Toplum TV
Oktyabrın 5-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib.
Hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən iclasın əvvəlində təqsirləndirilən şəxslərlə hakim arasında mübahisə yaranıb. Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev Z. Əhmədovun danışıq tərzinə və məhkəmə zalındakı mikrofonların işləməməsinə etiraz edib.
“Siz burada özünüzü hakim kimi aparmırsınız, küçə uşağı kimi aparırsınız. Heç kimə danışmağa imkan vermirsiniz, hamının sözünü kəsir, təhqir edirsiniz”, - Ramil Babayev deyib.
Buna cavab olaraq hakim R. Babayevin məhkəmə zalından çıxarılmasına göstəriş verib. IDI əməkdaşları Əli Zeynal və İlkin Əmrahov da etiraz olaraq zalı tərk ediblər.
Daha sonra müdafiə tərəfi hakimin davranışı, təqsirləndirilən şəxslərin sözünün kəsilməsi və digər məsələlərlə bağlı vəsatət qaldırmaq istəyib. Bu zaman Z. Əhmədov təqsirləndirilən şəxslərin və vəkillərin sözünü kəsməyə davam edib.
Vəkil Şəhla Hümbətova hakimə etiraz edib. O bildirib ki, Zəfər Əhmədov hazırlıq iclasında da prosesi düzgün idarə etməyib, qərar qəbul edilmədən təqsirləndirilən şəxsləri zaldan çıxarıb, onları təhqir edib və vəkillərə çıxış etməyə imkan verməyib. Digər vəkillər də bu etirazı dəstəkləyiblər.
Vəkil Fuad Ağayev də məsələ ilə bağlı danışmaq istəyərkən hakim onun sözünü “bilirik, bunları demisiniz” deyərək kəsib. Bu, zalda narazılığa səbəb olub.
Hakimlər etiraza baxmaq üçün müşavirəyə yollanıblar. Bu zaman IDI rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov söz istəsə də, Z. Əhmədov ona müşavirədən sonra çıxış etməyə imkan veriləcəyini deyib.
Müşavirədən qayıdan hakimlər etirazın təmin olunmadığını elan ediblər. A. Qurbanov çıxışının məhz etirazla bağlı olduğunu bildirərək, hakimlərin onu dinləmədən qərar verməsinə etiraz edib. Bundan sonra hakim onun da məhkəmə zalından çıxarılmasına göstəriş verib.
Media eksperti, “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli isə hakimin davranışını tənqid edib.
“Siz özünüzü qanunun nümayəndəsi, hakim kimi aparmırsınız. Vəziyyəti bu yerə siz gətirib çıxarmısınız. Siz qanunları pozursunuz, nəticədə də təqsirləndirilən şəxslər qaydaları pozurlar. Bunun hamısına siz şərait yaratmısınız”, - Ə. Məmmədli hakimə bildirib.
Daha sonra “Toplum TV” əməkdaşı Fərid İsmayılov da çıxış edərək hakimə etiraz edib.
“Sizin haqqınızda Məhkəmə-Hüquq Şurasına şikayət yazmışdım. Umbakı Penitensiar Kompleksindən göndərmədilər, dedilər təhqir var burada. Halbuki mən orada yazmışdım ki, siz buranı kolxoza döndərmisiniz və kolxoz sədrisiniz. Halbuki siz ləyaqətsiz, özünə hörmət etməyən bir insansınız. Hakimliyə qalanda isə sizə hakim demək olmaz, baxmayaraq ki, siz bizdən ‘möhtərəm hakim’ deməyi tələb edirsiniz”, - o deyib.
Zalda iştirak edən təqsirləndirilən şəxslərin yaxınları və prosesdə iştirak edən hüquq müdafiəçiləri ictimai fiqurların və hüquq müdafiəçilərinin zala buraxılmamasına etiraz olaraq akt tərtib ediblər. Vəkillər də aktı dəstəkləyiblər.
Z. Əhmədov isə “mən özüm bilərəm kimi buraxıram, kimi yox, hamını zala doldurmağın yeri yoxdur” deyə cavab verib.
Ardınca vəkil Fuad Ağayev sübutlar barədə danışmağa başlayıb. Onun çıxışı zamanı hakim sözünü kəsərək “dəlillər çox vaxt aparacaq, gəlin fasilə elan edək” deyib.
Məhkəmə prosesi noyabrın 2-si saat 15:30-dək təxirə salınıb.
İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə hökm elan olunub. Hökmə əsasən, Akif Qurbanov və Ruslan İzzətli 15 il, Ələsgər Məmmədli və Əli Zeynal 14 il, Ramil Babayev, İlkin Əmrahov və Müşfiq Cabbar 13 il, Fərid İsmayılov 12 il, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum ediliblər. Elmir Abbasov məhkəmə zalında həbs olunub.
Məhkum olunanların hər biri 2 il 6 ay müddətinə müəyyən vəzifə tutmaq hüququndan da məhrum edilib. Məhkəmə onlara qarşı qaldırılmış mülki iddianı təmin edib, üzərinə həbs qoyulmuş avtomobillərin və evlərin müsadirəsinə qərar verib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Azərbaycanda korrupsiya barədə məlumat verənlərin mükafatlandırılması təklif olunur
sosial media
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”