İqtisadiyyat

Ekspert: “Azərbaycanda demək olar ki, hər ailədə ən azı bir nəfərin kredit borcu var”

4 avqust, 2026
198

Açıq mənbə

Azərbaycanda əhalinin banklara olan kredit borcu 19,1 milyard manata çatıb. Bu məbləğin təxminən 9,4 milyard manatını istehlak kreditləri təşkil edir. Bu isə əhalinin banklara olan ümumi borcunun təxminən yarısının istehlak kreditlərindən ibarət olduğunu göstərir.

Müqayisə üçün qeyd etməyə dəyər ki, 2024-cü ildə istehlak kreditlərinin həcmi 8,445 milyard manat, 2025-ci ildə isə 9,354 milyard manat olub. Bu göstəricilər istehlak kreditlərinin artan tendensiyada olduğunu göstərir.

İstehlak kreditlərinin həcminin artması əhalinin kreditlərə daha çox müraciət etməsinin səbəbləri ilə bağlı suallar yaradır. İnsanlar kreditləri əsasən hansı ehtiyaclarını qarşılamaq üçün götürür və bu borclanmanın artmasına nə təsir edir?

Mövzu ilə bağlı “Toplum TV”-yə danışan iqtisadçı Vahid Məhərrəmli hesab edir ki, Azərbaycanda insanların kredit götürməsinin əsas səbəblərindən biri işsizlik və gəlirlərin aşağı olmasıdır. Ekspertin fikrincə, hökumət işsizlərin sayını az göstərməyə çalışsa da, ölkədə əmək qabiliyyətli insanların böyük bir hissəsi işsizdir.

Onun sözlərinə görə, belə vəziyyətdə insanlar ailəsini, övladını qida və gündəlik lazım olan məhsullarla təmin etmək üçün çıxış yolu axtarırlar və bankların kredit təklifləri də insanların kredit götürməsinə təsir edib: “Bir müddət əvvəl insanların telefonlarına kredit təklifləri ilə bağlı mesajlar gəlirdi, bankların qarşısında isə ucuz kreditlərlə bağlı reklamlar yerləşdirilirdi. Lakin bu kreditlər əslində o qədər də ucuz deyildi. Banklar aylıq faiz dərəcəsini göstərsələr də, kreditlər yüksək faiz ödənişi ilə başa gəlirdi”.

V.Məhərrəmli hesab edir ki, vəsait axtaran insanlar bu təkliflərdən asanlıqla istifadə edirdilər və onlar düşünürdülər ki, bir neçə ildən sonra iş tapacaqlar, haradasa işləyəcəklər və kredit borclarını qaytara biləcəklər. Mütəxəssis bildirir ki, hazırda kredit götürən insanların böyük bir hissəsi borclarını qaytara bilmir və bu borcları uzun müddət ərzində ödəməkdə çətinlik çəkir.

“Get-gedə ölkənin gəlirləri azalır, neft hasilatı azaldığı üçün bizim gəlirlərimiz azalır. Neftin qiyməti yüksəkdir, amma ümumi baxanda gəlirlər azalır. Yəni, neftin qiymətinin yüksək olması o demək deyil ki, bizim gəlirlərimiz çoxalır. Ona görə ki, hasilat azaldığı üçün biz az həcmdə neft ixrac edirik və bu da bizim ümumi gəlirlərimizi azaldır. Digər tərəfdən, ölkə iqtisadiyyatında bir artım yoxdur. Biz görürük ki, ÜDM-də artım demək olar ki, yoxdur, bu yarımillikdə də çox aşağı səviyyədədir, təxminən birdən aşağıdır, sıfır ətrafındadır. Bu da ondan xəbər verir ki, bizim gəlirlərimiz azalır, ümumi ölkənin gəlirləri azalır”, - o qeyd edir.

V.Məhərrəmli hesab edir ki, ölkənin gəlirlərinin azalması insanların büdcəsinə ciddi təsir edir. O bildirir ki, istehlak məqsədilə kredit götürən insanların əsas xərclərindən biri ərzaqdır və son illərdə ərzağın qiyməti dayanmadan artır. Rəsmi rəqəmlərə görə, bu ilin ilk yarısında da ərzaq qiymətləri 6 faizdən çox artıb. Ekspert qeyd edir ki, əvvəlki dövrdə ərzaq inflyasiyası hətta 19 faizə qədər yüksəlib.

“Ümumi kredit borcu olanların sayı, yəni kredit əldə edənlərin sayı 3 milyon nəfərdən çoxdur. Təsəvvür edirsiniz, 3 milyon adamın kredit borcu var, ölkədə də 2,5 milyon ailə var. Demək olar ki, hər ailədə ən az bir adamın kredit borcu var”, - ekspert deyir.

V.Məhərrəmli deyir ki, imkanlı insanlar nəzərə alınmasa, bir çox ailələrdə iki, hətta üç nəfərin bankdan kredit götürdüyü hallar var və belə ailələrin ödəniş qabiliyyəti zəifdir. İnsanlar əsasən işsizlik, aşağı əməkhaqları və artan xərclər səbəbindən kredit götürməyə məcbur qalırlar, lakin sonradan həmin borcları qaytarmaqda çətinlik çəkirlər.

Ekspertin sözlərinə görə, dəfn mərasimləri, toy və uşaqların təhsili ilə bağlı xərclər də ailələri borclanmağa məcbur edə bilər. Məsələn, yaxın qohumunu itirən insanlar dəfn və məzar xərclərini, imkanı olmayan ailələr isə toy və uşaqların təhsil xərclərini qarşılamaq üçün kredit götürürlər.

Onun sözlərinə görə, hazırda kreditlərlə bağlı risklər böyükdür. Çünki insanların götürdükləri krediti və onun faizini qaytarması üçün hansısa vəsait mənbəyi olmalıdır. Bunun üçün bəzi insanlar torpağını, bəziləri isə qiymətli əşyalarını satırlar.

“Banklar yüksək faizlə kredit resursu təklif etdiyi üçün onların müflis olma ehtimalı çox aşağıdır. Xüsusən banklar imkanlı adamların əlindədir və bir çox halda biz görürük ki, banklar ümumiyyətlə oliqarx məmurlara məxsusdur. Oliqarx məmurların gəlirləri yalnız banklardan deyil, onların digər biznesləri də var. Digər tərəfdən, onlar məmur kimi fəaliyyət göstərirlər və məmurlar üçün də korrupsiya, rüşvət yolu ilə ziyanlarını kompensasiya edə bilirlər.

Ona görə də çox nadir halda Azərbaycanda bankların müflis olduğunu görürük. Amma əhali üçün çox çətindir. Əhali nə vaxta kimi qiymətli əşyalarını satacaq və ya daşınmaz əmlakını satıb kredit borclarını ödəyəcək? Müəyyən bir mərhələdən sonra biz görəcəyik ki, çoxsaylı məhkəmə çəkişmələri var və indi də var. Yəni, bu hallar baş verəcək”, - o deyib.

Ekspert hesab edir ki, Azərbaycanda ÜDM-də artımın olmaması, ölkənin gəlirlərinin və neftdən gələn gəlirlərinin azalması gələcəkdə insanların gəlirlərinin artacağı ilə bağlı gözləntiləri də azaldır. Gələcəkdə yeni iş yerlərinin yaradılacağı və insanların gəlirlərinin artacağı ilə bağlı belə bir illüziya yoxdur.

Vahid Məhərrəmli həmçinin qeyd edir ki, insanları daha çox borca salmaq və asılı vəziyyətdə qoymaq bəzi ölkələrdə də müşahidə olunur. Ekspert sonda əlavə edir ki, insan borc içində və asılı vəziyyətdə qalanda həmin şəxsdən manipulyasiya etmək daha asan olur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə

22 oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu dövrdə 191 ölkədən Azərbaycana 1 milyon 831,8 min nəfər gəlib. Gələnlərin 27,1 faizi Rusiyanın, 19,4 faizi Türkiyənin, 7,7 faizi İranın, 4,9 faizi Gürcüstanın, 4,5 faizi Qazaxıstanın, 3,7 faizi isə İsrailin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 min nəfərə çatıb. Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min nəfər, digər...
İqtisadiyyat

Nazirlik: Azərbaycan 9 ayda 15 milyon tondan çox neft ixrac edib

15 oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı, kondensatla birlikdə, 5,1 milyon ton təşkil edib. Nazirlik bildirir ki, həmin dövrdə 15,5 milyon ton neft və kondensat ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın (Joint Operating Company of Absheron Petroleum) payına düşüb. Müstəqil iqtisadçılar bildirirlər ki, Azərbaycan iqtisadiyyatı hələ də neft və...

Seçilmiş Videolar

Toplum TV loqo