra prezident olub. Serbiya Avropa İttifaqına üzvlük istiqamətində danışıqlar aparsa da, Vuçiçin hakimiyyəti Rusiyaya qarşı Qərbin sanksiyalarına qoşulmayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Toplum TV
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ələsgər Məmmədli Ombudsmana: “Apellyasiya Məhkəməsində silsilə hüquq pozuntularına yol verilir”