Siyasət

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi: 8 il əvvəlki sistemə qayıdış?

23 Oktyabr, 2026
9

sosial media

Prezident İlham Əliyevin oktyabrın 19-da imzaladığı fərmanla Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilib. 

Fərmana əsasən, TƏBİB publik hüquqi şəxs kimi fəaliyyətini davam etdirəcək və onun Müşahidə Şurasının səlahiyyətlərini nazirliyin yaratdığı komissiya həyata keçirəcək. Əliyevin həmin gün imzaladığı sərəncamla TƏBİB-in icraçı direktoru Anar Bayramov səhiyyə naziri təyin olunub. Digər sərəncamla isə səhiyyə naziri Teymur Musayev baş nazir müavini təyin edilib. 

Prezident TƏBİB-i 2018-ci ilin dekabrında imzaladığı fərmanla yaratmış və Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrini bu qurumun tabeliyinə vermişdi. 2022-ci ildə verilən fərmanla isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin TƏBİB üzərindəki səlahiyyətləri ləğv olunub və TƏBİB-in Müşahidə Şurası yaradılıb. 

Əliyev 2018-ci il fərmanında TƏBİB-in yaradılmasını əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsini artırmaq, tibbi yardımın keyfiyyətinə nəzarəti təkmilləşdirmək və əhalinin sağlamlığının etibarlı qorunması məqsədləri ilə əsaslandırırdı. Yeni fərmanda isə qurumun niyə nazirliyin tabeliyinə verildiyi izah olunmayıb. 

Hökumətyönlü mətbuat və deputatlar isə qərarı 8 il əvvəl başlayan islahatların davamı kimi təqdim edib. 

“Lent.az” saytı TƏBİB-in nazirliyin tabeliyinə verilməsini qurumun “tarixi missiyasını yerinə yetirməsi” və “Azərbaycan səhiyyəsində yeni dövr” kimi xarakterizə edib. Saytda dərc olunan yazıda qeyd olunur ki, TƏBİB icbari tibbi sığorta sisteminə keçid dövründə yaradılmışdı və onun “əsas vəzifələrindən biri dövlət tibb müəssisələrinin fəaliyyətini bu sistemin tələblərinə uyğunlaşdırmaq” idi. 

“Onun fəaliyyətini yarandığı dövrün məqsədləri və qarşısına qoyulan vəzifələr əsasında dəyərləndirmək daha obyektiv yanaşmadır. Bu mənada TƏBİB-in tarixi missiyasının mühüm hissəsinin icra olunduğunu, səhiyyə sisteminin isə növbəti idarəetmə mərhələsinə keçdiyini söyləmək olar”, - deyə əlavə olunub. 

Halbuki ötən səkkiz ilə yaxın müddətdə mətbuatda və sosial mediada TƏBİB-lə bağlı yayılan xəbərlər, əsasən, icbari tibbi sığorta sisteminin yarıtmazlığı və korrupsiya iddialarından, vətəndaş şikayətlərindən ibarət olub. 

Yeni qərara münasibət bildirən müstəqil iqtisadçılar da qurumun bəri başdan niyə yaradılması və fəaliyyətinə vəsait ayrılması suallarını qaldırıb. 

İqtisadçı Rəşad Əliyev sosial media hesabında qərarı “yüz milyonlarla manat xərcə səbəb olmuş bir idarəetmə modelinin uğursuzluğunun dövlət tərəfindən rəsmi təsdiqi” adlandırıb. 

“Bu məsələ günlərlə haqqında danışılmalı, yazılmalı, parlamentin özündə bir gilə cəsarət tapıb qızğın müzakirə etməli olduğu, hətta hökumət səviyyəsində komissiya yaradılıb bu uğursuzluğun səbəb və nəticələrinin araşdırılmasını tələb edən çox ciddi bir mövzudur. Axı söhbət hansısa rayon xəstəxanasında struktur dəyişikliyindən yox, 8 il əvvəl ölkənin səhiyyə idarəçiliyinin arxitekturasında edilmiş fundamental dəyişikliklərdən və 8 il əvvəl elan edilmiş modelin bu gün faktiki olaraq dəfn edilməsindən gedir. Ən azından cəmiyyətə izah edilməli idi ki, nə üçün bu model seçilmişdi, nə əldə edildi, nələr alınmadı və indi niyə səkkiz il əvvələ geri qayıdırıq? Bu məsələnin ən acınacaqlı və qalıcı tərəfi isə odur ki, burada söhbət həm də bütövlükdə hökumətin verdiyi qərarların keyfiyyətindən, hökumətdə olan strateji planlaşdırma və idarəetmə qabiliyyətindən, idarəetmədə olan məsuliyyətdən və cavabdehlikdən, resursların səmərəli istifadə bacarığından - daha doğrusu bütün bunların hədsiz aşağı səviyyədə olmasından gedir”, - o qeyd edib. 

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli yeni addımın doğru olduğunu düşünsə də, o da səkkiz il əvvəlki sistem dəyişikliyini sorğulayıb. 

“Yəqin ki, bir zaman kimlərsə TƏBİB-in yaradılması üçün təkliflər veriblər, bu işin, yaxşı mənada, lobbiçiliyini qurublar. Yaxşı, indi həmin lobbiçilər yanlış və effektsiz təklifə görə məsuliyyət daşıyırlarmı?! Yeni qurumun yaranması üçün israf olunan büdcə pullarının hesabatını verə bilərlərmi?! 2018-ci ildən bəri xərclənən vəsaitin (inzibati xərcləri deyirəm) miqdarı nə qədər olub?! Həmin xərclərə bu 8 ildə neçə yeni xəstəxana tikmək, neçə yeni həkimi işə götürmək olardı?!”, - o sual edib. 

III Respublika Platformasının qurucu üzvü, siyasi şərhçi Araz Əliyev “Toplum TV”yə açıqlamasında deyir ki, TƏBİB-in yaradılması islahatların imitasiyası idi. 

“Azərbaycan hakimiyyəti səhiyyə kimi bir çox sahələrin illərlə korrupsiyalaşmasına, problemlərin artmasına göz yumur. Bir gün oyanırlar ki, sahənin dirçəldilməsi üçün çox ciddi islahatlara və maliyyəyə ehtiyac var, onun əvəzinə isə TƏBİB kimi asan idarə olunan, kompakt qurumlar yaratmağı həll yolu seçirlər. Bu qurumun həqiqətən uğurlu olub-olmamağından asılı olmayaraq, hakimiyyətin gözləntisini doğrultduğunu demək mümkündür, buna görə də onun rəhbər şəxsi nazir vəzifəsinə gətirilir. Lakin səhiyyədəki problemlər qalmağa davam edir”, - o qeyd edib. 

Xəbərə sosial şəbəkələrdə münasibət bildirən vətəndaşlar yeni idarəetmə modelinin dövlət xəstəxanalarındakı xidmət səviyyəsini yaxşılaşdıracağı ilə bağlı ümidli olmadıqlarını yazıblar. Sosial məsələlər üzrə hüquq müdafiəçisi Əhməd Rəhmanov da “Toplum TV”yə eyni fikirdə olduğunu deyib. 

“TƏBİB və Səhiyyə Nazirliyi arasındakı mövqe müharibəsi vətəndaşın boynunda çatladı. Bu gün TƏBİB futbol oynamağı bacarmayan oyunçunu xatırladır. Belə oyunçunun məşqçisinin dəyişməsi isə əslində heç nəyi dəyişmir. Elektron sistem yenə də bərbad gündədir, nə vaxt baxırsan, işləmir. Xəstə sayı həkim sayından çoxdur. Həkimə hər xəstəyə baxmağa 10 dəqiqədən az vaxt düşür. Bu 10 dəqiqədə həkim xəstəlik tarixi ilə tanış olmalı, onları kompüterə köçürməli, müayinə etməli və diaqnoz qoymalıdır. Bu isə mümkün deyil”, - o bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Əli Kərimli və Məmməd İbrahimə qarşı cinayət işi məhkəməyə göndərilib

23 Oktyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiya Ali Məclisinin katibi Məmməd İbrahim barəsində açılan cinayət işi məhkəməyə göndərilib. “Qafqazinfo”nun məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin topladığı istintaq materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim olunub. İlk məhkəmə iclasının vaxtı hələ açıqlanmayıb. Hər iki şəxsə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə yekun ittiham irəli sürülüb. Bu maddə hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Əli Kərimli 2025-ci il noyabrın 29-dan həbsdədir. O, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönəlmiş hərəkətlərdə ittiham olunur. AXCP sədri ittihamı...
Siyasət

Məhkəmə Əfqan Sadıqovu ev dustaqlığına buraxmayıb

23 Oktyabr 2026

sosial media

Oktyabrın 23-də LənkəranıAğır Cinayətlər Məhkəməsində “Azel TV” saytının baş redaktoru Əfqan Sadıqovun cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib. Prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib, onlara hüquq və vəzifələri izah olunub. Əfqan Sadıqovun vəkili Nemət Kərimli müvəkkilinin ev dustaqlığına buraxılması və məhkəmə iclasları zamanı onun yanında əyləşməsinə icazə verilməsi barədə vəsatət qaldırıb. Məhkəmə vəsatətləri təmin etməyib, işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edib. Növbəti iclas noyabrın 3-nə təyin olunub. Əfqan Sadıqov 2024-cü il avqustun 4-də Azərbaycan Baş Prokurorluğunun vəsatəti əsasında Gürcüstanda saxlanılıb. Tbilisi Şəhər Məhkəməsi onun həbsinə və Azərbaycana ekstradisiyasına qərar versə də, Avropa İnsan Hüquqları Məhkəməsi ekstradisiyanın icrasını dayandırıb....

Seçilmiş Videolar

Toplum TV loqo