İqtisadiyyat

Heyvan bazarları onlayn satışa keçir: Nəticəsi nə olacaq?

14 Avqust, 2026
32

president.az

Azərbaycanda heyvan bazarlarının tədricən bağlanaraq onlayn satışla əvəz olunması planlaşdırılır. 

Bu barədə bu yaxınlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli mətbuata müsahibəsində deyib. O, əsas kimi qurum tərəfindən aparılan yoxlamalar zamanı 28 bazarın mövcud standartlara cavab vermədiyini göstərib. 

“Standartlara uyğunlaşdırıldıqdan sonra 14 heyvan bazarının fəaliyyətinə yenidən icazə verildi. Digər bazarların bir hissəsində hazırda yenidənqurma işləri aparılır, bir hissəsinin isə müasir tələblərə cavab verməsi mümkün olmadığından həmin məkanlarda gələcəkdə fəaliyyətin davam etdirilməsi məqsədəuyğun hesab edilmir. Gələcəkdə identifikasiya prosesi və ikinci dövlət proqramı tam başa çatdıqdan sonra fiziki heyvan bazarlarından heyvan satış birjalarına keçid təmin olunacaq”, - o qeyd edib. 

Qurum sədri əlavə edib ki, belə olan halda “alıcı almaq istədiyi heyvanın bütün məlumatlarını, o cümlədən identifikasiya sistemində əks olunan göstəricilərini elektron platforma üzərindən əvvəlcədən görə, qiymətləndirə və daha sonra sifarişini verə biləcək".

Bu plan isə ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli sosial media hesabında bunu “ənənələrə zidd” adlandırıb. 

“Bütün dünya ölkələrində inkişaf trayektoriyası ənənələrə söykənir. İstənilən halda ənənələr vacib amildir. Azərbaycanda da min illik bazar ənənələri var. Həmin ənənələr bu gün də yaşayır. Hər kəs bəslədiyi heyvanı “mal bazarı”na çıxarıb satır, geri dönəndə isə zəruri ehtiyaclarını alır. Nəticədə insanlar təkcə heyvanını satmır, həm də zəruri ehtiyaclarını tədarük edib geri dönür və əlavə xərclərdən qurtulur. Yəni insanlar bazara təkcə satmaq üçün yox, həm də almaq üçün çıxırlar”, - o vurğulayıb. 

İqtisadçı onlayn satışa zərurət olub-olmamasını sorğulayıb. 

“Onlayn birja kimə lazımdır? Bir dənə quzu satmaq istəyən sadə insan hansı formada o birjada iştirak edə biləcək? Və bir quzunu satmaq üçün nə qədər gözləməli olacaq, çatdırılma necə təşkil olunacaq?”, - o sual edib. 

“Toplum TV”-yə danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli düşünür ki, onlayn birjalarda damazlıq heyvanların satışı həyata keçiriləcək. 

“Çünki hazırda damazlıq heyvanların yetişdirildiyi aqroparklarda onların satışı ilə bağlı problemlər yaşanır. Bu aqroparklar oliqarx məmurlara aid olduğu üçün onlar istəyir ki, bu yolla damazlıq heyvanların satışını həyata keçirsinlər. Bunun nə dərəcədə effektiv olacağı isə sual altındadır, çünki müəyyən mərhələdə burada da problem yarana bilər. Azərbaycanda, xarici ölkələrdən fərqli olaraq, bəzən satılan məhsulu həddən artıq reklam edirlər və olmayan keyfiyyətlərini də adına yazırlar. Sahibkar isə təbii olaraq öz gözü ilə heyvanı görmək istəyəcək. Əgər satışa qoyulan heyvanlar təqdim olunandan fərqli çıxsa, bu iş də yarımçıq təşəbbüs kimi qala bilər”, - o qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

DSK: “Azərbaycanlılar xərclərinin təxminən 54 faizini ərzaq, içki və tütünə sərf edib”

13 Avqust 2026

açıq mənbə

Azərbaycan vətəndaşlarının istehlak xərclərinin təxminən 54,3 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 45,7 faizi isə qeyri-ərzaq mallarının payına düşüb. Dövlət Statistika Komitəsinin (DSK) avqustun 13-də yaydığı məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara ümumilikdə 38 milyard 358,5 milyon manatlıq mal satılıb. Bunun 20 milyard 843,9 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17 milyard 514,6 milyon manatı isə qeyri-ərzaq mallarının payına düşüb. 2025-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz artıb. Bu artım ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 faiz, qeyri-ərzaq malları üzrə isə 6,6 faiz təşkil edib....
İqtisadiyyat

ABA tənqid olunan kart limitləri ilə bağlı: “Yenidən baxılması istisna edilmir”

10 Avqust 2026

sosial media

Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov bildirib ki, gələcəkdə kartdan-karta əməliyyatlara tətbiq olunan limitlərə yenidən baxılması və alternativ tədbirlərin görülməsi istisna edilmir. O, bunu avqustun 1-dən qüvvəyə minən kartdan-karta köçürmə limitləri ilə bağlı “APA-Economics”-ə açıqlamasında deyib. Abdulovun sözlərinə görə, limitlərin tətbiqində məqsəd risklərin idarə olunmasını gücləndirmək, nağdsız ödənişlərin payını artırmaq və qanunsuz mərc əməliyyatlarının qarşısını almaqdır. İcraçı direktor qeyd edib ki, mövcud limitlər baza xarakteri daşıyır və banklar öz risk qiymətləndirmələrinə əsasən müştərilərə fərqli yanaşma tətbiq edə bilirlər. ABA-nın məlumatına görə, hər bir ödəniş aləti (kart) üzrə gündə maksimum 5 mədaxil əməliyyatına icazə verilir. Aylıq mədaxil limiti isə...

Seçilmiş Videolar

Toplum TV loqo