Manşet

Qarabağ erməniləri Minsk Qrupunun buraxılmaması üçün ATƏT-ə müraciət edib

21 Avqust, 2025
101

Foto: Step1.am

Qarabağ ermənilərinin nümayəndələri vaxtilə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk Qrupunun buraxılmaması üçün müraciət edib. 

Avropada Təhlükəsizlik və Əməkdaşlıq üçün Təşkilatın (ATƏT) üzv dövlətlərinə edilən müraciətdə onlar Minsk Qrupunun buraxılmasının “qarşısını almaq üçün zəruri olduqda veto hüququndan istifadə də daxil olmaqla, öz səlahiyyətlərini həyata keçirməyə” çağırıblar.

Avqustun 20-də sosial mediada dərc olunan müraciət 2023-cü ilin sentyabrına qədər Qarabağda fəaliyyət göstərmiş separatçı rejimin parlamentinin başçısı Aşot Danielyan tərəfindən, bütün parlament üzvləri adından imzalanıb. 

Müraciətdə qeyd olunub ki, imzaçılar “özlərinin ata-baba yurdlarından zorla didərgin salınmış 150 min Qarabağ ermənisi adından üzv dövlətlərə dərin təciliyyət və ciddi narahatlıqla” müraciət edirlər. 

Onlar ATƏT-in üzv dövlətlərini “Qarabağdan didərgin salınmış erməni əhalisinin təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünü təmin edəcək möhkəm təminatlar mövcud olmayana qədər” Minsk Qrupunun buraxılmasının qarşısını almaq üçün səlahiyyətlərindən istifadə etməyə çağırıblar. 

“Bütöv bir əhali tamamilə didərgin salınmış, hüquqlarından məhrum edilmiş halda münaqişəni həll olunmuş saymaq olmaz”, - müraciətdə qeyd olunub. 

“Azərbaycanın Qarabağda həyata keçirdiyi etnik təmizləməni legitimləşdirmək və münaqişəni həll olunmuş hesab etmək ATƏT-in tarixində, nüfuzunda və prinsiplərində silinməz, qanlı bir ləkə buraxacaq”, - deyə əlavə olunub. 

Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan çıxışında Qarabağ ermənilərinin qayıdışı məsələsinin müzakirəsini “təhlükəli amil” adlandıraraq, bunun 8 avqust Vaşinqton razılaşmalarından sonra “bərqərar olmuş sülhə zərər vurduğunu” bildirib.

Avqustun 8-də Ağ Evdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri iki ölkənin adından Minsk Qrupunun buraxılması üçün ATƏT-ə müraciət imzalayıb. 

1992-ci ildə Birinci Qarabağ Müharibəsi zamanı yaradılan Minsk Qrupuna Fransa, Rusiya və ABŞ həmsədrlik edib. 

Minsk Qrupu 2020-ci ildə baş tutan İkinci Qarabağ müharibəsinədək Ermənistan və Azərbaycan arasında aparılan danışıqlar üçün əsas platforma olub. 

Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında Minsk Qrupunu tənqid edib, qurumun “fəaliyyətsizliyinin” müharibənin başlaması üçün əsas səbəblərdən biri olduğunu deyib. 

Minsk Qrupunun ləğvi Azərbaycanın Ermənistanla sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü əsas şərtlərdən biri olub. Martın ortalarında mətni razılaşdırılan həmin müqavilə avqustun 8-də Vaşinqtonda paraflansa da, hələ imzalanmayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

Fransanın “Jurnalistlər Evi” Fərid İsmayılovdan yazıb 

21 Avqust 2025

Foto: sosial media

Fransada qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərən “Jurnalistlər Evi” virtual qəzetində Toplum TV-nin həbsdə olan əməkdaşı Fərid İsmayılov haqda yazı dərc edib.  Fransada yaşayan jurnalist Ülviyyə Kərimovanın müəllifi olduğu məqalədə F.İsmayılovun “araşdırmaçı reportajları və ictimai məsələlərdə kəskin sualları ilə tanınan” jurnalist olması vurğulanır.  Əlavə olunur ki, ciddi sağlamlıq problemlərinə və beynəlxalq ictimaiyyətin Azərbaycanda mətbuat azadlığı ilə bağlı narahatlıqlarına baxmayaraq, o, hələ də həbsdə saxlanılır. Məqalədə qaçaqmalçılıq, vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlarla üzləşən jurnalistin vəkili Zibeydə Sadıqovaya istinadla ittiham aktında hər hansı sübutun olmadığı qeyd olunur.  “Bu, sadəcə Fəridlə bağlı məsələ deyil. Bu, ümumi bir cinayət işidir və Toplum TV...
Manşet

Paşinyan: Qarabağa qayıdış sülh üçün təhlükəli mövzudur 

19 Avqust 2025

Foto: primeminister.am

Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla ölkəsi arasında sülhün artıq bərqərar olduğunu deyib.  O, bunu avqustun 18-də Ermənistan xalqına etdiyi müraciətdə səsləndirib.  Avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında imzalanan razılaşmalara istinad edən Paşinyan bölgədə yeni reallıqlar olduğunu bildirib.  “Avqustun 8-dən sonra biz tamamilə fərqli, tamamilə yeni bir Cənubi Qafqazda, yeni bir Ermənistanda yaşayırıq və bu fakt dərk olunmalıdır. Mən bunu ona görə deyirəm ki, bunu dərk etmək asan deyil, çünki bu, bizim üçün tanış olmayan bir vəziyyət və reallıqdır”, - baş nazir qeyd edib.  “Biz sülhün nə olduğunu bilmirik, sülh içində yaşamağın, işləməyin nə demək olduğunu bilmirik. Bu, bizim üçün...

Seçilmiş Videolar

Toplum TV loqo