Bank sektorunda ziddiyyətli mənzərə: Depozit faizləri enir, kredit faizləri qalxır
Foto: açıq mənbə
Mərkəzi Bank 2025-ci il üzrə bank sektorunun vəziyyətinə dair məlumatları açıqlayıb. Diqqəti cəlb edən əsas göstəricilərdən biri il ərzində cəlb edilmiş depozitlər və verilmiş kreditlər üzrə orta faiz dərəcələrinin səviyyəsidir. Hesabatdan aydın olur ki, banklar əvvəlki illə müqayisədə 2025-ci ildə əhalidən milli valyutada cəlb etdikləri depozitlər üzrə faizləri əhəmiyyətli dərəcədə aşağı saldıqları halda, verdikləri kreditləri bahalaşdırıblar.
Belə ki, əgər 2024-cü ildə manatla depozitlər üzrə orta faiz dərəcəsi 8,3% idisə, 2025-ci ildə bu göstərici 6,5%-ə enib. Müstəqil ekspertlərin fikrincə, bu, faktiki olaraq banklar üçün əsas resurs olan depozitlərin 28% ucuzlaşması deməkdir. Məlumat üçün bildirməyə dəyər ki, 2025-ci ildə bank sektoru üzrə ümumi resursların təxminən 80%-i məhz depozitlərdən ibarət olub. Xarici valyutada depozitlər üzrə orta faiz dərəcəsində isə əhəmiyyətli dəyişiklik müşahidə edilməyib və son iki il ərzində bu göstərici 3%-dən bir qədər yüksək olub.
Eyni dövrdə kreditlərlə bağlı əks proses baş verib: milli valyutada verilən kreditlər üzrə orta faiz dərəcəsi 2024-cü ildə 16,6% olduğu halda, 2025-ci ildə 17,7%-ə yüksəlib. Bu, manatla kreditlərin təxminən 7% bahalaşması deməkdir. Xarici valyutada kreditlər üzrə orta faiz dərəcələri də 5,9%-dən 6,4%-ə yüksəlib. Lakin təxminən 30 milyard manatlıq ümumi kredit portfelində xarici valyutada verilmiş kreditlərin payı nisbətən kiçik (4,2 milyard manat və ya 14%) olduğundan, əhali və biznes subyektlərinin faiz xərclərinə həlledici təsir əsasən manatla kreditlərdən yaranır.
Uzunmüddətli dövrdə baxdıqda, depozitlərin ucuzlaşması ilə kreditlərin bahalaşması arasındakı fərq həm sürət, həm də nisbət baxımından daha böyükdür.
Məsələn, 2019–2025-ci illərdə manatla yerləşdirilmiş depozitlər üzrə orta faiz dərəcəsi 9,3%-dən 6,5%-ə enib. Bu, faktiki olaraq əhalinin depozitlərdən əldə etdiyi faiz gəlirlərinin 43% azalması deməkdir. Yəni əgər əhali beş il əvvəl yerləşdirdiyi hər 1000 manata görə ildə 93 manat faiz alırdısa, 2025-ci ildə bu məbləğ 65 manata enib. Doğrudur, bu dövrdə xarici valyutada depozitlər üzrə faizlər 1,8%-dən 3,2%-ə yüksəlib. Lakin xarici valyutada depozitlərin ümumi məbləğdə payı yüksək deyil. Əgər 2019-cu ildə bu depozitlərin əhalinin banklardakı yığımlarında xüsusi çəkisi 53%-ə yaxın idisə, hazırda təxminən 30% təşkil edir. Başqa sözlə, ev təsərrüfatlarının banklardakı hər 100 manatlıq depozitinin 70 manatı milli valyutadadır.
2019–2025-ci illərdə bankların manatla verdiyi kreditlər üzrə orta faiz dərəcəsi 15,9%-dən 17,7%-ə yüksəlib. Bu, vəsait götürən subyektlər üçün faiz xərclərinin, banklar üçün isə faiz gəlirlərinin təxminən 11% artması deməkdir. Məsələn, banklar verdikləri hər 1000 manat kredit üçün beş il əvvəl 159 manat faiz gəliri əldə edirdilərsə, indi bu göstərici 177 manata çatıb.
Kreditlərin bahalaşmasını sektor üzrə kredit portfelinin təxminən 40%-nə sahib iki bankın - Beynəlxalq Bank və Kapital Bankın göstəriciləri əsasında daha aydın görmək mümkündür. Belə ki, 2024–2025-ci illərdə Beynəlxalq Bankın müştərilərə verdiyi xalis kreditlərin (ehtiyat ayırmaları nəzərə alınmadan) həcmi cəmi 10% artaraq 5,9 milyard manatdan 6,5 milyard manata yüksəlib. Lakin bu dövrdə kreditlər üzrə faiz gəlirləri 664 milyon manatdan 822 milyon manata çatıb ki, bu da 24%-lik artım deməkdir. Faiz gəlirlərinin xalis kredit məbləğinə nisbəti 11,2%-dən 12,6%-ə yüksəlib. Başqa sözlə, Beynəlxalq Bank bir il ərzində hər 1000 manat kredit üzrə faiz gəlirini 112 manatdan 126 manata çatdırıb.
Kapital Bankda isə faizlər daha yüksək templə artıb. 2024–2025-ci illərdə bankın verdiyi xalis kreditlərin həcmi faktiki olaraq dəyişməsə də (təxminən 4,6-4,7 milyard manat), kreditlər üzrə faiz gəlirləri 35% artaraq 702 milyon manatdan 951 milyon manata yüksəlib. Bu isə kreditlər üzrə orta faiz dərəcəsinin 15,2%-dən 20%-ə çatması deməkdir. Göründüyü kimi, Kapital Bank üzrə orta kredit faizi həm artım tempi, həm də səviyyə baxımından bank sektoru üzrə müvafiq göstəricilərdən xeyli yüksəkdir.
Son illərdə depozit və kredit faizləri arasındakı fərq (spred) də kəskin şəkildə artıb. Əgər 2019-cu ildə bu fərq 1,7 dəfə idisə, hazırda 2,7 dəfə təşkil edir. Bunun səbəbi depozitlərin ucuzlaşmasına paralel olaraq kredit faizlərinin azalması deyil, əksinə artmasıdır. Mütəxəssislər bunu iqtisadi baxımdan tamamilə anormal proses kimi qiymətləndirirlər. Çünki cəlb edilən resurslar ucuzlaşırsa, həmin resurslar hesabına verilən kreditlərin də ucuzlaşması gözləniləndir.
Müqayisə üçün qeyd etmək olar ki, Azərbaycan bu iki göstərici üzrə Cənubi Qafqaz ölkələri ilə müqayisədə daha əlverişsiz mövqedədir. Məsələn, 2025-ci ildə Gürcüstanda orta faiz dərəcəsi depozitlər üzrə milli valyutada 10,3%, xarici valyutada 2,7%, kreditlər üzrə isə müvafiq olaraq 14,8% və 8,8% təşkil edib. Ermənistanda isə orta faiz dərəcəsi milli valyutada depozitlər üzrə 10,5% (xarici valyutada təxminən 4%), kreditlər üzrə isə 14,5%-ə yaxın olub.
Qeyd: Yazıdakı fikirlər müəllifin mövqeyini əks etdirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: açıq mənbə
2025-ci ildə Azərbaycanın turizm gəlirləri azalıb: 6 illik bağlı sərhədlər sektoru zəiflədib
Foto: açıq mənbə
Prezident niyə hüquqşünasları aidiyyətləri olmayan sahələrə nazir təyin edir?
Şivlənin yolu - Yalçın İmanov yazır
Erməni jurnalist: “Qarabağın son erməni sakinləri Azərbaycandan zorla köçürülüb"
Əliyevin “o da bizim kimi ailə dəyərlərini bölüşür” dediyi Tramp haqqında pedofiliya iddiaları
"Meydan TV işi" üzrə məhkəmə davam edir: Nurlan Libre müddətsiz aclığa başlayıb