Ələsgər Məmmədli: “Azərbaycanda hüququn aliliyini müdafiə etdiyimə görə qanunsuz həbs edilmişəm”
Sosial media
Bakı Ağır Cinayətlər Məhkməsinin hökmü ilə 14 il azadlıqdan məhrum edilən media eksperti, “Toplum TV“-nin həmtəsisçisi Ələsgər Məmmədlinin son sözündən bir hissəni təqdim edirik.
Artıq 2 il 5 aydır, yəni 29 aydır qanunsuz, saxta ittihamla azadlığımız əlimizdən alınıb, girovluqda saxlanılmaqla, elementar hüquqlarımız belə təmin edilmədən cəmiyyətdən, ailələrimizdən, təbiətdən təcrid edilərək qatı cinayətkarlar kimi məhkəmə önünə çıxarılırıq. Bizim sözümüzə, kəlamımıza verəcək cavabı olmayan o bəsit düşüncə sahibləri öz eqolarını təmin etmək üçün “voronok”dan at tövləsi olan zirzəmiyə cəmi 7 pillədən ibarət pilləkəndə belə qollarımıza qandal vurmaqla sadist, sivilizasiyadan zəruri payını almamış xislətlərini göstərirlər.
Mən bugünkü iclasla birlikdə toplam 65-ci dəfədir məhkəmə qarşısına çıxarılıram. 65 məhkəmə prosesində iştirak etmək 65 günü işgəncə ilə keçirməyə bərabərdir. Bu, 130 dəfə “şmon” dedikləri, insan onurunu və ləyaqətini alçaldan, əsəbləri korlayan, sonu gəlməyən şəxsi yoxlamalar, müayinələr, sənədlərin, kağızların didik-didik yoxlanılması, senzuradan keçirilməsi, dərmanların, gigiyenik məhsulların əllərində əlcək olmadan, barmaqları arasında siqaret tüstülənə-tüstülənə əllənməsi prosesidir. Bu 65 gün, azı 65 saat “boks” dedikləri, siqaret ‘izmarit’ləri qalaqlanmış, nəfəs almağa belə təmiz hava olmayan yerdə, “voronok” deyilən dəmir tabutda, hər biri 1,5 saat olmaqla, ümumilikdə 200 saat sürən ölümü gözləmək yolçuluğudur. Bu tabutda 70 sm eni, 2 metr uzunluğu olan, cəmi 1,4 m² sahədə 8 nəfər insan saat yarım ərzində cansız əşya kimi o divara, bu divara dəyərək hərəkət edir, hər kəsin mədəsi ağzına gəlir. Enərkən isə hər tərəfi dəmirdən olan bu tabutdan 3-4 gün keçməyən morluqlar yadigar qalır. O tabut ki, qışda isidilmir, yayda isə hava vurmaq adı ilə motordan gələn karbon qazı insanı tam öldürmür, zəhərləyir. Onun yaratdığı havasızlıqdan 1 sutka nə yemək yeyə, nə də su içə bilirsən. Mədəyə qəbul etdiyin hər şeyi bədən geri qaytarır.
Bu 65 gün hər məhkəmədən öncə və sonra heç bir pəncərəsi olmayan, ventilyatoru səs salır deyə işlədilməyən, 65-90 nəfərin salındığı və onların 99 faizinin siqareti siqaretə calamaqla mavi dumanda göz-gözü görmədiyi, divarları nəmdən qabarıb tökülən, havasız yerdə hər gün saatlarla, bəzən 2, bəzən 4 saat, ümumilikdə 200-250 saat ayaq üstə, heç hara söykənmədən gözləməkdir. Oksigen əvəzinə ağciyərlərinə dolan nikotin zəhərini bir həftə təmizlənməmiş halda yenidən eyni vəziyyətlə qarşılaşmaqdır. Bu 65 gün məhkəmə iclasında saatlarla ədalətdən, hüquqdan danışıb onun təmin olunmasını gözləmək işgəncəsidir. Bilə-bilə ki, bu ölkədə ədalət sadəcə kişi adıdır, hüquqi proses deyil, dövlətin söykəndiyi sütun deyil, hüququn, haqqın təminatı isə heç deyil.
Bəli, biz sadəcə 29 ay həbsdə saxlanılan, sallaqxanada kəsilməsini gözləyən “ət heyvanları” kimi nə zaman saxta ittihamların saxta hökmə çevriləcəyini gözləyən insanlar deyilik. Eyni zamanda bu 29 ayın 2 aydan çoxunu işgəncəyə, pis rəftara, qeyri-insani davranışa məruz qalaraq, hər həftə yenilənən iztirablarla qisas alınan “zavallı” vəziyyətinə salınmağa çalışılan, amma sınmayan, əyilməyən ziyalılarıq.
Bundan 90 il öncə, 1937-ci illərdə ömrünün 31 ilini qurduğu diktatura rejiminin zirvəsində duran, insanların qəlbindəki “Allah”ı oradan silib özünü onun yerinə qoymağa çalışan Stalin də bu yolu keçib. O da məşhur “troyka”larla, indiki kimi 2-3 il çəkməyən, cəmi 10-15 dəqiqə davam edən “məhkəmələr” vasitəsilə millətlərin yolunu işıqlandıran aydınları, ziyalıları repressiya maşınından keçirib, güllələyib.
Məqsəd nə olub? Düşünən beyinləri yox etmək. Çünki düşünən beyin, ziyalı insan fikir istehsal edir. Fikir istehsal olunduqca yayılır, başqalarına da çatır. Bu fikirləri eşidən, öyrənən insan ətrafını sorğulamağa başlayır. Ətrafını sorğulayan insan isə diktaturalar və avtoritar rejimlər üçün ən qorxulu, ən arzuolunmaz varlıqdır. Odur ki, diktatorların və diktaturaların ilk hədəfi ziyalıları, aydınları biçmək olur. Ziyalıların biçildiyi cəmiyyətlərdə isə qorxu hakim olur.
Qorxunun zəlil etdiyi, qanına işlədiyi kütləni hara istəsən ora yönəltmək, idarə etmək asan olur. Təsadüfi deyil ki, burada ittiham olunan, müttəhimlər kürsüsünə çıxarılan şəxslər toplam 9 nəfər olsa da, bitirdikləri universitet və akademiyaların sayı 16-dır. Yazdıqları kitablar, məqalələr yüzlərlədir. Hazırladıqları reportajlar, sənədli filmlər, araşdırmalar minlərlədir.
Qorxu qanına işləyən, ruhuna hopan icraçılar özləri daha qorxulu olurlar. Coşua Rubenşteynin yazdığı “Stalinin son günləri” kitabında 1953-cü il martın 4-dən 5-nə keçən gecə ətraflı təsvir edilir. Stalin axşam içib, əylənib, gedib yatır. Onun həkimi ürəyində problem olduğuna görə içməyin zərərli olduğunu desə də, o, buna əhəmiyyət verməyib.
Səhər tezdən onun otağını təmizləmək və qəzetləri gətirmək üçün gələn şəxs otaqdan səs gəlmədiyini fərq edib narahat olur. Stalinin əmrlərini gözünü qırpmadan icra edən və onun qəzəbindən ölümünə qorxan Beriyaya zəng edir. Beriya saat 11-də Kremlə, Stalinin otağına gəlir. Birgə içəri girirlər. Gördükləri mənzərə vahiməlidir. Stalin yataqda yox, döşəmədə, saatlar əvvəl yıxılmış, bütün paltarları sidiklə islanmış, yarıhuşsuz vəziyyətdə qalıb.
Xidmətçi dərhal həkim çağırmaq istəyir. Beriya isə qəzəblə əmr edir: “Olmaz! Rəhbər yatır. Onu narahat etmək olmaz. Sadəcə, onu çarpayısına uzadın və otağı tərk edin”, - deyir.
Stalin insult keçirib və dərhal həkimə ehtiyacı olsa da, günorta saat 15-16-dək heç kimin içəri girməsinə Beriya icazə vermir. Çünki Stalin üçün qurulan və 31 il zirvəsində oturduğu “Sovet imperiyası”nın Stalindən sonra ən güclü fiqur olan Beriyaya keçəcəyini düşünür.
Beriya səbəb olur ki, Stalin Kremlə aid binada, soyuq mart günündə saatlarla sidiklə islanmış paltarda huşsuz vəziyyətdə qalsın, həkim yardımından məhrum edilsin. Nəticədə onun təkcə ürəyi yox, böyrəkləri də iflas edir və 9 martda bir daha gözlərini açmayaraq əbədiyyətə, tarixin arxivinə biabırçı şəkildə göndərilir.
Beriyanın həbsi və ölümü isə ondan da ibrətamizdir. Bu şəxslər əslində milyonlarla ölkə vətəndaşını, xüsusilə ziyalıları, aktiv kütləni məhz bənzər ölüm şəkilləri ilə qətlə yetirib bundan “zövq” alıblar.
Lakin son nədir? Bu gün kim Stalinə, Beriyaya, Yejova hörmət göstərir? Bu gün kim Mircəfərləri, Sumbatovları xoş sözlə yad edir? Heç kim! Vicdanı olan, ləyaqəti olan heç kim!
Amma bu gün Hüseyn Cavidlər, Mikayıl Müşfiqlər hörmətlə, minnətlə yad olunur. Onların milləti aydınladan misraları dillər əzbəridir:
“İblis nədir? Cümlə xəyanətlərə bais. Ya hər kəsə xain olan insan nədir? – İblis!”
- deyən Hüseyn Cavidin cəsədi həmin “məhkəmə” obrazında çıxış edən troykaların hökmü ilə Sibir düzündə çürüsə də, onun mənəvi varlığı Azərbaycan mövcud olduqca, azərbaycanlılar mövcud olduqca əbədiyyətədək yaşayacaq.
22 iyun 2026-cı il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 37-ci iclasının protokolunu oxuyuram. Protokolun 10-cu səhifəsində dövlət ittihamçısı cənab R. Malışov bu cümlələri oxuyur: “Ələsgər Məmmədlinin evindən götürülən əşyalara baxış zamanı onun təlim iştirakçılarının adlarının qarşısında +, - işarələri qoyularaq qiymətləndirilməsi” cinayətin sübutlarla təsdiq olunduğunu göstərir.
Yəni cənab Malışov bildirir ki, mənim 6 maddə üzrə yeganə təqsirim tələbələri seçməyim, onları qiymətləndirməyim və faydalı gördüklərimizi pulsuz hüquq və media təlimlərinə cəlb etməyim olub. O ayrı məsələdir ki, bu dəftərlərdəki qeydlərin mənə aid olduğunu nə istintaq ekspertizaya göndərib, nə də mənim israrla verdiyim vəsatətlərə baxmayaraq, cənab Azər Tağıyev onların məhkəməyə gətirilməsini və burada araşdırılmasını təmin edib.
Məni bir ziyalı olaraq düşündürən odur ki, çiyinlərində “ədliyyə polkovnik-leytenantı” rütbəsi daşıyan, ali hüquq təhsilli, azı iki onillik təcrübəsi olan bir “ziyalı” belə bir cümlə quraraq sonda hər maddə üzrə ümumilikdə 28 il 6 ay cəza istəyərkən düşünübmü, sorğulayıbmı ki, nə üçün bu insanı, bu ziyalıları 15-16 il həbsə göndərirəm? Yaxud mən göndərmirəm, mənim əlimlə göndərilir?
Bu yerdə tarixi bir hadisəni xatırlayıram. XX əsrin əvvəllərində Azərbaycan siyasi tarixinə və media mühitinə böyük töhfələr vermiş Əhməd bəy Ağaoğlunun 1920-ci ildə Maltada sürgündə olarkən yazdığı möhtəşəm bir əsəri var: “Üç mədəniyyət”. O kitabda insanın düşünməsi, düşünüb sorğulaması ilə bağlı bir əhvalatı nəql edir. Əhməd bəyin əmisi Əli bəy XIX əsrin 80-ci illərində...
Qarabağda yaşasa da, tez-tez Arazın o tayına, dostlarının dəvətinə gedər, ov edər, məclislər keçirərmiş. Belə dəvətlərin birində onu dəvət edən şəxs İran şahı Nəsrəddin Şahın vəliəhd oğlu Müzəffərəddin şahzadənin də bölgədə olduğunu, bölgənin xanları ilə ov etdiyini öyrənir və Əli bəyi də özü ilə onların olduğu çadır-ovlağa aparır.
Xanlar və vəliəhd ov edir, yemək yeyib əylənirlərmiş. Birdən vəliəhd əlinə durbini alıb uzaqlara baxır və: “Bu dağın başında bir ağ at var, atın belində də çox gözəl bir xalı. Gəl bax”, – deyib xanlardan birinə durbini verir.
Xan əlinə durbini alıb gözünə tutan kimi təxmini həmin istiqamətə dönür və dərhal: “Bəli, qurban olduğum, nə gözəl at, nə gözəl xalı”, - deyir. Daha sonra o biri xanlar da ardıcıl durbini alıb baxır və eyni sözləri təkrar edirlər.
Nəhayət, vəliəhd Əli bəyə yönəlir və: “Əli bəy, gəlin siz də görün”, - deyir.
Əli bəy əlinə durbini alıb həmin istiqamətə baxır, baxır, amma heç nə görmür. Nə ağ at var, nə də xalı. Sadəcə boz təpə var, vəssalam. Çaşır, durbini bir o tərəfə, bir bu tərəfə çevirir, amma yenə heç nə görmür. Nəhayət: “Qurban olduğum, mən bir şey görmürəm”, - deyir.
Vəliəhd hirslənir, başını çevirir və heç nə demir. Əli bəyi dəvət edən şəxs isə acıqlı səslə: “Eh, Əli bəy, doğru söyləmək üçün yer tapdın”, - deyərək incikliyini bildirir.
“Zənn edirsən ki, biz durbində bir şey gördük? Nə biz, nə də vəliəhd heç nə görmürdü. Sadəcə bizim sədaqətimizi sınayırdı, onun gözü ilə görüb, qulağı ilə eşitdiyimizi test edirdi”, –-deyir.
Dövlətin ədalət qolunu təmsil edənlər, istər prokuror olsun, istər hakim, öncə ziyalı olmalıdır.
Gerçəkləri görməli, gerçəkləri görənlərin gözünü oymamalı, gerçəkləri söyləyənlərin dilini qoparmamalı - bir sözlə, sədaqətləri test olunan xanlardan olmamalı, həqiqətin, ədalətin yanında durmalıdırlar.
Çünki tarix göstərdi ki, Beriyalara, Mircəfərlərə də hüquq və ədalət lazım oldu. Lakin onların da əlləri ilə məhv edilən hüquq və ədalət onların da imdadına çatmadı.
Bu gün hüququ heçə sayanlar, ədaləti lağa qoyanlar dərk etməlidirlər ki, insan fanidir. Onların boyun əydikləri, durbinində olmayanları gördükləri “vəliəhd”lər yox olub gedəcək. Qalan isə mənəvi dəyərlər, haqqa, hüquqa hörmət və ən önəmlisi qanunların aliliyi olacaq.
Odur ki, hələ gec deyil, düşünmək, sorğulamaq lazımdır.
9 mart 2024-cü il tarixdə, həbsimdən 1 sutka sonra Xətai “Məhkəməsi”nə çıxarıldım. 2024-cü ildə 8 Mart bayramına görə 3 gün qeyri-iş günü idi. Axşam saat 20:00-da hakim gəldi. O, sərxoş vəziyyətdə çox biabırçı görünürdü. Sözlərini ard-arda düzməkdə çətinlik çəkir, ətrafındakılarla bayağı zarafatlar edib gülürdü. Məni dinləmədi, çıxış etməyimə imkan vermədi. Müstəntiqin tələbini dərhal təmin edib prosesi bitirdi.
4 ay sonra, sanksiya müddətinin başa çatmasına 3-4 gün qalmış yenə Xətai Məhkəməsinə gətirildim. Yenə Sülhanə Hacıyeva hakim kürsüsünü işğal edirdi. Bu dəfə sərxoş deyildi, əksinə, kiməsə qəzəbli idi.
Mən öz mədəniyyətimi, ləyaqətimi qoruyaraq çıxış etmək üçün icazə istədim. Dodaqucu “danış” dedi. Yenicə sözə başlamışdım. Konstitusiyada təsbit olunmuş təqsirsizlik prezumpsiyası hüququna, Avropa Məhkəməsinin təcrübəsinə, Konstitusiyanın 148 və 151-ci maddələrinə toxunarkən “Hə, nə olsun? Hə, nə olsun?” deyərək “Mənə dərs keçmə” dedi və sözümü kəsdi. Ardınca “Konstitusiya, qanun boş şeydir” dedi.
Mən əsəblərimi zorla kontrol edərək: “Sizin kimilər bu postu işğal etməməlidir”, - dedim.
Təbii ki, o da özündən sonrakılar kimi sadəcə ona əmr olunanı elan etdi və həbs müddətini daha 3 ay uzatdı.
Mən hüquqa olan inamımı, hörmətimi qoruyaraq Məhkəmə-Hüquq Şurasına Sülhanə Hacıyevanın qanunsuzluqları ilə bağlı 15 səhifəlik şikayət göndərdim. Onun 9 mart 2024-cü il tarixli qərarında “…təqsirləndirilən şəxs İbrahimov Ərşad Misiroğlu tərəfindən cinayətin törədilməsi yalnız cinayət işinə mahiyyəti üzrə baxılıb müvafiq sübutların qiymətləndirilməsi nəticəsində öz təsdiqini və ya təkzibini tapa bilər” yazılmasına baxmayaraq, yenə mənə qarşı CM-in 206.3.2-ci maddəsi ilə 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulduğu halda, məhkəmə qərarında “…cinayət təqibi üzrə toplanmış materiallar 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən ağır cinayətin törədilməsində ittiham olunan təqsirləndirilən şəxs Məmmədli Ələsgər Əhməd oğlunun… həbsdə qalması zəruridir” yazması, eləcə də qeyri-etik davranışları şikayətimin əsas dəlilləri idi.
Çox təəssüf ki, Məhkəmə-Hüquq Şurası da Sülhanə Hacıyeva kimi davrandı. Hüququ yox, qorxunu, sifarişi seçdi.
Lakin burada ilahi ədalət öz sözünü dedi. Sülhanə Hacıyevanın hakim adına yaraşmayan hərəkətləri, əməlləri sosial mediada biabırçı şəkildə yayıldıqdan sonra o, hakimliklə vidalaşdı. Lakin onun gah Ələsgər, gah Ərşad dediyi biabırçı qərar bu gün sələfləri tərəfindən davam etdirilir.
Çox təəssüf ki, Sülhanə Hacıyevanın qərarını təftiş edən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri - Əyyubov Fərid İlham oğlu, Mehdiyev Emin Əlixan oğlu və Nəcəfova Lamiyə Amil qızı –-həmin qüsurlu, qarışıq qərarı olduğu kimi 15 mart 2024-cü il tarixli 4(103)-248/2024 saylı qərarlarında da əbədiləşdirdilər.
Yəni durbində ağ atı və onun üzərindəki gözəl xalını gördülər.
Mən bu misalları, bu faktları ona görə sadalayıram ki, bizim burada - müttəhimlər kürsüsündə oturan ziyalıların - həbsinin nə cinayətlə, nə də hüquqla heç bir əlaqəsi yoxdur.
Durbinlə baxıb gözəl dağı, o dağın başında gözəl ağ atı və atın üzərində zərif xalını görən vəliəhdin gözü ilə baxan hüquq-mühafizə orqanları, prokurorlar, müstəntiqlər və nəhayət, ədaləti təmsil etməli olan hakimlər olmayan, lakin “vəliəhd”in onların sədaqətini sınamaq üçün uydurduğu “cinayəti”, “faktları” və “cinayətkarları” görüb, “aşkar edib”, həbs ediblər.
Ortada nə cinayət var, nə də cinayətkarlar. Ortada çox açıq şəkildə siyasi sifariş əsasında həyata keçirilən siyasi həbs var. Mən və burada oturan 8 nəfər siyasi iradənin açıq sifarişi ilə həbsdə, girovluqda saxlanılırıq. Prosessual hüquq sadəcə bu sifarişli həbsi imitasiya etmək üçün istifadə olunmağa çalışılır. Lakin bu cəhd çox uğursuzdur. Çünki siyasi sifariş o qədər bəsit, o qədər aşkardır ki, bunu malalamaq, kamuflyaj etmək mümkün deyil.
“6 mart 2024” həbs şousundan hələ əvvəl dəfələrlə hökumətyönlü media və onun əlaltıları palaz-palaz yazılar yazır, niyə bizim həbs olunmadığımızı sorğulayırdılar. Çünki narahat idilər. Ortaya qoyduğumuz vətəndaş mövqeyi, azad media nümunəsi həm qısqanclıq yaradır, həm də nifrət doğururdu.
Azad, müstəqil media nümunəsi kimi peşəkar jurnalistika ilə cəmiyyət qarşısına çıxmaq, bütün məhrumiyyətlərə, çətinliklərə, imkansızlıqlara baxmayaraq hərənin öz vasitəsini - kimi mobil telefonunu, kimi kamerasını, kimi proyektorunu, kimi mikrofonunu – ortaya qoyaraq ümumi işin nəticəsinə töhfə verməsi onları narahat edirdi.
Təsadüfi deyil ki, saxta, qondarma cinayət işi açılıb, məsum insanlar həbsə doldurulduqdan sonra da bu kin, bu qəzəb dayanmadı. Hökumətin maliyyələşdirdiyi televiziyalar (Real TV, Baku TV və s.), habelə internet media resursları demək olar ki, hər gün bizlərin fotolarını ekrana yapışdırıb, “olmayan cinayətdən” və “cinayətkarlardan” danışırdılar.
“Vəliəhd”in durbinini uzatdığı “xanlar” - Hikmət Hacıyevlər, Aqil Abbaslar, “deputat” postunu tutan, özünə belə hörməti olmayan şəxslər - “dağın başındakı ağ atdan və gözəl xalıdan”, yəni “qaçaqmalçılıq” cinayətindən danışır, pafoslu çıxışlar edirdilər.
Üstəlik, onlar özlərinin əl qaldırıb qəbul etdiyi və imza atdığı Konstitusiyanın təqsirsizlik prezumpsiyası hüququna, Media haqqında Qanunda qarşı tərəfə söz haqqı tanınması prinsipinə tüpürərək bunu edirdilər.
Bəli, “Toplum TV işi” birmənalı şəkildə siyasi işdir. Bu, Avropa İnsan Hüquqları Konvensiyasının 10, 11 və 18-ci maddələrinin açıq-aşkar pozulmasıdır. Medianın, onun jurnalistlərinin və mütəxəssislərinin siyasi təqibidir.
26 ildir ki, Azərbaycanda media hüququnun inkişafına çalışan, jurnalistlərin və medianın fundamental hüquqları olan ifadə azadlığını, informasiya əldə etmək hüququnu öyrədən və qoruyan biri olaraq mən və mənimlə birlikdə bu müttəhimlər kürsüsündə oturan jurnalistlər, redaktorlar, vətəndaş cəmiyyəti fəalları siyasi təqibə məruz qalmışıq.
Siyasi sifarişi verən tərəf - hakimiyyət orqanları – bu siyasi təqibi “hüquq” dəyənəyindən istifadə etməklə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının əli ilə həyata keçirməkdədir.
Bu, ona görə siyasi sifarişdir ki, azad, müstəqil, balanslı, qərəzsiz media nümunəsi ortaya qoyan, yüz minlərlə insanın izlədiyi, izləyib düşündüyü, düşünüb sorğuladığı problemləri işıqlandıran “Toplum TV” ilə bərabər, “Abzas Media”, “Meydan TV”, “Kanal 13”, “Xural TV” də eyni təqiblə susdurulub, məhkəmələrə çəkilib, illərlə davam edən məhkəmə-istintaq şoularına məruz qalıb.
“Toplum TV işi” ona görə siyasi sifarişdir ki, Azərbaycanda media azadlığı yox səviyyəsinə endirilib. 2025-ci ildə dünyanın 180 ölkəsi arasında Media Azadlığı İndeksinə görə ölkəmiz 171-ci yerə yuvarlanıb. Adını belə bilmədiyimiz “banan” ölkələrindən də geri qalıb.
“Toplum TV işi” ona görə siyasi sifarişdir ki, Avropa Şurası Parlament Assambleyasının 24 iyun 2026-cı il tarixli “Azərbaycanda tənqidi səslərin susdurulması” adlı 2663 (2026) saylı qətnaməsində də vurğulandığı kimi, Azərbaycanda 36 jurnalist həbsdədir. Onların həbsə atılmasının həqiqi səbəbi azad sözə dözümsüzlük, peşəkar media nümunəsi və peşəkar jurnalist işi ortaya qoymalarıdır.
“Toplum TV işi” ona görə siyasi işdir ki, 2023-cü ilin noyabrında “Toplum TV”-nin ‘YouTube’ səhifəsinin izləyicilərinin sayı 100 minə çatdığı vaxt “rəsmi orqanların əli ilə” “Toplum TV”-nin ‘YouTube’ səhifəsi sındırıldı. 30 min izləyici və tənqidi fikirlərin yer aldığı, yüz minlərlə baxış toplayan videolar silindi.
Dövlətin və cəmiyyətin təhlükəsizliyindən, hüququn tətbiqindən məsul olan dörd dövlət qurumuna şəxsən yazılı müraciət edib şikayət etdim. Çünki mənim mobil telefonuma kod göndərməklə bu cinayəti törətmişdilər. Qeyd edim ki, bu, kibercinayət idi.
Təəssüf ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi şikayətimi nəinki araşdırdı, heç reaksiya da vermədi.
Yalnız Dövlət Təhlükəsizliyi Xidməti məni dəvət edib, şikayətimi ətraflı dinlədikdən sonra bu məsələni araşdırmağın onların deyil, Baş Prokurorluğun vəzifəsi olduğunu bildirdi. Lakin onlar da yazılı cavab verməkdən imtina etdilər. Çünki bu qurumlar da siyasi iradənin gözü ilə hadisələrə baxır, onların durbinində əslində olmayan mənzərəni təsvir edirdilər.
Belə bir sual doğur: nədən azad, müstəqil media susduruldu? Problem nədir?
İnsan orqanizmi bir bütöv olduğu üçün orqanlardan hər hansında problem yaranarsa, həmin orqan öz funksiyasını normal yerinə yetirə bilməzsə, orqanizmdə, digər orqanlarda da problemlər yaranır. Cəmiyyət də, dövlət də vahid orqanizmdir. Orqanlardan hər hansı biri öz funksiyasından kənara çıxanda, digərlərini də vurur, iflic edir.
Mediaya demokratik cəmiyyətlərdə boşuna dördüncü hakimiyyət demirlər. Hələ XVIII əsrdə fransız mütəfəkkiri Monteskye hakimiyyət bölgüsü prinsipindən danışır, qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinin demokratiya üçün vazkeçilməz olduğunu söyləyirdi. Con Lokk da bu prinsipi irəli sürənlərdən idi.
Bu ayın əvvəlində 250 illiyi qeyd edilən ABŞ Konstitusiyasında da bu prinsip mənimsənilib. Ona görə demokratik ölkələrdə dövlət hakimiyyətinin səlahiyyətləri hakimiyyət qolları – parlament, icra və məhkəmə arasında bölüşdürülür, məhdudlaşdırılır ki, sadə, gücsüz vətəndaşlar və hüquqi şəxslər bu hakimiyyət gücü altında əzilməsin, hakimiyyət qolları bir-birini nəzarətdə saxlasın, məhdudlaşdırsın və çərçivələyə bilsin.
Medianın rolu – dördüncü hakimiyyət rolu məhz bu zaman önəmlidir ki, hakimiyyət qollarından heç biri ona biçilmiş dondan, ona cızılmış çərçivədən kənara çıxmasın.
Hakimiyyət gücü sadəcə bu qollardan birində toplandıqda media artıq öz yerində, öz funksiyasında ola bilməz. Çünki hakimiyyət gücünü istisnasız olaraq tək əlində cəmləyən hakimiyyət qolunun nə nəzarətə, nə ictimai nəzarətə, nə də ona biçilmiş donda, ona cızılmış çərçivədə qalmağa marağı olar.
Belə olduqda medianın qarşısında iki yol qalır: ya hakimiyyətin yanına keçib, onun gücündən faydalanaraq, media funksiyasından uzaqlaşıb gücün ruporuna, təbliğatçısına çevrilmək, ya da jurnalistika prinsiplərinə, media standartlarına sadiq qalaraq azad, müstəqil yol tutmaq, repressiyalara, həbslərə, təqiblərə, qısnamalara, böhtanlara məruz qalaraq hakimiyyətin tək əldə cəmlənən gücünün altında əzilmək, yox olmaq.
“Toplum TV” tək əldə cəmlənmiş hakimiyyət gücünün onun qarşısında qoyduğu iki variantdan birincisini - hakimiyyətin yanında durub gücün verdiyi həzzdən faydalanmağı, cəmiyyətin və fərdlərin problemlərinə arxa çevirməyi yox, nə qədər mümkünsə öz rolunda, dördüncü hakimiyyət rolunda qalmağı, dolayısıyla hakimiyyətin, gücün qəzəbinə və təqibinə tuş gəlməyi seçdi.
“Toplum TV”-nin tək “suçu” onun mövcudluğuna örnək verən sadə jurnalistindən, texniki işçisindən redaktoruna qədər hər kəsin jurnalist peşəkarlığına, media standartlarına sədaqətlə xidmət edib gücün yox, cəmiyyətin və fərdlərin yanında yer alması oldu.
“Toplum TV” toplumun yanında yer alıb, onun gözləri ilə problemləri görür, onun qulağı ilə səsləri duyur və gerçək media funksiyası olan əks etdirmə vəzifəsini yerinə yetirirdi.
Təsadüfi deyil ki, sadəcə gənclərin, jurnalist olmağı yeni öyrənənlərin, yaxud peşəkar jurnalist kimi öz təcrübələrini gənclərlə paylaşaraq onları yetişdirən təcrübəli könüllü peşəkarların ortaq əməyi ilə on minlərlə video reportaj, müsahibə, xəbər və xəbər törəmə materialları “Toplum TV”-nin ‘YouTube’ səhifəsini zənginləşdirdi.
Heç bir reklam gəliri və başqa maddi gəlirləri olmasa da, çox qısa müddətdə bu peşəkar media fəaliyyəti on minlərlə abunəçiyə çatdı. Abunə deyərkən, ‘YouTube’ üzərində səhifəni daimi izləməyə götürərək xəbərlərlə operativ tanış olmaq nəzərdə tutulur.
“Toplum TV”-ni izləyən sabit izləyicilərin sayı 100 min nəfərə çatanda, cəmiyyəti düşündürən xəbərlərin, reportajların və video materialların ümumi baxış sayı on milyonları keçəndə bu, ciddi narahatlıq yaratdı.
Narahat olanlar o şəxslər idi ki, onlar dövlət büdcəsindən, hər il vətəndaşlarımızın boğazından kəsilərək ayrılan 100 milyon manatdan çox büdcə vəsaitini birbaşa və ya dolayı yolla alsalar da, nə abunəçi, nə də gündəlik izləyici sayı baxımından “Toplum TV” ilə rəqabət apara bilmirdilər.
Belə olan halda qarayaxma yolunu tutdular. Sahədə rəqabət apara bilmədikləri üçün “Toplum TV”-nin media standartlarına və jurnalist prinsiplərinə sadiq qalaraq toplumun aynası olmaq funksiyasını qısqandılar, onu ləkələməyə cəhd etdilər və böhtan, qarayaxma yolunu seçdilər.
Durmadan hökumətə çağırışlar edirdilər: “Niyə bu onlayn media qapadılmır?” – deyə. “Niyə dövlət polisindən, ədliyyə gücündən istifadə edib bu medianı, bu fədakar insanları cəzalandırmır?” - deyə. Nəticədə əvvəlcə “Abzas Media”, sonra “Toplum TV” və nəhayət, “Meydan TV” bu repressiyalardan ‘nəsibini aldı’. Dövlət gücü siyasi sifarişlə öz işini görənlərə qarşı dəyənək kimi tətbiq olundu.
Çox yaxşı xatırlayıram, 2013-2014-cü illərdə əsasən vətəndaş cəmiyyətinə, o cümlədən bəzi peşəkar media qurumlarına qarşı həbs dalğası keçiriləndə xeyli sayda dəyərli vətəndaş cəmiyyəti aktivisti, insan hüquqları müdafiəçisi və jurnalist həbs edilmişdi. Həbs edilməyən, lakin müstəqil fəaliyyətləri məhdudlaşdırılan bir çox vətəndaş cəmiyyəti fəalı bir araya gəlib Sivil Toplum Platforması adlanan nəzəri birlik elan etdik. Öz aramızda iş bölgüsü aparıb hər həftə cəmiyyəti narahat edən bir mövzuya dair “policy paper” adlanan siyasət sənədi hazırlayır və onu sosial şəbəkələrdə yayırdıq.
Mən də vətəndaş cəmiyyətinin hüquqi vəziyyəti, problemləri və onlardan çıxış yollarını göstərən bir sənəd hazırladım. Etiraf edim ki, bu sənədin hazırlanmasına 3-4 saat vaxtım getdi. Çünki illərdir bu sektorda çalışan biri kimi həm hüquqi, həm də praktik vəziyyəti bilir, çıxış yollarını da zaman-zaman dilə gətirirdim.
Bu sənəd yayıldı. Az müddət sonra AŞ-nin Bakı ofisinin bir tədbirində hökumətə yaxın VC sektorunda çalışan bir nəfər (adını çəkmirəm) mənə yaxınlaşdı və həmin sənədlə tanış olduğunu, onun fundamental yanaşma sərgilədiyini bildirdi. Sonra əlavə etdi: “Bu hansı qrantla hazırlanıb?” Mən “Heç bir qrant layihəsi deyil, bunu 3-4 saatlıq çalışma ilə hazırlamışam”, - dedim. Gülərək mənə inanmadığını və “Bu sənədin ərsəyə gəlməsi üçün azı 10 min dollar lazımdır”, - dedi.
Əslində, onun prizmasından baxanda bu yanaşma anlaşılandır. Çünki bəsit işlər üçün onlar və onun kimilər dövlət büdcəsindən rahatlıqla on minləri, yüz minləri mənimsəyə bilirlər. Eyni məntiq saxta “Toplum TV” cinayət işində də işləyib.
İlkin istintaqla ortaya qoyulan saxta ittiham aktında və 22 iyun 2026-cı il tarixli BACM-nin iclasında dövlət ittihamçısının çıxışında belə bir iddia yer alır: “AR qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmayan ‘Toplum TV’ adlı qurumun adından özlərinin hazırlayıb təqdim etdikləri layihələrin həyata keçirilməsi adı altında xarici donor təşkilatlardan müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmayan müqavilələr, qərarlar üzrə qrant adı ilə maliyyə vəsaitləri alaraq, mütəşəkkil dəstə tərkibində ümumilikdə 1.038.617,84 manat məbləğində xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olmuşlar.”
Hüquq tələb edir ki, qanunlara əsasən kiməsə qarşı iddia irəli sürülürsə, bunun sübutları da ortaya qoyulsun. Mən istintaq bitəndə və cinayət işi bağlananda 24 cildlik cinayət işinin hər bir vərəqi, hər bir sətri ilə tanış olub qeydlər götürmüşəm.
Bu 24 cild material arasında nə mənim, nə də saxta ittihamla təqsirləndirilən digər 8 nəfərin “Toplum TV” adlı qurum adından harasa layihə və ya sənəd təqdim etdiyini göstərən hər hansı sənəd mövcud deyil. Eyni zamanda, heç bir şahid ifadəsində hansısa “donor” iddiası yer almır ki, guya Ələsgər Məmmədli və ya digər şəxslərdən kimsə onlara “Toplum TV” adından müraciət edib.
“Toplum TV”nin ofisindən və mənzillərimizdən götürülən onlarla kompüterdə, yüzlərlə SD, DVD, fleş kartda və mobil telefonda aparılan baxış zamanı da belə bir sənəd, hətta Word sənədi (yəni qaralama) belə aşkar edilməyib.
Bu, yalnız orta səviyyəli bir serialın ssenarisini belə ortaya qoya bilməyən, hüquq bilgisindən məhrum müstəntiqlərin və prokurorların uydurması, mülahizəsidir. Mülahizələr şəxsin azadlıq hüququnun məhdudlaşdırılması və ona cəza verilməsi üçün heç bir halda əsas ola bilməz. CPM-nin 251.2-ci maddəsinə görə, məhkəmə hökmü ehtimallara əsaslana bilməz.
6 mart 2024-cü il tarixdə “Toplum TV”-nin ofisinə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət mütəşəkkil dəstə basqın edib, məhkəmə qərarı olmadan ofis avadanlıqlarını götürüb, ofisin altını üstünə çevirib, orada praktikaya və təlimə gələn gənclərə zor tətbiq edərək, onları pis rəftara məruz qoyub və şöbəyə aparıb. Orada Cinayət Prosessual Məcəlləsinin 125.2.2-ci maddəsinin tələblərini pozaraq, hədə-qorxu gələrək, zorakılıq tətbiq edərək, qeyri-insani rəftara məruz qoymaqla özlərinin uydurduqları “ifadələr”ə imza atdırıblar. Sonradan təqsirləndirilən şəxslər həmin ifadələrdən imtina ediblər. Hətta CPM-nin 125.2.2-ci maddəsinə görə sübut kimi qəbul edilməyən həmin ifadələrin heç birində də belə bir iddia sübut olunmayıb.
“Toplum TV”-nin və onun əməkdaşlarının təqibə məruz qalmasının digər önəmli səbəblərindən biri onun bir məktəb olması idi. “Toplum TV” jurnalistika fakültələrini bitirib diplomlu jurnalist olduğunu söyləyənlər üçün deyil, öz tədris və təlim məktəbindən yetişənlər üçün bir platforma idi. Məqsəd sadəcə cəmiyyəti informasiya ilə təmin etmək deyildi. Əlbəttə, bu da məqsədlərdən biri idi. Lakin əsas məqsəd jurnalist kimi həqiqətən formalaşan, prinsiplərinə sadiq qalan, hər cür maneəyə baxmayaraq bu peşəni sevərək seçən və yolundan dönməyən gəncləri kəşf edib media ictimaiyyətinə qazandırmaq idi.
Siz təlimlərdə iştirak etmiş və “Toplum TV”-də təcrübə keçmiş gəncləri şahid kimi dindirdiyiniz zaman onların əksəriyyəti müxtəlif media orqanlarında, o cümlədən “İctimai TV”-də, “AzTV”-də və onlayn televiziya platformalarında fəaliyyət göstərdiklərini bildirdilər. Bu gün peşə və peşəkarlıq öyrətdiyimiz onlarla gənc ölkə daxilində və xaricdə bu peşəni məharətlə icra edir.
Çox təəssüf ki, düşünən, düşündüyünü sorğulayan bir nəsil yalnız sorğusuz itaət arzulayan idarəetmələr üçün təhlükə hesab olunur. Bu “təhlükə”nin mənbəyi “Toplum TV” kimi görüldüyündən, onun susdurulması, ideya müəlliflərinin və oraya əmək verən insanların cəzalandırılması “çıxış yolu” kimi seçilib. Bu, çox yanlış yoldur. Sonu yoxdur.
“Toplum TV” və onun əməkdaşlarının təqibi həm də ona görə bu qədər biabırçı şəkildə həyata keçirildi ki, “Toplum TV” media azadlığı və ifadə azadlığı ilə bağlı sistemli maarifləndirmə aparır, advokasiya prosesinə öncülük edirdi. Medianın hüquqi vəziyyətini canlı debatlarla, fərqli fikirdə olan, həm hökumətin tezislərini müdafiə edən, həm də hadisələrə peşəkar prizmadan obyektiv yanaşan ekspertlərlə müzakirə edir, cəmiyyətin düşünməsini və sorğulamasını təşviq edirdi.
3 illik həbsdən sonra Azərbaycanda media azadlığının vəziyyətinə nəzər saldıqda nə qədər geriləmə olduğunu təəssüflə görmək olur. 26 jurnalist şərlənərək həbsə atılıb, ölkə 171-ci yerə qədər geriləyib. Media azadlığının əsas göstəricilərindən biri olan medianın hüquqi vəziyyəti – qanunvericilik beynəlxalq standartlardan xeyli uzaqlaşıb.
Beynəlxalq standartlara əsasən, yalnız lisenziyalı fəaliyyət, yəni icazə əsasında media fəaliyyəti yerüstü yayım vasitələrindən istifadə edərək milli tezliklərdə yayımlanan televiziya və radio üçün tələb oluna bilər. Digər kütləvi informasiya vasitələri -qəzetlər və jurnallar isə icazə əsasında deyil, müvafiq qurumu xəbərdar etdikdən bir həftə sonra fəaliyyətə başlaya bilərlər. Məhdud resursdan istifadə etməyən yayımlar üçün isə icazə və ya lisenziya tələb oluna bilməz.
Hətta Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətinə sorğular ünvanlayarkən hökumətin cavabı belə olurdu ki, yalnız televiziya və radio yayımı lisenziyalaşdırılır, çap mediası icazə almadan, xəbərdarlıq sistemi ilə tənzimlənir. Onlayn media isə sərbəstdir.
Hökumətin Avropa Məhkəməsinə təqdim etdiyi bu tezisi cənab Malışov ittiham aktında alt-üst edib: “Azərbaycan Respublikası qanunvericiliyi ilə dövlət qeydiyyatına alınmayan ‘Toplum TV’ adlı qurum...” - deyərək, hökumətin öz mövqeyini təkzib edib. O, onlayn TV-nin qeydiyyatının məcburi olduğunu, qeydiyyata alınmadan fəaliyyət göstərməyin isə cinayət təşkil etdiyini iddia edib.
Üstəlik, 2016-cı ildə təsis olunan onlayn medianı 2022-ci ildə qəbul edilmiş “Media haqqında” Qanunun tələblərinə əməl etməməkdə ittiham edib. Halbuki, “Toplum TV” sadəcə domen adıdır və həmin domenin qeydiyyatı 1999-cu ildə qəbul edilmiş “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmayıb.
2022-ci ildə qəbul olunan “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələbi isə yanlış anlaşılaraq ittiham aktına daxil edilib. Yeni qanunda domen adının qeydiyyatı nəzərdə tutulmayıb. Qanuna “platforma yayımçısı” anlayışı gətirilib. Lakin onların hamısının fəaliyyətinin qeydiyyatı məcburi deyil. Yalnız gündəlik 8 saat canlı yayım həyata keçirən platforma yayımçıları müraciət edərək rəsmi qeydiyyata düşə bilərlər.
“Toplum TV”-ni bir anlıq platforma yayımçısı hesab etsək belə, onun heç vaxt gündəlik 8 saat canlı yayımı olmayıb. Buna görə də bu tələbi ona tətbiq etmək mümkün deyil.
8 saatdan az yayım həyata keçirən platforma yayımçıları yalnız o halda fəaliyyətlərini davam etdirə bilməzlər ki, Media Agentliyi onlara rəsmi xəbərdarlıq etsin və buna baxmayaraq platforma yayımçısı Media Reyestrinə müraciət etməsin. Cinayət işi materiallarında isə Media Agentliyinin “Toplum TV” platforma yayımçısına ünvanladığı hər hansı müraciət və ya məktub mövcud deyil. Yəni bununla bağlı qanuni əsas yoxdur.
Buna baxmayaraq, ittiham tərəfi qanunu yanlış təfsir edərək qeydiyyatı məcburi şərt kimi təqdim edib.
Media azadlığının qiymətləndirilməsində əsas meyarlardan biri də dövlət hakimiyyəti orqanlarının medianı tənzimləmə adı altında nəzarətə götürüb-götürməməsidir. Dövlətlər yalnız milli tezliklərdə yayımlanan və lisenziya əsasında fəaliyyət göstərən televiziya və radio sahəsini tənzimləyə bilərlər.
Halbuki, 2022-ci il tarixli “Media haqqında” Qanuna əsasən, Media Agentliyi və müvafiq icra hakimiyyəti orqanı televiziya və radiodan başqa daha doqquz media subyektini də tənzimləyir. Bunlara çap mediası (qəzet və jurnallar), onlayn media (platforma yayımçıları, internet yayımçıları və s.) daxildir.
Halbuki, televiziya və radio istisna olmaqla digər media subyektləri dövlət tərəfindən deyil, yaratdıqları özünütənzimləmə qurumları vasitəsilə tənzimlənməli idi.
2003-cü ildə Mətbuat Şurası məhz bu məqsədlə yaradılmışdı. Hüquqi sənədlərinin hazırlanmasında iştirak etdiyim bu qurum onlayn mediadan da üzvlər seçərək onların fəaliyyətini tənzimləməli idi. Lakin hökumət 2022-ci ildən etibarən yeni qanun vasitəsilə mütləq nəzarəti öz əlinə aldı.
Təsadüfi deyil ki, Avropa Şurasının Venesiya Komissiyası bu qanunu beynəlxalq standartlara zidd, ölkənin üzərinə götürdüyü öhdəliklərin və qoşulduğu konvensiyaların pozuntusu kimi qiymətləndirir.
Avropa Şurası Parlament Assambleyasının 24.06.2026-cı il tarixli, 2663 (2026) saylı qətnaməsinin 6.e bəndində vurğulanır: Assambleya qeyd edir ki, Avropa Hüquq Yoluyla Demokratiya Komissiyasının (Venesiya Komissiyası) “Media haqqında”, “Siyasi partiyalar haqqında” və “QHT (ictimai birliklər və fondlar) haqqında” qanunlara dair rəylərində verilmiş tövsiyələrin heç biri yerinə yetirilməyib. Bu isə Azərbaycanda media və daha geniş vətəndaş məkanı üzərində qorxuducu təsiri daha da ağırlaşdırır.
Media azadlığının qiymətləndirilməsində mühüm meyarlardan biri də media və jurnalistika sahəsində fəaliyyət göstərən hüquqi müdafiə təşkilatlarının media advokasiyası apara bilməsi, belə təşkilatların qeydiyyata alınması, maliyyə resurslarına çıxış imkan və hüquqlarına malik olmasıdır.
Azərbaycanda isə istisnasız olaraq müstəqil fəaliyyət göstərən belə qurumlar - QHT-lər ya bağlanıb, ya cinayət təqibinə məruz qalıb, ya da rəhbərləri ölkədən çıxmağa məcbur edilib.
Bu boşluğu doldurmaq üçün “Toplum TV” və onun əməkdaşları media advokasiyası ilə məşğul olur, mövcud problemlərə diqqət çəkirdilər.
“Toplum TV”-nin təqib olunmasının, susdurulmasının digər “səbəbi” “Toplum TV”-nin və onun əməkdaşlarının media savadlılığının artırılması istiqamətində ardıcıl və dönməz fəaliyyəti idi. “Toplum TV” cəmiyyətə həqiqi xəbərlə saxta xəbəri ayırmağı, dezinformasiyaya inanmamağı, xəbərlərin etibarlı mənbədən gəldiyinə əmin olmağı, həqiqətlə manipulyasiyanı, real informasiya ilə təbliğatı fərqləndirməyi öyrədir, nümunələr ortaya qoyur, saxtaların əvəzinə orijinalları təqdim edirdi.
Cəmiyyətə “Sosial şəbəkələrdən uzaq durun, onlar təhlükəlidir” deyən zehniyyətdən fərqli olaraq, “Toplum TV” və “Fakt Yoxla” sosial şəbəkələrin misilsiz imkanlarından media savadlılığını və fərqindəliyi artırmaq, cəmiyyətin məlumatlandırılması, maarifləndirilməsi, təşkilatlanması, icma mədəniyyətinin formalaşdırılması, ictimai nəzarətin gücləndirilməsi və ictimai qınağın yaradılması üçün necə səmərəli istifadə oluna biləcəyini təşviq edir, öyrədir və göstərirdi.
Bu gün bayağı təbliğatla məşğul olan ‘Mirşahin kimilər’ efirdə “30 il gündəm dəyişməməlidir” deyərək onu izləməyənlərə hirslənir, onları nankorluqda ittiham edir.
Halbuki, müasir dünyamızda 2.0 veb texnologiyaları artıq birtərəfli ötürülən bütün informasiya və yayımları rədd edir, hər kəsin öz səsini çatdıra biləcəyi mühitdən səmərəli istifadəni ön plana çıxarır.
Hər an dəyişən gündəmin 30 il dəyişməməsini istəyən zehniyyətlə süni intellektin sürətlə inkişaf etdiyi, rəqəmsal texnologiyaların həyatımızın bütün sahələrinə daxil olduğu dövrdə hansı rəqabətə tab gətirmək, hansı yeniliklərə ayaq uydurmaq olar?
Mənə bəzən belə bir sual ünvanlayırlar: “Siz şəxsən niyə bu siyasi təqibə məruz qaldınız? Niyə siyasi motivlə həbs olundunuz? Axı siz həmişə siyasətə neytral mövqedə dayanmış, hadisələrə yalnız hüquq prizmasından yanaşmış, medianı, jurnalistləri və vətəndaş cəmiyyətini müdafiə etmiş, akademik fəaliyyətlə məşğul olmusunuz?”
Əslində, bunun cavabı çox bəsitdir. Çıxışımın əvvəlində də vurğuladım ki, hakimiyyətin bütün qolları bir mərkəzdə təmərküzləşdikdə, demokratik ölkələrdə dördüncü hakimiyyət funksiyasını yerinə yetirən media hədəfə çevrilir. Media hüququnu müdafiə edənlər də təbii olaraq arzuolunmaz hesab edilir və “zərərsizləşdirilməli” görülür.
25 ildir, yəni 2001-ci ildən ölkədə medianın hüquqi məsələləri ilə məşğulam. Sərbəst ifadəmdə də vurğuladığım kimi, 2001–2023-cü illər ərzində, yəni 22 il ərzində ümumilikdə 34 kitabın müəllifi və ya həmmüəllifi olmuşam. Bu kitabların hamısı insan hüquqlarının müxtəlif sahələrinə həsr olunub. Onlardan 18-i isə birbaşa media və jurnalistika ilə bağlıdır.
Mən sadəcə bu kitabları yazıb passiv həyata çəkilməmişəm. Yazdıqlarımdan dəfələrlə çoxunu təbliğ etmiş, tədris etmişəm. Media sahəsinin demokratik ölkələrdə olduğu kimi hüquqla idarə olunmasına, jurnalist fəaliyyətinin hüquqla qorunmasına çalışmış, bunun uğrunda mübarizə aparmışam.
2003-cü ildə Media Hüququ İnstitutunun həmtəsisçisi olaraq yalnız fərdi deyil, institusional fəaliyyətin də formalaşmasına və inkişafına dəstək vermişəm.
2005-ci ildə tənqidi jurnalist Elmar Hüseynov yaşadığı binanın girişində başının arxasından tək güllə ilə killer tərəfindən qətlə yetiriləndə də, jurnalistika təlimlərimdən tanıdığım, dərs dediyim Rasim Əliyev “milli futbolçu” tərəfindən yazdığı yazıya görə küçənin ortasında döyülərək öldürüləndə də, Rafiq Tağı yazdığı məqaləyə görə küçədə bıçaqlanıb xəstəxanada vəfat edəndə də geri çəkilməmiş, ictimai istintaq qruplarında öz hüquq biliklərimlə yer almış, hadisələrin obyektiv və hərtərəfli araşdırılması üçün çalışanlardan olmuşam.
Mənim mənzilimdə 8 mart 2024-cü il tarixdə “isti izlərlə” cinayət faktı axtaran bu maymaq əməliyyatçılar və müstəntiqlər qrupu nədənsə həmin “isti izləri” ortaya çıxarmaq üçün həbs müddətimi üç dəfə uzatdıqdan sonra, yalnız oktyabr ayında götürdükləri əşyalara baxış keçirməyi ağıllarına gətirib.
Amma onların səriştəsizliyi Rafiq Tağı cinayətinin istintaqında da özünü göstərdi. Rafiq Tağıya qəsd edib onu bıçaqlayan şəxs onun hərəkət marşrutu üzərində yerləşən səkkiz müşahidə kamerasının heç birinə düşməmək “peşəkarlığını” göstərmişdi.
20 ildir “Toplum TV”nin ofisini alt-üst edib, təlimə gələn uşaqları, gənc qızları belə polis idarəsinə aparmağa, onları qorxutmağa, telefonlarını almağa, hədələməyə qadir olan bu “operativnik”lər həmin cinayətkarı və ya cinayətkarları tapıb istintaqa təhvil verə bilməyiblər.
Rasim Əliyevin öldürülməsi barədə göstəriş verməkdə təqsirli bilinən “Qəbələ” Futbol Klubunun və Azərbaycan milli komandasının üzvü Cavid Hüseynov təqsiri sübuta yetirildiyi və 8 il azadlıqdan məhrum edildiyi halda, 1 il 6 ay sonra həbsdən azad ediləndə də mən mediada dövlət qurumlarının Konstitusiyanın 25-ci maddəsinə hörmət etməli olduğunu, tərəflərə bərabər yanaşmalı olduqlarını yüksək səslə demişəm.
Jurnalistlərə qarşı törədilən cinayətlərin təxminən 95 faizi açılmadığı halda, ölkədə ümumi cinayətlərin açılma faizi 95 faiz təşkil edir.
Jurnalistləri öldürən, yaralayan, döyən, fəaliyyətinə mane olan şəxslər hüquqi məsuliyyətə cəlb edilmədiyi halda, jurnalistlər və media peşəkarları saxta ittihamlarla həbsxanalarda çürüdülür.
Mən isə məhz 25 ildir gördüyüm, müşahidə etdiyim bu hüquqsuzluğu tənqid edir, müsahibələr verir, hökumətə çağırışlar edir və bu yanaşmaların dəyişdirilməsinin zəruriliyini bildirirəm.
Mən ona görə siyasi təqibə məruz qalıb qanunsuz həbs edilmişəm ki, Azərbaycanda hüquq dövlətinin qurulmasına, hüququn aliliyinin təmin olunmasına ardıcıl çağırışlar etmişəm.
Ölkə Konstitusiyasının beynəlxalq hüquq normalarına üstünlük verən müddəalarının tələblərini ardıcıl şəkildə xatırlatmış, media sahəsini tənzimləyən qanunvericiliyi – “Media haqqında”, əvvəllər qüvvədə olmuş “KİV haqqında”, “Teleradio yayımı haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunları, eləcə də Cinayət Məcəlləsinin və İnzibati Xətalar Məcəlləsinin bu sektorla bağlı norma və sanksiyalarını Azərbaycanın rəsmi olaraq qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasına və onun protokollarına, həmçinin BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktına uyğunluq baxımından ekspertiza etmiş, bu barədə kitablar və hesabatlar hazırlamış, yayımlamışam.
Həmin sənədləri ATƏT-in Media Azadlığı üzrə Nümayəndəliyinə (Vyana), Avropa Şurasının Venesiya Komissiyasına təqdim etmiş, qanunvericilikdəki uyğunsuzluqları göstərmişəm.
Bundan başqa, BMT-nin ölkələr üzrə hər 4–5 ildən bir keçirilən Universal Dövri İcmal (UPR) prosesi çərçivəsində Azərbaycana dair alternativ hesabat hazırlayıb təqdim etmişəm.
Bəli, “Toplum TV işi” başdan sona qədər siyasi sifarişlə ortaya atılmış saxta cinayət işidir. Bu işlə bağlı həbs olunan, istintaqa cəlb edilən hər kəs, o cümlədən mən, siyasi təqibə məruz qaldığımız üçün buradayıq.
Həbs olunanda, çox təəssüf ki, yenicə məndə onkoloji xəstəlik aşkarlandığını öyrənmişdim. Lakin xəstəliyin xarakterini müəyyən etmək üçün biopsiya əməliyyatına gedərkən elə klinikanın çıxışında zorakılığa məruz qalaraq saxlanıldım. Həkimin mənə təqdim etdiyi sənədləri və biopsiya əməliyyatının zəruriliyini izah etsəm də, barəmdə həbs qətimkan tədbiri seçildi.
Bu zaman irəli sürülən əsaslandırma o idi ki, guya istintaqdan yayına bilərəm və təqsirləndirildiyim “cinayət” ağır cinayətdir, ona görə də 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Mən Xətai Rayon Məhkəməsinin 9 mart 2024-cü il tarixli qərarından apellyasiya şikayəti verdim. İzah etdim ki, əgər istintaqdan yayınmaq niyyətim olsaydı, 6 mart 2024-cü il tarixdə “Toplum TV”-nin ofisində axtarış aparılıb 20-dən çox şəxs saxlanılarkən ölkəni tərk edər, 8 martı gözləməzdim. Yayınacaq və ya gizlənəcək hər hansı əməl törətmədiyim üçün belə bir niyyətim olmayıb. Digər şəxslərdən 48 saat sonra həbs olunmağım da bunu təsdiqləyir.
Həmçinin qeyd etdim ki, 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan ağır cinayət barədə iddia həqiqətə uyğun deyil. Mənə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb və həmin maddə üzrə maksimum cəza 5 ildən 8 ilədək azadlıqdan məhrumetmədir.
Bundan əlavə, xərçəng xəstəliyindən əziyyət çəkdiyimi bildirərək məhkəmədən humanist yanaşma göstərməsini xahiş etdim. Vurğuladım ki, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə görə, əməlin ağır, az ağır və ya xüsusilə ağır cinayət kimi təsnif edilməsi öz-özlüyündə həbs qətimkan tədbirinin seçilməsi üçün əsas deyil və belə hallarda həbs, bir qayda olaraq, Konvensiyanın pozuntusu kimi qiymətləndirilir.
Buna baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Xətai Rayon Məhkəməsinin hüquqa zidd qərarını qüvvədə saxladı.
Heç bir cinayət törətmədiyim halda, cinayət işində əleyhimə heç bir sübut təqdim edilmədiyi, şahidlərin heç biri mənim əleyhimə ifadə vermədiyi, heç bir sənəd ittihamın iddialarını təsdiqləmədiyi halda, müalicəyə və əməliyyata ehtiyacı olan bir Azərbaycan ziyalısına qarşı bu qədər amansız davranan məhkəmələrimiz və hakimlərimiz “humanistliklərini” məni həbsdə saxlayaraq nümayiş etdirdilər. Bu müddətdə həbsxanada daha üç xəstəliyə – diabet, hipertoniyaya və böyrək xəstəliyinə tutulmuşam.
Eyni zamanda, “Meşəli soyqırımı”nda iştirakı ilə bağlı məhkəmə hökmü çıxarılmış Vaqif Xaçatryana münasibətdə humanistlik göstərilərək onun evinə göndərilməsi mümkün oldu. Halbuki mənim “cinayətkar” olduğumu təsdiq edən məhkəmə hökmü yoxdur. Mən Konstitusiyanın 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası hüququ çərçivəsində bu məhkəmə və hakimlər qarşısında məsumam və yalnız saxta ittihamla təqsirləndirilən şəxsəm.
Mənim evimdə əməliyyatçıların ayaqqabı qutusuna qoyduqları 7300 avro istintaq tərəfindən yeganə “sübut” kimi təqdim olunub. Bu saxta dəlilə əsaslanaraq artıq 13 ay istintaq, 16 ay isə məhkəmə araşdırması olmaqla ümumilikdə 29 aydır 4 kvadratmetrlik kamerada həbsdə saxlanılıram.
Digər tərəfdən, 50 il Azərbaycanda hakimiyyətin zirvəsində olmuş şəxslərdən biri olan Ramiz Mehdiyevin evindən guya “cinayət yolu ilə” əldə edilmiş 17 milyon manat vəsait aşkar edildiyi və ona dövlətə xəyanət kimi xüsusilə ağır cinayət üzrə ittiham irəli sürüldüyü halda, o, bir gün belə istintaq təcridxanasında saxlanılmayıb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Konstitusiyanın 25-ci maddəsinin tələblərini bizim “humanist” məhkəmələr və hakimlər, görünür, heç vaxt oxumayıblar. Əgər qanun qarşısında hamı bərabərdirsə, necə olur ki, daha ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxslərə münasibətdə yuxarıda qeyd etdiyim hüquqi normalar və məhkəmə təcrübəsi tətbiq olunur, mənə münasibətdə isə tətbiq edilmir?
Bu, məhkəmənin siyasi sifariş qarşısında müstəqil olmadığını, əksinə, qərəz və nifrətlə hərəkət etdiyini göstərir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Sosial media
İlqar Məmmədov prezidentə: "Sizi dəstəkləyən bir partiya lideri mənə xəbərdarlıq edir"
Toplum TV
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"
İlqar Məmmədov prezidentə: "Sizi dəstəkləyən bir partiya lideri mənə xəbərdarlıq edir"
Bayırşəhərdə 133 yaşlı memarlıq abidəsi sökülür