Manşet

Ələsgər Məmmədli: “Bir gün hər kəs o çarxın dişləri arasında əziləcək”

21 Yanvar, 2026
349

Foto: sosial media

“Toplum TV”-nin həbsdə olan həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli “Toplum TV”-yə müsahibə verib. 

O, səhhəti, üzləşdiyi ittihamlar, beynəlxalq təşkilatların reaksiyası, təcridxanada informasiyaya çıxış imkanlarından danışıb. 

Müsahibənin birinci hissəsini təqdim edirik.

- Məhkəmələrdə səhhətinizin tez-tez pisləşməsi barədə xəbərlər alırıq. Hazırda özünüzü necə hiss edirsiniz? 

- Artıq ictimaiyyətə məlum olduğu kimi, 2024-cü ilin mart ayının 7-də mənə qalxanabənzər vəzin onkoloji şişi diaqnozu qoyulmuşdu. Martın 8-də isə “İstanbul Hospital” xəstəxanasından “West” klinikasına biopsiya müayinəsinə göndərilərkən xəstəxananın çıxışında qara maskalı şəxslər tərəfindən zorakılıq tətbiq olunaraq həbs edildim. Həbsim zamanı şişlərdən ən böyüyünün ölçüsü 21×17 mm olduğu halda, altı ay əvvəl keçirilən son müayinədə şişin böyüyərək 23×17 mm ölçüsünə çatdığı məlum oldu.

Bakı İstintaq Təcridxanasında saxlandığım təxminən iki il ərzində üç dəfə ultrasəs müayinəsi (USM) aparılıb. Sonuncu dəfə 2025-ci ilin sentyabrında şişdə böyümə müşahidə edildikdən sonra, son altı ay ərzində USM həkiminin işdən ayrılması səbəbilə müayinə tələblərim yerinə yetirilməyib. Qanunsuz həbsin məndə yaratdığı ağır stres nəticəsində əlavə bir neçə xəstəlikdən də əziyyət çəkirəm. Həbsimin ilk həftələrindən məndə diabet (şəkər xəstəliyi) yaranıb və gündəlik dərman qəbul edirəm. Bundan əlavə, əsəb və stres, eləcə də qalxanabənzər vəzin onkoloji xəstəliyi məndə hipertoniya - yüksək qan təzyiqi xəstəliyi yaradıb.

Sistemli dərmanlar qəbul etməyimə baxmayaraq, təzyiqim tez-tez çox yüksək olur və bəzən 48 saat davam edən fasiləsiz baş ağrıları ilə ağır vəziyyətə düşürəm. Son bir neçə məhkəmə prosesində bu səbəbdən prosesə fasilə verilib, hakim bir neçə dəfə həkim dəvət edib və yalnız həkimin müdaxiləsindən sonra prosesin sonunadək davam edə bilmişəm.

Bir neçə aydır ürəyimdə də kəskin dəyişikliklər müşahidə olunur. Ürək döyüntülərim arasında fərq bəzən dəqiqədə 50-60 olur. Yəni normalda 58-62 olan döyüntü bəzən dəqiqədə 105-112-yə qədər yüksəlir. Sol böyrəyimdəki daş bir dəfə düşüb, lakin dərman qəbul etmədikdə vəziyyət getdikcə ağırlaşır. Öd kisəmdə də kəskin qatılaşma ağrılara səbəb olur və son iki ayda bu səbəbdən sistemli dərmanlar qəbul edirəm.

Təəssüf ki, qapalı şəraitdə hərəkət məhdudiyyətinin yaratdığı problemlər sağlamlığımı getdikcə daha ciddi şəkildə təhdid edir. Adambaşına 4 kvadratmetr sahədə 23 aydır yaşamağa məhkum edilmiş bir insan olaraq, fiziki sağlamlığımı psixoloji cəhətdən qorumağa çox cəhd etsəm də, xüsusilə onkoloji xəstəliyin yaratdığı problemləri psixoloji olaraq aşmaq mümkün olmur.

Son üç aydır sistemli USM və EXO  müayinələri tələb etsəm də, Bakı İstintaq Təcridxanasının tibbi məntəqəsində bunların aparılması mümkün deyil. Yalnız ötən həftə kardioloji müayinədən keçmişəm, lakin onun nəticələri hələ də mənə təqdim olunmayıb.

Vaqif Xaçatryanın Ermənistana evinə göndərilməsi zamanı onun xəstə olduğu və daimi həkim nəzarətində saxlanıldığı barədə xəbərləri eşidəndə açığı çox üzüldüm. Mən bu ölkənin müstəqilliyi və azadlığı uğrunda üç ilimi ermənilərlə qarşı-qarşıya xəndəklərdə, səngərlərdə keçirmiş, mülki dövrdə isə vicdanlı vətəndaş kimi vergilərimi ödəmiş, gənclərin maariflənməsində, hüquqa vasif olmasında illərimi vermişəm. İndi isə artıq iki ildir ki, qondarma və saxta ittihamlarla azadlığım əlimdən alınıb. Azərbaycan xalqına qarşı Meşəlidə, Xocalıda soyqırımı cinayətləri törətmiş şəxslərə “humanizm” prinsipi tətbiq olunduğu halda, mənə münasibətdə bu anlayış yada düşmür. Bu qəddarlığın və bu kinin səbəbini anlamıram

- Saxlanma şəraitiniz, təcridxana rəhbərliyinin sizə münasibəti necədir?

Saxlanma şəraitim qanunvericiliyin tələbləri çərçivəsindədir. Yəni “Həbs yerində saxlanılan şəxslərin hüquq və azadlıqları haqqında” Qanuna uyğun davranılır. Bir qayda olaraq, şəxsimə hörmət və nəzakət göstərilir. Ehtiyacım olduqda kitablar təqdim edilir. Hazırda 213-cü kitabımı oxuyuram. Ümumilikdə 70 min səhifədən çox kitab oxumuşam. İmkan olduqca gündəlik də yazıram. Son bir il ərzində 500 səhifədən çox gündəlik yazmışam. Gündəliyim əsasən geosiyasi hadisələr, daxili və xarici siyasətə dair düşüncə və qiymətləndirmələrimdən ibarətdir. Sağlamlığım imkan verərsə və azadlığıma qovuşsam, onları bir kitab şəklində hazırlamağı düşünürəm.

- Siz özünüz hüquq insanısınız, hüquq sahəsində peşəkarsınız. Belə ağır ittihamlarla üz-üzə qalmaq sizə necə təsir etdi?

Mən 30 ildən çoxdur hüquqşünasam və bu müddətin əksəriyyətində hüququ həm də fərqli universitetlərdə akademik tədris etmiş, 34 kitab yazmışam. Beynəlxalq qurumlar üçün hüquq təlimçiliyi etmişəm. Qanunvericiliyin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə çoxsaylı qanunlara rəy vermiş, təkliflər hazırlamış, hətta qanun layihələri hazırlayıb müvafiq qurumlara və cəmiyyətə təqdim etmişəm.

Odur ki, sıravi bir vətəndaşdan fərqli olaraq bir hüquq mütəxəssisi kimi ölkə hüququnun düşdüyü vəziyyət, hüquq-mühafizə orqanlarının insan hüquq və azadlıqlarını qorumaq əvəzinə onları kobud şəkildə birbaşa özlərinin pozması, bizim işdə olduğu kimi saxta dəlillər yaratmaqla məsum, günahsız insanları şərləməsi və həbsə atması məndə dərin üzüntü və təəssüf, habelə qəzəb yaradır. Dövlətin təməli hüquq və ədalət olmalıdır. Bu olmasa, dövlətin üzərində duracağı bir özül olmaz, dağılar. Dövlətə etibar hüquqa, ədalətə, haqqa inamla olur. Bizə qarşı açılan saxta cinayət işi, məsum insanların aylardır həbsdə çürüdülməsi, əslində, milli təhlükəsizlik problemidir. Bu barədə aidiyyəti qurumlar və şəxslər ciddi-ciddi düşünməli, bu praktikadan imtina olunmasına nail olmalıdırlar. Konkret mənə qarşı irəli sürülən bütün ittihamlar saxta və qondarma, hətta gülüncdür.

Məni 11 ay “qaçaqmalçılıq” ittihamı ilə həbsdə saxlayıb, sonra əlavə 5 ittiham irəli sürüb, cinayət işini bağlayıb məhkəməyə göndəriblər. Bir ilə yaxındır məhkəmə istintaqı davam edir. Bu müddət ərzində 37 dəfə məhkəməyə aparılmışam. Məhkəməyə xüsusi hücrəsi olan avtomobildə aparılırıq. 1.8 kvadrat metrlik yerdə, pəncərəsiz, dəmir hücrədə 8 nəfər toplam 120 saatdan çox zaman keçirib. Bütün bu qeyri-insani duruma heç bir suç-cinayət işləmədən “məhkum” edildiyimə görə, əlbəttə, çox əsəbiləşirəm. Mənim savad və intellektimdən yüzlərlə gənc tələbə faydalanmalı ikən mən “xüsusi cinayətkar” kimi cəmiyyətdən təcrid olunuram. Əlbəttə, bu, çox ağırdır. Mənə qarşı bu davranışı rəva görənlərin azacıq empatiya hissi olsa, nə hiss etdiyimi anlayardılar…

Konkret ittihamların saxta olduğunu sübut edən sərbəst çıxışıma (50 səhifədən çoxdur) əlavə etdiyim 320 səhifəlik faktlarda ittihamın bütün iddialarının saxta, əsassız və hüquqa zidd olduğunu sübut etmişəm. Halbuki cinayət mühakiməsində sübut etmək yükü mənim yox, ittiham tərəfinin olmalıdır. Bu günədək 37 dəfə fərqli məhkəmələrdə və fərqli hakimlərin qarşısında ortaya qoyduğum faktlar, qanunun tələbləri bir qayda olaraq gözardı edilib. Bütün vəsatətlərim rədd edilib. Yalnız şüşə qəfəsdən çıxarılıb hakimin qarşısında oturmaq barədə tələbim istisnadır. Məhkəmənin və hakimlərin müstəqil olmaması, hüquqa yox, sifarişlərə boyun əyməsi bir əməkdar hüquqşünas kimi məni daha çox incidir. Bütün hakimlər vəzifəyə başlarkən and içirlər - hüquqa və vicdanın səsinə tabe olacaqlarına dair. Lakin praktikada sifarişə və göstərişə boyun əyməkdədirlər. Məhkəməsi müstəqil olmayan ölkədə heç kimin təhlükəsizlik təminatı ola bilməz. Fərqi yoxdur, nazir də olsan, vəzir də olsan, nəticə eyni olacaq. Bir gün hər kəs o çarxın dişləri arasında əziləcək. Onlarla nümunə saya bilərəm, amma saymıram. Son hadisələr özü çox şey deyir. 

- Ailəniz bu prosesdən necə təsirləndi?

- Mənim qanunsuz həbsim ailə üzvlərimə ciddi təsir edib. Xüsusilə, ödənişli təhsil alan iki övladımın yaşadığı problemlər mənə əlavə stress, əsəb gətirir. Övladımın biri mən həbs edilən zaman xaricdə təhsil alırdı. Bu iki ildə, xüsusilə onun maddi problemləri ailəmin ən ciddi məsələsidir. O, yaşadığı yerin ödənişini verə bilmədiyindən oranı tərk etməli oldu. İndi dostlarının yanında 3-cü kursu bitirməyə çalışır. Belə davam edərsə və məni daha bir il həbsdə saxlayarlarsa, yəqin ki, gələn kurs oxumağı dayandırmalı olacaq. Çünki bütün resurslar tükənib. 

Digər övladım Bakıda təhsil alır və onun təhsil haqqı bu yarımil üçün “tələbə krediti” hesabına ödənib. Növbəti yarımildə kreditin təhsil haqqını maliyyələşdirməyə davam edib-etməyəcəyi məlum deyil. Həyat yoldaşım 23 il müəllim kimi fəaliyyət göstərməsinə baxmayaraq, işdən azad olundu və əmək müqaviləsi ləğv edildi. Onun işdən azad edilməsinin əsl səbəbi mənim həbsdə olmağımdır. Çünki son 8 ayda iş üçün hara müraciət edirsə, mənimli evli olduğunu bilən kimi imtina cavabı verirlər. Həbsim ən çox 82 yaşlı anama təsir edib. O, xəstə olmasına, çətinliklə yeriməsinə baxmayaraq, 4 dəfə Kürdəxanıda məni ziyarətə gəlib. Yaşadığı Ağdam rayonundan hər dəfə gəlib-getməsi 700 kilometr məsafə qət etməsini tələb edir. Ömrünün sonunda olan bir ananın yaşamaq istədiyi ən son şey budur, yəqin ki…

Övladlarımın təhsil xərcini qarşılamaq məqsədilə tək mülkiyyətim olan minik avtomobilini satmaq üçün müstəntiqdən notariusun təcridxanaya gəlməsinə icazə istəyən ərizə ilə çıxış etdim. Müstəntiq Əlibala Hacıyev nəinki müraciətimi təmin etmədi, tək mülkiyyətim olan minik avtomobilinə həbs qoyulması qərarı verdirdi və maşını gəlib Bakı Şəhər Baş Polis İdarəsinə apardı. Beləliklə, məqsədli şəkildə azadlığımı əlimdən almaqla kifayətlənmirlər, habelə məqsədli şəkildə övladlarımın təhsilinə mane olmağa çalışırlar. Əgər məni həbs etməsəydilər, övladlarımın təhsilini maliyyələşdirmək üçün qanuni gəlirlərim yetərli olardı. Çünki həbsimdən öncəki ildə qanuni gəlirlərimdən 4 min manat vergi vermiş, digər sosial ödənişləri etmiş və qalan mənfəətimlə xərclərimi artıqlaması ilə qarşılamışdım. 

- Sizcə beynəlxalq təşkilatların və xarici medianın sizin və həmkarlarınızın həbsinə reaksiyası adekvatdırmı? 

- Bizim qanunsuz həbsimizdən sonra dünya düzənində, beynəlxalq münasibətlərdə çox şey dəyişib. Artıq beynəlxalq hüquq hətta sözdə belə önəm daşımır. Hər şey güc üzərinə fokuslanıb: kim güclüdür, o da haqlıdır. Bu prinsip təkcə beynəlxalq münasibətlərdə yox, ölkə daxilində də keçərlidir.

Artıq hüququn üstünlüyündən, insan hüquqlarının “müqəddəsliyindən” danışan yoxdur. Bu baxımdan beynəlxalq təşkilatlar, beynəlxalq humanitar qurumlar xeyli zəifləyib. Beynəlxalq müqavilələrin təsir gücü yox səviyyəsindədir. Buna görə də, beynəlxalq qurumlardan və ölkənin təmsil olunduğu dövlətlərarası təşkilatlardan elə də ciddi gözləntim yoxdur. Bununla yanaşı, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının üzvü kimi İnsan Hüquqları Bəyannaməsinə sədaqətini ifadə edərək, beynəlxalq konvensiyaları ratifikasiya edərək onları ölkə qanunvericiliyinin “üstün parçası” halına gətirib.

Regional qurum olan Avropa Şurasına qoşulan ölkəmiz onun da təməl sənədlərinə qoşulub, Avropa İnsan Hüquq və Azadlıqlarının Qorunmasına dair Konvensiyanı ratifikasiya edib və Avropa İnsan Hüquqları Konvensiyasının yurisdiksiyasını qəbul edib. Hüquqi baxımdan öhdəliklər davam edir. Hökumət imzasına hörmət etməli, həm konstitusiyamızda, həm konvensiyalarda müəyyən olunan hüquq və azadlıqlara hörmətlə yanaşmalı, əməl etməlidir. Mənim gözləntim müstəqilliyi üçün mübarizə apardığım, sərhədlərini qorumaq üçün hərbi xidmət etdiyim, iqtisadiyyatı, sosial infrastrukturu davamlı olsun deyə vergi ödədiyim, yaşamağa dəyər bir ölkə olsun deyə ictimai fəaliyyətimi əsirgəmədiyim dövlətimdəndir. Onun idarəetməsini əlində tutanlar hüquqa bağlı olmalı, insanların təməl hüquq və azadlıqlarına qanunsuz müdaxilələr etməməli və hüquq-mühafizə orqanlarını siyasi oyunlarında alətə çevirməməlidir. 

Konkret qurumlara gəldikdə, mən Avropa Şurası ilə həbsimdən öncəki səkkiz ildə sistemli əməkdaşlıq etmişdim. Onların Azərbaycandakı fəaliyyətlərində bir hüquqşünas-ekspert kimi yaxından iştirak etmişdim. Odur ki, onların daha ciddi şəkildə davranmaları, illərdir tanıdıqları, dürüstlüyünə, zəkasına, səmimiyyətinə şübhə etmədiyi tərəfdaşının məhz Azərbaycanın Avropa Şurası Parlament Assambleyasından çıxarılmasından sonra siyasi təqibə məruz qalaraq həbsə atılmasına bu qədər “səssiz” qalmamaları lazım idi.

Eyni gözləntim Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Vyanada yerləşən Media Ofisindəndir. Onlarla illərlə əməkdaşlıq etmişəm. Beynəlxalq konfranslarında iştirak etmiş, məruzələrlə çıxış etmiş, qanun layihələrinin üzərində birgə işləmiş, təcrübə mübadiləsi səfərlərində olmuşam. Onların bir media qurumu olan “Toplum TV”-nin ofisinin dağıdılmasına, onun fəaliyyətində heç bir maddi gözləntisi olmadan əmək verən jurnalistlərin, redaktorların, peşəkar media ekspertinin həbsinə, üstəlik göz görə-görə şərlənərək həbsinə daha aydın, sistemli mövqe qoymalarını gözləyirdim. Amma bir daha qeyd edirəm, mən sadəlövh deyiləm, geosiyasi balansı bilirəm.

Dörd ildir ki, Rusiya Ukraynanı “təslim” etməyə çalışır. Avropa faktiki “pat” vəziyyətində qalıb. Ən “etibarlı” müttəfiqi ABŞ onun bir parçasını ondan qoparmaq üçün hətta “sanksiyalar” - tarif silahından istifadə edir. ABŞ prezidenti 60 ildən çoxdur ABŞ-nin dünyaya yardım payladığını dediyi, əməkdaşlıq təşviq etdiyini dediyi USAID-i “agentura şəbəkəsi” elan edərək fəaliyyətini məhdudlaşdırıb. Belə olan halda, “Uzaq Qafqaz” ölkəsində, 14 Avropa ölkəsinə təbii qaz verən ölkədə, ABŞ-nin strateji maraqlarına uyğun davranmağı “bacaran” ölkədə, “Toplum TV”-dən 9, “Meydan TV”-dən 12, “Abzas Media”dan 8 məsumu, yaxud vətəndaş cəmiyyətindən 20-30 ictimai aktiv məsumu qanunsuz olaraq şərləyib həbsə atıblarsa, bu kimin vecinə olar ki?!

Bu ifadələrimlə bizim həbsimizi pisləyən, gündəmindən düşürməyən yerli və beynəlxalq hüquq müdafiəçilərinə haqsızlıq etmək istəməzdim. Onlara hörmətimi, təşəkkürümü çatdırıram. Bilirəm ki, səsini yüksəldə bilməyən on minlərlə insanın vicdanı bizim həbsdə saxlanılmağımızı qəbul edə bilmir, daxili mühakimələrində qınayır. 

Ardı olacaq..


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...
Manşet

Gültəkin Hacıbəylinin Azərbaycana deportasiya edildiyi deyilir

12 Fevral 2026

Foto: açıq mənbə

Milli Şurasının üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana deportasiya olunduğu deyilir. APA xəbər verir ki, deportasiya gecə saatlarında baş tutub. Bildirilir ki, G.Hacıbəyli hələlik istintaqa cəlb olunmayıb, barəsində hər hansı qətimkan tədbiri yoxdur. Gültəkin Hacıbəyli ötən il  noyabrın 30-na keçən gecə İstanbulda kirayə yaşadığı evdən Taksim Polis Şöbəsinə aparılıb və daha sonra deportasiya mərkəzinə köçürülüb. Sonradan onun barəsində 5 il müddətinə Türkiyəyə giriş qadağası və deportasiya ilə bağlı rəsmi qərar qəbul olunub.  Hökumətyönlü medianın yazdığına görə, bu hadisə AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin həbsi ilə bağlı aparılan istintaq fonunda baş verib. Həbslər Prezident...

Seçilmiş Videolar

Toplum TV loqo