Qazaxıstan XİN Azadlıq Radiosunun 16 əməkdaşının akkreditasiyasını uzatmaqdan imtina edib
Foto: Radio Liberty
Qazaxıstanın Xarici İşlər Nazirliyi Azadlıq Radiosunun (RFE/RL) 16 əməkdaşının akkreditasiyasını uzatmaqdan imtina edib. Bu barədə Azadlıq Radiosunun Qazaxıstan xidməti məlumat yayıb.
Nazirlik bildirib ki, bu qərarın səbəbi RFE/RL nümayəndəliyinin “KİV haqqında” qanunun 30-cu maddəsinin 4-cü bəndini “sistemli şəkildə pozması” olub.
Həmin bəndə əsasən, xarici KİV nümayəndələrinin müvafiq akkreditasiyası olmadan jurnalist fəaliyyətinə yol verilmir.
Ötən həftə RFE/RL nümayəndəliyi, əvvəlcə 7 jurnalistə akkreditasiya verilmədiyinə görə, Qazaxıstanın XİN-ini məhkəməyə verib. İddiada göstərilib ki, imtinanın səbəbi kimi yalnız qanunda göstərilən ümumi ifadə göstərilib, amma konkret əsaslar açıqlanmayıb və əlavə sənədlər də tələb olunmayıb. RFE/RL-in maraqlarını “Hüquqi Media Mərkəzi” fondu müdafiə edir.
“Biz apellyasiya şikayəti verdik, çünki bu qərar əməkdaşlarımızın öz ölkəsində sərbəst işləmək hüququnu birbaşa pozur. Jurnalistlərimiz cəmiyyətin maraqlarına cavab verən, faktlara əsaslanan müstəqil materiallar təqdim edirlər”, – deyə RFE/RL-in prezidenti və baş direktoru Stiven Kapus bildirib.
2022-ci ildə də Qazaxıstan XİN-i RFE/RL-in 36 əməkdaşına akkreditasiya verilməsindən və ya onun uzadılmasından imtina etmişdi. Şirkətin Qazaxıstan nümayəndəliyi həmin vaxt nazirliyi məhkəməyə vermiş, ilkin mərhələdə barışıq cəhdləri rədd edilsə də, sonradan tərəflər razılığa gəlmişdi. 2024-cü ilin yazında isə XİN yenidən RFE/RL əməkdaşlarına akkreditasiya verməyə başlamışdı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Getty Images
Foto: sosial media